Qismət: “Rəşad Məcidə səs verəcəm” - MÜSAHİBƏ

Qismət: “Rəşad Məcidə səs verəcəm” - MÜSAHİBƏ
5 iyul 2011
# 10:45
AYB üzvü gənc yazar Qismətin Kulis.az-a müsahibəsi

Dosye: Qismət Rüstəmov (03.15.1986) şair, tərcüməçi və esseistdir. 1992-ci ildə Bakı şəhəri Nizami rayonundakı 70 saylı pilot məktəb-liseyin birinci sinfində təhsilə başlayıb. 2003-2007-ci illərdə Odlar Yurdu Universitetinin jurnalistika fakultəsində oxuyub, bakalavr dərəcisini alıb, həmin universitetin magistraturasını bitirib. Hazırda Odlar Yurdu universitetində müəllim işləyir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

- Ədəbi mühitə necə gəldiniz? Harda çap olunurdunuz ilk vaxtlar?

- Odlar Yurdu Universitetinin jurnalistikasında oxumuşam. Tələbəlik vaxlarımdan yazmağa başlamışam. O vaxtdan mətbuatı izləyirdim. Sonralar internetdə ədəbiyyat saytları yaranmağa başladı. Biz də bu saytlara yazılar göndərməyə başladıq. Yəni ilk olaraq qəzetdə yox, saytlarda dərc olunmuşam. O vaxt “Bizimki”, “Mədəniyyət.net” saytları var idi. Sonralar Yazıçılar Birliyinin “Ulduz” jurnalına getdik. Maraqlandıq ki, orda necə çap olunmaq olar. Ordakı proses necədir? “Ulduz” jurnalında bir neçə şeirim çap olundu. Belə başladım.

- Niyə daha çox gənclərin toplaşdığı Azad Yazarlar Ocağı deyil? məhz AYB sizi cəlb etdi?

- Biz o vaxt axtarıdaşdayıq. Konkret bilmirdik Rasim Qaraca kimdir, Elçin Hüseynbəyli kimdir? Bu qovğalar niyə var ? Jurnallar hansı prinsiplərlə çıxır? Bilmirdik. O vaxt Zahir Əzəmətin də qəzetdə kitab əlavəsi vardı. Həmin vaxt bu yerlərin çoxunda çap olunduq. AYO-ya mən öz adıma deyə bilərəm ki, baş tutmamış eskperiment kimi baxırdım. Ciddi görünmürdü. Yazıçılar Birliyi isə o vaxt da, indi də mənfisi-müsbətiylə yeganə rəsmi ədəbiyyat mərkəziydi. Seçimim buna görə oldu. 2009-cu ildə Yazıçılar Birliyinə üzv olduq.

- “Olduq” deyəndə kimləri nəzərdə tutursan?

- Təxminən 50-ə yaxın gənc üzv oldu. Onların hamısını tanımıram. Heç hamısının yazılarını da oxumamışam, istedadlarının səviyyəsi ilə tanış deyiləm. Tanıdığım, oxuduğum barmaqla sayılacaq qədərdi. Məktəb yaranandan sonra tanıdıqlarıma çox az imza əlavə olundu. Tutaq ki, Qaraqanı tanıdım, Cavidi tanıdım. Zatən həmişə belə olub 50-100 nəfər olmalıdır ki, maksimum 10-15 imza görünə bilsin. Çap olunmaq məsələsinə davam edək. Sonradan mən Yazıçılar Birliyinin dərgilərində çap olunmadım. Daha çox “525-ci qəzet”də yazılarım çıxdı. Çünki profil bir qədər dəyişdi. İlkin dövrlərdə adam elə bilir ki, hər gün şeir yazmalısan, məhsuldar olmalısan. Ancaq başa düşdüm ki, poetik təffükürdən, prozaik təfəkkür keçmək lazımdır. Bəlkə də buna özünü nəsrdə sınamaq da demək olar. Bu vaxtdan başlayaraq “525”-də yazmağa başladım. Yaradıcılığımı esseistika istiqamətində davam etdirdim. Yəqin ki, jurnalistika fakültəsində müəllimlik fəaliyyətinə başlamağımın da bu işə nəsə dəxli var.

- Anar AYB-nin qurultayında sizin şeirinizi oxumuşdu?

- Yox. AYB-nin 75 illiyi ilə bağlı beynəlxaq poeziya festivalı keçirilirdi. Müxtəlif ölkələrdən şairlər gəlmişdi. Mən orda “Vitrin” adlı şeirimi oxudum. Xeyli alqış aldım. Gözlədiyimdən də effektli oldu. Orda xalq şairləri var idi. Məndən əvvəlki titullu, ordenli xalq şairləri şeir oxudular və zal nədənsə onalra reaksiya vermədi. Sonra Anar çıxışında bu hadisədən danışdı. Məni təriflədi. Sonuncu kitabı “Əsrin əsiri”ndə həmin çıxışı var. Yeri gəlmişkən, o kitabı məsləhət görürəm oxuyun. Orda Anar müəllimin müxtəlif yerlərdə etdiyi çıxışlar, məktubları, qovğaları və s. var. Çox mozaik və ləzzətlə oxunan kitabdır.

- AYO-da nə xoşunuza gəlməmişdi?

- Qədim bir düstur var: xaos-kosmos qarşıdurması. AYO-nun funksiyası xaos yaratmaq idi. O zamanlar mən fikirləşirdim ki, bu davamlı bir axın deyil. Məqsəd nələrisə silkələmək, katalizator rolunu icra etmək idi. Adama çox aqressiv, dalaşqan görünürdü. Onlar yaradıcı enerjini mətn yazmağa yox, polemikaya sərf edirdilər. Çünki çox cüzi mətnləri çıxmaq şərtiylə, ortada ancaq süstlüyü dinamikayla əvəz etdiyi üçün AYO-nu qiymətləndirmək olur. Amma AYO-nun gördüyü işləri də danmaq olmaz. Maraqlı tərcümə kitabları, “Alatoran” jurnalı və s. Alternativ düşüncə kimi göründülər, amma estetika məsələlərində, məncə, axsadılar. Bu dağıdıcı düşüncə adamların beynində çox klişerləri darmadağın etdi. Köhnə nə varsa silkələndi, amma özləri ortaya nəsə qoymalıdı olanda AYO-nun, məncə, funksiyası bitdi. İndi düzən sanki qaydasına düşüb. O vaxt elə bir aqressiya var idi ki, sanki AYO-çular və AYB-çilər hətta bir-birləri ilə çay da içə bilməzlər. Belə bir atmosfer var idi. İndi bu artıq yoxdur.

- Qurultay qabağı gənclərlə bağlı sənin AYB-də məruzən oldu. Bundan sonra həmkarınız Kəramət Böyükçöl sizi himayədə yaşamaqda ittiham etdi. O, yazırdı ki, guya bu məruzədə Əsəd Cahangir barmağı olub.

- Orda Əsədin bir cümləsi yoxdur, əksinə, çıxartdığı cümlələr var. Redaktədə mənə kömək edib. Əsəd müəyyən cümlə quruluşu ilə bağlı redaktə edib. Fikirlərimə müdaxilə etməyib. Narazılar həmişə olur. Ola bilər ki, Kəramət yazdığım yazıda özü haqda, öz yaradıcılığı haqda təntənəli fikirlər gözləyirdi. Məruzə gününün axşamı Kəramət dostlarla Şirzadın kafesində oturub mənə sağlıq deyirdi. Bu isə ayrı bir, həm də lüzumsuz məsələdir.

- Bir də “Ən yeni ədəbiyyat” seriyasında çıxan kitablara ötəri yanaşmağın irad tutulur.

- Maraqlı əsərlər var. Aqşinin romanın dili yaxşıdır. Koloritlidir. Amma onu roman hesab etmirəm. Sanki uzun bir essedir. Nərmin Kamalın “Aç, mənəm” romanı da yaxşıdır. Hiss olunur ki, o, postmodernizm nəzəriyyəsini yaxşı mənimsəyib. Amma bu roman həmin nəzəriyyəyə nümuna ola bilməz. Sevinc Pərvanin “Şəhər” romanında yaxşı həyat materialları var. Amma dili çox pisdir. Strukturu, sujeti yerində deyil.

- Bəs, MKM birincisi olan Pərvizin “Yad dildə” romanı necə?

- Pərviz onlara nisbətən çox peşəkardır. Ancaq onun yazdığı üslubla, bu metodologiya ilə roman yazmaq gülüncdür. Tematikası aktualdır. Üslub köhnədir. Bu üslubla adamları təəccübləndirmək mümkün deyil. Bu 30 il qabaq Mirzə İbrahimovun, Mehdi Hüseynin qarışığı üslubudur, heç bəlkə də onlar da deyil. Nəsə anlaşılmaz bir üslubdur. İstənilən mövzu ona həm də adekvat mövzu tələb edir. Məsələn, Əkrəm Əylislinin üslubunda dedektiv əsər yazmaq olmaz.

- Bu seriyada AYB-dən təkcə İlqar Fəhminin əsəri çıxıb. Bu durum sizi narahat edirmi? Siz də bu seriyada çap olunmaq istəyirsinizmi?

- Olar. Niyə olmasın. Əlimdə hazır, bitirdiyim roman olsa, çap olunaram. Buna çox normal baxıram. Hərə öz kitabına, öz əsərinə cavabdehdir. Mən fikirləşmirəm ki, Şahbaz Xuduoğlu ancaq AYO-çuları çap edir. Bəlkə AYB-dən heç ora əsər təqdim edən yoxdur. Deyəsən, Şərif Ağayarın o seriyadan romanı çıxacaq. Bu nə Şərifin romanını zəiflədir, nə də Şahbaz Xuduoğlunun markasından heç nə itmir. Bəlkə də qiyməti qalxır. Şərifin romanını elektron variantda oxumuşam, çox gözəldi. Son illərdə bəlkə də bu qədər peşakarca yazılmış mətn oxumamışdım.

- AYB-nin ədəbi orqanlarında çox görünmürsünüz. Səbəb nədir? Bu qəzet və jurnalların keyfiyyətindən razı deyilsiniz?

- “Ulduz” jurnalının iki nömrəsini çıxartmağı bizə tapşırmışdılar. İki nömrə buraxdıq. Ondan sonra çap olunmuram. “Ədəbiyyat qəzeti”ndə isə çap olunmağı arzulamazdım. “Ulduz” və “Azərbaycan” jurnalında modernləşməyə, yeniləşməyə ehtiyac var. Bu jurnalda çap olunmaqda problem yoxdur. Əsərin varsa, Elçin Hüseynbəyli çap edir. Amma bu jurnalın ədəbi mühitə, yazıçılara, oxuculara yayılması, təsir qüvvəsi nə qədər ki, insanlar burda çap olunmaq istəsinlər. Mənə elə gəlir ki, bu yoxdur.

- Niyə yoxdur?

- Görünür baş redaktorun, onun müavinlərinin günahı çoxdur.

- “Ədəbiyyat qəzeti”nə ildə nə qədər pul ayrılır. AYB isə 80 illik böyük bir təşkilatdır. Bəs problem nədədir? Qəzet və jurnallar niyə belə çıxır?

- Məsələn, Elçin Hüseynbəyli bir baş redaktor kimi “Ulduz” jurnalını idarə edə bilmir. Onu çıxardıb “Azərbaycan” jurnalına da qoysalar yenə eyni effekt olacaq. Çünki məncə o, çağdaş ədəbiyyatı duymaq, hiss etmək qabiliyyətindən məhrumdur. Yaşla bağlı məsələdi görünür. Bu jurnalda yaşı 35-dən aşağı olan gənclər işləməlidir. Elçin Hüseynbəylinin isə 50 yaşı var. Sovet vaxtı jurnal bundan daha dinamik idi. Orda şeiri çıxan gənc tezliklə bütün ölkədə tanınırdı. İndi kim burda çap olundana hadisəyə çevrilir? Məncə, heç kim.

- “Ədəbiyyat qəzeti” haqda...

- Orda da eyni problemdir. Ayaz Vəfalı bu qəzeti şəxsi mirası, dədəsindən qalma mülkü bilir. Sanki ona bu qəzet vərəsəliklə keçib. Yenə digər jurnallarda maraqlı nəsə tapmaq olur. Bu qəzetdə isə son 10 ildə maraqlı heç nə çıxmayıb. Başdan ayağa nekroloqlardan, ad günü təbriklərindən ibarət qəzetə çevrilib. Hətta qəzetin loqosu da, dizaynı da köhnədir. Çox ciddi kadr islahatına ehtiyac var. Orda diktator tipində bir adam oturursa, nəticə necə olacaq?

- Amma AYB “Ədəbiyyat qəzeti”nin rəhbərliyini dəyişə bilər.

- Ehtiyac var dəyişməyə. Son məruzəmdə qeyd etmişdim ki, bu qəzet son 5 ildə ancaq nekroloqlarla yadda qaldı. Anar müəllim dedi ki, bu qeyd doğrudur. Tapşırdı ki, məruzənu olduğu kimi qəzetdə versinlər. O qeydi çıxartmadılar. Baxmayaraq ki, qəzetin nümayəndələri də ordaydılar və bundan narazıydılar. Deyəsən, son 10 ildə “Ədəbiyyat qəzeti”ndə bu qəzeti tənqid edən yaganə adam mənəm.

- AYB-lə bağlı tənqidlərdən daha hansılarla razısınız?

- Səlim Babullaoğlunun “Dünya ədəbiyyatı” dərgisi var. Ona maddi-texniki dəstək verilmir ki, çıxsın. “Qobustan” jurnalının çıxmasındansa, “Dünya ədəbiyyatı” dərgisini çıxması şəxsən mənim üçün daha maraqlıdır. Çünki burda dünya ədəbiyyatı tərcümə olunur. İndi “Qobustan” dərgisinin varlığı ilə yoxluğu heç bilinmir. Qan dəyişməsi baş verməlidir. Yeni təfəkkürlü, alternativ düşüncəni qəbul edəcək insanlar gəlməlidir. Bu ancaq xeyir gətirər. Bu AYB olmasın, “İks” olsun. Bu gedişlə, bu cür təfəkkürlə ədəbiyyat inkişaf edə bilməz.

- AYB-də narazılar çoxdur. Qarşıdan qurultay gəlir. Nəyinsə dəyişəcəyini gözləmək olarmı?

- Bilmirəm olacaq ya olmaycaq? Bizim nəsə söz demək, iştirak etmək imkanımız olsa, mən öz sözümü deyəcəm. Ən azı “Ədəbiyyat qəzeti” haqda deyəcəm. Amma necə olacağın proqnoz verə bilmirəm.

- Kimə səs verəcəksiniz?

- Bu haqda düşünməmişəm. Amma düşünməliyəm.

- Anara səs verəcəksiniz?

- Bu haqda da düşünməliyəm.

- Ürəyinizdə namizəd var?

- Yox.

- Rəşad Məcidlə Anar namizəd olsa kimə səs verərsiniz?

- Rəşad Məcidə.

- Bəs, Elçin Hüseynbəylini də bu siyahıya qatsaq?

- Yenə Rəşad Məcidə səs verərəm.

- Çingiz Abdullayevi də üstünə gəlsək?..

- Yenə də Rəşad Məcid.

- Niyə məhz o?

- Mən fikirləşirəm ki, katiblikdə Rəşad Məciddən tolerant, alternativ düşüncəyə açıq adam yoxdur. Həm də məntiqi sual olar. Elçin Hüseynbəyli “Ulduz” jurnalını hansı səviyyədə ictimailəşdirə bildi ki, indi də sədr olsun!? Rəşad Məcid “Gənc ədiblər məktəbi”ni yaratdı. Onlarla gənc ortaya çıxdı. Əgər seçim olsaydı, mən ona səs verərdim. Amma bu barədə yenə də düşünmək lazımdır. Hələ buna çox var. Belə deməyimə baxmayın, bəlkə nə Anar müəllim, nə Rəşad müəllim namizəd olmadı. Burda oturub proqnoz vermək anlamsızdır, amma könül hər zaman istəyər ki, modern, açıq fikirli və gənc biri sədr olsun.

- AYB-də belə insanlar var?

- Var.

- Çoxdur?

- Yox azdır. Rəşad Məcid, Əsəd Cahangir, Səlim Babulloğlu, Qulu Ağsəs, İlqar Fəhmi... Bunlardan artığını saya bilmərəm. Bu imzalar açıq fikirli adamlardır.

- Yaradıcılığın haqda danış zəhmət olmasa. Kitab buraxmaq fikrin varmı?

- “525-ci qəzet”in buraxdığı seriyada “Vitrin” adlı balaca şeirlər kitabım çıxıb. İndi fikirləşirəm ki, böyük bir şeir kitabı buraxım. Ondan sonra şeirlə yollarım bir qədər aralanacaq. İndi şeir haqda əvvəl düşündüyümdən fərqli düşünürəm. Bir il boyunca bir şair 2-3 yaxşı şeir yaza bilər. Esseistika ilə məşğul olmaq istəyirəm. Gələcəkdə bunları da dərc etmək istəyirəm. Dünya ədəbiyyatında ədəbi cərəyanlar haqda araşdırma aparıram. 2 ildir ki, yazıram. Bitirəndə çap etmək fikrindəyəm.

- Bəs roman?

- Roman enerjisini özümdə hiss etmirəm. Bir qədər vaxt keçməlidir.

Elmin HƏSƏNLİ
# 1516 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #