Qonaqlarımız Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli və yazıçı Şərif Ağayar ilə yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımızın həyat səhnələrinin, ümumilikdə Qarabağ mövzusunun bizim nəsrdə inikası barədə söhbət etdik.
Fuad Babayev: Didərgin, yurd-yuvası işğal olunmuş insanlarımızın həyatı, məişəti, arzuları, qayğıları, ədəbiyyatımıza bu 10 illiklər ərzində necə inikas olunub? Sizin bu sahədəki fəaliyyətiniz, yazdıqlarınızla tanışıq. Bu barədə fikirlərinizi bilmək istərdik.
Elçin Hüseynbəyli: Mənə elə gəlir ki, ümumiyyətlə, məcburi köçkünlər, qaçqınlar, Qarabağ problemi, Ermənistan-Azərbaycan müharibəsi, onun nəticələri ümumi külli halında ədəbiyyatın predmetidir. Bu sahə, bu mövzular Azərbaycan ədəbiyyatında kifayət qədər öz əksini tapıb. Öz yaradıcılığımdan danışıramsa, qeyd etməliyəm ki, mənim ilk hekayəm “Küləkli çöl” adlanır və 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində nəşr olunub. Bu əsəri Ermənistandan deportasiya olunmuş bir nəfərə həsr etmişdim və əsərdə onun həyatı, düşüncələri, hissləri əks olunub. Sonrakı illərdə problemlər artdıqca, münaqişələr dərinləşdikcə ədəbiyyatımızda çoxsaylı şeirlər, poemalar, hekayələr, povestlər, dram əsərləri meydana çıxdı. Həmçinin romanlar da. Məsələn, Şərif Ağayarın “Gülüstan” və “Arzulardan sonrakı şəhər” əsərləri məcburi köçkün həyatından bəhs edən maraqlı əsərlərdir. Sırf bu mövzulardan söhbət gedirsə, “Küləkli çöl”dən sonra mən “Qaçaq qocalar” pyesini yazdım. Bu əsər həm Azərbaycanda, həm Türkiyədə rejissorlar tərəfindən dəfələrlə səhnəyə qoyuldu. Qarabağ müharibəsi ilə bağlı çoxsaylı hekayələr var. Şərif Ağayar ilk yada düşənlərdəndir təbii ki. Bizim istedadlı yazıçımız Eyvaz Zeynalovun Qarabağ, məcburi köçkünlərlə bağlı çox maraqlı əsərləri var. Elçinin bilirsiniz ki, “Bayraqdar” povesti var. O da həmin mövzulara çox məharətlə toxunub. Daha sonra Təranə Vahid, Nüşabə Mətin, Mahirə Abdullanın adını çəkə bilərik. Unutduğum bir çox şəxslər ola bilər. Ancaq onu da xüsusi vurğulamalıyam ki, biz çox vaxt özümüz deyib özümüz eşitmişik. Düzdür, bizim Avropada, Türkiyədə, İranda, Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkün problemlərimizlə bağlı əsərlərimiz də çap olunub. Mənim bir çox kitablarım Gürcüstanda, İranda, Litvada, Rusiyada çıxıb.
Fuad Babayev: Şərif Ağayarın romanı Fransada nəşr olunur. Çox sevindirici xəbərdir. Elçin müəllim sizin Litvada, səhv etmirəmsə, “Boz eşşəyin məktubları” adlı hekayəniz dərc olunub. Onun mövzusu nədir?
Elçin Hüseynbəyli: Qarabağ müharibəsindən bəhs edən bir əsərdir. Bu əsərlə yanaşı bir çox hekayələrim də Litvanın ədəbi jurnallarında oxuculara təqdim olunub. Litva ilə yanaşı Özbəkistan, Türkiyə, Amerika, Koreya kimi ölkələrdə də kitablarım çıxıb. Şərif Ağayarın da romanı bildiyim qədərilə Fransada çıxacaq. Düzdür, dövlət səviyyəsində, diplomatik korpuslar səviyyəsində, Diaspor Komitəsi səviyyəsində bir çox işlər görülür. Amma bütün bunlar yetərli deyil sanki. Bunun da əsas səbəbi sistemli yanaşmanın olmamasıdır. Bunu həmişə deyiblər ki, tarixi faciələr, problemlər bədii ədəbiyyata nüfuz edəndə insanlara daha çox yaxınlaşır. İnsanlar onu daha yaxşı dərk edir, özünə doğma və yaxın hesab edir.
Şərif Ağayar: Bu həqiqətdir ki, oxucu müəyyən proseslərə ədəbiyyatda rast gələndə bu, onu daha çox təsirləndirir.
Elçin Hüseynbəyli: Bəli, tamamilə razıyam. Biri var ki, sadalayasan Məmmədov, Hüseynov, Quliyev kimi neçə-neçə igidlərimiz həlak olub, saysız hesabsız insan öz doğma yurdundan didərgin düşüb, biri də var ki, Məmmədovun üstündə ayrıca dayanasan. Onun keçdiyi həyat yolunu, düşdüyü mühiti, problemləri çözümləyəsən. Bu baxımdan mən düşünürəm ki, bu məsələlərin Azərbaycan ədəbiyyatı vasitəsilə dünyaya nüfuz etməsi, beynəlxalq subyektlərə yol tapması üçün bir konsept olmalıdır. Bizim Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzi fəaliyyət göstərir. Onların da hansısa proqramları, layihələri var. Azərbaycan Yazıçılar Birliyinin nəzdində də həmçinin Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi mövcuddur.
Şərif Ağayar: Romanımın Fransada nəşrini dediniz. Fransaya çıxmağım üçün vəsilə həmin o Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərtib etdiyi almanax – “Azərbaycan Ədəbiyyatı Antologiyası” oldu. Kitab Fransanın “Kapaz” nəşriyyatı tərəfindən nəşr olunmuşdu. Bir çox yazıçılarla yanaşı ora mənim də fransız dilinə çevrilmiş hekayəm daxil edilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində təqdimatla əlaqədar tədbir keçirilib. Orda Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər şəxslər iştirak ediblər. Afaq Məsud, Vilayət Hacıyev də təqdimatda iştirak edirdi. Və həmin kitab Fransanın nüfuzlu kitabxanalarında yerləşdirilib. Maraqlı bir detal var ki, kitabın Strasburqda təqdimatı zamanı Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer mənim “Şeqlov üsulu” adlı hekayəm haqqında emosional bir çıxış edib, çox yaxşı sözlər deyib. Fransızların soyuqqanlı olduğunu nəzərə alsaq, gözlənilməz bir hadisə olub. Bundan sonra “Kapaz” nəşriyyatı roman üçün mənə müraciət etdi və “Arzulardan sonrakı şəhər” romanını göndərdim roman ekspertlərin xüsusi rəyini alaraq çap üçün məsləhət bilindi. Hazırda tərcümə prosesi başa çatmaq üzrədir. Bu il çap olunacaq.
Fuad Babayev: Bu çox böyük nailiyyətdir. Mənə sizin fikriniz də çox maraqlıdır. Şərif müəllim, siz necə düşünürsünüz, ümumiyyətlə, Qarabağ mövzusunun ədəbiyyatda inikası qənaətbəxşdirmi? Elçin müəllim hesab edir ki, proporsionaldır.
Şərif Ağayar: Mən Elçin müəllimlə bu barədə tam razıyam ki, bütün mövzular sənətkarlıq üçün bir bəhanədir. Bəzən mənə deyirlər ki, o həyatı yaşadığın üçün yazıların uğurlu alınır. Bunlar hamısı cəfəngiyyatdır. Düzdür, yazıçı yaşadığı şeyi, içində olduğu mühiti daha yaxşı yaza bilər. Bu şübhəsizdir, amma bütün hallarda məsələni sənətkarlıq həll edir.
Elçin Hüseynbəyli: Necə yazmaq, oxucuya düzgün çatdırmağı bacarmaq məsələsi var.
Şərif Ağayar: Bu mənada yazıçının hansı mövzuda yazması yox, necə yazması önəmlidir. Ədəbiyyatşünalıqda müəyyən mövzulara, janrlara, nəsillərə görə təsnifat aparılır. Ancaq ədəbiyyatda sadəcə insan və onu yaza bilən yazıçı var.
Fuad Babayev: Və hökmən oxucu da olmalıdır.
Şərif Ağayar: Yazıçının işi uğurlu alınarsa, hökmən öz oxucusunu tapır, çox və ya az, amma tapır. Son 30 ildə Qarabağla bağlı çox maraqlı əsərlər yazılıb. Amma bütün hallarda biz yazılanlardan razı qalmırıq. Çalışmalıyıq daha çox və daha gözəl olsun. Bir şeyi də qeyd edim ki, Qarabağ hadisələrindən sonra qaçqınlıq mövzusu tamamilə tarixi diskurs mənasında qlobal bir problemə çevrildi. Bu problem çoxuna lokal görünürdü.
Fuad Babayev: Amma əslində ümumplanetar səviyyədə imiş.
Şərif Ağayar: Yadınızdadır, balaca bir uşağın dəniz qırağında fotosu yayılmışdı…
Fuad Babayev: Bəli, suriyalı uşağın… Türkiyə sahillərində…
Şərif Ağayar: Dünyada böyük rezonans doğurmuşdu. Bax bu, sənətin gücüdür. Biri var, Elçin müəllimin də dediyi kimi, statistik məlumat kimi qaçqınların içində yüzlərlə uşaq olduğunu şifahi və ya yazılı şəkildə çatdırasan, biri də var hansısa detalı sənətlə ifadə edəsən. Bu, daha effektivdir.
Elçin Hüseynbəyli: Bizim də Xocalı hadisələri ilə bağlı çox təsirli fotolarımız var. Onlar da çox yayımlanır. Ancaq mənə elə gəlir ki, nəsə çatışmır, ola bilsin ki, piyar işləri kifayət qədər geniş miqyasda həyata keçirilmir və ya düzgün aparılmır.
Fuad Babayev: Bu günlərdə Bakı Kitab Mərkəzində tanınmış yazıçımız Fazil Güneyin “Qara Qan” roman-trilogiyasının təqdimatı idi. Orda çıxış edən insanlardan biri belə bir fikir səsləndirdi ki, nə üçün burda ancaq ağsaçlılar olmalıdır, hardadır bizim gənclərimiz?
Elçin Hüseynbəyli: Çox yaxşı toxundunuz bu məsələyə. Mənim zənnimcə, orda elə bizim kimi ağsaçlılar oturmalıdır. Çünki hadisələrdən 30 il keçib və biz bu problemi həll edə bilməmişik. Əslində isə bunlar hamısı öz həlli yolunu tapmalı idi. Gənclərə bu işdə çox məsuliyyət yükləyirik. Bu problem həll olunmayanda həmin gənclərin da saçı ağaracaq. Onlar yenə də orda oturmayacq.
Fuad Babayev: Amma biz oturacağıq.
Elçin Hüseynbəyli: Bəli, çünki problem onların deyil, bizimdir. Qlobal mənada təbii ki, bu onların da problemidir, hamımız azərbaycanlıyıq, gənclərimiz də öz növbəsində çox vətənpərvərdir. Ancaq onsuzda cavanların üzərinə hərbdə böyük yük, məsuliyyət düşür. Yol göstərmək, fikir söyləmək o demək deyil ki, hər gənc bu fikirləri eyni səviyyədə mənimsəyəcək. Onlar hələ təcrübəsizdir. Qoy cavanlar getsin texnoloji işlərlə məşğul olsun, kibernetika, iqtisadiyyat, riyaziyyatla məşğul olsun. Yəni bizi irəli apara bilən işlərlə. Milləti, xalqı inkişafa aparan texnoloji imkanların güclü olduğu mühitdir. Biz ədəbiyyatda taxılıb qalmalı deyilik. Ədəbiyyat müharibələri həll edə bilməz ancaq qlobal məsələlərə ipucu verə bilər.
Fuad Babayev: Şərti olaraq Qarabağ adlandırılması mümkün olan mövzunu oxucu auditoriyasına translyasiya etmək üçün onu görmək və yaşamaq lazımdır. Bu hadisələrdən artıq 30 il keçib. Və o hadisələrin şahidi olan insanların sayı durmadan azalır. Bu gün dünyaya gələn insan 30 il sonra bu hadisələri görmədiyi halda yaza biləcəkmi?
Elçin Hüseynbəyli: Bayaq da qeyd etdiyim kimi burda əsas məsələ yazıçının yazıb-yaratmaq istəyidir. Məsələyə sizin dediyiniz aspektdən yanaşmaq tam da adekvat deyil. Çünki bu dövrün insanı minilliklər, yüzilliklər öncə baş verən hadisələrə də müraciət edə bilər. O barədə də yaza bilərlər. Yenə də qeyd edirəm, bu sadəcə yazmaq üçün bəhanədir. Mənə hərdən deyirlər ki, Qarabağdan çox yazırsan. Necə yazmaya bilərəm? Axı mənim mahiyyətim Qarabağdır. Mənim zənnimcə, Qarabağı itirmiş insanlar üçün bu ən əzizini itirmək kimi bir şeydir. Və əzizin nisgili, xatirəsi həmişə səninlə qalır. Ümid edirəm ki, bu problemlər həll olsun və əgər bu mövzuda yazılacaqsa belə qalib gəlmiş vətənin oğulları, qızları kimi bu mövzuya müraciət etsinlər.
Fuad Babayev: Şərif müəllim, bu gün əli qələm tutan sizin kimi yazarların üzərinə qeyri-proporsional dərəcədə böyük düşmürki? Gələcək nəsillər sizin əsərlərdən ilhamlanaraq bu mövzuda yazıb yaradacaq. Necə düşünürsünüz, onlar da belə uğurlu yaza biləcəkmi?
Şərif Ağayar: Mən yazanda bu barədə düşünmürəm. Bəlkə də siz deyən böyük məsuliyyət hissi ilə yüklənsəm, yaza da bilmərəm. Yazıçı ancaq özünü ifadəni düşünür. Əsərin taleyi, yerinə yetirdiyi missiya işin sonrakı mərhələsidir. Yaradıcılıq dolub-boşalma prosesidir. Qarmon necə çalınır? Əvvəl hava ilə dolur, sonra sıxılıb səs çıxarır. Siz dediyiniz nüanslar şüur altında tənzimlənmiş də ola bilər. Belə olan halda artıq səndən asılı olmadan yazı prosesində o daşlar yerinə oturur. Yazıçının öz hisslərini, düşüncələrini ifadəsi doğuş prosesinə də bənzəyir. Ana o anda düşünmür ki, mənim övladım böyüyüb kim olacaq, o, yalnız övladını dünyaya gətirəcək ana doğru can atır. Yazıçılıq axıracan idarə və izah olunmayan fəaliyyətdir.
Fuad Babayev: Bu gün bizim Assossiasiyada Pedaqoji Universitetin və Azərbaycan Universitetinin bir qrup tələbəsi üçün açıq dərs keçirildi. Şərti olaraq “Qarabağ dərsləri” adlandırmışıq həmin tədbirləri. Tədbirdə dəyərli tarixçimiz Məhərrəm Zülfüqarlı çox maraqlı bir məqama toxundu. O bizim ancaq itkilərimizdən danışmağımızı vurğuladı. Amma biz müqavimət göstərmişik, qələbələr çalmışıq. 80-90-cı il hadisələrində özünümüdafiə batalyonlarında nə qədər qəhrəmanlarımız olub. Eyni zamanda Şərif müəllimin “Komandir” romanı həmin qələbəmizin simalarından olan Raquf Orucova həsr olunub. Və biz aprel döyüşlərindən sonra onu daha yaxşı tanıdıq. Allah ona qəni-qəni rəhmət etsin! Biz gələcək nəsillərə və oxucu auditoriyasına bu informsiyanı necə çatdırmalıyıq ki, torpaqlarımızı itirməyimizə rəğmən saysız-hesabsız qəhrəmanlarımız da var?
Şərif Ağayar: Bəzən məğlub olmadan da uduza bilirsən. Məsələn, Raquf Orucovu məğlub saymaq olmaz. Amma bu məsələlərin ümumilikdə çağdaş ədəbiyyatla o qədər ilgisi yoxdur. Çünki ədəbiyyat bütün ideologiyalardan kənar, arınmış bir məfhumdur. Dindən, vətənpərvərlikdən, millətçilikdən arınıb əlahiddə bir sahəyə çevrilib. Bütün dünyada belədir. Ona heç bir ideologiya yükləmək olmur. İdeologiya yükləyəndə dünyəviliyini itirir. Biz öz insanlarımızı məhz çağdaş dünyanın sənət prinsipləri ilə yarada bilsək, məsələ istər-istəməz bizim xeyrimizə olacaq. Bu gün Xocalının ildönümüdür.
Fuad Babayev: Bəli, 28-ci ildönümü.
Şərif Ağayar: Bir Xocalı sakinini doğrudan-doğruya dövrün Nəcib Məhfuzu (görkəmli Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb-red.), Çingiz Aytmatovu ( qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısıdır-red.) səviyyəsində yarada bilsək, o həqiqət dolayısıyla bizim xeyrimizə işləyəcək. Çünki biz zərə çəkən tərəfik, kimsənin torpağını işğal etməmişik. Bir yazıçının Qarabağa, Azərbaycana töhfəsi nə olar? Çağdaş prinsiplərə uyğun, möhtəşəm bir əsər yaradıb dünya arenasına çıxmaq! Tutaq ki, mən dünyanın çox nüfuzlu ədəbi mükafatını alıram, ən azı ədəbi elita, aktiv oxucular məni tanıyır, haralı olduğumla maraqlanırlar. Deyəndə ki, azərbaycanlıyam, doğulduğum rayon indi işğal altındadır, bu, artıq təbliğatın onluğundan vurmaqdır. Necə deyirlər? Yazıçının ən böyük vətənpərvərliyi onun peşəkarlığıdır.
Fuad Babayev: Siz düşünürsünüz ki, Qarabağ mövzusunda yazılan əsər daha çox daxili auditoriya üçün nəzərdə tutulur?
Şərif Ağayar: Baxır necə yazılıb. Kino da belədir. Bəziləri daxili bazar üçündür, bəziləri dünya üçün.
Elçin Hüseynbəyli: Ən böyük əsərləri qalib millətin yazıçıları yaradırlar. Çünki dünya humanizmi qəbul edir, amma sənin torpağın işğal olunubsa, ona qarşı humanist olmaq olmur. Yazıçı ədalət hissi ilə yazmalıdır, təqdimat da elə olmalıdır. Siz bayaq dediniz ki, Qarabağ mövzusunda dərslər keçirirsiniz və orda tarixçilər iştirak edir. Əslində orda tarixçilər yox yazıçılar, mədəniyyət adamları olmalıdır. Onların təqdimatı daha doğrudur. Bir şeyi də qeyd edim, ümumiyyətlə, televiziyalarda Xocalı faciəsinin, Qarabağ müharibəsinin təqdimatı düzgün aparılmır.
Şərif Ağayar: Əks effekt verir.
Elçin Hüseynbəyli: Statistika heç nəyi həll etmir. Şifahi və ya yazılı formada hansısa məlumatı mənimsəmək daha təsirlidir sizcə, yoxsa onu film və ya tamaşa formasında görmək? Əlbəttə ki, görüntü yaddaşlara daha yaxşı işləyir. Bizim çoxlu əsərlərimiz var, onlar ekranlaşdırılmalıdır. İndi gələk təqdimat məsələsinə. Biri var yazıçı özümüzün başa düşdüyü dildə yazır, biri də var dünyanın başa düşdüyü dildə. Biz Avropaya çıxmaq istəyiriksə, bu prosesləri dünyanın diqqətinə çatdırmaq istəyiriksə, onların başa düşdüyü dildə yazmalıyıq.
Şərif Ağayar: Və o sferada bizim hərbçi qəhrəman ola bilməz, o cümlədən erməni hərbçisi. Çağdaş müəllif hər kəslə bərabər məsafədə dayanmalıdır.
Elçin Hüseynbəyli: Ədalət bizim tərəfimizdə olduğuna görə, müharibə bizim torpağımızda getdiyinə görə artıq motivasiya biz tərəfdədir. Biz bu problemlərin beynəlxalq səviyyədə həllini istəyir və bunun üçün çalışırıqsa, ilk növbədə qəhrəmanlarımızdan yazmalıyıq. Mən bu yaxınlarda bir sənədli filmə baxdım. Əsrin əvvəllərində Bakıya rus daşnaklarının hücumu zamanı bizim saysız-hesabsız qəhrəman zabitlərimiz, əsgərlərimiz olub. Onların adını mən təzəlikcə eşitdim. Sağolsunlar ki, onları bizə tanıtdılar. Ədəbiyyatımızın xaricə çıxmağı da, filmlərimizin festivallara getməsi də, bunlar hamısı kifayət qədər asanlaşıb. Biz ümumiyyətlə nə istədiyimizi tapmalıyıq. Ümumi konsepsiya olmalıdır ki, biz onun əsasında qarşımıza qoyduğumuz bəlli məqsədlər üzrə hərəkət edək.
Şərif Ağayar: Qafalarda Azərbaycan ədəbiyyatı anlayışı olmalıdır.
Fuad Babayev: Hələ də yoxdur.
Elçin Hüseynbəyli: Bizdə nədənsə yerli məhsullar bəyənilmir. İstər ədəbi məhsul, istər texniki, istərsə də məişət məhsulları.
Şərif Ağayar: Yazılan yaxşı əsərlər də bu düşüncələri dəyişmir.
Fuad Babayev: Bəs burda nəşriyyatların və ədəbi tənqidin üzərinə hansı məsuliyyət düşür?
Elçin Hüseynbəyli: Azərbaycanda demək olar ki, nəşriyyat yoxdur. Çox az şəkildə nəşriyyat var. Onlar da hələ tam formalaşmayıb. Məsələn, Qələm nəşriyyatının bir üstünlüyü var ki, heç kimin pulu hesabına kitab çap etmir.
Fuad Babayev: Ümumiyyətlə?
Elçin Hüseynbəyli: Bəli, prinsipial olaraq. Ancaq bəyəndiyi bir neçə müəlliflə işləyir. Yəni yazıçıdan pul alanlar nəşriyyat deyil, sadəcə çapçıdır.
Şərif Ağayar: Mən Mədəniyyat Nazirliyinin nəşriyyat şöbəsinin işçisi olmuşam. Kitabı çapa vermək nəşriyyat işinin yüzlərlə punktundan biridir.
Fuad Babayev: Təbii, texniki prosesdir.
Şərif Ağayar: Nəşriyyat sonra kitabı satmaqla da məşğul olur.
Fuad Babayev: Tanıtımı, təqdimatı və s.
Şərif Ağayar: Kitab işi yazıçını yazıya həvəsləndirməkdən başlayır. Məsələn, Dostoyevskinin ( rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri-red.) naşirlərlə münasibəti. Qumar asılılığı onun ən zəif cəhəti idi və hər dəfə uduzduqca naşirlərdən pul alır əvəzində yenə də yazmağa məcbur olurdu.
Fuad Babayev: Və bəzən də diktə edirdi.
Şərif Ağayar: Bəli, “Cinayət və Cəza”nı diktə edib. Biz həmin əsərlərə görə bəlkə də Dostoyevskidən də artıq onu məcbur edən naşirlərə borcluyuq. Məsələn, mən də sifarişlə əsər yazmışam.
Elçin Hüseynbəyli: Mən də “Firuzə qaşlı xəncər”əsərini sifarişlə yazmışam, 5-ci sinif ədəbiyyat dərsliyində də var.
Şərif Ağayar: Sonralar mənim ədəbi pasportuma çevrilən “Kərpickəsən kişinin dastanı” povestini Rasim Qaracanın təkidli sifarişi ilə yazmışam. O, hər görüşəndə deyirdi ki, “Alatoran” (Ədəbi-bədii jurnal-red.) çıxır, orda sənin də hekayələrin olmalıdır. Düşünürdüm ki, Həmid Herisçi, Rafiq Tağı ilə bir jurnalda əsərim çap olunacaq. Mənim üçün bundan artıq motivasiya ola bilməzdi. Qonorar da yox idi, ancaq mən həvəslənib yazırdım. Nizami Gəncəvinin dahiyanə əsərləri də sifarişlə yazılıb, bu o demək deyil ki, onları sifariş yazdırıb. O, sadəcə bir qığılcım olub. Sultan bilirdi ki, Nizami Gəncəvi bu əsərləri yaza bilər, Rasim Qaraca da bilirdi ki, mən o hekayələri yaza bilərəm. Ümumilikdə, Azərbaycanda olmayan sağlam və məhsuldar ədəbi mühiti yaratmalıyıq. Bunun üçün də mütləq kitab sənayesi formalaşmalıdır. Bəzən bunun əhəmiyyətini heç qələm adamları da başa düşmür. Deyirlər, yazıçı yaxşa yazsa, oxucusu olar. Bəs oxucu o əsərə necə yol tapmalıdı? Yazıçı ilə oxucu arasındakı bariyer olmasa, bu, mümkündür. Əvvəla, kitab Azərbaycanın bütün bölgələrinə çata bilmir. Mənə yüzlərlə zəng gəlir ki, kitabınızı necə tapa bilərik? Deyirəm, bilmirəm. Bax indi sizdən soruşuram, Qara Qarayevin musiqisini xalqın ümidinə qoysaq necə olar?
Fuad Babayev: Təbii ki, unudulub gedər.
Şərif Ağayar: Heç kim qulaq asmaz. Bizim milli sərvətlərimiz ki var, onlara dövlət dəstəyi olmalıdır. Necə ki, muğama dəstək verildi, o cümlədən kitaba, müstəqil nəşriyyatların formalaşmasına, eyni zamanda kitab mağazaları sisteminin ölkənin hər bir ərazisində yaranmasına kömək edilməlidir.
Fuad Babayev: Yəni əvvəlcə Azərbaycanı fəth etməliyik ki, daha sonra dünyaya çıxışımız olsun.
Elçin Hüseynbəyli: Sumqayıt, Mingəçevir, Gəncə kimi şəhərlərdə təzə-təzə kitab mağazaları formalaşır.
Şərif Ağayar: Bərdədə yüz mindən çox əhali var, amma bir dənə də olsun kitab mağazası yoxdur. Eləcə də Ağcabədi… Yaxud digər rayon və şəhərlərimiz. Dövlət tərəfindən müəyyən addımlar atılsa, insanlar da öz növbəsində bu işə təkan verəcək. Dünya kənardan bizi izləyir. Biz hansısa ölkə üçün niyə maraqlı olmalıyıq? Kənardan bizdə istedadlı yazıçılar varmış kimi görünmür. Onlar əlahiddə maraqlanmır ki, bu məmləkətdə Saday Budaqlı kimi çox orijinal yazıçı var. Onların bu işlərlə məşğul olmağa vaxtı yoxdur. Ümumi prosesə baxırlar. Biz nə qədər ki, Saday Budaqlını təqdim edəcək sistemi qurmamışıq nə ölkənin içərisində, nə xaricdə heç kim onu lazımınca mənimsəməyəcək.
Elçin Hüseynbəyli: Çatışmazlıqlar olsa da heç nə acınacaqlı, faciəvi deyil. Ortada yazılmış uğurlu əsərlər var.
Şərif Ağayar: Mən də ümidsiz deyiləm. Bütün problemlərə rəğmən. Ədəbiyyatın yenilənməsi baharın gəlməsi kimidr. Bu prosesi dayandırmaq mümkün deyil. Sadəcə, yubana bilərik…
Hazırladı: Aytac Hüseynova
1905.az