Tanrıya sevgili kimi yanaşmaq – Dalğa Xatınoğlu yazır…

Tanrıya sevgili kimi yanaşmaq – Dalğa Xatınoğlu yazır…
30 may 2018
# 15:30

Kulis.az Dalga Xatınoğlunun “Şeir və Tanrı anlayışı” essesini təqdim edir.

Necə də gözəl olar, soruşanda ki, sən kimsən, qısaca deyəsən, Məcnunam. Uzun-uzadı “Qeys İbn-i əl-Müləvvəh İbn-i əl-Müzahim” ifadəsinə ehtiyac qalmasın. Bəlkə, ondan da gözəlini Homerin Ulissi Siklopun sorğusuna cavab olaraq deyib: “Məninm adım Heçkimdir”. Bütün dostlarının içində, yalnız Uliss can qurtardı. Şekspir Culiyettanın dilindən elə bu anlamı götürərək Romeoya deyir: “Adını dan, soyunu unut. Qızıl gülü hansı adla səsləsən, eyni gözəl qoxunu verəcək”.

Emili Dikonson kimi bir mələklə eş olmağın da şərti budur. Özü bir şerində deyir: “Mən Heç kiməm. Sən də Heç kimsənsə, demək eşik”.

Dünya tarixində hətta bir faciə tapmaq olmaz ki, onun başında şan-şöhrət, ad dayanmasın. Bütün faciələrin başında ad, bütün suçların üstündə kədər, bütün küfrlərin kökündə ümidsizlik dayanır.

Necə də gözəl olar, Mövlana demişkən, qapını döyəsən, sevgili deyəndə kimdir? Deyəsən, sənin özün.

Ədəbiyyatın haradan başladığını bilmirik, ancaq kəsinliklə “mən” sözündən başlamayıb. Vil Durant zənn edir ilk şeirləri cadugərlər yazıb. Çox güman ki, düz deyir. Hər halda, bütün şeirdə olan elementləri özündə əks etdirən dini dualar min illərdir olduğu kimi qalır və ən maraqlısı da budur ki, müasir dövrdə şedevr əsərlərin çoxu həmin duaların ritmində yazılmışladır. Özəlliklə Davudun “Məzmur”ları üzərində Emilini ilə Valt Vitmənin şeirləri. Bir az daha ətraflı, sonra izah edərəm.

Related image

Hər nədirsə, dünya ədəbiyyatının bizə çatan tarixinə baxsaq, qısası üç elementin üzərində qurulub: Bilik, gözəllik və yaxşılıq. İran şairi Firdovsi də min il öncə dəqiq yazdığı “Şahnamə” ilə bağlı bu ifadəni işlədib. Bunların üçünü də bir sözə sığışdırsaq, əslində incəsənət eralar boyu həqiqət axtarışı olub.

Romantizm dövründə - istər şərqdə olsun, istərsə də Qərbdə - incəsənət adamları bir kəşfə nail oldular: “Ən dərin həqiqət, gözəlliyin özüdür”. Con Kits bir şerində deyir: “Həqiqət gözəllikdir, gözəllik isə həqiqət. Bu mənim dünyadan bildiyim yeganə şeydir və bundan artıq bir biliyə də gərək yoxdur”.

Ancaq, həqiqət tarix boyu metafizika ilə, özəlliklə tanrı, yaxud tanrılarla sıx əlaqədə olub. Tanrıya yanaşmaq isə zaman-zaman dəyişilib. Davud peyğəmbərin “Məzmur”larından tut, Yunan, Roma ədəbiyyatından, təxminən Nizami, Mövlana və hətta Danteyə qədər, şairlərin tanrı ilə ilgisi, qorxu və ondan daha çox utanc üzərində olub.

Mövlana dönə-dönə tanrı sevgisini qorxunc və ürküdücü adlandırıb. Tanrını dəfələrlə “yırtıcı, qaniçən erkək şirə” bənzədib. “Məsnəvi”nin 6-cı bölümündə, dəqiq bu ifadəni işlədərək, deyir ki, başqa çarə yoxdur. Sən o şirdən can qurtarmaq üçün, yalnız ya o ola bilərsən, ya da onun təbiətində birisi. Qısası ənəlhəq məsələsinə eyham edir. Məqalənin sonunda qısaca açıqlayaram. Tanrını qorxunc bir şirə bənzətmək, “Məzmur”larda da var. Tanrının bu qorxunc üzü, Nizamidən tutmuş, İslam və Xristianlıq fəlsəfəsinin uzmanları tərəfindən mütəmadi təkrarlanıb. Qəzzali deyir, Tanrı adı gələndə, qorxunc bir şir görmüş kimi əsirəm. Hətta, Martin Lüter Xristianlıqda islahat aparanda, dindəki iki ünsürə toxunmadı: Əzab və utanc hissi.

Əzabın insan həyatının bir parçası olması və onun kamilliyə çatması üçün önəmi, nəinki yunan və qədim Şərq fəlsəfə, ədəbiyyatında, hətta modern filosofların çoxunun da diqqət mərkəzində olub. Ancaq bu əzab, qəm-kədər, depressiya demək deyil. Dəqiq mənası atəşin bir tələb, dərddir. Ona görə, Mövlana yazdığı 60 min beytində, yalnız bir misrada gileylənir, o da ayrılıq dərdindən. Başqa yerdə onun gileylənməsi, kədəri, qəmi, incikliyini görə bilməzsiz. Əksinə, Nizami, Mövlana və başda Şekspir durmaqla bütün önəmli şairlər vəcd ilə dolu olublar. Bu, yalnız qədim bir ənənə deyil.

Image result for mövlana

Valt Vitmənin “Məzmur”ların ritmi ilə başladığı “Mənim mahnım” şeri (I celebrate myself) xalis bir vəcddən ibarətdir. Eləcə də T.S.Eliotun Hindu dualarının ritmlərində yazdığı Çöllük (Wasteland) poeması heyrət və vəcd ilə aşırı yüklənib.

Romantizm dönəmində, bəlkə bir az da qabaq, incəsənət adamlarının tanrıya qarşı münasibəti dəyişdi. Artıq, qorxu və utancın yerini yumor dolu bir sevgi aldı. Bizə tanış, ən bariz örnəyi Füzulidir. Tanrıya bir şux, nazlı və ədalı sevgili kimi yanaşır. Amerikan şairi Emili Dikinson deyir “Hər gecə tanrını qucub, yatıram”.

Əlbəttə, tanrıya sevgi və hətta tanrının özü olmaq (ənəlhəq) biz Türklərin, eləcə də, fars və ərəblərin şerində min il öncə də çox qabarıq olub. Ancaq, tanrıya sevgili kimi yanaşmaq tərzi təxminən 800 il öncə Hafiz Şirazidən başlayıb, sonra bir neçə əsr ümumiyyətlə ədəbiyyat sükuta qərq olub və sonra Füzulinin şeirlərində daha qabarıq üzə çıxıb. Çətin bir şair tapmaq olar ki, Füzuli qədər yumorlu dili olsun. Onun kədərli, ah-fəqanlı, ağlar-sızlar olması ilə bağlı formalaşan fikirlər doğurdan gülüncdür. Şairin kədərli, yoxsul, yazıq, çarəsiz və gözü yaşlı olması ilə bağlı təsəvvürlər yeni formalaşıb. Keçmiş, irfanda “Fəqr” ənənəsi olubdur, ancaq yoxsulluq anlamında deyil, sadəcə maddiyyata bağlı olmamaq mənası verir. Mövlana, Nizami, Şekspir və başqaları çox varlı adamlar olublar. Seyid Əzim Şirvaninin Füzuli haqda fikirlərini oxumağı önərirəm. Sanki bir kraldan danışır.

Şekspir sözləri

Yaxınlarda Adilə Nəzərin “Beşinci mövsüm” şeir kitabının təqdimatında oldum və bu fikirləri yazmaq orada ağlıma gəldi. Hüzun və kədər, həm də tanrıdan utanc hissi Adilənin şeirlərində qabarıqdır. Utanc məsələsinin ədəbiyyat və düşüncə dünyasında necə köklü bir fenomen olması ilə bağlı qısaca yazdım, ancaq Adilənin kədəri də gözəl təsvir etmək qabiliyyəti var, nəinki ürəyi sıxmır, bir az da açır:

Bir kitab uzadacağam sənə,
aç bir yerindən – bir şeir tut...
Nə çıxarsa bəxtinə...
Rastına çıxsa
əlini yandırmasın ucu yanıq məktublar…

Belə hallar, daha çox qadın şairlərdə alınır. Ərəblərin Qadə əl-Səmmanından tutmuş, Farsların Füruğ Fərrüxzadı, Qərbin Silviya Platına qədər.

Adilə filologiya üzrə fəlsəfə doktorudur, əlbəttə, ayrıca, “Fəlsəfə terminlərinin izahlı lüğəti”ni yazıb, həm də bir neçə dil ilə orta səviyyədə tanışlığı var; fransız, ingilis və rus dilləri. Klassikləri çox yaxşı oxuyub, Azərbaycan ədəbiyyatında da zövqə malik olan azacıq şairlərdəndir və üstəlik işinə ciddi yanaşan birisidir.

Image result for Füzuli

Savad, zövq, bir neçə dil bilmək və onun vasitəsi ilə başqa xalqların ədəbi təcrübələrini öyrənmək, şairlərin dildən necə yararlanmaq tərzlərini yaxından görüb, şahidi olmaq və üstəlik bir neçə era öncədən indiyə kimi sənətin necə gəlişdiyini öyrənmək hər şair üçün ilk şərtdir. Şeirin əlifbası bunların hamısını dəqiq bilməkdir. İşin çətin yeri, yəni yaradıcılıq, ondan sonra başlayır. Dünyanın bütün önəmli şairləri sadaladığım keyfiyyətlərə malik olublar və ədəbiyyata onsuz yeni nəfəs gətirmək olası iş deyil.

Ənəlhəq: Tanrıya qarşı ən gözəl kompliment

Təxminən bir era öncə, dəqiq islamın bətnindən bir ideya ortalığa çıxdı. Öncə İnb-i Ərəbi və sonra başqa düşüncə və irfan adamları bu yanaşma tərzini gəlişdirdilər: Tanrıdan başqa, heç bir vücud yoxdur. Nə varsa, onun özü və təzahürüdür. Mövlana bu haqda deyir ki, “Ənəlhəq” (Mən tanrıyam) sözünü dilə gətirmək üçün, çox təvazökarlıq gərək”. Demək istəyir ki, ənəlhəq əslində “mən yoxam, nə varsa, tanrıdır” – deməkdir.

Image result for Nəsimi

Əlbəttə, biz ənəlhəq deyəndə, dərhal Mənsuz Həllacdan tutmuş, Nəsimiyə qədər bu söz üstə edam olunanlar yadımıza düşür, ancaq son bir erada yüzlərlə şair, düşüncə adamı və arif bu sözü deyib, onları dəstəkləyib hörmətlə qarşılayıblar. Ən bariz nümunəsi Mövlanadır.

Eləcə də Füzulinin şeirləri tamamilə bu məfhumun üzərində qurulub. İlk neçə şeiri elə bu anlamı açıqlamaq və dəstəkləmək üçündür. Nəsimi ilə Həllacın qətli, siyasi bir qərar idi.

# 2710 dəfə oxunub

Müəllifin son yazıları

# # #