Görkəmli azərbaycanlı şairin intihar edən yazıçı qızı - ARAŞDIRMA

Görkəmli azərbaycanlı şairin intihar edən yazıçı qızı - <span style="color:red;">ARAŞDIRMA
8 dekabr 2014
# 08:30

1946-cı ildə, “Azərbaycan gəncləri” qəzetində çap olunan ilk şeirlərinin qonorarını alan Salyan rayon Dəmir Yolları idarəsinin gənc hesabdarını rayonun birinci katibi yanına çağırır. On səkkiz yaşlı gənc həyəcanla birinci katibin qəbuluna yollanır. Nigarançılıq, təlaş, narahatlıq...

Amma gənc hesabdar-şair, Salyan radio qovşağının redaktoru rayon partiya komitəsində sürprizlə qarşılaşır. Birinci katib həyəcandan özünə yer tapa bilməyən hesabdara Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Səməd Vurğunun məktubunu oxuyur. Məktubda gənc şair Əliağa Kürçaylı Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə dəvət edilirdi.

Səməd Vurğunla görüş…

İllər sonra şair hamisini, xeyirxahını “Səməd Vurğun taleyimizdə” adlı yazısında belə xatırlayır: “Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır. Ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

- Danışım, ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil.

“İlk bahar çiçəyi” adlı şeirimi oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.

- Birini də oxu.

Bu onun səsidir.

Bu dəfə adını elan etmədən “Qurtardı” şeirini oxumağa başlayıram. Şeiri oxuyub qurtaran kimi, birbaşa danışığa keçirəm. Səməd Vurğun qəflətən sözümü kəsir.

- A bala, harda oxuyursan?

- Oxumuram.

- Harda işləyirsən?

- Dəmiryolda.

- Nə işində?

- Hesabdar.

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

- Hesabdar idim. İndi fəhlə işləyirəm.

- Gəl səni düzəldim universitetə.

- Götürməzlər.

- Niyə?

- Kamal attestatım yoxdur. 9-cu sinfi bitirmişəm.

- Sən gəl, mən deyərəm götürərlər”.

Bu görüş gənc hesabdar-şairin həyatında dönüş nöqtəsi olur…

Hesabdarlıqdan şöhrətin zirvəsinə

Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: “Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla - həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq”.

Tərcümeyi-halı olduqca zəngindir Əliağa Kürçaylının… Doqquzillik təhsilini tamamladıqdan sonra Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuyub, öz istəyi ilə Dəmir Yolunda baş mühasib işləyib və yenə də öz istəyi ilə Salyan Dram Teatrında eyni vəzifəyə təyin olunub. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.

Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:

“Əliağanın anası ölənədək deyirdi ki, oğlum sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

Əliağa Kürçaylının kitabları müntəzəm çap olunurdu, mətbuatda müxtəlif yazılarla çıxış edirdi. "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Azərbaycan", "Literaturnu Azerbaydjan" jurnallarında müxtəlif vəzifələrdə çalışan Əliağa Kürçaylı Azərbaycan Dövlət Nəşriyyatında redaktor olmuş, Yazıçılar İttifaqında Dramaturgiya bölməsinə rəhbərlik etmişdi. O, 1978-ci ildən ömrünün sonuna kimi "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdı. Şair "Arifin bacısı", "Gözəllik", "Cavabsız məktublar", "Durnalar cənuba uçur", "Yollarda axtar məni", "Dünya ovcumdadır", "Bütövlük", "Ülkər" (ölümündən sonra nəşr olunub) adlı kitabların müəllifidir.

Dövründə şöhrətin zirvəsində olan, sevilən şair 52 yaşında, ağır xəstəlik nəticəsində dünyasını dəyişir.

Atasının ölümündən 20 dəqiqə sonra intihar…

Ailə qurandan sonra Əliağa Kürçaylının çətinlikləri, əziyyəti çox olub. Bu barədə şairin ömür-gün yoldaşı Şəhla xanım ətraflı söhbət açıb: “1953-cü il fevralın 16-da oğlumuz Ülfət anadan oldu... 1956-cı ilin 12 oktyabrında isə qızımız dünyaya gəldi. Onda hələ də kirayədə yaşayırdıq. Ev sahibi bizi suyu çox işlətməyə, gündüzlər işıq yandırmağa qoymurdu. Otağımız yarıqaranlıq olurdu. Qızımız doğulanda hələ xəstəxanadaykən Əliağa mənə məktub gətirdi. Xalası gəlini göndərmişdi. Kirayədə çəkdiyimiz əziyyətdən, o işıqsız, tavanı daman evimizdən yazırdı: "Bu qızın adını Ülkər qoyun. Çünki səhər açılanda bütün ulduzlar sönür, Ülkər ulduzu isə hələ qalır. Arzu edirəm, bu uşaq da sizin evinizə işıq gətirsin". Xalası gəlininin yazdıqları Əliağaya çox təsir etdi. Mənə dedi ki, uşağın adını elə Ülkər qoyaq. Belə də oldu. Qızımız üçaylıq olanda bizə Hüsü Hacıyev küçəsindəki yazıçıların binasında ev verdilər… O, çox çap olunan şair idi. Yaxşı da qonorar alardı. Yavaş-yavaş dolanışığımız düzəlirdi”.

Müasirlərinin və ailə üzvlərinin xatirələrindən məlum olur ki, şair qızı Ülkəri daha çox sevərmiş. Teatra, gəzintilərə, bayram tədbirlərinə hər zaman qızı Ülkərlə gedərmiş. Ülkər atasıyla çox yaxın dost imiş və ona adıyla “Əliağa” deyə müraciət edirmiş. Bu müraciət formasını şairin anası oğlunun daim gənc xatırlanması üçün tövsiyə edibmiş…

Şair ağır xəstəlikdən əziyyət çəkəndə, mətbuatda nəsr nümunələri ilə tez-tez çıxış edən Ülkər Nizami adına Ədəbiyyat muzeyində çalışırmış. Atasına son dərəcə bağlı olan Ülkər işdən dönən kimi onun yanına qaçar, vaxtını atasıyla keçirərmiş. Ülkərin yarıda qırılan taleyinə işıq tutmaq üçün yenə də Şəhla xanımın xatirələrinə müraciət edək: “… atası dünyasını dəyişəndə Ülkər işdəydi. Əliağanın gözlərini mən bağladım. Bir az sonra Ülkər içəri girib. Həmişəki kimi atasının yanına getmək istəyəndə, qapını bağlayıb onu içəri buraxmayıblar. Hələ də başa düşə bilmirəm, niyə Ülkəri qoymayıblar Əliağayla görüşsün… Atasının ölümünü anlayan Ülkər dəhlizdəki kətilin üstündə kiçik bir kağız parçasına yazıb: "Məni axtarmayın, Ülkər. 11 fevral".

Məsələni eşidən kimi, qızımı axtarmağa başladım. Tapa bilməyəndə yadıma bir zamanlar evində kirayədə qaldığımız ailə düşdü. Qadının həyat yoldaşı hüquqşünas idi, Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Tez qadına zəng vurdum. O da həyat yoldaşına xəbər verdi. Təcili olaraq milis işçilərinə göstəriş verildi. Axtarış aparıldı. Milislərin bir dəstəsi Dənizkənarı bulvara gedib. Orada dənizə uzanan keçiddəki gözətçidən soruşublar:

- Bura bir qız gəlməyib?

- İndi, bax elə bu dəqiqə bir oğlan tələsə-tələsə getdi o tərəfə.

Atası Ülkərə qəhvəyi rəngli yun parçadan şalvar, pencək, bir də papaq tikdirmişdi. Həmin paltar əynində idi. Gözətçi qaranlıqda elə bilib ki, gedən oğlandır. Milislər cəld deyilən tərəfə üz tutublar. Ancaq Ülkəri sağ tapmayıblar...

Onun ölüm kağızında yazılıb ki, dənizdə batdı. Ancaq belə olmayıb. Mənə dedilər ki, Ülkər özünü dənizə atmaq istəyəndə ürəyi partlayıb. Atasının vəfatından iyirmi dəqiqə sonra Ülkər gözlərini yummuşdu. Böyük faciəydi. Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər. Gör mən, Ülkər kimi bir qızı əlindən çıxmış ana necə tab gətirirdim bu dərdə. Biz onu "Vağzalı" sədaları altında gəlin köçürmək arzusundaykən, cənazəsi çıxırdı ata evindən. Bacım oğlu Fuada dedim ki, musiqiçiləri gətir. Onlara tapşır ki, pilləkənlərdən düşəndə "Vağzalı" çalsınlar. Həyətdə isə Əliağanın sevdiyi musiqini çalsınlar”.

# 1371 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #