Turalın “Doqquz hekayə” kitabını elə aldığım gün xətm eləmişdim. Haqqında fikirlərimi yazacaqdım ki, köçhaköç düşdü. Məkan dəyişikliyi, kənd həyatına alışmaq bir az uzun çəkdi. Bir müddət yenidən vərəqləyib, qeydlərimə göz atmaq istəsəm də hövsələm çatmadı. Kitab eləcə yazı masamın üstündə qaldı və beləcə “Doqquz hekayə” kitabxanamdan uzaq düşərək yağışda islanıb məhv olmaqdan xilas oldu. Bu qədər şanslı bir kitab haqqında necə yazmayasan?
Meşəyə gecələməyə gedəndə kitabı çantama qoydum ki, qeydlərimə yenidən nəzər salım. Boş vaxtım çox olduğu üçün kitabı yenidən, bu dəfə daha ləzzətlə, sakit başla oxudum. Əvvəlcə onu deyim ki, kitab haqqında sosial şəbəkələrdə və saytlarda kifayət qədər səmimi və peşəkar, qeyri-səmimi və təmənnalı fikirlərlə rastlaşdığım üçün, kitaba mümkün qədər dost gözüylə deyil, yeddi beyin yad, kənar oxucu gözü ilə baxmağa çalışdım. Oxucuların kitab haqqında sosial şəbəkələrdə yazdığı postlar diqqətimi çəkdiyi üçün, yazını oxucuların üslubunda yazmaq istəyirəm. Yəni, hər hekayə haqqında qısa fikirlərimi bölüşəcəyəm.
“Doqquz hekayə” mərhum həmkarımız Rafiq Tağıya həsr olunub. Turalın bu addımını ayaqüstə alqışlayıram! Eşq olsun!
Keçək hekayələrə...
1."O qız və oğlanın hekayəsi" – üslub maraqlı olsa da, məncə hekayə alınmayıb. Bəyənmədim. Eyni zamanda Turalın kitabı bu zəif hekayə ilə başlamasını da qınayıram. Hekayə haqqında həm şifahi, həm də yazılı müxtəlif fikirlər deyilib. Hekayənin texnikası və üslubu diqqətçəkəndir. Amma bu hekayənin zəifliyini ört-basdır etmir.
2. "Şahmat məktəbinin direktoru" – məncə kitabdakı ən yaxşı hekayədir. Bir az da dəqiqləşdirim, kitabda ən sevdiyim hekayədir. Üslub, təhkiyə, dil faktoru olduqca maraqlıdır.
3. "Şaxta babanın qətli" – Bu hekayəni nə az, nə çox dörd dəfə oxumuşam. Bəyəndiyim hekayələrdəndir. Dil və təhkiyəsini bir o qədər tərifləyə bilməyəcəm, amma üslub əladır.
4. "Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi" – zəif, sentimental hekayədir. Bəyənmədim. Hekayəni üç dəfə oxumuşam. İlkin oxunuşda ovqatıma uyğun gəldiyi üçün bəyənmişdim. Soyuq başla oxuyanda xoşuma gəlmədi, qüsurları və zəif tərəfləri daha ağır basdı.
5. "Darıxanlar" – Bu hekayədə Turalın “Mustafa” romanın ruhunu hiss etdim. Obrazlar da, hekayə də mənim üçün çox doğma gəldi. Bəzi qüsurları olsa da, ləzzətlə oxunur, aktualdır. Ciddi mövzulara toxunan əsərdir.
6. "Kafka" – stuasiyalar, təhkiyə, hekayənin süjeti kədərli və sentimental olsa da, oxuduqca dodağım qaçdı. Hekayə Elçin Səlcuqa həsr edilsə də başqa-başqa adamlar, müxtəlif ikiadamlıq məclislər yadıma düşdü. Zəif hekayə olsa da, doğma, ürəyəyatımlı hekayədir.
7. “Çılğınlar" – Bəyənmədim. Məncə bu hekayə də alınmayıb. Şablon olsa da deyim ki, Turalın potensialında hekayə deyildi. Məncə yenidən işlənməli, daha dolğun formaya salınaraq sonra çap edilməliydi.
8. "Füzulinin qayıdışı" – Turalın dramaturgiyaya, özü də absurd dramaturgiyaya müraciət etməsini alqışlayıram. İlk təcrübə olduğu üçün tənqid etməkdən uzağam. Amma əminəm ki, Tural bu əsəri gələcəkdə daha da genişləndirərək tamaşaya qoymağı bacaracaq. Oxuduqca əsərin səhnə həllini xəyali olaraq özüm üçün canlandırdım. Hesab edirəm ki, "Füzulinin qayıdışı" yenidən işlənib heç olmasa “Oda” teatrında səhnəyə qoyulmalıdır. Çox yaxşı olardı ki, Tural dramaturgiyada cəhdlərini davam etdirsin.
9. "Prokurorun üç günü" – Maraqlı və çox ciddi mətləblərə toxunan əsərdir. Əsəri oxuduqdan sonra nəyinsə çatmadığı, nəyinsə yarımçıq qaldığı hissinə qapıldım. Mövzu, struktur, üslub maraqlı olsa da, hansısa bir romanın ixtisar edilmiş variantını oxudum sanki. Mənə elə gəlir ki, müəllif bu əsəri genişləndirib irihəcimli bir romana çevirə bilərdi. Şəxsən mən belə bir imkanı əldən qaçırmazdım.
Ümumilikdə Qan Turalının “Doqquz hekayə” kitabı oxunaqlı və maraqlıdır. Yay tətilinizi daha da maraqlı etmək üçün səfərə çıxarkən çantanıza qoysanız, peşiman olmazsınız.