Kulis.Az Cəlil Cavanşirin yeni şeirlərini təqdim edir.
Suallar
Gülər Cəbrayıl üçün...
niyə dost olur adamlar,
və niyə düşmən olur?
hər şeydə bir az təmənna payı varsa...
niyə müdrik olmağa çalışırıq?
bacarmırıq özümüz olmağı
həyat səhnəsində kiməsə dost
kiməsə düşmən obrazındayıq...
kimin yanındayıq, nə fərqi?
nədir bu yalana maraq?
ən yaxındakı adama
bir az dost kimi doğmayıq,
bir az düşmən kimi uzaq...
niyə doğma olur adamlar,
və niyə bu qədər yad olur?
niyə üzülür adamlar,
və niyə sevincli, şad olur?
Nədir bu dərd, sevinc, kədər?
dünya beş günlükdürsə
nədən narahatıq bu qədər?
son ucu ölümlüdürsə
dünya nəyimizə gərək?
axı biz niyə darıxaq,
axı biz niyə üzülək?
niyə aşiq olur adamlar,
və niyə bu qədər unudur?
sevgi ruhumuzun deyil
bədənin istəyidirsə...
niyə uydurur adamlar
saflıq, təmizlik, böyüklük?
insan bir dəfə sevirsə
biz niyə bu qədər bölündük?
bəlkə kiçik hisdir sevgi,
biz öz gözümüzdə böyütdük?
niyə saxtadır adamlar
və niyə bu qədər səmimi?
bədənə can atırıqsa
sevgi ehtiras deyilmi?
niyə qəddar olur adamlar,
və niyə bu qədər qayğıkeş?
insan ən ali varlıqsa,
bəs nədir qovğa, keşməkeş?
niyə vəhşi olur adamlar,
və niyə bu qədər mülayim?
eh, bu qədər sualların
cavabın kim tapacaq, kim?
niyə tənhadır adamlar
və niyə bu qədər çoxuq?
bir az hamı üçün varıq
bir az heç kəs üçün yoxuq...
hər gün qarşımıza çıxır
bizi unudan adamlar.
sonra yenə gözdən itir
bir az etibarlı, doğma
bir az unutqan adamlar...
bəs niyə kimsə laqeyid
kimsə çox istiqanlıdır?
Sual verə biliriksə
Yaşamaq həyəcanlıdır...
Bakı, mart 2014
İndi sən olmalıydın yanımda...
indi sən olmalıydın yanımda
kadıköydə, modada
qağayılara simit atmalıydıq
susmalıydıq sahildə
və bir də
başını çiynimə qoymalıydın
bir udum hava çəkməliydin ciyərlərinə
yosun qoxulu qayalıqlarda.
sənə yenidən aşiq olmalıydım
kadıköydə, modada...
indi sən olmalıydın yanımda
məni qısqanmalıydın
“dünyanın ən gözəl qızına – istanbula...”
gülməliydin dağınıq saçlarıma
sarılmalıydın boynuma...
külək oxşamalıydı saçlarını
görməliydin bu şəhərin
dənizə düşən işıqlarını...
indi sən olmalıydın yanımda...
taksimdə - bir gecə barında
pivələrimizi yarıya qədər içib,
bir siqaret yandırlmalıydıq...
əllərin çiynimə qonmalıydı
qəfildən
saçların küləklə sovrulmalıydı
bu qoca şəhərdə
bu qədər kimsəsiz olmamalıydım...
indi sən olmalıydın yanımda
çılğınlıq etməliydim
dəlilər kimi...
istanbulun ən tənha yerində
ən çılğın aşiqlər kimi
divara söykənib öpüşməliydik
sonra əl-ələ tutub qaçmalıydıq otelə
gecəni sabaha qədər içməliydik
istanbul gecələrini...
indi sən olmalıydın yanımda
yormalıydıq min illik İstanbul küçələrini...
indi sən olmalıydın yanımada
bu şeiri oxumağa bir adamım olmalıydı
kimsə gülməməliydi bu halıma
bu qədər uzaqda olmamalıydın...
indi sən olmalıydın yanımda
kadıköydə, modada
siqaret yandırıb
marmarının sularına baxmalıydıq...
indi sən olmalıydın yanımda
sonra da birlikdə darıxmalıydıq...
İstanbul, fevral 2014
Belə adamları sevin
(“Antişeir” silsiləsindən)
məsələn, bir az gülərüz.
bir az dağınıq baxışlı
qəmdən kədərdən uzaqda,
taleyi gətirmiş olsun
evlənməmiş, boşanmamış,
yalan danışmamış olsun.
evi olsun, işi olsun
saç daranmış, üz təraşlı
bəli, əsil kişi olsun.
ən uzağı bığ saxlamaq,
dözülməz vərdişi olsun...
belə adamları sevin...
məsələn, gözəl restoran
həzin nəğmə
şam işığı
bahalı qırmızı şərab
yaqut qaşlı qızıl üzük
bir az incə, başaşağı...
nəzakətli həlim səslə
evlilik təklifi etsin
sonra tutub əllərindən
səni rəqsə dəvət etsin
belə adamları sevin...
ən bahalı restoranda
toy çalınsın hay-həşirlə
sonra bal ayı, xoş günlər
nazını çəksin səbrlə...
nəvazişlər, oxşamalar
kübar, mədəni, ağıllı
bir də çox ciddi görkəmli
ali təhsilli, savadlı
belə adamları sevin...
arxasınca oyun qurub,
başına min oyun açın
hamısın gözündən salın
dost-doğma, qohum-qardaşın.
imkan verməyin pulunu
qıza-qadına yedirsin
nə qazanır, nə pulu var
hamısın evə gətirsin
məsələn, sürücüsüylə
aldadın, qocalan kimi
oğlan lar iş quran gündən
qızlar köçüb gedən kimi,
gəlirlər azalan kimi
deyinin sabaha qədər,
yaş keçdikcə, qocaldıqca
yatağını da ayırın
gecələr xoruldadıqca
Ooda çəkilsin divana
üstünə ədyalı çəksin
elə adamı sevin ki,
gözünü tək sizə diksin
evdən çıxıb gedəndə də
bircə pencəyi götürsün
belə adamları sevin!
ya da ki, idmançı olsun,
adam döysün, medal alsın
dar köynəkli dəmir bilək,
canlara vic-vicə salsın
bahalı maşın, bağ evi
prezident versin hədiyyə
sağlam həyat, təmiz ürək
səviyyə olsun, səviyyə!
belə adamları sevin...
məsələn, bir bar küncündə
içən yazarı sevməyin
kədərli olmasın heç vaxt
şairə fikir verməyin..
nə badə şeir-zad yazar
ömrü-günü zay etməyin
həyat gözəldi xanımlar
hər yaramaza axmağa
hər alkaşa pay etməyin
birdən həyatdı, nə deyim
təbi zadı ola bilər
cavanlıqda təqaüdü
qocalanda dövlət işi
fəxri adı ola ola bilər
şeir yazsa da qalstuk
boğazında tarım dursun
şeirlə, sözlə, kitabla
sizin üçün həyat qursun
belə adamları sevin!
İstanbul, fevral 2014
Bir sevgi şeirinin ikinci versiyası
məni sevməyənlərin əziz xatirəsinə...
bir nağıl danışımmı sənə?
qorxulu sevgi nağılı
bütün sevgi nağılları
“happy end”lə bitmir ki..
bəzən sevilənlər qarşılıq verir
həmişə atıb getmir ki...
bir dəfə olduğun evdə
nə qədər xatirən var
bilirsənmi?
siqaret tüstüsü hopmuş divarlar
gözümə dolan gözlərin
və dəfn olunmuş arzular...
bu sənə aşiq olmaq idi, xəbərsiz
xatirələrini zorla saxlamqdı otağımda
gözlərini həkk etməkdi divarlara
qoxuna bürünməkdi yatağımda...
xəbərsiz saçlarına toxunmaqdı
gizlincə rəsmlərinə baxmaqdı
Mənə aid olmayan bədinin
Hamarlığını xatırlamaqdı
səbəbsiz ağlamaqdı sevmək
yastığı üzünə sıxmaqdı bərk-bərk
günahkarlıq duyğusudu
yuxusuz qalmaqdı gecələr
sonra şərabdan təsəlli ummaqdı
siqaret sümürməkdi sabaha qədər...
xam xəyallar qurmaqdı səni sevmək
(bilirsən, bəzən çox asandı çıxıb getmək)
bəs əclaflıq nədir bilirsənmi?
səni sevməyən qadına vurulmaqdı
mənim olmayacağını bilə-bilə
bədəninə sarılmaqdı.
bədənin göyərmiş yerlərinə baxıb
utanmaqdı
əzabla qıvrılmaqdı..
iyrənc hislərlə oyaq qalmaqdı sabah qədər
və unutma
gedənlərin yerini doldurmaq üçün
mütləq
tapılır bir nəfər.
gəl sənə bir nağıl danışım
qorxulu sevgi nağılı...
dinləsən nə faydası, unutsan nə xeyiri?
bəzi kəlmələri dəyişsək
ayrılıq şeirinə dönür
sənə yazılan ilk sevgi şeiri...
İstanbul, fevral 2014