...hara tələsir dünya?

...hara tələsir dünya?
23 sentyabr 2015
# 11:20

...hara tələsir dünya?

Məmməd Aslanı xatırlarkən...

2008-ci ilin yayıydı.

Universiteti yenicə bitirib iş axtarırdım.

Birinci kitabım çap olunmuşdu, ara-sıra dövri mətbuatda da yazırdım.

Ağsaqqal dostlarımdan biri, Göyçənin sayılıb seçilən ziyalısı Dilqəm müəllim haqqında kitab tərtib etmək təklifi gəldi, razılaşdım.

Dostumuz haqqında yazılan yazıları bir yerə toplayıb sistemə saldım, redaktəyə başladım.

Proses o qədər də çətin deyildi: hazır yazıları oxuyur, cümlələrə əl gəzdirib nizama salır, dostumuzun tərcümeyi-halını sistemləşdirib genişləndirməyə kömək edirdim.

Təsadüfən yazıların arasından Məmməd əminin-Məmməd Aslanın yazısını tapdım. Məlum oldu ki, Məmməd əmi Dilqəm müəllimlə uzun illərin dostudur və yay aylarını Dilqəm müəllimin həyətindəki vaqon-evdə keçirir.

Dilqəm müəllim Məmməd Aslanla tanış olmaq istəyimi gerçəkləşdirməyə söz verdi və sözünü tutdu.

İlk və son dəfə Dilqəm müəllimin həyətində görüşdük.

O, uşaqlıqda sevə-sevə izlədiyimiz, dediyi şeirlərə, danışdığı əhvalatlara heyranlıqla qulaq asdığımız, mülayim və həlim səsin sahibini ilk dəfə görəndə necə sevindiyimi izah etməkdə acizəm.

O yay başqa bir yaydı...

Dopdolu, sazlı-sözlü, zəngin bir yay keçirdim.

Həm yazdım, həm də öyrəndim.

Məmməd əmi efirdə göründüyü kimi həlim və mülayim insan deyildi. Küsəyən, hər şeydən əsəbiləşən, kaprizli və adamayovuşmazdı. Mübtəla olduğu xəstəlik – şəkər onu əldən salmışdı. Saatlarla vaqon-evə qapanıb bayıra çıxmaz, bəzən yeməyə də gəlməzdi.

Ev yiyəsi Dilqəm müəllim nəvələrini səs-küy salmasın deyə, çox vaxt evinə buraxmırdı. Uşaqların sevimlisi Məmməd əminin uşaqlarla vaxt keçirməyə heyi qalmamışdı...

Bütün qohum-qonşu, gəlib-gedənlər ona “Məmməd əmi” deyir, sakitliyini pozmamaq üçün pıçıltıyla danışır, barmaqlarının ucunda yeriyirdilər. Bu müraciət, göstərilən ehtiram onun çox xoşuna gəlirdi. Dilqəm müəllimin həyətindən qonaqlar əksik olmurdu. Ev yiyəsi şairi ziyarətə gələnləri böyük ehtiramla qarşılayır, qonaqpərvərlik göstərirdi ki, təki Məmməd əmi inciməsin. Məmməd əmi də ləngərli addımlarla ağacların arasındakı vaqon-evdən ağır-ağır çıxar, gələnlərə hal-əhval tutar, çox ləngimədən yazı-pozusunun başına qayıdardı.

Dilqəm müəllimin qapısına vəzifəli məmurlar, deputatlar, sayılıb-seçilən adamlar gələndə Məmməd əmi acıq eləyib vaqon-evdən çıxmaz, çıxanda da gələnlərin qəlbini qırıb yola salardı. Amma aşıqları, söz adamlarını bir də yerlilərini –kəlbəcərliləri gözlətməz, qəlbinə dəyməzdi. Qəribə kövrəkliyi, uşaq kimi küsəyənliyi vardı.

Mənim xahişimdən, Dilqəm müəllimin israrından sonra kitabın tərtibatında kömək etməyə razılaşdı. Kitab üçün 200-dən artıq foto çəkdi, kitaba ad verdi, Dilqəm müəllim haqqında xatirələrini yazdı, çapı üçün nəşriyyata ağız açdı və qısa müddətə kitab hazır oldu. Beləliklə Məmməd əmi ikinci kitabımın məsləhətçisi oldu...

Oğluma verdiyim ad Məmməd əminin çox xoşuna gəlmiş, məhz bu səbəbdən mənimlə dostlaşmışdı. Tez-tez məclislərdə məni qaldırıb dostlarına təqdim edir, sonra hökmən qeyd edirdi: “Oğlunun adı da Ayhandır. Ayxan yox ha, Ayhan.”

Boş vaxt tapan kimi yanına qaçırdım, yazmaqda olduğu kitabından mənə parçalar oxuyur, saatlarla səfərlərindən, şeirdən, aşiq musiqisindən danışır və qəfildən də sağollaşıb qalxırdı: “Bir az dincəlim, siz də yeməyinizi yeyin”.

Gədəbəyə, Şəmkirə, Tovuza gedirdi ara-sıra. Yaylaqlarda, meşələrdə foto çəkməyi, sonra həmin fotoları qonaqlara göstərməyi çox sevirdi.

... “Öz ruhunun işığında” adını verdiyi kitabımı həvəslə gözləsə də, kitabın ilk nüsxəsini ona göndərməkdə bir az ləngidim. Kitabın nəşrindən sonra məndən küsdü. Söz verdiyim kimi, kitabın ilk nüsxəsini ona vaxtında çatdırmamağım xətrinə dəymişdi. Dəfələrlə zəng edib könlünü almağa çalışsam da, yumşalmadı. Üstündən xeyli keçəndən sonra, özü zəng elədi, küskün-küskün gileyləndi. Amma ömrünün sonuna qədər onu bir daha görə bilmədim. Bu ilin əvvəlində Kulisin iclasında Şərif Ağayar ondan müsahibə almağımı təklif etdi, dəftərimə qeyd etsəm də buna da zaman ayıra bilmədim.

Məlum, vaxtı düzgün bölmədiyimizdən, bəzən isə laqeydlikdən və tənbəllikdən heç nəyə zamanımız çatmır...

Ölüm xəbərini alanda, izaholunmaz peşmanlıq bürüdü içimi. Heysizləşdim, sıxıldım, müvazinətimi itirdim, kövrəldim. Məmməd əminin səsi qulaqlarımda cingildədi:

“Dərələrdən yel kimi,

təpələrdən sel kimi,

badeyi-sərsər kimi

hara tələsir dünya...”

İndi düşünürəm ki, bu xatirələri yazmaqda tələsdim, yoxsa gecikdim? Keçirdiyim qarmaqarışıq hislər burulğanında bir də ayıldım ki, yazıram. Özümə mane olmadım, yazdım. Yazdım ki, bəlkə bu incikliyi unudasan, Məmməd Aslan!

...Hər halda, görüşənədək, Məmməd əmi!

# 1878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #