Romanını məmura satıb evlənən yazıçımız

Romanını məmura satıb evlənən yazıçımız
19 iyun 2013
# 07:00

Cavid Zeynallı

hekayə

O lənətə gəlmiş uzun qış gecələri yaxamı buraxdısa, nigaran qalmayın, mənə ölüm yoxdur. Darıxmaqdan adamın it kimi ulamağı gəlməzmi, gələr! Üstəlik, çiyinlərində bayquş təkliyi; bahoo, bağrın başı köz-köz olsun, havalan özünçün. Ehtirasını elə telefondaca bir qadınla bölüşməsən, hüznlü gecə zəhər-zəqquma dönər gözündə.

İki manatlıq konturları uc-uca calayıb yalqız tələbə qızlarla xısınlaşmaq da adamı təngə gətirərmiş. Səhərəcən nə özün yat, nə də darısqal kirayə otağının divarları arasında erkək nəfəsinə təşnəyən bu sərçə balalarını çimir almağa qoy! O saf səsli, pak nəfəsli qızlar heyyy!!!

Tələyə düşən zavallılar o qədər: uşaqlıqdan xoş sözə, şirin kəlməyə tamarzı qalan qəlbisınıq nə çox! Bəd ayaqda, axşamüstü bekarçılıqdan pənah gətirdiyim miskin çayxanada zər atıb nərdtaxta döyəcləyən tələbə yoldaşıma minnətçi düşürəm: mən ölüm, bir qız nömrəsi ver, gecələr içimdə yalquzaq ulayır. Bə nə, bir bəhanə tapıb aradan çıxmasan oldun ağzımvay, fərsiz, yaramaz...

- İstəyirsiniz, sizi bir də narahat etməyim. Vallah, ciddi sözümdür.

- ... –

- Darıxmaq pis şeydir, təklik dəhşətdir.

O:

- Siz nəçisiniz?

- Yazıçı.

- Yazıçı? – Heyrətini gizlədə bilmir. – Düzü, nə vaxtsa yazıçı ilə qarşılaşacağımı ağlıma gətirməzdim.

İkicə gün sonra parkın uzaq küncündəki skamyada onun dodaqlarının tamı iliyimə hopur, sonra döşlərini yüngül-yüngül sıxıb qulağına pıçıldayıram:

- Sənin kimi oxucu və sevgili qazanmaq həyatımın müjdəsidir.

(Düşüklük!)

Bir qız, iki qız. Üçüncü zavallı, yeddinci bəxtikəm... Pul sovrulur, gün-güzəran xərclənir, nə faydası?! Gələcəkdə əsəyənbaş qocaların heyfislənə biləcəyi xatirə yığını, vəssalam! Ağlı olan bu xatirəpərdazlığa tula bağlamaz, kasıblığımıza and olsun!

Ha özünü ağa çıxart: “həsrət kimi uzun qış gecələrində kitab oxumaqdan usanıram, yazı yazmaq lap zəhləmi töküb, qəzetlər ətimi ürpədir, sonra siçovul kimi günəbaxan tumuna daraşıram... Qulağa bir qadın səsi dəyməlidir, ya yox?!”

***

Tanış olduğumuz yer, metro. Beləcə: dəmir pilləkənləri enəndə ayaqqabısı eskalatorun “ağzında” yarımcan olur, qarışıqlıq düşəndə sinəmi qabağa verib ayaqqabını dəmir əjdahanın ağzından alıram. Addımlarımız qoşalaşır, yaylı qapıları arxada qoyuruq. Çöhrəsindəki pərtlik çəkilib, özümü inandırıram: məndən yana göylərə minnətdardır. Qabağımıza çıxan birinci köşkdən yapışqan alıram, Nərgiz gözlərinə inanmır. Ayaqqabıya işarə edirəm: di, çıxar, uzatma; ərk nədir, lap yüz illik bağrı-badaş kimi. Deyəsən, xoşuna gəlir. Gözlərində vurğunluğun min nişanəsi.

Yastı-yapalaq həyət evində kirayə qalır Nərgiz. Ovuc içi boyda həyət xaraba qalmış Samirə məhəlləsi. Üstəgəl, deyingən ev sahibəsi, günaşırı Sabunçu bazarı üçün yun əyirən arvadların dır-dırı. Həmin gecə o həyətin alçaq qapısından sivişib oğrun-oğrun salxaq pilləkənlə yuxarı qalxmarammı, qalxaram. Qalxıb bir nərgiz dəstəsini qızın pəncərəsi ağzına qoymarammı, qoyaram! Həmin çağdan bir qız bir oğlana könül verdi, oğlan min nədir, milyon kərə nəsibinə alqış dedi, divanə oldu. O çağdan bir şəhərin küçələri, ağacları, adamları bir qızla oğlanın ayaq səslərinə şahid çəkildilər, bir dünya söz yığdılar çinədanlarına. Qız ən gözəl donunu oğlanla görüşə geyindi, küskün gecələrdə kədərli mahnılar dinlədi, üzünü balınca sıxıb ağladı. Oğlan yaz gecələrində içini siqaretlə zəhərlədi, ürəyini yazı-pozuyla ovundurdu. Əsəbi oldu, fikir çəkdi, tündməcazlığı, ətiacılığı gizlətməkmi olar?!

***

Bu yazıçılıq nə azardısa, yaman çöküb sinəmə. Vicdan haqqı, elə ki ağlıma bir fikir gəldi, oluram avaranın təki: məsələn, xəyal uçur göyün yeddinci qatına, öz-özünə danışmaq nədir, bir də görürsən, metroda özdöşümdən gülürəm. Olur, belə də olur: qızlar xısınlaşır, yağış vurmuş ot vələsi kimi yaprıxmış qocalar “anan ölsün, ay yetim” mənasında cəmdəyimə ağı deməkdən ötrü himə bənddirlər. Bir ara əməllicə qatıqladım. Qatıqladım deyəndə, tale pulsuzluq sınağı ilə anamı ağlar qoymuşdu. Pah atonnan, hansı qəzetə yazı göndərirəm, tərif nə tərif: elə bil, qancıq iti ərə verirlər.

Məsələ qonorara gəldimi, hərə yaxasını bir kənara çəkir. Ətəyindən sallaşdığım işin etibarsızlığı üzündən sözün müqəddəsliyinin götünə bir təpik ilişdirmək nədir, lap cəmdəyinə tüpürmərəmmi? Prezervativ haqqında şeir qoşmaq, gündəlik qadın bezləri barədə qafiyələr uydurub çap etdirməklə ədəbiyyatın faydasızlığından guya acıq çıxırdım. Segah üstündə gedərmi?

Ən gözəl ləzzət anı,

Qoruyur şirin canı.

Tax başına tik qala,

Dürtüşdür bala-bala.

Qadının can rahatlığı, hər mənada sərfəli,

Ondan yan keçə bilməz nə ağıllı, nə dəli,

Qalmaz şalvar-tumanda, bircə ləkə izləri,

Təbiət ərməğanı, günlük qadın bezləri.

Hərçənd, sonralar sözə xəyanətim üzündən it küçüyü təki peşmanladım, amma nolsun, sözün qeyrətini çəkən kişilər hər məclisdə kölgəmə tüpürdülər, axşamüstülər vədələşib pizza sifariş verən namuslu ev şairələri bu murdar sifətimi hər görəndə qaşqabaq salladılar.

***

Şirin noyabr şənbəsi Nərgizin gözlərində görünən nigaranlıqdan, lap düzü, qüssədən bağrım başı şan-şan oldu. Uzun-uzadı danışıb zəhlə tökmək istəmirəm, bircə onu xatırlayıram ki, qohumlarındakı hansısa donuz oğlu eşşək Nərgizə elçi düşmək istəyirmiş. Məsələ başqadı: mən artıq yataqxanada tarakan kimi yaşamaqdan yorulmuşdum. Evlənmək istəyirdim, evlənmək.

Təzəcə tapdığım işdə maaşım az olsa da, narazı deyildim, saat altıdan sonra redaksiyadan əl-ayaq kəsiləndə tərcümələr edir, şənbə-bazar günləri unudulmuş yazıçıların ailələri ilə görüşüb söhbətləşir, ağlıma batan mövzular olanda köşə yazıları qaralayırdım. Üstəlik, üç ildən bəri üstündə əsdiyim “Mağarada yaradıcı tətil” romanımı bitirməyə vaxt tapa bilmişdim.

İlahi, necə xoşbəxtdim! Köhnə yazıçıların sözü olmasın, qəhrəmanlarımın fikriylə yatır, min bir məhəbbətlə yazdığım cümlələrimlə nəfəs alırdım. İnsan doğmaca balasının gözlərinə baxanda nə hisslər keçirərsə, üstündə nanə yarpağı kimi əsdiyim bu əsərin hər cümləsindən beləcə fərəhlənir, Tanrıya min yol, milyon kərə alqış deyirdim. Budu ha, gecənin bir aləmi diktofonu işə salıb yekə bir hissəsini xar səslə oxuyur, sonra dönə-dönə dinləməkdən doymurdum.

Məsələ ondaydı ki, Nərgizə tezkən elçi göndərməliydim. Elçi nədir, üstəlik, restoran administratorları ilə çənə-boğaz olub menyu qiymətlərini öldürməli, sonra mənə bəylik, Nərgizə gəlinlik don sifariş verməliydik. Həmin günləri xatırlayanda ürəyim bulanır. Nəşriyyatın sifarişi ilə tərcümə elədiyim kitabı tezbazar bitirib qonorarımı almalı, elçiliyin xərcini-xəsarətini ödəməliydim.

Bəzən səhərə qədər çimir almır, kompüterin klaviaturalarını döyəcləyə-döyəcləyə özümü söyürdüm. Tərcümə bitdi, elçilər şirin çaylarını içib əl sıxdılar, fevral səmasında qar dənələri oynaşanda mən sevgilimlə “Çudo-peçka” küncünə çəkilib siyahı tutur, toy hazırlığı görürdüm.

O unudulmaz fevral axşamçağıları mənə ona görə əzizdi ki, ürəyi min bir arzuyla dolub-daşan iki narahat adam yaza çıxmaq üçün yer-göylə əlləşirdi. O yaz bizə fəlakət gətirdi, xəyallarımız pərən düşdü. Eləcə bunu qulaqda sırğa etməli: hər şey mənim başıboşluğum, yekəxanalığım, lap elə əxlaqsızlığım üzündən oldu.

Yorulmağına hədsiz yorulmuşdum, canımı götürüb küyü baş aparan bu şəhərdən getmək istəyirdim. Bayram səmənilərinin saralan çağı uzaq dağ kəndində tarix müəllimi işləyən tələbə dostlarımızdan biri xəbər göndərməzmi: durun gəlin, kəndin gülüstan vaxtıdır. Axşamüstülər atişəməyi çaydan hortdadıb nərdtaxta döyəcləyən tüfeyli dostlar himə bəndmişlər: yolpulu düzəldib vədələşdilər. Şeytan qəlbimə hardan girdi, “məni də gözləyin” deməyimin ardınca işi də, Nərgizi də atıb yola çıxmağım nə vaxt oldu, necə oldu bildimmi?

Telefonu söndürüb hər gün içmək, içib gen dərələr boyunca bağırmaq, mahnı oxumaq, sonra süst düşüb gədik beli yalayan mehdə mürgüləməyin dalınca bədəli ağır gələn aqibətim mübarək! Bir həftəlik əyyaşlıq cəhənnəm, adam nə qədər gönü qalın olar ki, üstəlik içib işə gələsən, müdirin qılığına girib danlağını ötüşdürmək əvəzinə, onu söyüb batırasan, sonra köhnədən acıqlı olduğun bir-iki nəfərə elə redaksiyanın ortasındaca kitab tolazlayasan. Əlvida, uzun işsizlikdən sonra rahatlıq tapdığım iş stolum, əlvida, balaca otağım kimi doğma, əziz redaksiya! Qovulmaq dərddir. İşdən qovulmağı deyirəm.

***

İçimdə qos-qoca mağara boşluğu, havalı-sərgərdan veyillənirəm. Nərgizi birtəhər yumşaltmışam, (onun gözlərindəki ümidsizliyi görməz olardım) and içib ağu yalamaq işimə yarıyıb: hər şey yaxşı olacaq, qəlbini sıxma. Özdöşümdən xəyal qurmaqdan da qalmıram: toydan sonra ayıq başla romana bir də əl gəzdirib çapa verərəm. İşdən ötrü soraqlaşmaq boşunadır, vədi ümidin dalına yedəkləyən nə çox, ortalıqda ciddi nəsə yoxdur. Toyun xərcləri boğaza dirənib, borcdan ötrü ağız açmağa adam qalmayıb. Nəsə fikirləşmək lazımdır. Nəə?!

Xəyallarıma qənim kəsilən o axmaq fikir hardan ağlıma gəldi, necə oldu? Əvvəl sadəlövhlüyümə güldüm, sonra bu işə qol qoymağın dəhşəti içimə od saldı. Lap düzü, o axşam babat vurub internet kluba düşdüm ki, facebookda baş qatım, eynim açılsın. Qırxayaq kimi canıma daraşan qarışıq hisslərdən yaxa qurtarmaq lazımıydı. Birdəncə qəlbimə şeytan girdi və barmaqlarım klaviaturanın üstündə ikicə dəqiqə gəzişəndən sonra o lənətə gəlmiş status ox olub ürəyimə sancıldı.

Yazmışdım: “Əziz dostlar, həmkarlar! Əlbəttə, bu qərarı verməyim qəribə görünə bilər. Kimsə qeyri-ciddi addım kimi özündən müştəbehlikdə, reklamdan ötrü ucuz vasitəyə əl atmaqda məni qınaya bilər. Həyat adamı hər şeyə məcbur edir. Tanıyanlar bilir ki, nişanlıyam, yaxınlarda evlənmək istəyirəm. Öz günahım ucbatından işdən qovuldum, toyun xərclərini ödəmək üçün hər şeyə hazıram. Uzun götür-qoydan sonra qərar verdim ki, romanımı... satım. Hə, düz oxudunuz, üstündə üç ildən artıq əsdiyim, gözümün nurunu itirdiyim “Mağarada yaradıcı tətil” romanımı satmaq qərarına gəlmişəm. Roman müasir nəsr texnologiyalarının bütün tələblərinə cavab verir. Rəvan, koloritli Azərbaycan dili, bütün təbəqələrdən olan oxucuların zövqü nəzərə alınmaqla kəskin süjet xətti, virtual sevgi, şəhərdə məskunlaşan əyalət adamlarının faciəsi... Həcmi təxminən 300 səhifə, qiyməti razılaşma yolu ilə”.

Beş dəqiqə keçmədi, inboksaa tanımadığım bir adamdan məktub gəldi: “Salam, yazdıqlarınızı oxudum. Mümkünsə, o statusu təcili silin, bir saata görüşüb, məsələnizi həll edək”. Naməlum facebook dostum axırda telefon nömrəsini də yazmışdı. Üstəlik: “Zənginizi gözləyirəm. Romanı flaş kartda gətirmək yaddan çıxmasın”. Elə klubdaca zəng çaldım, görüş yeri təyin edib, sağollaşdıq.

Uzaqdan mənə əl edən adamı görəndə dalağım sancdı. Onu hardansa tanıyırdım, zənnimdə yanılmıramsa, kiminsə tədbirində rastlaşmışdıq. Hal-əhval tutub maşına oturduq, yol boyu şənimə uzun-uzadı tərif dedi, sonra belə vəziyyətə düşdüyümə görə acıdığını dilə gətirdi.

- Romanı verin, doğrudan da yazdığınız kimidirsə, qiymətini razılaşarıq. Hərçənd, qələminizə inanıram, siz pis şey yazmazsınız. Elə müəllim də belə dedi.

- Hansı müəllim?

- Gəlin, bu haqda sonra danışaq. Mən müəllimin köməkçisiyəm.

- Flaşkartı lal-dinməz ona uzatdım, əl sıxıb ayrıldıq.

- Öz aramızda qalsın, həmin gecə yorğanı başıma çəkib doyunca ağlamışdım və Allaha yalvarmışdım ki, bu sevda baş tutmasın; o müəllim hər kimdirsə, qəlbinə səbəb sal, romanı almaq fikrindən əl götürsün.

İki gün sonra həmin nömrədən təkrar zəng gəldi: görüşək.

- Müəllim romanınızı çox bəyənib, gəldim qiyməti danışaq.

Müəllim kimdir axı, mənim romanım onun nəyinə lazımdır?

- ...

- ...

- Biz kişi kimi söhbət edirik.

- Əə-əlbəttə.

- Buyurun, sizə çatacaq. – O, mənə zərf uzatdı.

- Sayın, üç mindir. Müəllim romanı xaricdə çıxarmaq fikrindədir. Narahat olmayın, burda heç kim xəbər tutmayacaq. Ola bilsin, öz imzasıyla çıxdı, ya da... deyir, hələ baxarıq, bir dostu var, bəlkə ona bağışladı. Zəhmət olmasa, bura qol çəkin.

Mən dumanlı başla o kağıza qol çəkməyimdə olum, sizə kimdən deyim, həmin yazıçıdan. Əslində, ona ad qondara bilərdim, məsələn, Qarın Quliyev. Amma bu düşüklükdür, əlbəttə. Hə, o başqa məsələ ki, əsl adını niyə yazmıram; çox sadə: buna götüm çatmır, vəssalam! Vaxtilə televiziyada veriliş aparırdı, bəh-bəh, yamanca məşhur idi, indi də deyirlər, 90-larda Avropadan gətirdiyi qısa qalstuku bizlərdə dəb salan yeganə adam olub. Harda ki, ciddi ədəbiyyatdan söhbət düşmüşdü, vay-vay, bu bəxtsizin adı çəkilmədi ki, çəkilmədi. Çəkildisə də beləcə: onun əsərlərində həyat yoxdur, quramadır, saxtadır!

Sovetlərin çökən vaxtı peyğəmbərdən roman yazmaq sevdasına düşən qəhrəmanımız Ərəbistandakı mağaralardan birinə yaradıcı tətilə yollandı, sonra məlum oldu, mövzunun birini qoyub o birinə hoppanıb: süjet xəttini Eskimos əfsanələrindən əkişdirdiyi povestini elə mağaradaca tamamlayıb. Ciddi yazıçı kimi qəbul edilməməsi onu sonralar zəhər tuluğuna çevirdi.

Məsələn, katibəsi danışırmış ki, otağa girəndə nə görsəm yaxşıdır: müəllim onu tənqid edən cavan şairlərdən birinin kitabını ayaq altına atıb, ortasına işəyirmiş: şırrr... Hələ bu harasıdır, ölkədəki qəzetlər kişinin əlindən lap zinhara gəlib: adam öz-özüylə müsahibə edib nə qədər camaatın zəhləsini tökər. İnsafən, bunu da demək lazımdır: müəllim cavanlara babat qonaqlıq verər, onları özü ilə rayonlara aparar, hətta kefi yaxşı olanda ciblərinə pul qoyub bazlığa da göndərərmiş. Məncə, sonuncunu gurultuyla alqışlamaq lazımdır!

***

Toya o əzəmətli yazıçını da çağırdım!

Bir tərəfdən hədsiz sevinirdim, söz yox. Nə ki, kəm-kəsirimiz vardı, hamısını yerbəyer elədik. Nərgiz lap başdan demişdi, belə iş tutma, romanı satmağın peşmanlığını yaşayacaqsan, onsuz da bunun gec-tez səsi çıxacaq, faş olacaq; bir də, düşər-düşməzi olar, qorxuram. Bir yandan da içimə od düşmüş kimiydim. Gün uzun fikirli olurdum, əsəblərim pozulmuşdu, o pulu aldığım, imzanı atdığım (nəyə imza atdığımı bilirdimsə, atama lənət!) yerdə əlim quruyardı.

Neçə gecə yuxumu qarışdırdım, diksindim. Bir qotur romanın ağrısı, həsrəti, peşmanlığı çəkilməz, dözülməz olarmış, bilməzdim. Qotur dediyim o əsərə elədiyim xəyanət canımdan can qoparmışdı, billah! Toya lap az qalmış içib müəllimə zəng etmək, söyüb batırmaq istədim. Özümü birtəhər sıxdım, sonra doyunca ağlayıb yarımçıq butulkanı birnəfəsə başıma çəkdim. Ağlım başımdan çıxmışdı, hər şeyə nifrət edirdim, hər yan boz-bulanıq, birrəng, mənasız, mənə düşmən kəsilmiş kimi görünürdü. O gecə bir şeyi, bircə şeyi ayırd edə bilmədim: bunu yuxuda görmüşəm, yoxsa mənə pul verən oğlana doğrudan zəng vurubmuşam?

“Ədəbiyyata düşmək kəsilmiş o oğraşa de, de, de, de, de... ayağının altında ölüm, ö-ölüm, qapında it olub ulayım, aauu-uu, ham-haaamm romanımı diskə yaz, aau-uu, pul əvəzi o diski zərfə qoy, at yeşiyin içinə, cəhənnəm ol get! Cavanam, göndərdiyin pula ehtiyacım olub, məcbur qalıb bu axmaq işə qol qoymuşam, indi özümü bağışlaya bilmirəm, günüm-güzəranım zəhər-zəqquma dönüb; vallah, göndərdiyin üç mini mütləq qaytaracam, qaytaracam, nolar bircə dəfə bir cavana əl tut, kömək oll!!!”.

Nərgiz qolumda, alqış sədaları altında restoranın qapısından içəri girən kimi gözüm müəllimi axtardı. Gəlmişdi, gəlmişdi, gəlmişdi ey, gəlmişdi! Çıxış etdi, məni xeyli təriflədi, qol qaldırıb oynadı, hamıya nəzakət göstərdi. İlahi, o necə müqəddəs görünürdü, elə bil imam zühur eləmişdi! Və elə gecəylə başa düşdüm ki, yuxu nəə-dii-rr, məə-ən o gecə...

“Oğlan evi” yazılan yeşiyin içindən üstü yazısız zərf çıxıb, zərfin içində isə bu şəkil:

# 4126 dəfə oxunub

Müəllifin son yazıları

# # #