Cavidan yazır
Necə idi o iki növcavanın barəsindəki rəvayət?
Onlar uzun, upuzun bir səhra yoluna çıxmışdılar, istidən cayır-cayır yandıqları zamanda Xeyirin heybəsindən çörək yeyir, su içirdilər.
Şər isə öz çörəyini də, suyunu da gizlədir, üzə çıxarmırdı.
Heç Xeyirin ağlına da gəlmirdi ki, bir gün onun heybəsi boşalanda, Şər də onun kimi davranmayacaq.
Zira, bu dünyada Xeyirin həmişə bircə amalı olub – xeyirxahlıq.
Şər isə yer üzündə bilinən-bilinməyən bütün yollardan, vasitələrdən yararlanıb hər zaman – xeyirxahlıqdan başqa.
Budur, susuzluqdan yanır Xeyirin ciyərləri, hərdən üzünü kənara çəkib, ehtiyat suyunu qənaətlə, qurtum-qurtum içən Şərdən yardım istəyir.
Və Şər bir qurtum su üçün onun bütün qızıl-gümüşünü alır, sonrakı qurtum üçün isə gözlərini istəyir...
***
İnternetin, kompüterləşdirmənin verdiyi imkanlardan yararlanaraq, çıxdığımız ədəbiyyat yolunda bizlərin də hər birimizin yanınca bir Şər addımlayır, fərqindəyik.
O Şər əslində tamamilə istedadsız deyil, nəsə də var içinin dərinliklərində mütləq.
Amma ifrat inamsızdır özünə.
Zira, yanınca addımladığının ondan daha istedadlı, daha mütaliəli, daha güclü ruhlu olduğunu anlayıb, ağlında-fikrində özü ilə onu hər gün minlərlə dəfə eyni tərəzinin müxtəlif gözlərinə qoyur.
Minlərlə dəfə də özünü ayaqları tərəzi gözündən sallanmış halda, yuxarıda görür. Dayandığı yüksəkliyi bəzən özünün dəyər yüngüllüyü deyil, söz zirvəsi hesab etdiyi üçün olur ki, aldanır, eyforiyaya qapılır, amma ümumən, oturduğu yerin bir tərəzi gözü olmasını çox gözəl başa düşdüyünə görə potensial düşmənə çevrilir yol yoldaşı üçün.
Onunla eyni yolu addımlayanın bu dünyada bircə amalı olur – əsl ədəbiyyat.
O isə yer üzündə bilinən-bilinməyən bütün yollardan, vasitələrdən yararlanır hər zaman – əsl ədəbiyyatdan başqa.
***
Yazıqdı, yazıq olduğu üçün də əclafdı, miskindi, miskin olduğu üçün də rəzildi.
Biz onun necə zəhmətkeş, zirək, özünü oda-közə, əlimizdən düşən, dilimizdən qopan sözə vurub çırpındığını demək olar ki, hər gün görürük.
Ona elə gəlir ki, özünün içində çox böyük ədəbiyyat var və onu özünün sonrakı zamanları üçün saxlamalı, qorumalıdır, indi isə yoldaş heybəsindən nə üzə çıxdı, qənimətdir, həmən göydəcə qapıb, köşə, hekayə, şeir adına oxuculara sırımaq və versələr, hətta qonorar da almaq olar.
Biz onun necə ən müxtəlif forum və müzakirələrdə oğrun-oğrun gəzib-dolaşdığını, sözün həqiqi mənasında ağızları güddüyünü, maraqlı görünən hər kəlməni bir gün mütləq hansısa yazı mətnində istifadə etmək ümidi ilə cib dəftərcəsinə ya telefon yaddaşına qeyd etdiyini bilirik.
Biz onun sosial şəbəkələrdə bir neçə profillə qeydiyyatdan keçdiyini, özünün ətrafında özündən bir balaca tərifçi çevrə qurduğunu anlayırıq.
Biz onun necə ən müxtəlif taxma adlar və niklərlə yol yoldaşlarının bərbad mətnlərinə yalançı hay-küylü tərif, yaxşı yazılarına ciddi-ciddi tənqidlər, təhqirlər, aşağılayıcı, ruh qıran, qanad məhv edən, yazıdan uzaqlaşdırmağa belə gətirib çıxaran şərhlər yazdığına demək olar ki, hər gün və hər yerdə rast gəlirik.
Şərin şərh yazması bir başqa aləm olur, hamımız bilirik.
***
Və biz çox gözəl bilirik ki, o – hər birimizin yanınca addımlayan həmin o Şər bir deyil, tək deyil, az qala elə hamımız, hər birimiz qədərdir.
P.S. Gözlərimizə susayırlar, gözlərimizə...