Özünü yandıranlar

Cavanşir Yusifli, tənqidçi, ədəbiyyatşünas

Cavanşir Yusifli, tənqidçi, ədəbiyyatşünas

27 iyun 2022
# 16:00

Kulis.az tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusiflinin yazısını təqdim edir.

1

Elə hekayələr – bədii mətnlər var ki, mütləq, ancaq mütləq səndən onun məzmununu dəfə-dəfə danışmağı istər, hətta bunu altdan-altdan tələb edər. Sən mətnin poetik sistemini, necə qurulduğunu, formanın necə, hansı məqamda dayanmadan nələrsə dediyini və bəzən susduğunu yazmaq istərkən o səni özünə tərəf çəkər, üz vurar ki, bu əhvalatı bir də danış. Niyə? Bəlkə ona görə ki, dünyada çox unikal hadisələr, olaylar var, bircə dəfə baş verir, yaddan çıxır, yaddaşlardan silinir, sonra, illər boyu gerçəkliyi başına alan hadisə burulğanı ondan yan keçər və hər bir dalğa, hər bir həyəcan onu unutdurmağa çalışar. Buna görə də tez-tələsik baş verən və unudulan bu tipli hadisələr əslində xalis poeziya olmağa can atar, poeziyanın, yəni xalis poeziyanın ən sezgin əlaməti isə insanın qəlbinə dolub sözə çevrilmə məşəqqətiylə yadda qalmasıdır. Gülərsən, sevinərsən, ancaq bunun səbəbini heç cürə anlamazsan, çünki bu poeziyadır, içində elə bir mükəmməl, gözəl... məna sırası var ki, sənin ömrünün, dünyada yaşamağının mənasını əvəz edər və insan kimi, varlıq kimi bu "keçid məntəqəsində" dayanıb qalarsan, illər necə gəlib keçər bilməzsən, saçların necə ağarar, əllərin niyə əsər - fərqində olmazsan, sən hələ o keçid yerindəsən, orda suları dibdən həyəcanlandıran duyğular dalğaların baş-başa gəlib parçalanmasını, son dəfə öpüşməsini istər.

Deyirlər, bu xassə ən qısa hekayələrə xasdır, yəni əhvalat sırası sıxıldıqca, nə vaxtsa baş vermiş olaylar necə deyərlər, toza çevrildikcə mənanın qanadları, bütün konturları görünməyə başlar, bütün bədii mətn bir mənanın nüvəsinə çevrilər. Ancaq burda bir yanlışlıq da olmamış deyildir. Əgər qısa, ən qısa hekayələr əvvəl-axır poeziyaya dönürsə, çevrilirsə və bu mənanın aşkarlanmasına maksimum şərait yaradırsa bu təsadüfdə gözümüzə görünən daha dərinlərdə gizlənmiş, bu dəfə artıq özünə ən etibarlı sığınacaq tapmış məna deyildir, hələ də onun pıçıldadığı nəsnələrdir, çünki elə divan şeirində də qəlbimizlə duyduğumuz "mənalar" əslində ən tapılmayan, aşkarlanması çətin olan yer/məqamlarda gizlənmiş mənanın səsidir. Məna həmişə səsdir, rəngdir, sözün yaxşı mənada "əşyalaşmasıdır".

Bu hissləri bizə Jalənin sim-sim.az saytında yayımlanan "Mənim xalam qızı" hekayəsi doğurdu.

Jalənin birdən-birə iki kitabı nəşr edilib, rumın ədəbiyyatı haqda, bir də dramaturji təcrübələr. Jalə insan qəlbinin çətin duyulan yerlərində hansı gərginliklərin yaşadığını, hansı həyəcanların insanı yerlə bir etdiyini çox yaxşı bilir. Bu hekayədə ("Mənim xalam qızı") yuxarıda bəlirtdiyimiz ştrixlər elə poeziyaya, həm də klassik poeziyaya (həm də ultra-müasir şeirə, - siz adına sərbəst deyin...) xas olan dərinliklərdən gəlir, zahirən onun konturlarını cızdığı məkanda heç nə baş vermir, hətta belə demək olar: bu sözün klassik mənasında hekayə deyildir, nə baş verir ki burda? Heç nə. Əslində hekayə dediyimiz bədii mətndə nəyin baş verməsi yox, baş verdikdən sonra yerdə qalan "izlərin" içindən nələrin çıxacağı maraqlıdır. Hadisədən bol olan və kompozisiya həlli çox zəif olan hekayələr olsa-olsa jurnalist araşdırmasına yol açar. Sorğu-sual başlar və artıq "ölmüş" hadisənin çəkilib getmiş nəfəsindən söz açmağın bir mənası qalmaz.

Jalə necə hekayəçidir? Onun əhvalat danışmaq, süjet qurmaq üsulu necədir? Bu hekayədə onun 2000-ci illərdən üzü bəri yazdığı bütün mətnlərdəki əsas nöqtələr artıq normativləşib, yəni süjeti əksər halda "gəzinti" üzərində qurulan hekayələr janrın ən qaynar məqamlarını özündə mükəmməl şəkildə əks etdirə bilir. Jalə insan ömründə əsas yerlərdən birini tutan, onun ömrünün mənasını açıb-ağardan təəssüf hissini, kədər və dərd susqunluğunu, hərdən, ancaq vaz keçə bilmədiyin məqamda çoxluq içində belə içində gəzib danışdığını çox incə ştrix və detallarla verə bilir. "Mənim xalam qızı" mətnində sanki yaşadığın müddətdə hardasa, hansı məqamlardasa səndən xəbərsiz çəkilən şəkillərin üzə çıxması (yəni Rusiyada yaşayıb vətənə qayıtmış, ana dilini zəif bilən, ömründə ilk dəfə Bakıya gələn xalası qızını gəzməyə çıxaran təhkiyəçi şəhərdə həm də özüylə rastlaşır...) sənə qəribə hisslər bağışlayır, hara gedirsənsə yolayrıcı var, tək olmadığın üçün hər şeyi gülüşün altında gizlətməyə məcbur olursan ("...Metroya tərəf gedəcəyik. Onun dondurma yeməsinə baxa-baxa düşünəcəm ki, məni unutmayacaq heç vaxt. Mən onu ilk dəfə teatra aparan adamam, ilk dəfə gəmiyə mindirən, ilk dəfə Şəhidlər xiyabanını göstərən, ilk dəfə Hüseyn Caviddən danışan. Dayaz gölməçədə ayaqqabıların altını necə təmizləməyi öyrədən də mənəm. O məndən mütləq övladlarına danışacaq. Onlardan çox-çox qabaqsa anasına, xalalarına. Xalalarından biri - mənim anam adəti üzrə cin atına minəcək və hirsli-hirsli: "Təkbaşına nəzirdiz bulvarda?" - deyəcək. Bu da "gədəni götürəydiz də özünüzlə!" anlamına gələcək. Yəni iki qızın başı yenə də "tək baş"dı oğlansız. O da deyəcək ki, adamyeyən var bulvarda? Xalası da hirslə mənim xalama - onun anasına deyəcək ki, sənin qızına dil çatdırmaq olmur maşallah, rusların içində yaman da qız tərbiyə eləmisən. Xalam da qızını danlayacaq. Amma bu danlaqlar onun təəssüratlarının kölgəsində dərhal da əriyib gedəcək. Bu arvadlar haradan bilsinlər ki, 17 yaşında ilk dəfə Xəzərin mazutlu sularında üzmək, Günəş altda göz qamaşdıran dalğaların gəminin burnunda parça-parça olmasının şəklini çəkmək nə deməkdir?"). Gənc qız fəhmlidir, başa düşür ki, insanlrın dedikləri, danışdıqları yox, susduqları an daha maraqlıdır və bu ən mənalı hərəkətlərdən biri də gülüşlə deyilənlərdir. Həm də bu deyilən sözləri istədiyin məna ayrıcına döndərə bilərsən. Həyat geri dönməyən, təkrar yaşamağı mümkünsüz olan anlardır, həyat üstündə boy atdığı mənanı çox zaman unudur və unutdurur, bəzən, lap elə istəmədiyin anda bu məna həyatın içindəki, ömrün sonundakı bütün dəhşətləri göstərib səni məyus edə bilər.

Hekayədə bütün bədii-emosional ştrixlər, bütün ironik işarələr normal olaraq anidən baş verir, bir yerdə, bir nöqtədə dayanıb özünü kimsəyə göstərmir (belə olsaydı, hekayədən danışmaq mümkünsüz olardı), çıxıb gedir, adi bir işarə mənzərələr cızır, sən özünü bir anlıq o mənzərənin içində görə bilirsən (Milli Məclisin yanından keçərkən gənc qız deyir ki, buranı tanıyır, deputatların oturduğu yerdi, içi qəşəngdi... -!), hər yerdən gülüb keçən, Hüseyn Cavidi bilmərrə tanımayan 17 yaşlı qız Şəhidlər xiyabanından ayrılmaq istəmir (hamısı cavandılar e...), "bunları bizim Rusiyadakı qonşularımız öldürüb?", - sualını verir və beləcə, bu gəzinti bitdiyi yerdə təkrar-təkrara başlayır, təhkiyənin bünövrəsinə hörülən hisslər də bu gerçəyi təsdiqləyir: hara ayaq bassan, yaşanmış ömrün içindən keçəcəksən, hekayədə bütün ştrixlər qüssə əsərinin konturlarının cızılmasına şərait yaradır. Gənc qızlara sataşan, söz atan oğlanlar... Deyir, onların hamısı eyni deyil, aralarında çox yaxşıları da var, hətta ömrü boyu yaxşı qalanlar da. Bir ömür boyu gözəl qalmaq, yaxşı qalmaq... məşəqqətdir, çətindir, çox çətindir.

2

Təvəkkül Boysunarın "Börnaut" hekayəsində vəziyyət bambaşqadır. Hekayənin təhkiyəsinin əsasında duran nəsnələr Jalənin hekayəsində olduğu kimi təəssüf, geriyədönməzlik, insanın heç özündən asılı olmadan öz dilindən tora düşməsi... kimi hadisələr təşkil edir. Yəni əsas olan hadisə kadr arxasında saxlanılır, gözümüzün önündə baş verənlərsə tam başqa, həm də çox fərqli mövqedən seyr edilib danışılanlardır. Hekayədə bir neçə əsas sual var. Onlardan biri budur: insan özünü necə yandıra bilər? Bəlkə bununla bağlı yüzlərlə əhvalat, hadisə, fakt var, bəlkə... Özünü yandıran insan bütün keçmişini, ordan gələcəyə, şablon dillə desək, "işıqlı sabaha" keçidi birdəfəlik itirir, elə buna görə də digər insanları mane kimi qavrayır. Həyatda belə insanlar çoxdur. Bu adam tipi hamını maneə, onun şöhrətinin, çiçək açıb güllənməyinin yolunda tikan kimi qavrayır. Və bu şeydən ömür boyu qurtula bilmir. Günlərin bir günü özünü aldadır.

Başqa bir özünüyandırma (burn-out) da var, Təvəkkülün hekayəsində olduğu kimi. "Nobel mükafatına namizədliyi qeydə alınmış" namizəd elə rahat və özünə görə inandırıcı danışır ki, insanları kəskin sözlərlə pərt edib anidən onların üzünə təbəssüm qondura bilir. Yalan danışır, doğrusunu deyir, birdən Mirzə Cəlilin qəhrəmanı demiş, ona qəribə bir xamuşluq üz verir, bilmədiyi dildə cümlələr qurur (Quran), bilmədiyi sahədən (ginekologiya) mühazirə oxuyur, amma ən əsası bütün bu hallarda əyləci tutmur, hər şey dilinin ucuna onun iradəsindən xəbərsiz gəlib gedir. Əslində kimsə istədiyi şəkildə düşünə bilmir, sadəcə ona işarələr şəklində ötürülən informasiyanı dilə gətirir (Mirzə Cəlil nə deyir: deyəsən, dəli yığıncağına düşmüşük...). Təhkiyəçinin hamı səhnəni tərk edəndən sonra tək qalması da "Dəli yığıncağı"nda hacı və məşədilərin kəcavəyə minib getmələrindən sonrakı dəhşətli səhnəni xatırladırmı? Bilmirik... Yer üzü boşaldı, hamı çıxıb getdi, dünyada tək bir insan qaldı və bu təklik faciədir...

Bu "şüursuzluq aktından" sonra adını bilmədiyimiz qəhrəman (hə, Araz bəy -!) şübhəsiz ki, dərin sarsıntı keçirir, süfrəçiyə "yerimi bax, o qapının ağzında salın", - deyir və ən qəribəsi müəllif bu olayı hekayədə "sığallı bir dillə" danışır. Niyə? İllərlə içinə yığılan ağır enerjidən bu şəkildə qurtulan, özünü yandıran adam indi başqa bir eksperimentin içindədir, özünü, onun əliylə qurulan tamaşanı seyr edir... Belə bir "xoşbəxtlik" hər kəsə nəsib olmur. Bu baxımdan hekayənin kompozisiyası da, zənnimizcə, normaldır, ətrafdakı qonaqların, masa arxasındakı insanların mimikaları, üz cizgiləri elə Arazın nitqinin "titrəşmələrində" görünür, özü də yanıb-sönərək. Susan, tənbeh edilən adamların bu "titrəşmə dalğasının" içində yaşaması unikal fürsətdir və yenə də faciədir...

Baxın: "Masadakı şəxslərə təbəssümlə baxıb, səliqəli və inandırıcı şəkildə cümləmi tamamladım və hiss etdim ki, deyəsən, vəziyyət düzəlir. Çünki onların bir çoxunun üzündəki çaşqınlıq yavaş-yavaş səngidi və yanımda ayaq üstə dayanmış şirkət direktoru öz yerinə keçdi".

Hekayədə ona qəribəlik bəxş edən, ortada oynayan psixoloji durumu dərində kadr arxasından göstərən mükəmməl bir detal var. "- Bismillahir-rəhmanir-rəhim, - deyə qışqırdım və çəngəli balığa necə möhkəm batırdımsa, çəngəl balığın o biri üzündən çıxıb boşqabı cingildətdi. Hamı təzədən mənə baxdı".

İçindəki saxtakarlığı ram edə bilməyən adamın bu hərəkəti hər şeyə, elə onun özünə də nöqtə qoyur.

Hər şey bitir, hekayə təzədən başlayır.

"Ədəbiyyat qəzeti"

# 2283 dəfə oxunub

Müəllifin son yazıları

# # #