Ömürlə peşmanlıq oyunları

Ömürlə peşmanlıq oyunları
24 oktyabr 2020
# 12:21

Kulis.az Cavanşir Yusiflinin saytımızda yayımlanan Mahir Rəsuloğlunun “Ehtiras” hekayəsi haqda yazısını təqdim edir.

Belə bir film uydurun: milyonluq əhalisi olan böyük bir şəhərdə dəqiq vaxt rejimində dəhşətli nüvə partlayışı olacaq, şəhərin (elə ölkənin də) böyük bir hissəsi illər boyu düzəlməyəcək fəlakətə boğulacaq. Partlayışdan qabaq qoca bir kişi tutulur, çünki hamı bu boyda şəhərdən qisas hissinin ona məxsus olduğundan şübhələnir; ixtiyar ömür-gün yoldaşını şəhəri idarə edənlərin bir dəhşətli səhvinin ucbatından itirmiş, həyatı o qədər mənasızlaşıb ki, intiqam belə ürəyini soyuda bilməzmiş. Bütün bunlara rəğmən üzündə sakitlik hökm sürür, çünki qisasını alacağından yüz faiz əmindir. Vaxta az qalır, onu istintaq edənlər hansı metoddan istifadə etsələr də istəklərinə nail ola bilmirlər. Biri var, hər şeyin çox fərqli bir nüansla bağlı olduğundan şübhələnir və qocayla danışmaq istəyir, ancaq onu istintaq otağına buraxmırlar. Qapıdan zorla keçib onu hamının üzünə kilidləyir, çox gərgin bir ortamda qocayla danışmağa başlayır. Kişinin bircə tələbi var: onu geri qaytara biləcəksənmi? Bu an çöldəkilər zorla qapını qırır və məhz bu an vaxt bitdiyindən partlayış aləmi başına götürür, hər şey bitir...

Daha sonra, peşmanlıq, təəssüf, qarşılıqlı ittihamlar... Cavan oğlan hamının gözü önündə lənətlənir: sən olmasaydın, bizə imkan versəydin bomba zərərsizləşdirilə bilərdi... İndi kiməsə nəyisə sübut eləmək yersizdir və bunun heç bir perspektivi yoxdur. Kənardakı adamlardan biri (general) oğlanın yanına gəlir, ona inandığını söyləyir, çünki istintaqın video görüntüsünü izləmiş və burda incə məqamların olduğuna əmindir. Bir komanda formalaşdırılır: uzaq keçmişə, XX əsrin əvvəllərinə (birinci dünya savaşından sonrakı illərə) qayıdıb o zaman baş vermiş çox məşum bir hadisənin qarşısını almaq lazımdır. Əgər həmin hadisə önlənərsə bir əsr sonrakı bu məşum hadisə də baş verməz, yəni qoca kişinin xanımı ölməz, insanlararası, insanla təbiət arasındakı bağ qırılmaz, insanı hər şeydən ayırıb təkləyən partlayışa ehtiyac qalmazdı.

Adi həyatda peşmançılıqdan geri dönüb onu düzəltmək, keçmişdə baş verən hadisələrin gedişatını dəyişmək təbii ki, mümkün deyildir və bu bir ibrət dərsidir; filmdə, yaxud indicə uydurduğumuz süjetdə (nəsr mətnində) geri dönüş əslində həmişə elədiklərimizin üstündən xətt çəkdiyimiz anlamına gəlir; yəni, bir ömür boyu çox danışmaq, bir-birindən dəyərli nə qədər fikir irəli sürmək olar, ancaq susmaq, danışmamaq alternativi də var, keçmişdən yaxın və uzaq gələcəyi görmək bəsirət gözünü açır, öz içini, duyğularının labrintini, sənə işıqlı görünən fikirlərin dibindəki qaranlığı görmək fürsətini verər. Ancaq indicə nəql edilən süjetdə bir əmma da var: tapşırıq belədir ki, balaca qızıyla tək yaşayan kişi öldürülməlidir ki, gələcəkdə həmin o şəhərdə on milyon insanın həyatı xilas edilsin. Bir neçə cəhddə bu, baş tutmur, onu evində yaxalayır və bu an həmin qızcığazın məsələsi ortaya çıxır; deyilir ki, qız onsuz da dörd ay sonra hansısa amansız xəstəlikdən (yoluxucu-!) öləcək, bunu onun atası bilmir, ona görə və bütün əsaslarla qızın üstündə əsir, hər şeyi də qızına görə edir. Qoca terrorçunu istintaq edən cavan oğlan tərəddüd edir, əmri pozur: elə eləyir ki, həm qız yaşayır, həm də atası salamat qalır və bir an sonra törədəcəyi cinayətdən vaz keçir...

Qoca kişi də yoldaşını itirəndə ürəyinin dibində o qədər sarsılmışdı ki, terrorun xilas yolu olacağına inanmışdı, kimsə bunu biləcək və mümkünsüzü əyaniləşdirəcəkdi, çünki həyat yoldaşını itirmək bütün dünyanı itirməyə bərabər idi.

Zənnimizcə, dünyadakı bütün mövcud (qeydə alınmış və alınmamış) nəsr (dramaturgiya və sair) süjetləri arasında həm assosiativ, həm də digər, haqqında fəlsəfi yöndən bəhs edilməli olan bağlar mövcuddur. Başqa bir hekayə, yaxud romanda təhkiyənin axarı dəyişə bilər, həmin o peşmançılığın yanıyla “üzüb” başqa bir peşmanlığın yanına gələr və burda başqa mətləblərin deşifrə edilməsinə səbəb olar, yəni, süjetlər dəfə-dəfə işləndikcə bədii mətləb iki istiqamətdə - həm “ərazicə” (eninə), həm də mənaca (dərininə) genişlənir, dünyanın, gerçəkliyin dibinə çatdıq, - deyincə əlindən sürüşür, yeni, hələ tam anlamadığımız paradiqmalar meydana gəlir. Bu isə zaman faktoru ilə bağlıdır, iliyimizə işləyən zaman bədii əsər müstəvisində dondurulmalıdır ki, həmin o genişlənən və dərinləşən mənəvi (sosial həm də) ərazi bütün çılpaqlığı ilə görünsün, yaxud gizlənsin.

Dəhşətli peşmanlıqla sonuclanan hadisələr adətən təbiəti, dünya və gerçəkliyi hiss etməklə, bu hissin korşalmasıyla birbaşa əlaqəli olsa da, həmişə belə olmur. Mahirin (Rəsuloğlu) “Ehtiras” hekayəsində hekayənin qəhrəmanı gölə yetişdikdə hər şeyi incəliyinə qədər duyur: balıqların üzgəclərinin ani hərəkətini, qurbağaların nəfəsini, tısbağaların fısıltısını və sair. Hətta, qamışlıqda suyla sıx bitən qamışlar arasında ilişib qalmış zəif küləyin qanadının əzilməsini də... Yəni, səs-küylü bir ortamdan ideal sakitliyin ağuşuna düşmək, həm də o deməkdir ki, bu iki “divar” arasında gözlə görünməyən başqa bir məsamə, başqa keyfiyyətə malik “keçid məqamı” olmalıdır; insan bəzən bunu nəzərə almır, dünyanın bir tərəfində səs-küyün, digər yanında ideal səssizliyin hökm sürdüyünü güman edib səhvlər buraxır və buna görə bir daha hər iki ortamda eyni hisləri keçirməyə məhkum olur. Bundan sonra sakitlik ona daha dözülməz görünür, bu ortamda sadəcə duruş gətirə bilmir. “Ehtiras” hekayəsində məhz bu səhvdən bəhs edilir, daha doğrusu hekayənin “müəllifdən ayrılan fraqmenti” (təhkiyənin diliylə formalaşan ikinci mətn) bu dəhşətli həqiqəti hərf-hərf, heca-heca, sözbəsöz ifadə edir.

Bəzən bəxtinə çox dəyərli bir şeyi, nəsnəni gözləmək düşəndə bunun mahiyyətinə varmırsan, anlamırsan ki, bu “oyunda” nağd heç nə olmayacaq, əlinə heç nə gəlməyəcək, gözləməyin özü ömrün bütün mənasını, onun özəyini və mahiyyətini təşkil edir. Olur ki, gözlədiyin şey də bunu dərindən hiss edə bilir və səninlə bir oyun qurur, onun və sənin qurduğun oyunun qaydaları heç də uyğun və eyni deyildir, daha dəqiqi, o, yerin üstündə ola bilmir, sənsə suyun altında. Balıqçı tilovu gölə sallayan kimi dərhal həmin balığı düşünür (həm də fikirləşir ki, kaş suyun altından baxa biləydim-!), fikri onunla oyuna yönəlir. “...O dediyim gölün ən iri, ən təcrübəli balığıydı. Neçə balıqçının qarmağını qıran, əllərini dizinə çırpıb peşmanlıqla inildəməsinə səbəb olan, gecələr yuxusunu qaçıran balıq... Bu gölün qeydsiz-şərtsiz lideri. Dəfələrlə görmüşdü bu azmanı, hərdən müxtəlif yerlərdə suyun üzünə qalxıb ovuna çıxanlara yanıq verir, meydan oxuyur, suların bağrını yaran şappıltıyla yoxa çıxırdı. Bir dəfə qarmağına da ilişmişdi, ancaq bircə təkanla kapron sapı qıraraq getmişdi. Gölün hər tərəfindən qurbağaların istehzalı gülüşü ucalmışdı. Çoxdan olmuşdu, neçə ilsə qabaq. Di gəl yadından çıxmırdı. Özünə sığışdırmırdı bu məğlubiyyəti. Nələr eləməmişdi hesablaşmaq üçün? İnternetdən öyrəndiyi müxtəlif üsullar, hazır satılan və ya özünün hazırladığı növbənöv yemlər... Hərdən həzin, hərdən vəhşi ehtirasla gəlirdi hər dəfə.”

Göl kənarında qəribə bir ortam var, havanın təzyiqi normaldır, balıqlar yemə gəlir, günəş ətrafı daha aydın görə bilmək üçün göy üzündə yüksəlir və payızın belini üşüdən soyuğu azalmağa başlayırdı, bir də ehtiras: qadın məsələsi. Hərdən peşmanlıq keçirir, nə qədər xərc çək, gəl bura, əlindən nəsə gəlməsin, halbuki bu vaxtı başqa əyləncəyə sərf edə bilərdi, ancaq tilov tərpəndikcə, üzücü nişanlar batıb qalxdıqca hər şey unudulur, o böyük balığı tutmaq sevdası bütün canını, ruhunu zəbt edirdi. Hekayədə paralel və biri digərini çarpaz kəsən bir neçə “peşmanlıq faktı” var, birini dedik, bədənini ehtiras bürüdükcə və ona yaxalanmaq qaçılmaz olduqda sövq-təbii burdan getmək istəyir, birdən tilov tərpənir və bundan sonra uşaqlığını, balıq ovu sevdasına qəfil yaxalandığı günləri yadına salır. Yaşadıqları kənddə dəniz və çay yoxdur, balıq tutmaq üçün uzun bir yol qət etməlisən, Suqovuşana qədər getməlisən. Elə də edir, dostuyla o məkana gedir və kor-peşman geri qayıdır; bir də evə çatanda peşman olur, atası ona icazəsiz getdiklərinə görə acıqlanır və bu dəfə peşmanlıq ömrünü kəsib-doğrayır: heç kim məni anlamır. Başa düşmür... Ancaq ən böyük peşmanlıq qarşıdadır, elə bu gölün sahilində, ən böyük arzusunun gerçəkləşdiyi məqamda ölüm kimi təşrif gətirəcək!

Bu sevdaya o qədər uyub ki, göldəki hər bir canlıyla bərabər bu oyunu oynadığını zənn edir. Bir dəfə qarmağına düşüb xilas olmağı bacaran balığın onu əsəbiləşdirdiyi səhnəni hər kəs izləyir, qurbağalar əl çalır, gülür, az qala onu fitə basırlar. “...Balıq bir neçə dəfə sürətlə sağdakı sahilə yaxın qamışlığa, daha sonra eyni sürətlə sol tərəfdəki daşlığa sarı şığıdı. Ancaq o, bütün bunları xəyalən dəfələrlə yaşamışdı, nə edəcəyini bilirdi. Dözmək və yormaq lazımdır. Dözmək və yormaq! Belə qaça bilməyəcəyini hiss edən balıq sahilə - ona sarı yönəldi. Bu ən təhlükəli an idi – tarım saxlanmış kapron ip boşalsa, çevrilib ya iynəni ağzından çıxarmağa çalışar, ya da qəfil geriyə təkan verər. Güclü təkan altılıq ipi, hətta nə qədər keyfiyyətli olsa belə tilovun özünü qıra bilərdi. Barabanın əyləcini azca boşaldıb ipi yığmağa başladı. Balıq məğlub olmaq istəmir, eyni çılğınlıqla xilas olmağa çalışırdı.”

Nəhayət minillik arzusu çin olur, balığa qalib gəlir və hər şey, ətrafda nə ins-cins vardısa əbədi sakitliyə məhkum olur. Su ilanları üzdükləri yerdə, tısbağalar başlarını qamışlıqdan çıxarıb baxdıqları anda, qurbağalar söz demək üçün çabalayan dilin qatlandığı anda... quruyub qalmışdılar. Bu vahiməli sükut dünyanın çarxını geri döndərir, bir insan həyatı məhv olur, çin olduğunu bildiyi arzusu ürəyində qalmır, partlayır, dağılır, daha bundan sonra nəyisə arzulamaq, nəyisə dərd və sevinc içində gözləmək şansı da olmayacaq. Dünya qopur və boşalır. Sən demə, həyatın əsas mənası bu oyun və bu tamaşanın davam etməsindəydi, tamaşa bitir, pərdə salınır, həyat sönür, günəş göy üzündə nə qədər yüksəkliyə qalxsa da onu bir daha görməyəcəkdi.

Əsas məsələ Günəşin səni görməyində və sənin də bunu hiss etməyindədi. Bu süjetlərin birincisi ikiqat, sonuncusu isə sadəcə fiktivdir. Birincisinin ideoloji yükü, sonuncunun insan ruhuyla, ömrün mənasıyla bağlılığı qabarıqdır. Amma hər ikisində bir ümumi cəhət var: səs-küydən sakitliyə keçid anında insan nələrisə, həm də əsas olan nəsnələri unudur və uduzur və elə bir yerdə ilişib qalır ki, həyata, öz ömrünün kandarına ayaq basa, keçid edə bilmir...

“Ədəbiyyat qəzeti”

# 3432 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #