Qəbrini buldozerlə qazdırdıBIRCƏNİN ROMANI

<b>Qəbrini buldozerlə qazdırdı</b> – <span style="color:red;">BIRCƏNİN ROMANI
1 dekabr 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Uşaq salandan sonra çox zəiflədim. Yenə arada-sırada burnumdan qan açılırdı. Qaynatamın səhhəti də düzəlmirdi, kişi gün-gündən geri gedirdi. Cavid danışmağa başlamışdı, canı dirçəldikcə daha da dəcəlləşirdi. Mənim başım evin işlərinə, qaynatamın müalicəsinə qarışdığından Cavidlə ya qaynanam, ya da Emin məşğul olurdu. Hərdən Emin Cavidi mənə qarşı körükləyirdi, nə deyirdisə uşaq əlində olanı mənim üstümə atırdı. Bir dəfə də qaynatamın çəliyini üzümə necə vurmuşdusa gözümün altı göyərmişdi...

Payız günlərinin birində kəndin poçtalyonu əlində iri bir yeşiklə qapımızı döydü. Rusiyadan bağlama gəlmişdi. Hamı təəccüblə bir-birinə baxdı. Bağlamanı qaynatamın adına göndərmişdilər. Kişi yeşiyi bir xeyli o üz-bu üzünə çevirib poçtalyona dedi:

- Vallah mənim Rusetdən bağlama göndərəsi bir adamım yoxdu. Yəqin səhv düşüb, ayrı adama gəlib.

Poçtalyon qutunun üstünə yazılanları bir-bir oxudu:

- Mahmud dayı, özün də bir bax: ünvan – bizim kənd, ad-familiya – sizin. Bu kənddə Mahmud adlı ayrı adam yoxdu axı...

Yeşiyin bir üzünə iri hərflərlə “Tolyatti” yazılmışdı. Təkcə elə bu, ad-ünvan yox idi. Poçtalyon cibindən çıxardığı kağızı qaynatama uzadıb qol çəkdirdi, bağlamanı təhvil verib getdi.

O çıxan hamı növbəylə yeşiyin dövrəsində şübhəli-şübhəli hərlənməyə başladı. Hərə bir dəfə bağlamanı qucağına alıb qulağına tutur, silkələyib sonra yerə qoyurdu. Bir az belə davam eləyəndən sonra qaynatam yeşiyin üstündəki surğucu könülsüz-könülsüz qoparıb bağlamanı açdı. Yeşiyin içində xeyli uşaq paltarı, bahalı konfetlər, bir qutu əla hind çayı, kişi üçün qol saatı, qadın üçün bir cüt ipək yaylıq, üstəlik, qaz tükündən toxunmuş, o vaxtlar dəbdə olan şal, bunlardan başqa da nələrsə vardı.

Qutunun dibindən bir məktub da tapıldı. Qaynatam eynəyini taxıb məktubu oxumağa başladı, özü də tapşırdı ki, oxuyub qurtarana qədər heç kim bağlamadan çıxanlara əl vurmasın.

Araya gərgin sükut çökmüşdü. Birdən qaynatam başını qaldırıb məndən soruşdu:

- Dovşan, sənin qatarda uşağını yuyub yedirdiyin kişinin adı nəydi?

Qızardım, qulaqlarım uğuldadı, hamı gözünü ağzıma dikdi.

- Səhv eləmirəmsə İbrahim idi.

Kişi məktubu Eminin üstünə atıb, gülə-gülə yeşiyi mənim qabağıma itələdi:

- Dovşan, qoy məktubu o (başıyla Emini göstərdi) oxusun, bunlar hamısı sənindi. Götür, heç kimə də heç nə vermə.

Bir yandan qorxdum, bir yandan da pərt oldum, elə bildim Emin yenə evə dava salacaq, məni yenə təhqir eləyəcək. O hadisənin sözü-söhbəti bu evdə həftələrlə, aylarla uzanmışdı, qulağım yenicə dinclik tapmışdı, indi bu bağlama hardan çıxdı? Bircə bu çatmırdı!

Emin məktubu birnəfəsə oxuyub masanın üstünə atdı, durub qapıdan çıxmaq istəyəndə atası onu saxladı:

- Adam gərək son sözünü əvvəl deməsin. Görürsən necə etibarlı adammış, gəlinin balaca bir yaxşılığını unutmayıb.

Kişi belə deyəndən sonra qırışığım açıldı, əl uzadıb masanın üstündən məktubu götürüb mən də oxudum. Məktub qaynatama müraciətlə yazılmışdı. Qonşu rayondan olan kupe yoldaşımız mənim işimi bir az da şişirdib tərifimi göylərə qaldırmışdı. Balaca qızının böyüyüb gələcəkdə mənə oxşamasını, oğlu olarsa onun da Emin kimi qaraqabaq, sərt bir kişi olmasını arzulamışdı. Ocaqlarına mənim kimi gəlin qismət olduğuna görə bu ailəyə bəxtəvərlik vermişdi.

Ömrüm boyu cəmi bir dəfə o qatarda gördüyüm gülərüz, ürəyitəmiz İbrahim kişi bir gülləylə iki dovşan vurmuşdu: Eminin əsassız şübhələri, pisniyyət düşüncələri qarşısında həm özünü, həm də məni ucaltmışdı. Yüz faiz əminəm ki, yol gəldiyimiz saatlar boyu o dünyagörmüş kişi Eminin xarakterini, mənim düşdüyüm mühiti düzgün qiymətləndirmişdi, o bağlamanı da əvəz qaytarmaq üçün yox, evdəkiləri sağ salmaq üçün göndərmişdi.

Mən kupe yoldaşımızın göndərdiyi bağlamadan vur-tut bir-iki şirniyyat götürdüm, qalanlarını qaynanam neylədi, bilmədim. Bununla da evdə qatar söhbəti biryolluq bağlandı. Qaynatam o kişinin öz ünvanını yazmadığına çox təəssüfləndi, dedi ki, adresini bilsəydim, mən də ona məktub yazardım, pay göndərərdim...

***

Hamiləliyim Eminin ucbatından pozulandan bəri ana-bala mənə qarşı bir az yumşalmışdılar. Onsuz da bir dəri-bir sümük qalmışdım, burnumdan tutsalar canım çıxardı. Canımdakı canı salıb itirəndən sonra da lap üzülmüşdüm. Doğrudu, bunu özümə itki saymırdım, ancaq zəhərli qınaq oxlarını hədəfdən yayındırıb öz üstümə tuşlatmamaq üçün Eminlə qaynanamın yanında dərdli-qəmli dolanırdım. Onların ağlına da gəlməzdi ki, mənim içimdə bayram şamları yanır.

Dizlərimin heyi-hərdəmi kəsilmişdi, otaqdan-otağa güclə yeriyirdim. Boğazımdan tikə keçmirdi, qaynatamı yoluxmağa gələnlərin əlindən evdə bircə saat dinclik tapa bilmirdim. Darvazadan bir adam girən kimi qaynanam tez mənə səslənirdi:

- Qaç əyin-başını dəyiş, qızıllarından üstünə as.

Belə məqamda evdə səs-küy yaranmasın deyə onun sözünü çevirmirdim, di gəl, güzgüdə özümə baxanda gülməyim tuturdu: quyu dibindən boylanan gözlər, çoxdan alınmamış pırpız qaşlar, şəvə kimi bığlar, sümüyü çıxmış qollar... Üzük barmağımdan sürüşüb düşürdü, bilərzik qolumdan sıyrılıb çıxırdı. O görkəmlə qızıl mənim harama yaraşasıydı! Əksinə, aclıqdan çıxmış qaraçı qızlarına oxşayırdım. Qaynanamı dilə tutub canımı bu işgəncədən qurtarmaq istəyirdim:

- Ay Zöhrə xala, vallah üzük barmağımda dayanmır, düşüb itəcək.

Onda qaynanam üzüklərimin içərisinə sap dolayıb barmağıma keçirirdi.

Belə günlərin birində arası çörək qırıntısıyla dolu süfrəni çırpırdım ki, toyuq-cücə yesin. Qır-qırıntıya qarışıb nişan üzüyüm də barmağımdan həyətə uçdu. Mən özümü yetirənə qədər Maralın qazlarından biri üzüyü çörək qarışıq uddu. Bütün bunlar qaynımın, qaynanamın gözü qabağında baş verdi.

Ürəyimdə lap sevindim: axı kimə lazımıydı bu saxta görüntü? Guya gələn adamlar üstümü qızıllı görüb mənim yağ içində böyrək kimi bəsləndiyimi düşünəcəkdilər? Nənəm demiş, ət yeyən quş dimdiyindən bəllidi. Elə günə düşmüşdüm ki, it əlimdən əppək almazdı, indi bu sarı-sarı zınqırovlar mənə hansı gözəlliyi verəcəkdi, bilmirəm.

Qaz qaçıb qazlara qarışmışdı. Maralı bağırda-bağırda onun səkkiz qazının səkkizini də kəsdilər, hamısının içini yarıb üzüyü tapıb çıxardılar. Bu hadisədən sonra bər-bəzək sarıdan bir müddət qulağım dinc oldu.

***

Ölümünə on gün qalmış qaynatam otağındakı “sehirli” sandığın ağzını açdı. Sandıqda nələr vardı – kişi üçün arxalıq, müxtəlif dövrlərə aid qadın geyimləri, kəlağayılar, gözəl-gözəl parçalar, muncuqlar, qolbağılar... Kişi hamısını mənə göstərib dedi:

- Dovşan, ürəyin nə istəyir götür, amma heç kimə bildirmə.

Sandığın altını üstünə çevirdim; ordan bir kəlağayı, bir kəsik gülməxmər parça, bir düzüm firuzə muncuq, üstü muncuq işləməli bir cüt qadın başmağı, tənbəki torbası, bir də bir gümüş kəmər götürdüm. Bu əşyaların qiyməti yox (qiymətini heç bilməzdim də), qədimliyi xoş gəlirdi mənə. Qardaşım Səməndərin öz evində yaratdığı muzeyə bağışlamaq üçün mahud kişi arxalığını da götürdüm. Boş vaxtım olanda o arxalığı əynimə geyinib güzgüdə özümə baxmaqdan bir ayrı zövq alırdım...

***

Payızın süfrəsi açılmışdı. İş-gücdən macal tapan kimi özümü verirdim geniş bağ-bağçaya. Həyətdə də nə yoxuydu ki – əvvəl sıra-sıra alma ağacları gəlirdi, sonra narlıq, xurmalıq, armudluq, əncirlik, zoğallıq... Çəpər boyu qoz ağacları düzülmüşdü, sol küncdə geniş bir fındıqlıq vardı. Qaynatam ağacların çoxunun dibində üzüm tənəyi də əkib ağaca dırmandırmışdı. Bağın-bağçanın bar-bəhərini yığıb-yığışdırmaq olmurdu. Yarpaqları tökülmüş nar, xurma ağaclarının budaqlarından asılan meyvələr lampa kimi yanırdı. Xəzəl üstündə yeridikcə içimə rahatlıq yayılırdı. Arabir xəzəlin altından boy göstərən güzdək pencərdən yığıb kətə, dovğa bişirirdim.

Payız yağarlıq olanda həyətin yuxarı başındakı qozluqda çoxlu göbələk bitirdi. Əvvəl-əvvəl yığmağa ehtiyatlanırdım, sonra qaynatam məni başa saldı:

- Qorxma, dovşan, hamısı yeməli göbələklərdi, get ləyəni gətir, yığım, apar bişir.

Xəzəlin arasından ağ, toppuş göbələkləri dənləməyin də özgə ləzzəti vardı. Hərdən də otururdum innab ağacının dibində, bir sürü atlı qarışqanın iri bir innabı sürüyüb yuvasına aparmağını uzun-uzadı səbirlə izləyirdim. Sonra qalxıb cevizliyə sarı gedirdim, ağacların dibinə dolu kimi yağmış qozları bircə-bircə dənlədikcə ruhum dincəlirdi.

Həyətin Maralgilə aid hissəsində qoz ağacı yoxuydu, qaynanam kisə-kisə qozdan uzağı bir vedrə verirdi onlara. Mən bağda qoz yığanda evcik yoldaşlarım Bəhruzla Səməd əllərində aşsüzən gedib arxın bizim həyətdən çıxıb onların bağına burulan keçalatında dayanırdılar. Vedrə dolu qozu axıdırdım suya, sonra balacalara bir işarə verirdim. Onlar da aşsüzəni tuturdular keçalatdakı borunun ağzına. Beləcə, arxla gələn qozu aşsüzənə yığıb, aparıb evlərinin zirzəmisində qurudurdular. Qışda bu qozları qırıb onlara ləzzətli piroqlar bişirirdim.

Çox keçmədi qaynanam bu oğurluğumdan da duyuq düşdü. Ancaq yaxşı ki, məsələ qaynatamın yanında açıldı, yoxsa günüm yenə qara olacaqdı. Mənim qozu sərhəddən keçirmə əməliyyatımın təfərrüatını eşidəndə kişi özünü saxlaya bilməyib güldü:

- Dovşan, lap yaxşı eləmisən, - dedi, - bu variant ağlına hardan gəlib? O qaraçının dediklərini vecinə alma, fürsət tapanda uşaqları yenə sevindirərsən...

***

Oktyabrın ortalarında qaynatamın vəziyyəti ağırlaşdı. Həkimi gəlib bir-iki dərman yazıb getdi. Mahmud əminin özündən kiçik iki qardaşı onun yastığının yanını kəsdirdi. Qaynatamın qonşu rayonda yaşayan bir yaşlı xalası vardı, o da gəlib çıxdı. Vəziyyətin umudsuz olduğunu görəndən sonra o qarı da evinə qayıtmadı, bizdə qalası oldu.

Ağrı-acısı bir balaca səngiyəndə Mahmud əmi övladı kimi istədiyi kiçik qardaşı, həm də qonşusu Misiri çağırıb elə mənim yanımdaca ona vəsiyyət elədi:

- Ev Elgizindi. Qalan mal-madarı iki yerə bölərsən, bir pay Eminə, bir pay da Elgizə verərsən.

Misir əmi bir az düşünüb dedi:

- Bəlkə bir pay da Zöhrənin olsun?

Mahmud əmi işığı öləzimiş gözlərini pəncərədən uzaqlara dikib:

- Yox, - dedi, - o, payını artıqlamasıyla yeyib.

Yenə Misir əmini sevgiylə, nəvazişlə, səndən heç doymadım deyən bir baxışla süzüb dedi:

- Qəbrimi buldozerlə qazdırarsan.

Misir əmi eşitdiyindən səksəndi:

- Elə niyə, sənə qəbir qazmaq bu qədərmi çətin işdi?

Mahmud əminin qaranlıq çökmüş gözlərinə, ölüşümüş yanaqlarına solğun bir gülüş qondu:

- Yoxsa sən də istəyirsən qəbrimi Zəfər qazsın?

Bu Zəfər bir-iki ay qabaq mən başına çəkələk saldığım, Zöhrə xalanın qardaşı həmən o Zəfər idi. Kənddə adam öləndə qəbrini Zəfərə qazdırırdılar.

Misir əmi yaxası əcəlin caynağında olan sevimli qardaşının narahatlığını anlayıb susdu, yanını qoyduğu kətildən qalxıb, çarpayıda sallağı oturmuş Mahmud əminin dizlərini qucaqladı:

- Necə buyursan, elə də olacaq, - deyib başını qaynatamın az qala kürəyinə yapışmış qarnına söykəyib ağladı.

Mahmud əmi nazik çiliyə dönmüş barmaqlarıyla onu nəvazışlə özündən araladı:

- Sən uşaq deyilsən ha, dur ayağa, mənə diqqətlə qulaq as. Mən bir ömür çıraq qayırdım, axırda yenə qaranlıqda qaldım. Bax o pay çıxmaq istədiyin arvad məni çapacaqla çapıb canımı onlara (qayınlarını deyirdi) yedirtdi. Sizin də halal haqqınızı onlar didib apardı, mənim kor gözlərim bunu gec gördü. İki ildi ölümlə əlləşirəm, bu iki ildə yaxşılığım keçməyənlər də yanıma gəliblər. Amma onlardan bir it küçüyü də qapımı açmayıb. Nə sənin oğlanların, nə də mənimkilər mənə qəbir qazan deyillər. Kəndin qəbiristanlığı da tərs kimi daşaxor yerdədi, o qurumsaq qəbrimi qazdıqca məni söyəcək. Qıraqdan qəbirqazan gətirsən, onda da səni söyəcək. Ona görə yaxşısı budu sən mənim qəbrimi buldozerlə qazdır, qoy kəndə də adət düşsün. Gorumuz da söyülməsin.

Misir əmi yenə sülhə çəkdi:

- Ay qağa, Zəfər səni niyə söysün ki? İstədiyi qıza görə özünü bıçaqladı, əzrayılın əlindən aldın, elçi getdin, toyunu elədin, evini tikdin. Elə bilirəm sənin zəhmindən çəkinib gəlməyib yanına.

Mahmud əmi heysiz-heysiz söhbətə nöqtə qoydu:

- Nə deyirəm, ona da bax. İt sarımsağı yeyəndən adam olmaz...

Misir əmi qaynatamın vəsiyyətinə əməl elədi: qəbrini buldozerlə qazdırdı, kəndə yeni adət saldı, daşlı-kəsəkli yerdə qəbir qazmaq əziyyətindən camaatın canını qurtardı. Orada yaşadığım müddətdə bu işə görə Mahmud əmiyə rəhmət oxuyan neçə-neçə şəhid anası gördüm...

Bir müddət sonra bu evin-ailənin keçmişini əzbər bilən Maraldan Zəfər dayının özünü bıçaqlamağının tarixçəsini də öyrəndim. Eltim belə nağıl elədi:

- Zəfər qonşu kənddən bir qız istəyirmiş. Nə illah eləyirsə atası qızı ona vermir, “mənim yetim, lüt, evsiz-eşiksiz oğlana veriləsi qızım yoxdu” deyib dad döyür. Əlacsız qalan Zəfər bıçaqla özünə xətər yetirir. Bu da o vaxt uşaq olan Misir əminin gözünün qabağında baş verir. Xəbər Mahmud əmiyə çatanda Zəfəri həkimə aparıb yaralarını sarıdır. Qardaşlarından ötrü əkib-becərdiyi bağın bir xeylisini kəsib ona verir, içində də çiy kərpicdən iki göz ev tikdirir. Özü elçiliyə gedib həmən qızı Zəfərə gəlin gətirir. Sonralar kolxoz sədri işləyən Mahmud əmiyə ən çox ziyanlıq vuran da elə bu Zəfər olur...

...Qaynanamın qardaşıgilləri mən bir də qaynatamın yasında gördüm.

ardı var

# 1963 dəfə oxunub

Müəllifin son yazıları

# # #