Döşümün qanı qurumurdu... - BİRCƏNİN ROMANI

Döşümün qanı qurumurdu... - <span style="color:red;">BİRCƏNİN ROMANI
28 iyul 2017
# 12:30

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

18 ilə bərabər 18 günü başa vurub evə qayıtdım. Körpə oğlum qucağımda maşından düşən kimi qaynatam ayağımın altında qurban kəsdi. Qaynanam buna görə də bir həftə fınxırdı:

- Kül bunun ata başına, kəllədə bircə göz qızının üç uşağı oldu, birinə bir dıqı (quzu demək istəyirdi) burnu qanatmadı. Ölür yad qızlarını bəsləmək üçün.

O belə danışdıqca mən bir yer tapıb başımı gizlədirdim, ayağımın altında kəsilmiş heyvanın qanı elə bilirdim alnıma yox, vicdanıma yaxılıb...

***

Evdə cəhənnəmə layiq bir mənzərə yaranmışdı. Qaynanam çirkli paltar-palazdan yenə bir taya vurmuşdu, otaqlarda zibil, həyətdə qar dizə çıxırdı. Bu yandan da döşümün qanı qurumurdu, yenicə sökülmüş tikişlərin ağrısından az qalırdı dilim batsın. Belimi elə bil ayaqlarımdan ayırmışdılar, başım bədənimi idarə eləmirdi. Bununla belə hamı məndən əvvəlki qulluğu, əvvəlki təmizliyi, əvvəlki süfrəni gözləyirdi.

Evə girən kimi uşağın yatmağından istifadə eləyib özümü hamama saldım. İsti su təpəmdən axdıqca canım kirdən-pasaqdan arınıb yüngülləşdi, yaralarım yumşaldı. Saçlarım təmizə çıxanda başım da ayazıdı. Biri bir il kimi uzun 18 gündə qoxusuna həsrət qaldığım yatağıma gircək yuxu mələyi məni qanadına aldı. Qaynanam məni o mələyin qanadından vurub salmasaydı qaynanam olmazdı ki:

- Bugünlük dincəl, sabahdan uşağın yatanda evinin işini gör.

Bilmədim nə deyim. İstəsəm belə bu tezliklə heç bir iş görə bilməzdim.

Axşam Emin bələkdəki qundağı qucağına aldı. Uşağın üzündəki tül örtüyü geri atıb diqqətlə onun üzünə baxmağa başladı. Mənə elə gəldi ki, o, körpəyə mənim dilini, dadını bilmədiyim ata sevgisiylə, kişi məhəbbətiylə nəzər yetirir. Bu mənzərəyə heyranlıqla baxa-baxa yerimdən durub yavaş-yavaş onun çənəsinin altına yeridim. Emin uşağın üzünə maraqlı bir mənzərə kimi tamaşa elədikcə içimdə şora verən qanlı yaralar bir anda quruyub qaysaq bağladı, ürəyimdəki çapıqlar silinib getdi. Hətta onun haqqında pis düşündüyümə görə qəlbimdə özümü qınadım da bir anlıq. Fikirləşdim yəqin evdə olmadığım müddətdə darıxıb mənsiz, indi balamızla birlikdə evə dönməyim onu sevindirir. Qollarımın ikisini də sinəm bərabəri qaldırmışdım ki, sarılım ona, onu körpəmiz qarışıq qucaqlayım. Mən bu şövqlə pəncələrim üstə qalxıb qanadlanmaqdaykən elə bil başıma çəkic vurdular:

- Sabahdan uşağı əmizdirmirsən!

Artıq boyumdan yuxarı qalxmış qollarım şaqqıltıyla qırılıb yanıma düşdü. Canımdakı yaralar sızım-sızım sızladı, göyüm-göyüm göynədi. Bədənimin bütün qapılarından içimə acı külək sovruldu. Kürəyimə yapışmış qarnım dağar kimi şişdi, yenicə-yenicə yerinə yayılmış uşaqlığım yenə yumrulanıb top kimi ürəyimə doğru sıçradı, döşlərim eydirdi. Necə yəni əmizdirmə?!

- Bəs mən əl boyda körpəni necə böyüdüm? Dəlisən sən?

- Dəli sənin nəslindi! Dedim olmaz, vəssalam!

Mən şığıyıb qundağı onun əlindən aldım, alıb bərk-bərk bağrıma basdım. Canımın bütün əzaları səsimə səs verdi, hər biri öz titrəyişiylə mənlə əlbir olduğunu, arxamda durduğunu mənə çatdırdı. Axı qucağımdakı körpəni məndən qabaq onlar tanıyırdılar, doqquz ay ehtiramla geri çəkilib bu balaca varlığa yer vermişdilər, yuva qurmuşdular içimdə. Ürəyim, bağrım, ciyərlərim, böyrəklərim... mənlə birgə əsmişdilər bu körpənin üstündə.

- Onu görməyəcəksən, - dedim, - mənim uşağım anasının südüylə böyüyəcək!

- Qudurma, dil çıxardırsan mənə?! Dedim, qurtardı!

Eşitdiyimə inana bilməsəm də, onun sözlərinə bənd olmadım. Süddən şişib irilmiş, gilələri hələ də sağalmamış döşlərimi ağrısına baxmadan ağlayan körpəmin ağzına pərçimlədim.

***

Evdəkilər elə bilirdilər mən uşağa təkbaşıma baxa bilməyəcəm. Qaynanam hələ xəstəxanadaykən mənə belə demişdi:

- İki dəfə yuyub bələyəcəm, vəssalam. Əlimə baxıb öyrənərsən, qalanı sənlikdi.

Mən onun bu ultimatumunu da susqunluqla qarşılamışdım, uşaq bələməyi çoxdan bildiyimi ona deməmişdim.

Ailəmizin sonbeşiyi dünyaya gələndə mənim on yaşım vardı. Musa əmimin arvadı anamı elə evimizdəcə doğuzdurub uşağın göbəyini kəsmişdi, qalan qulluğu anama mən göstərmişdim – quymaq bişirməkdən tutmuş bulaşıq paltarları yumağa qədər. Nənəm sonbeşik qardaşımı yanımda bircə dəfə yuyub bələmişdi, mən də nənəmin əlinə baxa-baxa onun elədiklərini qarğı kuklamın üstündə təkrarlamışdım. Ondan sonra anam qundağa ancaq əmizdirəndən-əmizdirənə yaxın gəlirdi. Sonralar qardaşım Kamilin qızlarını da gəlindən gizlin tez-tez açıb bələyirdim. Ona görə də indi körpəmi yumaq-bələmək sarıdan qorxum yoxuydu.

Evə qayıtdığım günün gecəsi uşağı yuyub bələdiyimi görəndə qaynanamın gözü kəlləsinə çıxdı, hətta mənlə bir az da acıqlı davrandı. Mən ondan kömək istəyəndə, ya özü mənə nəyisə başa salanda çox xoşlanırdı. Məsələn, mən bu evdə ilk dəfə təkbaşıma aş dəmləyəndə Zöhrə xala qazanın ora-burasına dönə-dönə keçmişdi ki, nəsə bir ayıb, kəm-kəsir tapsın. Axşam hamı bişirdiyim aşı bəh-bəhlə yeyəndə dözməyib dillənmişdi:

- Bu qədər yağı mal təzəyinin üstünə də töksən, yeməli olar. Sən yağı su kimi işlədirsən.

İndi də qaynanam dürməyə oxşayan qundağı qucağına alıb təəccüblə üzümə baxdı:

- Halaldı sənə. Bunu hardan öyrənmisən? Çox səliqəli bələmisən.

Körpəyə oğlum, uşağım, balam deməyə hələ utanırdım. Onun bapbalaca üzündən hələ bir dəfə də öpməmişdim, amma onsuz bir dəqiqə dayana bilmirdim. İçimdə bir dəli inam vardı ki, bu körpə mənim bütün həyatımı dəyişəcək...

***

Xəstəxanadan çıxdığımın ikinci günü günortaya yaxın anam yanıma gəldi. Qardaşlarım çoxlu uşaq paltarı, oyuncaq alıb göndərmişdilər mənə. Atam da yaxşı bazarlıq eləyib əmim oğlunu qoşmuşdu anama.

Evə gələndən körpə əvvəlkindən də çox ağlayırdı. Anam mənlə yenə soyuq görüşdü, uşağa heç yaxın da getmədi. Qaynatamla bir az söhbətləşdi, getməyə qalxanda Mahmud əmi onu saxladı:

- Uşağını belə vəziyyətdə burda qoyub getmə. Heç olmasa onca gün apar evində bax qızına, yoxsa bunlar (əliylə qaynanamı, bir də Emini göstərdi) sənin uşağını öldürəcəklər.

Qaynanam tez ortaya düşdü:

- Niyə, biz əzrayıl-zadıq?

Qaynatam ona sarı baxmadan çirkli paltar tayasını əliylə anama göstərdi:

- Bu halıyla bu gəlin o paltarları yusa, sənin zəhərini bişirsə, ta əzrayıl nəyə lazımdı?

Kişinin zəhmindən arvadın dili batdı. Az qaldım Mahmud əminin başına dolanam. Çox ürəyimdən keçdi ki, anam məni də özüylə aparsın. Atam evindəki otaqların birində bircə həftə sakitliyə çəkilsəydim, özümə gələrdim.

Anam danışılanları diqqətlə dinlədi, çirkli paltarlara, dağınıq otaqlara gözucu nəzər saldı, sonra da sağollaşıb əmim oğlunun maşınına minib getdi, canımdakı bu qədər ağrı-acıyla, qucağımdakı körpə qundaqla məni bu yad ocaqda yırtıq corab kimi, əzik konfet kağızı kimi atıb getdi. İstədim arxasınca var gücümlə bağıram: “Sən doğanda körpə canımla sənə göstərdiyim iltifatın heç olmasa yarısını özümə qaytar!”

Yenə deyirəm, sonbeşiyimizi doğanda anam çağasını da, ağır külfətini də, üstəlik qanlı paltarlarını da mənim üstümə töküb üzü divara qırx gün sərasər yatmışdı. İndi bunları onun yadına salmağı çox istərdim, hərçənd mən anamdan qulluq-filan gözləmirdim. Məni aparsaydı belə atam evində özümə də, uşağıma da özüm baxacaqdım, uzaqbaşı o evdə bişən yeməkdən bir pay da mənə düşəcəkdi. İnsafən gəlinlər də, bacılarım da qoymazdılar əlimi ağdan-qaraya vurum, köməklərini məndən əsirgəməzdilər. Aparmadı, məni yad evdə diligödək, başıqaxınclı qoyub getdi.

Əlacsız, köməksiz, yazıq günə qaldım. Mən işdən heç vaxt qorxmamışam, evi əvvəlki halına gətirmək üçün ikicə gün mənə yetərdi, di gəl canım sözümə baxmırdı. Yaralı, ağrılı, zahı canımla ağır işdən imtina eləmək, qaynanama nümayişkaranə şəkildə etiraz eləməksə ağlımın ucundan da keçmirdi. Artıq çoxdan köləliyi öz qismətim, alın yazım kimi qəbul eləyib oturmuşdum: ölənəcən (fərqi yoxdu, ya mən, ya da onlar ölənəcən) bu yad adamların qulluqçusu, qaravaşı olmalıydım; özümdən, özlüyümdən tam üz döndərib, məndən min ağac uzaq bu məxluqların nəslinin qoruqçusu, ocağının qarovulçusu olmalıydım. Özüm olmaq üçün mənə heç bir yol qoyulmamışdı bu dünyada.

...Məni Sənin əlindən almışdılar, Dostum. Daha təkcə səsin, sözün, surətin yox, xəyalın da gəlib çatmırdı mənə...

***

Elə bilirdim ətimi-sümüyümü xıncımlayıb dərimə doldurublar. Bəzən ağrıdan saatlarla titrəyirdim, canımı qoymağa yer tapmırdım. Nənəmin səsi yenə qulağımda cingildəyirdi: “Zahı arvadı qırx gün qorumaq lazımdı, qırxı çıxana qədər onun başına nə bəla desən gələ bilər”. Hərdən nənəm hansısa qollu-budaqlı kişini, ya neçə uşaq doğmuş qadını göstərib deyərdi ki, filan ildə qış bərk soyuq keçdi, onda filankəsin anası zahıydı, yazığı hal apardı...

Sonralar bildim ki, bu “hal aparmaq” nə deməkmiş: qadın doğuşdan sonra rahatlaşırmış, elə bilirmiş daha hər şey yaxşıdı, qalxıb evində bir ağır işdən yapışan kimi bərkiməmiş damarları yenidən partlayırmış, qanaxması tuturmuş; kənddə də həkim yox, xəstəxana yox, savadsız ara arvadları nəsə eləyincə zahı qadın qanitirmədən ölürmüş; adını da qoyurmuşlar ki, bəs filankəsi hal apardı.

Nənəmin bir əmisi qızı vardı, kəndin arvadlarının çoxu onun yanına gəlirdi. Bu savadsız, çoxbilmiş ara həkimi onları, indiki dillə desək, abort eləyirdi. Onun abort alətini mən görmüşdüm, hətta bir dəfə həmin aləti gizlincə götürüb aparıb evciyimə də qoymuşdum. Arvad bunu biləndə daş atıb başını tutmuşdu:

- Güllə gözünə dəysin, mənim çörək ağacımı neyləmisən!

Uzun taxta qaşığın sapına bənzər dümdüz, yoğun qırmızı çubuq idi. Qurtaracağına yaxın yerdən iti bir çıxıntısı vardı. Boylu qadınlar gələrdi qəbuluna, arvad da o çubuğu özü bildiyi qaydada onların bədəninə yeridib, həmin o kiçik çıxıntıyla içəridə yenicə yuva bağlamış dölcüyü ana bətnindən qoparardı. İstəmədiyi hamiləlikdən can qurtaran qadınlar da bu xidmətin əvəzində arvada parça, toyuq, yağ, bir sözlə, qollarından qopanı verərdilər. Belə əməliyyatların qadın həyatı üçün nə qədər qorxulu olduğunu isə o cahil qadınlar bilmərrə anlamırdılar...

İndi elə bil mənim də içimi nənəmin o qohumunun kovğasıyla cırmışdılar. Mənə elə gəlirdi yaralarım heç vaxt sağalmayacaq. Anam mənə yiyə durmasa da, insafən, qaynatam yaralı canımı bir an gözündən qoymurdu. Ağır işlər bir yana, dolu çaydanı yerdən götürəndə də belimə yük düşürdü, sümüklərim bir-birindən aralanırdı. Qaynatam bunu sezəndə mənim işimi asanlaşdırmaq istədi:

- Dovşan, çaydanı doldurmamış qoy ocağın üstünə, sonra dolçayla üstünə su al. Özünü gücə salma.

Evin iş-gücünü birtəhər yola verirdim, yavaş-yavaş uşağa da alışırdım, di gəl, Emin körpəmi əmizdirməyə qadağa qoymaqla mənim qayğılarımı dərdə çevirdi. Dediyim kimi, siftə-siftə onun bu qadağasına çox da məhəl qoymurdum, elə bilirdim məni cırnatmaq üçün belə deyir; sonra gördüm yox, zarafat-zad eləmir, iki ayağını dirəyib bir başmağa. O dirəşdikcə mən də dirəşirdim, o höcətləşdikcə mən də höcətləşirdim. Emin məsələni qəti şəkildə qoyanda mən bütün iradəmi cəmləyib körpə balamın müdafiəsinə qalxdım:

- Neynirsən elə, istəyirsən boşa, istəyirsən öldür, mən uşağımı südümlə böyüdəcəm!

Ancaq onun da geri çəkilmək fikri yoxuydu. Belə olanda mən şərt qoydum:

- Sən mənə bir tutarlı səbəb göstər, mən də uşağı əmizdirməyim.

- Sənin hər yerin xəstədi, körpəni əmizdirsən, xəstəliyin südlə uşağa da keçəcək.

- Məndə hansı keçici xəstəlik var ki, uşağa da keçsin?

- Bütün günü burnun qanayır, nə bilim, qara basır səni, oran-buran ağrıyır... yenə sayım? Atan-anan xəstə olduğunu ört-basdır eləyib, bicliyinizin üstü indi-indi açılır. Mənim uşağım xəstə ananın südünü əmməyəcək!

ardı var

# 1556 dəfə oxunub

Müəllifin son yazıları

# # #