Xoşqədəm mənə necə ana tapdı?

Xoşqədəm mənə necə ana tapdı?
21 iyun 2019
# 23:02

Xoşqədəm Hidayətqızının verilişinə böyük sevgi ilə tamaşa edən qohum-əqrəbalarıma baxanda Zaur Baxşəliyev yadıma düşdü. Taylı tayını tapar axı. Xoşqədəm və Zaurun adına hətta müasir dastan yazılmasının tərəfdarıyam. Gözəl bir ədəbi nümunənin ortaya çıxacağına şübhəm yoxdur.

Çoxdankı əhvalatı sizinlə bölüşmək istəyirəm. Bir dəfə də bu haqda yazmışdım. Görünür, bu əhvalat mənim alın yazıma çevrilib. Siz burda bir gülüş işarəsi qoyun, keçək əhvalata...

Zaur Baxşəliyev bir dəfə məni ağlamalı verilişinə dəvət etmişdi. Düzü, heç vaxt bu proqrama baxmamışdım. Mənə dedilər ki, mövzu belə olacaq: "Gənc yazıçının faciəvi həyatı”. Televiziyaya çağırdılar, getdim, Zaur bəylə görüşdük. Məni xoş qarşıladı. İki mədəni insan kimi yaxşıca söhbət elədik. Ordan çıxanda dedim ki, camaatın bu Zaurdan nə alıb-verə bilmədiyi var? Gül kimi oğlandı, mədəni, yerişini, oturuşunu-duruşunu bilən biri.

Evə gəldim və bacı qardaşıma bu xəbəri verib yekəxana pozda kresloda əyləşdim. Məni iki tərəfdən sorğu-suala tutdular. Nə verilişidir? Sən nədən danışacaqsan? Başqa qonaqlar olacaqmı? Onlara uzun-uzadı cavab verə bilmədim. İki-üç cümlə ilə yola verdim. Çünki özüm də hələ verilişin necə olacağını bilmirdim.

Həmin gün Youtube-də verlişi tapıb baxdıq. İlahi, nə qədər edirəm, indi adını tapa bilmirəm o verilişin. Bir həzin musiqi yadımdadır, bir də adamların durmadan ağlaması. Dedim, yəqin Zaur bəyin verilişi bu deyil.

Verilişə bir gün qala Zaurun köməkçisi zəng elədi.

- Bacınızla qardaşınıza deyərsiniz, onlar da gəlsin.

- Niyə?

- Zaur bəy elə istədi.

- Yaxşı.

- Bir də ananızın gündəliyini və gəlinliyini də gətirərsiniz...

- O niyə?

- Zaur bəy istədi.

- Başa düşmədim.

- Bacınız gəlinliyi tutub ağlayacaq, qardaşınız gündəliyi oxuyub kövrək görkəm alacaq, siz də atanızdan danışıb göz yaşınızı siləcəksiniz.

- Nə?

- Zaur bəy istədi.

Əsəbiləşdim və telefonda həmin xanıma reytinqə görə ağlaşma qurmağın bizə yad olduğunu dedim.

- Biz üçümüz də pozitiv və həyat doluyuq. Ağlaşma üçün doğru ünvanda deyilsiniz.

Xanım nə qədər yalvarsa da fikrimdən dönmədim və verilişə getmədim.

Biz faciə yaşamışıq. Razıyam. Haqqımızda veriliş də hazırlamaq olar, hətta film də. Ancaq necə? Faciənin dozasına daha da artırıb özünə reytinq qazanmaqla deyil, vicdanla, dürüstcə.

Zaur və Xoşqədəm. Ağlaşma quran ikilik. Yenə deyirəm: gözəl müasir dastan nümunəsidirlər. Mən öz ətrafıma, qohum-əqrəbama heç cür başa sala bilmədim ki, Xoşqədəm səhnə qurub və insanları da o səhnədə oynadır.

Zaur bu tərəfdən insanların duyğuları ilə oynasın, Xoşqədəm də o biri tərəfdə. Hələ üstəlik özlərini bütün bunlara görə qəhrəman elan eləsinlər. Səbəb də nə olsa yaxşıdır? Biz insanları bir-birinə qovuşdururuq, onların acısına ortaq oluruq.

Zaurun yadımdan çıxmış verilişinə getsəydim və onun dediyi kimi, bacımın anamın gəlinliyini tutub ağlamasına, qardaşımın gündəliyi oxuyub göz yaşı tökməsinə razılıq versəydim indi onun kefinə bir az da kef qatardım. Mənə hazırladığı oyunun içinə girərək onu və ona aldanan milyonları xoşbəxt etmiş olacaqdım. Allah bilir, ondan sonra Xoşqədəm də çıxıb mənə ayrı ata-ana tapıb ortaya çıxardacaqdı. Ondan sonra gəl bu dərdə döz də. Necə deyərlər, ölünü qoy, dirinə ağla.

Allah bizi manısların ümidinə qoymasın! "Amin” deyin, yazımın pərdəsini endirim!

# 7241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #