Zənən paltarı geyinib aradan çıxmaq

Zənən paltarı geyinib aradan çıxmaq
27 fevral 2018
# 10:16

Kulis.as tanınmış şair Aqşin Yeniseyin maraqlı ədəbi fikirlərini təqdim edir.

Üslub primitivliyi, üslub oxşarlığı - Azərbaycan ədəbiyyatının dərdi. Nədir axı bunun əlacı? Birinci onu qeyd edim ki, sənətdə üslub yenilənməsi həmişə ilk növbədə arxitekturada, memarlıqda baş verir, sonra yaradıcılığın digər sferalarına yayılır. Arxitektura elə bir yaradıcılıq sahəsidir ki, rəssamlıq, şairlik kimi heç vaxt özü üçün yarada bilməz. Yəni bir memar yalnız özü üçün bina tikə bilməz, ona görə o, həmişə başqalarının zövqünü meyar götürməyə məhkumdur ki, öz ideyasını reallaşdırmaq üçün şəriklər tapa bilsin. Şeirdə, nəsrdə üslub fərqi yaratmaq üçün də bu prinsipi əsas götürmək lazımdır. Əl çəkmək lazımdır bu "özüm üçün yazıram" klişesindən. Şeir başqası üçün yazılmalıdır! Şair əvvəlcə özündən üstün olan, heç nəyi bəyənməyən o başqasının obrazını yaratmalıdır qafasında və həmişə onun xoşuna gəlməyə çalışmalıdır. Heç vaxt onu özü ilə eyniləşdirməməlidir. Biz yalnız başqası üçün yazaraq, öz üslubumuzu yarada bilərik. Üslub deyilən şey bu daxili ikiləşmənin, ziddiyyətin, qarşıdurmanın məhsuludur. Üslub yazarın özgüvənindən yox, özünə inamsızlığından yaranmalıdır. Üslub yazarda arxayınlığın yox, bədgümanlığın, əndişənin nəticəsi kimi ortaya çıxmalıdır. Mən hadisənin yox, dilin həyəcanı dedikdə bunu qəsd edirəm; ümidsizliyin, narahatlığın, başqasına xoş gəlməmək həyəcanının hopduğu üslubu.

***

Ədəbiyyatda "balaca adam" formulu var; ilk dəfə Dikkens öz romanlarında istifadə edib, sonra Dostoyevski ondan təsirlənərək rus nəsrinin üzünü "balaca ruslara" çevirib. Həyatın bəzəksiz məzmunu onların - kiçik adamların taleyində daha aydın görünür. Onları yaşadan üzlərinə həyatdan çox, ölümün gülümsəməsidir, ölümün onlara yaşam haqqı tanımasıdır. Bir də var kiçik ümidlər, daha doğrusu, insanın üzünə gülümsəyən ümidsizliklər...

***

Mənim üçün şerin ən gözəl növü sərbəst şeirdir. Çünki bu vəzndə şair digər vəznlərə xas olan ustalığını da göstərməyə məhkumdur və birmənalı olaraq belə düşünürəm ki, qəzəldə, hecada, gəraylıda usta ola bilməyən şair sərbəst şeir yaza bilməz və yaza da bilmir. Son illər isə özüm üçün şerin yeni növünü kəşf etmişəm; bu, sərbəst yox, sərrast şeirdir. Az sözlə böyük poetik təəssürat yarada bilmək... Bu şerə nümunə olaraq da Adonisdən bir şeir tərcümə etmişdim, yadınızdadırsa... Bizim ədəbiyyata gəldikdə isə Səlim Babullaoğlunun ilk, Mahir Mehdinin son şeirlərini misal göstərə bilərəm. Amma bütün yaradıcılığı sərrastlıq üzərində qurulan, mənə görə, hələ ki, bir bütöv şairimiz var; o da yeni kitabına da arxitektor sərrastlığı ilə "Heykəl təhnalığı" adını qoyan Salam Sarvandır.

***

Arqo və vulqarizm qatı istifadə olunmayan dil zənən paltarı geyinib aradan çıxmaq istəyən mücahidə oxşayır. Mən ona görə ədəbiyyatımızın xilasını sovet ədəbi dilindən imtinada görürəm. Mənim tənqidim şəxslər üzərindən deyil, mətnlər üzərindəndir. Mən istisnasız bütün sovet yazıçılarımızın istedadını, xəlifəni islamı qəbul etdiyinə inandırmaq üçün özünü əlli yaşında sünnət etdirən, buna baxmayaraq, axırda yenə atəşpərəst damğası ilə edam olunan Afşinə bənzədirəm.

# 3478 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #