Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey
5 sentyabr 2024
# 15:00

Bu gün şair, yazıçı Aqşin Yeniseyin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Cansıxıcı azadlıq

Sadəcə, açılan səhərlər...
Sadəcə, örtülən gecələr...
Cansıxıcı bir azadlıq...
Və hər səhər yüzlərlə ölüyə hamilə olduğundan
nəfəsi qoxan şəhərlər...
və hər gecə sivilizasiyanın Məşhərə danışdığı min bir gecə nağılları...
xəbərlər... xəbərlər...

Yalqızlıq zamanda gecələməkdi daha
tərk edilmiş kişiliyi,
əl dəyməmiş qadınlığı...
Bəzən saatlarla ilişib qalmaqdı axşam saat doqquza,
Səhər saat beşə
Bir tərəfi “heç vaxt” olmaqdı, bir tərəfi “həmişə”...
Oyuncaq tapançadan atəş açmaqdı sonra
Güzgüdəki gicgaha
Və hər gün yeməkdən əvvəl
İki damla göz yaşını qarışdırıb içməkdi köhnə, ilıq günaha
Sonra... sonra, məsələn, televizorda tamaşa etməkdi
Qədim və yorğun bir aha...

Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü.
Məbədlərin günbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma!
Yarpaqların sənin deyil, tikanların sənindi, ey sevgili!
Ürəyimdə, gözümdə qalanlarım mənimdi.
Qabar mənimdi, məsələn, zəhmət yox.
Heç bir yaramın sahibi özüm olmadım.
Özünü vurmağı bacarmayan tüfəng kimi çarəsiz, səssiz
Cüt gözlə baxıram dostumun köksünə.
Ölümünü məndən gözləyən nə qədər doğma var bu dünyada...
Mən isə, mən yazıq...
gücü yalnız öz sahibinə çatan nankor bir ələm!
İnsan özü nədi ki, guya?
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!
Ey mürdəşir!
Ölüncə hər kəs müqəddəsləşir.
Amma sən üstümüzdən yuma ömrümüzün kirini.
Şam kimi öz əzabımızda yuyunmuşuq biz!

Artıq hara gedirsən, get! Bütün şəhərlərdə ən ucuz su göz yaşıdır.
Artıq hara gedirsən, get ... getdiyin vidalaşacağın olacaq...
Görüşdüyün, ayrıldığın...
Oxuduğun hər ilk nəğmə son nəğmən olacaq...
Əlvida, ey dünyanın hönkürtüsü dənizlər!
Əlvida, ey dünyanın nəriltisi dağlar!
Əlvida...

Yoxsul küçə

İzdihamın yoxluğu daha üzücü bir boşluq...
Sanki, öz yalqızlığına yoluxdurub hər kəsi
ölmək bilməyən şair!
Günəşin pas atdığı zirzəmisində...

Bu qədər hiss olunmamışdı heç olmayan...


Kənd evi

Əldamında əhəmiyyətini itirmiş köhnə əşyalara baxıram;
Zamanın çürüyən cəsədlərinə.
Əşyanın ölüsü daha kədərli
Əllə tutulan bir yoxluğu var.
Və bu qədər ölü cansızın pıçıldaşdığı
Bu dam
Sonda yalnız xatirələrdən ibarət olan insan beyni kimi
Unudulub.
Köhnə bir kreslo da var;
Üstündə siçan oturub.
Xarab bir saatdan da baxır zamanın uşaqlığı
Onun əcdadlarıdı buradakılar
Özləri öz xatirələri olan bu tör-töküntü xalqı...


Şəhriyar Sarıca üçün

Gecədir, sanki, qonşu planetdədir uzaqdakı kənd evləri
Solğun işıqları - sükutdan ulduzlar...
Divlərin ümidi kimi... korun-korun.
Ağlayıb qurtarmışam uşaqlığımı... Unutmuşam...
Divlərin ümidi vardımı?

Mifik bir yalqızlıq var o uzaq pəncərələrdə
Sanki, öz dəbdəbəsindən qaçıb qədim saraylar...
Görən buralara gələndə onlar da bizim kimi sərxoş idilərmi,
yoxsa
Evlərin ümidi vardımı?

Süvarisinin qəfildən yox olduğunu gördüm bir atın
Sanki, külək apardı əynindən tarixin xalatın
Atda soyundu tarix


Gözəgörünməz

(Qan Turalı üçün “cibxərcliyi”)

Poeziya faciənin sevgilisiydi... Bunu nənəm də bilirdi
İllər keçdi...
Həmişəki kimi sevgi dərd sözünün sinoniminə çevrildi
Axrıncı dəfə tualet qapılarının üstündəki yazılarda ayrıldılar
Kişilər və qadınlar.
Həyat, onsuz da, insan üçün karantin idi!
Yuxularımıza tanımadığımız adamlar girdi.
Əllər qatil elan edildi!

Təbiət öz vəhşiliyini ört-basdır etmək üçün
tezbazar kəpənəyi yaratdı.
Şimşək, o göylər şahının dəcəl oğlu, yenə qılıncını oynatdı,
ucuyla buludları qanatdı
Gözünü çıxardı kimsəsiz gölün...
Gözəgörünməz bir virusdan başqa kimsə qalmadı küçədə
Birdə bizim şizofren abi qaldı həyətdə və qışqırdı
yoxa çıxmış adamlara
Kömək edin, mən də ölüm,
Külək gözlərimə doldurub adamları...

Bundan sonra itmiş bir əşya kimi yaşamaq var həyatda.
Əmin olmaq var, səni nə vaxtsa kimsənin tapacağına
və kiminsə ömür boyu səni tapmaq üçün axtaracağına ümid var.

Küləkli havada küçədə dəliqanlılıq edən ağac kimi yaşamaq
Vicdanına qısılan bədəndən süzülən göz yaşı kimi lal-dinməz axmaq
Kor gözlər kimi görməmək, amma baxmaq... baxmaq... var
Bundan sonra!

Hətta möminin evində də artıq şeytan allaha qalib gəlir.
Dua oxumağa hazırlaşan Gülfidan xala səcaddə önündə spirtlənir.
Arvadım Ömər Xəyyamı sevmir, halbuki müdrik idi o qədim içki düşkünü
Yazırdı ki, quşlar uçmağın özü üçün uçanda göylər dincəlir.

Hər gün ümid edirəm ki, bir daha ümid etməyəcəyəm.
Çünki insan ağrıyırsa,
Yəni nəhəng bir yara kimi yaşayırsa həyatı
Üstəgəl, ovucları gözəgörünməz göz yaşları ilə doludursa
Hətta hədiyyə olunmuş gül kimi
hiss olunmadan solursa!
O mənə paslı kağızda yanan qədim bir mətni xatırladır:
Əbədiliyinin bir qığılcıma bənd olmasını!

Poeziya faciənin sevgilisiydi...

# 1816 dəfə oxunub

Müəllifin son yazıları

# # #