Kulis.az yazıçı Alpay Azərin “Janna” adlı yeni hekayəsini təqdim edir.
Anama həsr olunur
Əndamlı, gözəgəlimli ortayaşlı Jannayla aramız o dərəcədə açılışdı ki, küçədə ayaqüstü söhbətlərin birində mənə işlədiyi mağazanın müdiri dağıstanlı Mahmudun məşuqəsi olduğunu deyəndə təəccüblənmədim. Tezcə də əsaslandırdı: “Mən neyniyə bilərəm? Ərim işləmir, aldığı əlillik puluna siqaret alıb evi zəhərləməkdən başqa heç nə əlindən gəlmir. Üstəlik, kişiliyi də daha yoxdu. Hər gün də baş-beynimi aparır ki, niyə evə gec gəlirsən, ev işlərini niyə vaxtında görmürsən? Deyirəm, evə pul gətirmirsən, otur yerində, heç olmasa mumla, danışma da”.
Dalınca tez əlavə elədi ki, sən elə bilmə ha, mən hər kişinin altına yıxılanlardanam. Bu həyatda cəmi-cümlətanı bircə aşnam var mənasına gəlmişdi özünə bəraət qazandırması. Dinmədim, durub əxlaq dərsi keçməyi isə yersiz hesab etdim... İlk tanışlıqda Jannayla söhbətimiz, yumorumuz tutmuşdu, mağazadan paltar sabunu alanda tanış olmuşdum. Dediyinə görə, dörd iliydi ailəlikcə Nalçikdən Sankt-Peterburqa köçmüşdülər, əri şikəstiydi deyə işləmirdi, bir oğlu, bir qızı vardı, təsərrüfat malları mağazasında satıcı işləyib ailəni tək dolandırırdı.
Jannanın satıcı işlədiyi mağaza mən qalan yataqxanadan iki küçə aşağıdaydı. Hərdən oğlunu, qızını götürüb Neva prospektində gəzirdilər, uşaqlarına dondurma alırdı, karuselə aparırdı. Küçədə bir-iki dəfə onlarla rastlaşmışdım. Ayaqüstü söhbətlərdə fürsət axtarırdı ki, tezcə mövzunu ərinin qeybətinə yönəltsin: “Görürsən də, həm işləyirəm, həm də uşaqlara vaxt tapıram. Parazit isə divanda oturub futbola baxır”.
Əsəbiləşsəm də, qayıdıb deyəmmirdim ki, a qəhbə, özün mənə demisən ki, ərin invaliddi, yazıq neyləməlidi axı? (Özünün dediyinə görə, əri avtoqəzada onurğa sütunundan zədə alana qədər tikintidə fəhlə işləyirmiş).
Soruşmuşdum ki, ərinin qohumları tərəfdən sənə kömək edən yoxdur. “Köməkləri lazım deyil. Üç qaynım, iki baldızım var, təsəvvür elə, bu dörd ildə məni qoyaq qırağa, nə bir dəfə zəng edib qardaşlarıyla, nə də uşaqlarla maraqlanıblar” - qürur qarışıq şən tonda dediyi sözlərlə sanki bunları mənə çatdırmışdı: “ona görə də bil və məni qınama, bu həyatda arxam-dayağım yoxdur deyə, müdirimin məşuqəsi olmağa məcburam”.
Bəzən fikirləşirdim, görən, Janna niyə öz ərdənkənar əməllərini canfəşanlıqla müdafiə edir, cavabı tapırdım: məndən öz hərəkətlərinə bir növ, mənəvi dəstək gözləyirdi. Altşüurunda onu narahat edən vicdan hissi düşüncələrində özünə yer edib ona əzab verməsin deyə, sonda özünə əcaib şəkildə bəraət qazandırırdı. Bəlkə də umurdu ki, müdrik sifətlə “Səni yaxşı başa düşürəm” deyim, o da tezcə ürəyini tam boşaldıb yüngülləşsin və bir də bu mövzuya qayıtmasın. Mənsə dediyim kimi, onunla söhbətlərdə çox dərinə getmirdim, nə mənası varıydı, onsuz da hər şey göz qabağındaydı.
Yataqxanamızda əslən Nalçikdən olan Bislan adında çərkəz oğlan peyda olanda, ürəyimə damdı ki, bu, tezliklə, yerlisi Jannayla tanış olacaq və məsələ çox güman, çarpayıya qədər gedib çıxacaq. Bislan reketiydi, hansısa biznesmenin borcunu qaytarmaqla, ticarət köşklərinə nəzarət etməklə (özlərinin diliylə desək, krışalıqla) pul qazanırdı. Yataqxanamızın komendantına aylıq pulunu artıqlamasıyla verirdi, o da buna dördüncü mərtəbədə balaca bir otaq vermişdi. Bislan axşamlar gəlib yataqxanada gecələyirdi, arada qız da gətirirdi otağına. İki qafqazlı kimi söhbətimiz tuturdu, altı-bazar mənim, ya onun otağında kartof qızartması yeyə-yeyə söhbət edirdik.
Bir dəfə necə oldusa, ikimiz Janna işləyən mağazaya girdik. Salamlaşandan sonra aralarındakı söhbətdən başa düşdüm ki, təzəlikcə tanış olublar. Janna həvəslə ona mağazadakı işlərindən, oğlundan, qızından, evə ata-anasına pul göndərməyindən, Bislan da demək olar, eyni şeylərdən öz valideynlərinə kömək eləməyindən, Nalçikdəki qohumlarından danışırdı. Bislan ondan Mahmudun kefini soruşanda, Janna sıxılan kimi oldu, nədənsə, ağlıma gəldi ki, müdirinin aşnası olduğunu yerlisinə də deyibmiş. Mən yanlarındaydım deyə, utanan kimi olmuşdu Janna, ilk dəfəydi üzlü, açıq-saçıq bir qadının utandığını görürdüm deyə, bu, mənə düzü, qəribə gəlirdi. Bislanın “Mahmud necədi?” sualına ”Yaxşıdı” deyib tezcə mövzunu dəyişdi.
Bir müddət sonra küçədə təsadüfən Jannayla rastlaşdım. Salamlaşandan, kef-əhvaldan sonra tez məndən soruşdu:
- Sən mənim yerlim Bislanı necə adam kimi tanıyırsan?
- Belə də, tanıyıram. Normal adamdı, nədi ki?
- Nə işlə məşğuldu? - bic-bic məndən heç nə gizlətmə, düzünü de mənasında gözlərini qıydı.
- Topdansatış kartof, soğan satır, - istəmədim Bislanın reket olduğunu ona deyim, həm də özü xahiş etmişdi ki, onun harda işlədiyini soruşan olsa, elə cavab verim.
- Yalan deyirsən, - Janna acı-acı gülümsədi.
- Bu hardan çıxdı? Nə olub, məni lap müstəntiq kimi sorğu-suala tutmusan?
- Xoşuma gəlmir Bislan, - yenə gözlərini qıydı, - yalançı adamdı, özünü şübhəli adamlar kimi aparır. İlk tanış olduğumuz gün mənə demişdi adım Albertdi. Təzəlikcə yaxın bir tanışımdan öyrənmişəm ki, əsl adı Bislandı. Səncə, öz adını gizlədən adamdan yaxşı şey gözləmək olar? İkincisi, yalan deyirsən, o bazarda işləmir...
- Janna, - sözünü kəsdim, - qəribə adamsan. Yenə deyirəm, mən onu normal adam kimi tanıyıram. İkincisi, sən onun işçisi deyilsən, ondan asılacağın yoxdur, başa düşə bilmirəm, niyə bu məsələ səni belə narahat edir?
- Narahat etmir, sadəcə, xoşuma gəlmir bu adam.
- Xoşuna gəlmir, uzaq ol o adamdan. Nə problem var ki?
Qısası, Jannaya Bislandan xoşu gəlmirsə, bu adamdan uzaq olmağı, rastlaşanda da salam-sağolla kifayətlənməyi məsləhət gördüm, axır ki razılaşdı mənimlə...
İkinci kursun əvvəlləriydi, axşamüstü otağımda oturub seminara hazırlaşırdım ki, qapı astaca döyüldü. Deyinə-deyinə durub qapını açanda gözlərimə inanmadım, - Jannaydı. (Otağıma ilk qəfil gəlişiylə məni təəccübləndirmişdi.) Salamlaşdı, təlaşlı görünürdü, tez də içəri keçmək üçün icazə istədi. “Əlbəttə,” - deyib üzbəüz çarpayını göstərdim. Oturdu, çaydanı götürüb otağımdan çıxmaq istəyəndə qolumdan tutdu:
- Təşəkkür edirəm, Nadir, narahat olma, heç nə istəmirəm, mən tez getməliyəm, otur. Bir həftə olar işdən çıxmışam, Mahmudla sözümüz düz gəlmədi, dalaşdım, çıxdım işdən. Evdəki vəziyyətimizi bilirsən, evə tək mən pul gətirirəm, indi təcili iş axtarıram. Məncə, sənin yerlilərin arasında tanışın olar, mağazada kassir işləyə bilərəm, bazarda satıcı işləmək də mənimçün problem deyil, - əlini əlimin üstünə qoydu.
İsti, yumşaq ağ əl, bir anın içində qızdı, əlini ehmalca əlimə alıb sıxdım, düz gözlərinin içinə baxıb pıçıltıyla dedim:
- Kömək edərəm, Jannuşka, əlbəttə, kömək edərəm.
- Sağ ol, balaca, necə lazımdı, hörmətindən çıxaram (Spasibo, malış, otblaqodaryu kak nado), - əlini əlimin içindən çıxardı.
“Malış”, “Otblaqodaryu kak nado” sözlərindən sonra içimdə altı yarım ballıq zəlzələ baş verdi. İçəri girəndən yumulu saxladığı sol əlini açdı, mənə kağız parçasını uzatdı:
- Burda ev telefon nömrəm yazılıb, xəbər olsa, zəng edərsən. Ərim götürsə, deyərsən, Jannanın tanışıyam. Narahat olma, artıq sual verməyəcək. Sənə çox ümidliyəm.
Janna otağımdan çıxan kimi seminara hazırlaşmaq yadımdan çıxdı. Tələsirdi deyə, müdiri-aşnası Mahmudla dalaşıb işdən çıxma səbəbini soruşmaq ağlıma gəlməmişdi. Gödəkçəmi geyinib götürüldüm metroya tərəf. Hələ də az əvvəlki zəlzələmin avtoşoklarını yaşayırdım. Torjkovsk bazarında işləyən uzaq qohumum Elmanı tez tapdım, bazarda iki-üç yerdə meyvə-tərəvəz satdırırdı. Jannanın yaxın tanışım olmasını, əvvəlki iş yeri haqda, təcili iş axtardığını, pula çox ehtiyacı olduğunu danışdım.
Qohumum iki-üç sual verdi: onu nə qədər dərindən tanıyırsan, niyə işdən çıxıb, pul atmaz ki və axırda guya etinasız tonda “Qəşəngdimi?” soruşdu. Onu iki ilə yaxın tanıdığımı, pul atana oxşamadığını dedim, müdirinin söz verməsinə baxmayaraq, uzun müddətdi maaşı qaldırmadığına görə işdən çıxdığını uydurdum. Qəşəng olduğunu deyəndə, gözləri işıqlandı, tezcə ərdə olub-olmadığını soruşdu. İstədim deyəm, əri var, amma həmin andaca ağlıma gəldi ki, olanı desəm, mənim xətrimə onunla görüşsə belə, ərli arvada girişmək riskinə görə, bir bəhanəylə başından edəcək. Yalandan dedim ki, mən bilən, boşanıb. Sevincini gizlədə bilməyən Elman dedi ki, bir işçim bu günlərdə dekretə çıxacaq, mənə satıcı lazımdı, iş telefonumu ona ver, zəng eləsin, danışaram, görüşərəm özüylə, uyğun olsa, götürərəm işə.
Bazardan çıxıb ilk qabağıma çıxan telefon köşkünə girib, Jannanın ev nömrəsini yığdım. Özü götürdü, xəbəri, qohumumun telefon nömrəsini dedim, sevindiyindən qışqırdı, kompliment komplimentin dalınca gəldi. Sağollaşmadan əvvəl sıxıla-sıxıla, pıçıltıyla dedim ki, Janna, bunu demək mənə çətindi, amma xahiş edirəm, görüşəndə, ərdə olmağını ona demə. Soruşsa, deyərsən boşanmısan. Şaqqanaq çəkib güldü, “Başa düşdüm, narahat olma, sən deyən kimi olacaq” - dedi və sağollaşdıq. Metroya tərəf gedə-gedə gülürdüm, öz-özümlə danışırdım “Sən nə abırsız adamıymışsan, Janna. Dediyi sözə bax, narahat olma, sən dediyin kimi olacaq”.
Üç gün sonra Jannagilə zəng etdim, görəm, iş məsələsi nə oldu, özü cavab verdi. Sevincək Elmanla görüşüb söhbət elədiyini, gələn həftədən Torjkovsk bazarında meyvə satmağa başlayacağını dedi. Təbrik elədim, sağollaşmaq istəyirdim, sözümü kəsdi:
- Bir dəyqə, hara tələsirsən? Mənə de görüm, bazar günü boşsan?
- Hə, boşam, nədi ki?
- Əla, Nadir, bazar günü axşam saat altıda bizə qonaq gəlirsən. Gözləyəcəyik səni.
- Çox sağ ol, Janna, bəlkə lazım deyil? - düzü, istəmədim, mənə görə narahat olsunlar.
- Yox, yox, nə danışırsan, inciyərik səndən.
“Gözləyəcəyik”, “inciyərik”dən sonra ağlıma gəldi ki, çox güman, məni ailəlikcə gözləyəcəklər. Sonra Elmanın ev nömrəsini yığdım, bir az söhbət elədik, qısası, Janna Elmana satıcı kimi yaramışdı.
Bazar günü saat altıda Jannanın telefonda dediyi ünvanı tapdım, zəngi basdım. Qapını özü açdı, “xoş gəldin”dən sonra bir qutu şokolad aldığıma görə məni bir az “danladı”. Əri, qızı, oğlu da evdəydi.
Masada cürbəcür salatlar, yeməklər, içkilər varıydı. Əri Şamil ortaboylu, arıq bir kişiydi, əlil arabasında otura-otura mənə salam verdi. Janna bir xeyli məni təriflədi. Haqqımda xoş sözlər dedikcə, ərinin öncəki şübhəli baxışları yox olurdu. Üstəlik, Şamil elə tostlar, təriflər deyirdi, elə bil, yüz ilin tanışıydıq. “Sən həyatda gördüyüm ən yaxşı azərbaycanlısan”, “Gələrsən Nalçikə, qardaşlarım səni Elbrus dağına gəzməyə aparar”. Arada fikrə gedirdi, bilmək olmurdu, arvadının hoqqalarından xəbəri var, yoxsa taleyilə barışan ər tiplərindəndir. Eyni zamanda narahat idim, elə bilirdim, yenə məndən şübhələnir, üstəlik, çox içirdi deyə, qorxurdum, açarını itirər, dava salar, mənə görə olan bu məclis qan-qaraçılıq olar. Bir bəhanəylə çıxıb getmək istəyirdim.
Şamillə mehriban ayrıldıq, Janna məni yola salana yaxın qapıda zorla əlimə paket verib dedi: “Evdə geyinərsən, köynəkdi, bir də qalstuk. Köynəyin ölçüsü sənə böyük, ya balaca olsa, elə qalstuk da xoşuna gəlməsə qaytararsan, dəyişdirərəm hər ikisini”.
Otağıma girən kimi açıb baxdım, - mavi rəngdə, adını unutduğum hansısa brend şirkətin köynəyi, qırmızı qalstukuydu, köynək tam əynimə oldu, qalstuk da köynəyin rənginə uyğun idi.
Janna işə düzələndən iki ay sonra Torjkovsk bazarın yanından keçirdim, dedim bir qohumuma dəyim, içimdə narahatçılıq varıydı, istəyirdim biləm, Jannanın işindən razıdırmı. Bazarın arxasındakı ofisindəydi Elman.
- Salam, ay Nadir, haralardasan? Niyə görünmürsən? - Elman hay-küylə məni qarşıladı.
Qolumdan tutub ərklə dedi ki, abed (nahar) eləməyə adam axtarırdım, Allah sənin kimi yaxşı insanı yetirdi. Məni yaxınlıqdakı bir kafeyə apardı, sifarişləri verəndən sonra ordan-burdan söhbət edə-edə axırda istədiyim sualı verməyə məqam tapdım:
- Hə, danış görək, Jannanın işindən razısanmı?
- Razıyam, - ürəklə dedi, - vaxtında işə gəlir. Əsas odu ki, hesab məsələsində dürüstdü.
- Lap yaxşı, - nəhayət, rahatlandım. - Dostluq eliyirsən? - göz vurdum.
- Ha-ha-ha, elə şeyləri deməzlər, ay qohum.
- Mən nə deyirəm ki? Soruşuram, dostluq eliyirsən, yəni bir yerdə kinoya, kafeyə gedirsiz? Yaxşı, məcbur eləmirəm, istəmirsən, demə.
Araq onu dedizdirdi, ya özü bunu etiraf eləməkdə pis bir şey olmadığı fikrinə gəldi, nəydisə, az sonra Elman qızla dostluq elədiyini boynuna aldı, tez də guya könlümü qırıb-qırmadığını bilməkçün soruşdu:
- Bura bax, ay qohum, sənin territoriyana girməmişəm ki?
Nırç edib başımı yellədim, yəni, işində ol.
...Elmanla son görüşümün üstündən iki həftə keçməmiş, Bislan mənə Jannayla sevişməyini etiraf edəndə, təəccüblənmədim, heç bir söz demədim. Sonra özünü qınamağa başladı:
- Nadir, özümə heç cürə bağışlaya bilmirəm bunu. Elə bilirəm, çox axmaq bir iş tutmuşam.
- Niyə? Özün deyirsən, hər şey öz xoşuyla olub, sən ki onu zorlamamısan.
- Başa düşürsən, mən Jannayla sevişəndən iki gün sonra evlərində oldum, əri Şamillə tanış oldum. Şamil çox yaxşı insandı, məni də yandıran bax budur. Bir yerdə oturub çörək yemişik onunla.
- Təzəlikcə evlərində olmusan?
- Yox, hardasa üç ay qabaq.
Vaxtı hesablayıb başa düşdüm ki, qohumumun yanında işə düzəlməzdən əvvəl Bislan Jannayla görüşübmüş. Yenə özünü söydü-danladı, gördüm, artıq artistlik edir, mən də rola girib ona yalandan təsəlli verdim: “Çox ürəyinə salma, hər halda, sən əriylə tanış olandan əvvəl Jannayla sevişmisən, ona görə özünü çox da günahlandırma”. Ürəyimdə isə deyirdim: “Tutaq ki, bu abırsız özü səni evinə dəvət edib, axı bilə-bilə ki, əri evdə ola bilər, çox məcburuydu durub onlara gedəsən”.
Jannanın hərəkətləri ovqatımdan asılı olaraq, məni bəzən heyrətləndirirdi, bəzənsə nifrət edirdim ona: mənə Bislanın qeybətini edəsən, “ondan şübhələnirəm” deyəsən, üç ay sonra altına yıxılasan. Bir anlıq sıxıldım, belə bir şey mənim də başıma gələ bilərdi. Tutaq ki, işə düzəltməyə görə mənə köynək, qalstuk almazdı, otağıma gəlib mənimlə sevişərdi... Üstəlik, bundan sonra Bislan kimi məni də evlərinə qonaq çağırsaydı... Yox, təbii ki, bir bəhanə gətirib getməzdim, amma yenə də içimdə bir narahatlıq qalardı ki, ərli bir qadınla yaxınlıq eləmişəm.
Bislanın tövbəli etirafından sonra qərara gəldim ki, Jannadan mümkün qədər uzaq olam, nə zəng edib kefini soruşam, nə də küçədə uzaqdan görəndə, ona yaxınlaşam. Amma sən saydığını say, gör Janna özü nə sayır...
Bislanla olan həmin söhbətdən bir müddət sonra otağımda oturub imtahanlara hazırlaşırdım, qapı döyüldü. “Gəlin” - dedim, qapının ağzında Jannanı görəndə, hirs vurdu təpəmə, ilk ağlıma gələn o oldu ki, Elmanla dalaşıb, işdən çıxıb, indi yenə özünə iş axtarır.
- Salam, - “yazıq” sifətlə dedi.
- Salam, - mənsə bilirəm, dərdin var, amma səninlə çənə döyməyə vaxtım yoxdu tonunda dedim.
- Gəl otur, - əlimlə qabağımdakı boş çarpayını göstərdim.
- Bağışla, səni narahat edirəm, - üzbəüz oturdu. - Əzizim, yenə sənin köməyinə ehtiyacım var.
- Eşidirəm, - soyuq tonda dedim.
- Oğlum Edik, - Eduard idi adı, - bu gecə sənin otağında qala bilər? - “Bu çarpayıda yata bilər?” mənasında əliylə oturduğu çarpayıya vurdu.
Məsələnin nə yerdə olduğunu təxmin elədim, - əriylə qızı çox güman, Nalçikdəydi, qaldığı evə isə Elmanı, Bislanı, ya da Allah bilir, hansısa tanış kişi gətirəcəkdi, ya da özü bunlardan birinin evinə gedəcəkdi.
- Ərin, qızın Nalçikdədi, hə? - danlaq, bir az da sancmaq tonunda sualı verib düz gözlərinin içinə baxdım.
- Hə, mən bu gecə rəfiqəmin yanına gedəcəm, ağır xəstədir, hər şey ola bilər, məndən çox xahiş edib bir gecəlik yanında qalam, - əvvəlcədən hazırladığı cümlələri dedi.
- Rəfiqənin adı nədi? - çaşdırıcı suallara keçdim.
- Marina, - çaşmadı. - Mən əvvəl işləyən mağazada işləyirdi, sən onu görməmisən. Yazıq ağır xəstədi.
- Nədi xəstəliyi?
- Xərçəng, artıq sağalması mümkün deyil. Özün də başa düşürsən, oğlumu ora apara bilmərəm, psixoloji ona pis təsir edər, - deyib sınanmış priyomuna keçdi, - əlimdən tutdu.
Yerimdəcə tilsimləndim, qandallandım, bu dəfə yeddi ballıq zəlzələ yaşadım və təbii ki, həmin anda nə əriylə çörək kəsməyim, nə də belə şeyə görə, yalan-doğru əzab çəkən Bislan yadıma düşdü. Davamını istəyirdim, amma Janna məndən cavab gözləyirdi deyə, əvvəlcə onun xahişini yerinə yetirməliydim:
- Haqlısan, Jannuşka, - özümdən asılı olmayaraq adını yenə əzizləmə formasında dedim. - Oğlunu elə yerə aparmaq olmaz. Deyərsən gəlsin bura, otağımın nömrəsini, qaldığım mərtəbəni də deyərsən ona.
- Sən həmişə məni başa düşmüsən, əzizim. Təşəkkür edirəm, - əlini cəld çəkib qalib ədasıyla ayağa durdu, koftasının ətəyini aşağı çəkdi. - Edik saat onda gələcək, sakit, sözəbaxan uşaqdı, nə desən, əmrdi onunçün. Desən ki, yıxıl yat, yatacaq. Səhər sən dərsə gedəndə, o da səninlə bir yerdə çıxar.
- Bislanı görmürsən? - iki-üç dəqiqənin içində məni bişirib aldatmağını həzm edəmmirdim deyə, qəsdən bu sualı verib, yenə düz gözlərinin içinə baxdım, yəni, aranızdakı işlərdən xəbərim var.
- Bislan? - heç bu sualın yeriydi mənasında mənə baxdı. - Arada görürəm. Oldu, Nadir, mən tələsirəm, - deyib tez otağımdan çıxdı ki, yerlisiylə bağlı başqa sual eşitməsin.
“Bədbəxt Şamil, oğlunu evinə keşikçi kimi qoyub gedib, arvadı isə ilk fürsətdə keşikçini başından edir”.
Edik axşam saat doqquza on-on beş dəqiqə işləmiş gəldi. Söhbətimiz tez alındı, elə ilk dəqiqələrdə səkkizinci sinifdə oxuyan bu oğlanın tərbiyəli, qanacaqlı olduğu mənə aydın oldu. Arzusu neft mühəndisi olmaq idi, riyaziyyatdan, kimyadan, fizikadan beş aldığını deyəndə, ürək-dirək verdim, olimpiadalarda iştirak etməyi məsləhət gördüm: “Yaxşı yerlər tut ki, qəbul imtahanında konkursa düşsən, sənə köməyi dəysin”. Tezcə bu il fizika üzrə şəhər olimpiadasında ikinci yer tutduğunu dedi, təbrik elədim, Vahid Ələkpərovun fəhləlikdən Rusiyanın o vaxt ən böyük neft şirkəti Lukoylun prezidentinə qədər keçdiyi karyera yolundan danışdım ki, oxumağında, məqsədinə çatmaqda həvəsli olsun. Gözlərini qırpmadan mənə qulaq asırdı. Dəmlədiyim çayı anasının bişirdiyi vatruşka kökəsiylə içdik. Çaya görə təşəkkür edib, çantasından çıxardığı fizika dərsliyini oxumağa başladı, mənsə imtahan suallarına hazırlaşa-hazırlaşa hərdən ona baxırdım. Düzü, heç cürə fikrimi cəmləyəmmirdim, - anası evdə Allah bilir, kiminlə eyş-işrətdədi, oğlu isə gözümün qabağında dərs oxuyur. Mənə çox əcaib gələn bu kontrastdan ətim çimçəşdi. Arada gözünü kitabdan çəkib qaranlıq çölə yönələn Edikin kədərli baxışları sanki bunu deyirdi: “Ehh ana, elə bilirsən, sənin hoqqalarından xəbərim yoxdu? Amma neyniyə bilərəm ki? Evə pul gətirən tək sənsən, ona görə hamımız məcburuq sənə tabe olaq”.
Altıda-yeddidə oxuduğum illər yadıma düşdü. Vaxtında yeməyimizi verən, paltarlarımızı yuyub ütüləyən anam axşamlar işdən gələn atamın danlaqlarını eşidirdi: “Niyə çörəyi özün gedib almısan, uşaqlardan birini maqazinə yollamamısan?!”, “Niyə yeməyə çox duz atmısan!? Bunu heç it də yeməz!” Hərdən içib anamı pis-pis söyüşlərlə söyürdü, döyürdü. Yazıq anam küçədə yerə baxa-baxa gedirdi, qonşuya belə salam vermirdi ki, birdən atam təsadüfən işdən tez gələndə, bunu görər, evdə aləm qarışar bir-birinə. Hər dəfə evdə dava olanda, bacım və qardaşımla o biri otağa qaçırdıq, hamımız söyüşcül “pyanska” atamıza nifrət edirdik. Anamın saçları ağardı, məhəllədə namuslu, dözümlü, üç tərbiyəli uşaq böyüdüb onların oxumağına fikir verən bir qadın kimi tanındı.
Aşağı siniflərdə tez-tez qardaşımla dalaşırdım, çox vaxt mən döyürdüm onu. Buna görə hər dəfə mənə sillə-qapaz vuran anama ölənə qədər nifrət edəcəyimə and içsəm də alınmırdı: maksimum üç gün danışmırdım, yan gəzirdim ondan, gündəliyimi gizlədirdim ki, “5”-lərimi görüb üzümdən öpməsin və biz barışmayaq. İndi qabağımda oturub gözünü kitabdan çəkməyən Edikə baxa-baxa, atama, anama olan nifrətli günlərimi xatırlaya-xatırlaya, həyatın bu təzadlı fərqləri mənə əcaib gəlirdi. Yəqin, Şamil də öz uşaqlarını çox istəyirdi, amma onu o vaxtlar bizi də çox istəyən “pyanska” atamla müqayisə edəndə, Edikə nisbətən özümü bir növ, uduşlu vəziyyətdə hesab edirdim: nifrət etdiyimiz atamız anamıza qarşı kobud olsa da, uşaqlarına qarşı diqqətciliydi. Maşın çilingəri işləyən atam hər şeyimizi vaxtında alırdı, - ailəmiz maddiyyat baxımından korluq çəkmirdi. Uduşlu vəziyyət deyəndə... yəni, atam oğraş, anamsa qəh.., əxlaqsız deyildi. Sonra fikirləşirdim görən, bu uşaq ümumiyyətlə, anasına, ya öz bədbəxt həyatıyla barışan atasına nifrət edirmi, on altı-on yeddi yaşa çatanda, namus məsələsini birdəfəlik həll etmək üçün gecələrin birində baltaya əl atacaqmı?
Birdən Jannanın günorta xahişə gələndə, əlimi əlinə alıb məni ehtiraslandırmağı yadıma düşdü: yaxşı ki, bu dəfə də aramızda heç nə olmamışdı, yoxsa oğluna məsləhətlər verməyimə, şirin-şirin söhbət elədiyimə görə özümdən iyrənərdim: günorta anasıyla seviş, axşamsa oğluna uğura çatmaq yollarından, karyeradan dərs keç. Üstəlik, Bislanla müqayisədə lap pis vəziyyətə düşərdim, onun hardasa mənəvi alibisi varıydı, - Jannayla yaxınlıq edəndən sonra əriylə tanış olmuşdu. Şamillə oturub çörək kəsəndən, məni Nalçikdəki evlərinə, Elbrus dağında gəzməyə dəvət etməsindən sonra arvadıyla sevişməyim sözsüz, oğraşlığın kubu olardı...
Saat on birə qalırdı, Edik fizikadan üzvi kimya kitabına keçmişdi. Yenə pəncərədən qaranlığa baxıb fikrə gedəndə, dedim ki, yuxun gəlirsə, yıxıl yat. “Siz yatanda, mən də yerimə girərəm. İndi kimyadan reaksiyaları yazmalıyam,” - deyib tez dəftər, qələmini çantasından çıxartdı.
23 oktyabr, 2015 – 9 fevral, 2016
Təkrar redaktə: 7-10 sentyabr, 2017
Bakı