Tiflis-Bakı: Kasıb şəhər - varlı şəhər

Tiflis-Bakı: Kasıb şəhər - varlı şəhər
15 oktyabr 2014
# 14:06

Kulis.az Aliyə Dadaşovanın “Tiflis günləri” rubrikasından növbəti yazısını təqdim edir.

Siz heç bizim şəhər merimizi bir teatrın foyesində gördünüzmü? Təsəvvür edə bilməzsiniz. Tiflisdə teatrların birində zaldan çıxıb tamaşaçıları yüngül qəlyanaltıya dəvət edərək, kiçik bir çıxış edib premyera münasibətilə hər kəsi təbrik edən adam şəhərin meri idi. Onun orada olmasına elə də əhəmiyyət vermirdilər-hiss olunurdu ki, onu burada görmək adi bir iş idi. Bir anlıq Bakının merini teatrların birində təsəvvür etdim: Merin özünü təsəvvür etdim. Amma teatr təsəvvürümdən silinib hansısa gedər-gəlməzə getdi. Lap bir zamanlar Bakı Şəhər İcra Hakimiyyətindən balaca bir bina, çıqqılı bir zal uman Bakı Kamera Teatrı kimi.

Oysa Tiflisdə belə teatrlar onlarladır. Çünki tamaşaçıları var. Bir teatrın festivaldan kənar tamaşasını izləmək üçün bilet almaq istədik, məlum oldu ki, hətta bundan sonrakı tamaşanın da biletləri satılıb qurtarıb. Çünki insanlar teatrı vacib hesab edir. Çünki teatrın dəyərli olduğunu bilirlər, çünki teatr onlara maraqlıdır. Bəlkə da ona görə maraqlıdır ki, teatr hər an lazımlı olduğunu duyur...

“Gəldiyin yeri tərifləmək” kimi sovetdən qalma çürümüş publisist klişe deyil, həqiqətən də Tiflis bütün görkəmi ilə, mədəniyyətə verdiyi dəyərlə, sadə və zövqlü gözəlliyi ilə mədəniyyət mərkəzi olmağa layiqdir.

Bakının çox pul xərclədikcə daha da standartlaşan görkəmini, üzü qaşınıb ağardılan qədimi binalarını, “yevroremont” tarixi komplekslərini, qızılı hovuzlarını, bahalı geyim dükanlarının fonunda barmaqla sayılan bir-iki kitab dükanlarını görəndən sonra Tiflisə gələndə məsələnin görünəndən daha ciddi olduğunu anlayırsan.

İş ondadır ki, gürcülər sadəcə, bizdən fərqli olaraq, nəyin dəyərli olduğunu bilirlər. Şəhərdə az qala hər şey-tarixi, mədəniyyəti, yaradıcılığı, HƏYATı vurğulayır: Köhnə bir konka PUB kimi çalışmaqla tarixi, mədəniyyəti bu günə gətirib. Adi dəmir parçası və köhnə cins şalvar teatrda oturmaq üçün kürsüyə çevrilib, qulpu sınıq küp restoranda bir stolun altlığıdır... O stolda isə gürcülər yeyib-içib xorla mahnı oxuyur, hərdən rəqs edirlər.... Onlar xoşbəxt olmağı bacarırlar.... Əgər ölkənin o biri başına gedirsinizsə, yolda sizi Don Kixotun dəmirdən düzəldilmiş heykəli qarşılayacaq, ya siz Ekzüperinin “Balaca Şahzadə”sini görəcəksiniz.

Açdığın kafeyə oğlunun-qızının adını yox, Şekspirin adını vermək qədər axmaq işdisə, gürcülər də o qədər axmaq-axmaq işlərlə məşğul olurlar. Nə uzadım, qısası, şəhərdə baxmalı, görməli hər şey dəbdəbənin, imkanlılığın, avtoritetin yox, bayaq dediyim kimi mədəniyyətin, ədəbiyyatın, incəsənətin, həyatın göstəricisidir.

Tiflisin görkəmində dağınıqlıq var. Amma onun bədii cizgiləri o qədər qabarıqdır ki, bu dağınıqlıq sözünün yerinə məhz bədii səliqəsizlik yazmalıyıq.

Məsələ tək görkəmdədirmi?

Qətiyyən. Elə iş də burasındadır ki, görkəm dekorativ deyil. Mədəniyyəti hər addımda vurğulamaq, dolayısı ilə mənəviyyatı, insanın daha dəyərli olduğunu vurğulamaqdır. Kitab oxuyan, teatra gedən, filmə baxan, musiqi dinləyən insanlar daha sivil olur və sivil cəmiyyətdə çox vaxt ər arvadı, kürəkən qayınananı, qadın qaynını baltalamır, insanlar bir-birinin atı, uzunqulağı, iti olması fikrindən əl çəkib, qarşısındakının insan olduğunun fərqinə varır. Çünki, kitabı, mədəniyyəti, incəsənəti iqnor etməklə cəmiyyət insanı, insanlığı iqnor edir.

Əsl kasıblıq ruhun, qəlbin kasıblığıdır.

Bu mənada Tiflis kasıb şəhər deyil, əksinə qat-qat zəngindir.

# 3368 dəfə oxunub

Müəllifin son yazıları

# # #