Fuad Poladov Kinematoqrafçılar İttifaqının mükafatını aldı

Fuad Poladov Kinematoqrafçılar İttifaqının mükafatını aldı
2 oktyabr 2013
# 16:53

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyəti “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirib. İlk olaraq AKİ sədri Rüstəm İbrahimbəyovun təbrik məktubu oxunub. Tədbirdə Kinematoqrafçılar İttifaqının ənənəvi illik, pullu mükafatları təqdim olunub.

İlk olaraq sənədli kino ustası Ziya Şıxlinski təltif edilib. Mükafat “Sənədli kinoda Azərbaycan tarixinin və mədəniyyətinin uğurlu təbliğinə görə” formulası ilə təqdim edilib. Əməkdar İncəsənət Xadimi Ziya Şıxlinski “Ruslar müharibə istəyirmi?”, "Şopenin qayıtması”, “Səkkiz dəqiqə yarımlıq düşüncə” filmlərinin rejissorudur.

AKİ-nin katibliyinin qərarı ilə Azərbaycan animasiyasının inkişafında böyük xidmətlərinə görə animasiya ustası, ”Birlik” animasiya studiyasının bədii rəhbəri Firəngiz Qurbanova təltif olunub. Bu il həm də istedadlı animasiya rejissoru Firəngiz Qurbanovanın 70 illik yubileyidir. ”Seans”, ”Bulud niyə ağlayır”, ”Anam ağacda” animasiya filmlərinə quruluş vermiş rəssam və rejissor Firəngiz Qurbanovanın filmləri dərin məzmunu, çətin texniki həlli, özünəməxsus müəllif üslubu ilə seçilir.

Azərbaycanın Xalq artisti Fuad Poladov qaliblər sırasındadır. ”Azərbaycan kinosunda parlaq milli xarakterlər yaratdığına görə” formulası ilə təqdim olunan mükafatı sənətkara həmkarı Fəxrəddin Manafov təqdim edib. Fəxrəddin Manafov 10 ildən artıq bir müddətdə ”İbrus” teatrında Fuad Poladovla işlədiyi dövrdən danışaraq onun səhnədə tərəf müqabilindən yüksək peşəkarlıq səviyyəsi tələb etdiyini qeyd edib. Tədbirdə iştirak edən AKİ-nin idarə heyətinin tam tərkibi İttifaqın rəhbərliyini dəstəklədiklərini bəyan etdilər. Milli kinomuzun problemlərinin həlli istiqamətində AKİ rəhbərliyinin təşəbbüsləri İdarə heyəti tərəfindən dəstəklənib.

# 1948 dəfə oxunub

Müəllifin son yazıları

# # #