[b]Öz evini Gürcüstanda tapan qarabağlının hekayəti – RESENZİYA[/b]

[b]Öz evini Gürcüstanda tapan qarabağlının hekayəti – RESENZİYA[/b]
19 mart 2018
# 15:30

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Eviniz abad” rejissor Mirsadıq Ağazadənin ilk tammetrajlı bədii filmidir. İl yarım istehsalatda olub. İşçi adı “Köşk” olan filmin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadədir.

Film Qafar adlı bir oğlanın başına gələnlərdən bəhs edir. Qafar ailəsini müharibənin odundan alovundan çıxaran bir qarabağlının köşkündə doğulub. Həm də yolda - müharibədən qaçarkən. Doğulan kimi də anasını itirib, düşmən gülləsi onun qaşını çapıb, anasını öldürür. Rejissor tamaşaçını bu faciədən qoparıb güllə-boranın içində traktorun yedəyində gedən köşkünün qarşısında rəqs edən atanın sevincinə kökləmək istəyir. Atanın sevincini ifadə edən musiqi ananın faciəsi ilə kontrastda bizi kövrəltməli ikən, biz baş verənlərin real olub - olmamasını düşünürük. Hansısa əsaslandırma kadrlarımı çatmır? Ümumi planda bir kadrınmı yeri əskikdir? Ya filmin ilk saniyələrindən partlayan o mərmi səsi düz seçilməyib, ya musiqi... Düzü, mən bunları bilmirəm.

Janr müəllifin, rejissorun əhvalata yanaşmasıdır. Əhvalat necədir? Bunu rejissor janrla təyin edir. Romantik komediya kimi təqdim olunan filmdə dominant janrı əslində hansıdır?

Qafarın əhvalatı sərgüzəştdirmi? Dramdırmı, komediyadırmı, ya melodramdırmı? Bunu Qafar – Sənan Əlləz özü üçün necə aydınlaşdırıb? Doğulandan izlədiyimiz Qafar vakuumdan qopmuş kimidir. Hansısa mikromühit göstərilmir. İnformasiya var, amma biz Qafarın köşkə bağlılığını duymuruq. Əlbəttə, nağıl dili yüyrək olar. Filmisə nağılvarilikdən qoparan, xeyli məqamlar var.

Temporitm janra bağlı məsələdir. Yalnız filmin ortasından sonra onun bir janra qulluq etdiyini görə bilirik. Bu janr təyini problemindəndir, yoxsa əlaqəsiz montajın fəsadıdır, kim bilir.

“Kim bilir” demişkən, müğənni Eyyub Yaqubovun filmdəki iştirakı da bir başqa hava gətirir. Ola bilər, müəlliflər “Qafqaz şansonunu” kimi ortaq fiqura ehtiyac duyublar. Amma bu özü də temporitmə təsir etmirmi?

Qafarın yaşadığı köşk səhvən gedib Gürcüstana çıxır və buradan o yana köşkün içində özgə yerdə, özgə insanlar içində qalan Qafarın sərgüzəştini izləyirik.

Köşk Tiflisdə küçə ticarətinə icazə almaq uğrunda mübarizə aparan alverçilərin əlindədir. Onlar nümayiş keçirir, haqlarının pozulduğunu deyir, polis onların nümayişini dağıdır. Və bu arada qonşu ölkənin hüquq sistemi görünməmiş insanpərvərliyi ilə komik məqamlara yol açır.

Burdan o tərəfə absurd komediya ritmi qurulur. Tiflis sakinlərinin- gürcülərin bir-birinə və ölkəsinə sevgisi göstərilir. Bu Qafarın vətən həsrətini yada salmalıdır, qəribliyini artırmalıdır, amma Bakının gecə mənzərələrinin təqdimi həsrət yox, Tiflisin gözəllikləri qarşısında borclu qalmamaq kimi görünür. AZTV - sayağı kadrlar filmə bir başqa səs də əlavə edir və bu polifonikliyə yox, qarışıqlığa gətirir.

Qəhrəmanın gərgin dramatizmi, ağır balaban havası, kadrın üstünə yazılan (Yəni kadrdaxili olmayan) musiqilər bu sərguzəşt-nağıl temporitmi ilə uyğunlaşmır. Qısası janrlar bir-birinin içində əriyə bilmir, sanki biz ayrı-ayrı epizodlara baxırıq.

Filmin finalı qəhrəmanların qovuşub vüsala yetməsi ilə bitən nağıllarımızla paralelləşsə də, Qafarın taleyinə, sərgüzəştinə baxmaq üçün vacib rakurs – “üçüncü göz” verilmir. Bu, daha çox operator “xəsisliy”idir. Daha doğrusu, biz dərinə getmədən bunu toy yiyəsindən yox, bir təsvir həlli kimi sərpayıdan istəyirik. Ümumiyyətlə, operator işi filmin təsvir həllində görünməyəcək dərəcədədir.

Bir tamaşaçı kimi bəzən bizi güldürən, bir yerlərə “aparan” kadrların arasında bütöv bir ƏHVALat var, “Köşk” əhvalatı. Amma ona vaxtilə sovet kəndlərinə verilən Leninabad adı kimi ad verib də, “Eviniz abad”la gizləyiblər.

Gürcüstanla bağlı epizodlar film içində film kimidir. Aktyor oyunu, montaj həlli, musiqi, rakurs, seçilmiş səhnələr bir-birini tamamlayır.

Filmin final kadrları uğurludur, rəng həlli, seçilmiş rakurs, qəhrəmanların köşk pəncərəsindən boylanmağı tam bir nağıl finalıdır. Bəlkə film bu kadrdan başlayıb çəkilsə idi, biz başqa bir “Köşk” əhvalatına baxacaqdıq - “Eviniz abad” filminə yox.

Ümumiyyətlə, filmdə belə açar kadrlar, epizodlar çoxdur. Məsələn, gürcü knyaginyası. Onun əhvalatı ilə köşk əhvalatını birləşdirən daha çox bağ var, nəinki Qorxmaz Əlilinin oynadığı lətifə danışıb gedən comərd sahibkarın. Knyaginya da Sənan kimi öz mülkünün əlindən alınmasının faciəsini yaşayır, bolşeviklərə nifrət edən bu qadın şəxsi xoşbəxtliyini tapa bilməyib. Bu əhvalat sovetin “Böyük Vətən” ideyasına şəxsi faciələr kimi qarşılıq qoyur və qaçqın Qafarın əhvalatı ilə uzlaşır:

İnsanları yaşadıqları hisslər birləşdirir, hansısa siyasi doktrina yox. Filmin ideya həllində iştirak edən knyaginya obrazı (taleyi) filmə çoxqatlılıq gətirir.

Kamran Şahmərdanın qarnı ilə ekranın yarısını tutan qəhrəmanı haqda bunu demək olmaz... Hərçənd, onun qəhrəmanının özünü də yükləyiblər: o, yalnız köşk alverində iştirak edən tərəf deyil, həm də məzəli dələduz Zazanın azərbaycanlı ekvivalentidir. Süni yağışla toy etdirəcək qəribəliyi ilə köşk alverinə icazə istəyən “üsyançı” dələduzun qarşılığıdır. Nəyi pisdir ki? Əlbəttə heç nəyi. Amma balans məramı ilə edilməyibsə.

“Köşk” unikal əhvalatdır, köşk bir obyekt kimi də çoxtərəflidir. Köşk tək Qafarın deyil, 90-larda yaşayan, alqı-satqı ilə məşğul olan müstəqil azərbaycanlının vətənidir. Evini, torpağını itirən qarabağlının özüylə gəzdirdiyi dərdidir. Köşk geniş vətənin dar küncüdür. Köşk evimizin olub-olmamasından asılı olmayaraq, qaçıb sığındığımız köşədir. Yəni, eviniz abad olsun, amma o dar köşkün yerini heç nə verməz.

Rejissor tamaşaçını inandırmaq istəyir ki, qəhrəman yalnız öz vətənində-öz köşkündə xoşbəxt ola bilər. “Aləm cənnətə dönsə” də...

# 2242 dəfə oxunub

Müəllifin son yazıları

# # #