Sərrafıq, bir baxışda yar sevərik - Güneydən şeirlər

Sərrafıq, bir baxışda yar sevərik - Güneydən şeirlər
18 avqust 2021
# 15:04

Kulis.az “Sözün Güneyi” layihəsindən urmiyalı şair İsmayıl Ülkərin şeirlərini təqdim edir.

Etiraf

Bax yalanın yekəliyinə bax!
Məni yumruq-təpik altında
Qan qusdurmaq istəyənlər,
Nə yazmışlar nə!
Şəhər meydanında
Dilimi boynumun dalından çıxartdırıb
Asdırmaq istəyənlər:
“Türkçü” və “Azərbaycançı”dır
İsmayıl ÜLKƏR!-

Min ildir anam “Həcər”
Məni qurban deyib torpağına, oğlum!

Fəqət sancılı-sancılı
Gora götürməlisən
Üfüqə sancaqlı ülkərin axmasını!
Qanımın axmasını
Hər zaman zümzümə et zümzümə!
Mən
Bu yurda axdıracağam,
Öz torpağımda görmək istəyirəm
“Zəmzəm”in axmasını!
“Çı” , “çu” quyruğu
Tülkü yaraşığı!
Mən nə “Türkçü”yəm
Nə “Azərbaycançı”!
Mən
“İmadəddin Nəsimi”nin nəticəsi
Və “Qurd Osalı”nın nəvəsi bir şamanam!
Mən,
Cılxa “Türk”əm, gedə!
Teyxa Azərbaycanam!

***

Biz çaxır sərpmərik, çaxır içərik
Yamanı yaxşıdan yaman seçərik

Yeni dövran quranlarıq özümüz
əkərik ayrılıq, vüsal biçərik

Necə “qıl körpü” min qılınc körpü
Qurulursa, ayaq yalın keçərik

Biz, əyilməz boyun, bükülməz bel
Çökməyən diz tapılsa diz çökərik

Aşığıq, əynimizdə sevda təri
Sərrafıq, bir baxışda yar sevərik

Sevilib keçmişik sınaqlardan
Kam alar, kamuran olar köçərik

Ata bilməz bilək bizimlə fələk
Bilir eşq əhliyik, belin bükərik

Almarıq qalə biz ağıllıları
Dəli-sevdalı qayğısın çəkərik

Nə qədər xor sanılsaq öylə xoşuq
Tikilən cübbə-qübbəni sökərik

Qəmə-qəddarəsiz qələmlərlə
Qəmə-qəddarə hörmətin tökərik

Gecə güc gəlsə hər qədər qorxma!
Ülkərik, dan yerin gələr sökərik!


Sən gəlmədin

Çay dəmlədim
Kişi-şaircəsinə!
Dağ nəfəsindən, kəklik səsindən
Ətir almış ot artırdım.

Oxudum
Küçəli-yarlı mahnılardan ağız-ağız
Dünyanın düz ortasında olan
Armud ağacımın altını suladım,

Gəlmədin!

Sonra...
Axşam xosanlaşdı aşına-aşına...
Yalqızlıq,
Qaranlıq çırağını tutaraq qarı dodağına yaxınlaşdı
-Bir arxayınlıq kamanı ataraq qaşına-
İçimi yandırdım!
Çənəmi
Dizimi
qolumu
ürəyimin ocağına qaladım!

Gəlmədin!

Bu axşam gələcəkdin!
Sıxılıb-sıxılıb ürəyim
Aşıq alması kimi kiçilmişdi dünyam...
Onu səninlə yarı böləcəkdim...

Səsin yox ikən pıçıldanırdı sözlərin,
Özün yox ikən
Üzün böyüyürdü...
Əzilirdi özlüyüm, azalırdı səsim
Kiçilmişdim!
Ayrılıqla baltalanmışdım!
Ayağım dalımca,
Əlim qolumca gəlmirdi!

Yoxluq
Yuva salmışdı gövdəmdə
Böltələnmişdim!
Baş barmağımı qaldırdım,
Ayı götürdüm,
Beş barmağımı qaldırdım
Göyü gətirdim ulduzlarıyla!
Sərpdim qaranlıq aləmin dolama yollarına

Gəlmədin!
--
Çay soyudu,
Kəklik
Uyudu!
Su
Qurudu,
Armud ağacı soldu!
...
Dişisi itmiş
Kişi bir qurd kimi uladım!

Sən
Gəlmədin!

Sev-sev...

“Son”a dək olmaq istəsən, sev! Sev!
əbədi qalmaq istəsən, sev! Sev!
Sevgidən sonra hər şeyin sonu var
“Cism”i “can” qılmaq istəsən, sev! Sev!

Sevgidir sevgi varlığın amacı
Sevgidir sevgi yoxluğun əlacı
Sevgi varsa zəhər şəkər kəsilər
Sevgi yoxsa zəhər şəkərdən acı!

Gülcə cənnət qılaq fələk yatağın!
Nə ipək? Sevgidən salaq yatağın!
Versələr sevgi varla yox verəyin
Can alıb sevgi satsalar satağın!

Sevgi ən sınmayan əzəl sünnət
Sevgidən qeyri çəkməyək minnət
Sevgisizlik cəhənnəmindən çıx!
Sevdalan, sevdalan! Budur cənnət!

Anam Urmuya

Eşidirsinizmi siz də?
Urmuya qulaq asıram Urmuya!
O qumruları səs-səsə verənməmiş çınarı dinləyirəm!

Siz də dalırsınızmı?
Urmuya dalıram mən, Urmuya!
Fərələrini qorumağa qanad gərən o vüqarlı “qu”ya...

“Zartoşt” ocağı başındayam
- İsti və sıcaq -
Odlar yurdunun çörək qapısındayam.
Təndir, bərəkət qoxuyur tənim.
Un kimi üzüm ağ!

Üskük-üskük su daşıyır,
Dəyirman dolandırıram...
Urmunu işləyirəm, Urmunu!

“Ülkər”əm!
Ağzında yüyən çatlayan
Urmudan gələn bir at üstündəyəm.
Hələ də görürəm!
Siz də görürsünüz
Gördünüz, deyilmi?

Qırmancladı “saman meydanı”nda
Buğda tığımı “qızıldiş qəşə”
Gözügöy gavur qaldırdı bir baş
Məscidimin düz qapısında qan piyaləsini!
Hələ də cingildəyir bazarımın bacasında
-Eşidirsiniz deyilmi?-
“Mal-i əcəm həlalə!” səsini...

“Qabağı donuz
Dalısı dəniz” şəhərim!
Tanığımsan
Məhşər günüdür
Şahidim ol!
Minlərcə dağıldıq
Yüzlərcə boğulduq
Onlar yol
Onlar yol...
Yenə səndən umduq çaramızı!
Sadəcə sənin qapına gəldik.

Olub bitəni övladına sormadın
Sən sarmadın!
Duzunla diri saxladın yaramızı
Ayınla ulduzunla ayazınla
Döllədin qəbirlərimizi
“Kazım xan”،
“Qurd Osalı”
Boğazıyla böylə uladın:
Bu ölkədən bir çınqıl
Yad nalına dərilməz!
Can-başdan pay verilsə
Torpaqdan pay verilməz!

Və qalxdıq qəbirlərimizdən
At döşündən
İt dişindən aldıq səni,
Səni yenidən doğduq əziz şəhərim,
Sən
Yenidən doğuldun kişi bətnimizdən.
Və sonra iliklərimizə işlətdin
Bu yasanı hayqıraraq:
-Nə qədər varsa gəlsin
Yurdumuza göz tikən
Çağırılmamış qonaq!
Türkük
Qonaq sevərik!
Torpağımızın üstündə olmasa da
Hamısına altında yer verə bilərik.

# 7777 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #