Ey rəssam, uzaqları yaxına çəkə bilərsənmi? – İranda qadağa qoyulan Təbriz şeirləri

Ey rəssam, uzaqları yaxına çəkə bilərsənmi? – İranda qadağa qoyulan Təbriz şeirləri
6 oktyabr 2021
# 17:33

Kulis.az “Sözün Güneyi” layihəsindən Çalğın Məhəmmədin şeirlərini təqdim edir.

Çalğın Məhəmməd 1977-ci il martın 21-də Təbriz şəhərində doğulub. Dörd kitabı işıq üzü görüb. "Əlvida", "Yalan sərgisi" Bakı şəhərində, "Mən qaınların tərəfindəyəm", "Şeir kimdi" İstanbulda çap olunub. İranda şeirlərinin yayılmasına qadağa qoyulub. O, həm də xalçaçı-rəssamdır.

Qorxuram

Qorxuram...
İçərimdəki bu sükutdan
Nədən ölülərdən qorxallar bilirsinizmi?
Çünki ölülər danışmazlar.

Qorxuram...
Çünki uşaq deyiləm artıq,
Artıq, küçələrdə çöpünən təkər dığırlatmıram
Qonşunun camına top atmıram artıq.
Bir az böyümüşəm yəni
Və insanlar böyüdükcə qorxarlar.

Qorxuram...
Çünki aşiq deyiləm
Dodaqlarından yaqut yatağı axtarmıram daha,
Daha sinəndəki dağların arasında gəmilərim qərq olmur
Eşqin gözəlliyi burasındadır ki,
Nə ağlı var...
Nə də huşu...
Eşqin gözəlliyi burasındadır ki,
Suyun üstündə yol gedir Amma...
Qərq olmur.

Qorxuram...
Çünki hər bir zadım var...
Yəni, iki əlim var
İki ayağım var yəni
Ağzımda dişim var
Yəni başım da var.

Amma...
Başımda ağlım yox.

Dənizdən gəlirəm

Dənizdən gəlirəm!
Qadınların göz yaşlarından başqa,
Heç nə görmədim.

Bəla

Buralarda bir ölkə varıydı
Ölkədə bir şəhər,
Şəhərdə bir ev,
Evdə bir igid.

Bir bəla gəldi
Saqqalı ətəyindən uzun bir bəla.

Dağıtdı...
Ölkəni şəhər ilə,
Şəhəri eviylə,
Evi igidiylə.

Uçuş

Hey!..
Gözləri uzaqlara bənzəyən xanım
Sən uçuşuna davam et
Mən qanadlarımdan küsmüşəm.

Şeir yazanda

Şeir yazanda,
İmperaturlaşıram.
Yer kürəsi mənim dəsturumda olur
Və kəhər atı minib gün batana doğru çapıram.

Şeir yazanda Günəşləşirəm.
Bütün gözlər qamaşır mənə baxanda
Nə varsa, məndən rəng alır.
Dənizdə, maviləşirəm
Üfüqdə qızarıram axşam üstləri.

Şeir yazanda Gözəlləşirəm.
Yanaqlarımda alma bitir
Dodaqlarımda lalə
Şeir yazanda...
Mən nə qədər böyüyürəm şeir yazanda?

Rəssam

Və sən...
Hey!!!
Əziz rəssam,
Uzaqları yaxına çəkə bilərsənmi?

O vaxt ki…

Yollar,
Maşının qulaqlarına nə deyirdilər?
O vaxt ki, sən gedirdin
O vaxt ki…
Mən ardınca su səpirdim…

Bu gecə

Bu gecə,
Bizim üst otaqda oturmuşdu Allah.

Mən ona
Bu şeiri hədiyyə verdim.

O, mənə Günəşi verdi.
Suyu, torpağı, havanı verdi
Və bütün gözəllikləri.

Sizlərə,
Ey yer kürəsinin üstünə silah çəkən diktatorlar,
Sizlərə heç zad qalmadı!..

Xatirə

"Sevdiyin qız gəlin köçür" dedilər,
Otağın ortasına atdım əlimdəki stəkanı,
Ağlaya-ağlaya ardınca qaçdım,
Əynindəki gəlin donunun ətəyindən asıldım,
Məni buraxıb getmə dedim,
Buludlu bir baxışla üzümə baxıb
"Ağlaya-ağlaya" dedi:
- Yağışda durma, islanarsan.

# 7792 dəfə oxunub

Oxşar xəbərlər

# # #