Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...
2 noyabr 2023
# 10:20

Bu gün Xalq artisti, bəstəkar Emin Sabitoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə sənətkar haqda maraqlı faktları təqdim edir.

Emin Sabitoğlu Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində dünyaya göz açıb.

***

Yazıçı ailəsində doğulmağı onun gələcəkdə bir sənətkar kimi yetişməsində müstəsna rol oynayacaqdı. Evlərinə daim məşhur şairlər, yazıçılar, sənətkarlar gələrdi.

Emin Sabitoğlu indiyə kimi 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın tamaşalara yazdığı o qədər çox musiqisi var ki, özü də sayını dəqiq deyə bilmirdi.

***

Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini uğurla bitirib.

***

Hələ gənc ikən çalışmağa başladığı ilk müğənnilərdən biri Şövkət Ələkbərova olub. Şövkət xanıma mahnılar bəstələyib. Həmin mahnılara görə “Komsomol mükafatı” qazanıb.

Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi nəhəng sənətkarların repertuarında mühüm yer tutub.

***

Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olurlar və evlənirlər.

***

Bu evlilikdən bir qızları olub. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib.

Image result for Emin Sabitoğlu Xədicə

İkinci həyat yoldaşı o dövrün tanınmış müğənnisi Xədicə Abbasova olub. Elə Cəmilə xanımdan ayrılmağına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da qızı ilə heç vaxt əlaqəni kəsməyib.

***

Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşım vardı. Aralarında 20 yaş fərq olub.

***

İkinci evliliyindən uşaqları olmur. Daha doğrusu, iki oğlan uşaqları dünyaya gəlir, ancaq hər ikisi körpə vaxtı vəfat edirlər.

Mirzə Babayevin səsinə, ifa tərzinə uyğun olaraq “Kəpənək” mahnısını bəstələmişdir. Mirzə Babayev Emin Sabitoğlunun mahnılarını ən çox oxuyan müğənni olub.

***

Xədicə xanım Eminlə tanışlığını belə xatırlayır: “Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. Emin məni görəndə, Rəşid müəllimə dedi, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı. Bundan müğənni olar?” Aradan vaxt keçir Xədicə xanım sənətdə özünü göstərir və tanınır. Tədbirlərin birində görüşürlər. Emin Sabitoğlu ona vurulur.

***

Bəstəkar Xədicə xanımı sevəndən sonra teatra içkili gəlirmiş. Tez-tez sevdiyi qadının pəncərəsinin altındakı skamyada oturub gözləyirmiş. Bir gün Xədicə xanımın anası onun bu hərəkətindən təngə gəlir və bəstəkara deyir: “Qızım haqqında müxtəlif fikirlər yaranacaq, ailəli adamsınız, evinizə gedin”. Emin söz altında qalmır və dilə gəlir: “Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım”.

Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm sol əllə yaza bilirdi.

***

Siqaret qutularının üzərində, vərəqlərin kənarında melodiyalar yazırdı.

***

Emin Sabitoğlu əsərlərini piano olmayanda da yazırdı. Bədahətən, çox tez yazırdı musiqilərini. Əsərlərinin üzərində çox da işləmirdi.

O, ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Baklı vaxtına qoymuşdu.

***

Emin Sabitoğlunun qəribə xasiyyətləri vardı. Misal üçün, jurnalistlərə heç vaxt telefon nömrəsini düzgün vermirdi.

***

Emin Sabitoğlu qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun ürəyinə tıxanması səbəbindən vəfat edib.

# 53008 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #