94 yaşında İsraildə vəfat edən yazıçımız - Çingiz Hüseynovun əsərləri niyə qadağan olunmuşdu?

94 yaşında İsraildə vəfat edən yazıçımız - Çingiz Hüseynovun əsərləri niyə qadağan olunmuşdu?
9 yanvar 2024
# 14:27

Kulis.az dünən vəfat edən yazıçı Çingiz Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib.

Müdrikliyin Çingiz Hüseynov zirvəsi – Novator.az


***

İlk əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb və elə o vaxtdan ədəbi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb.


***

Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.

***

Onun əksər əsərləri əvvəl Rusiyada, rus dilində çap olunub, sonradan Çingiz Hüseynov özü əsərlərini dilimizə tərcümə edərək çap edib.

“İlk hekayə-povestlərimi (buraya “Qafiyəsiz duyğuları” da əlavə etmək olardı) öz dilimizdə yazmışdım; ilk romanım (“Məhəmməd, Məmməd, Məmiş”) rədd olundu, məcburən rus dilinə çevirməli oldum (daha doğrusu, rusdilli orijinalını yaratdım), 1975-də çap olundu;
“Məhəmməd, Məmməd, Məmiş”in taleyini nəzərə alıb “Fətəli Fəthi”ni rus dilində yazdım, böyük çətinliklərlə Moskvada 1981 və 1983-cü illərdə çıxdı. Bakıda əsərimlə maraqlandılar, bu dəfə ruscadan dilimizə çevirməyə başladım... – “çevirdim” demək olmaz: Azəbaycandilli orijinalı doğuldu, 42 ç.v. həcmində, 1986-da kiril əlifbasıyla “Yazıçı”da çıxdı (dil və oxucu hökmündən doğdu həcmi!); bu dəfə də böyük çətinliklərlə Moskvada çıxdı: senzura yasaqları ucundan!..”

Çingiz Hüseynov, Vladimir Pimenov, Əziz Şərif - Photo #225 - AzKataloq |  Azərbaycanın Onlayn Foto və Sənəd Arxivi - Online Photo and Document  Archive of Azerbaijan

***
Ən məşhur əsəri “Fətəli fəthi”nin yazılmasında da arxiv materiallarından, o dövrün məktublarından, yazışmalarından istifadə edib:

“Mənim bütün yazılarım cəmiyyətdə, böyük-kiçik ölkəmizdə, dünyada baş verən ədalətsizliyə, yalana, insanı (yəni mənim özümü də!) alçaldan meyllərə-hərəkətlərə qarşı etirazımdan doğmuşdur... Bu dəfə etiraz oxu mənim özümə tuşlandı: “sən ki, - dedim özümə, - despotik sistemə xidmət edirsən!..” Və birdən ayılan kimi oldum: “Sənin həyatın bir dəfə yaşanmışdır! Sənin həyatını Mirzə Fətəli yaşamışdır! Rəsmən “rütbəli-paqonlu” qulluq və əslində isə ədalətsizliyi rədd edən yanar ürək döyünür sinəndə!.. Bu faciəni qələmə almasan, bağrın çatlar!..” Və məhz özüm üçün, özümü dərk etmək naminə yazmaq! Bu – şərtdir!.. 10 il heç kimə demədən əsər üzərində çalışdım. Özüm üçün yazırdım: özümü ki aldatmayacağam?! Bircə dənə də uydurulmuş tarixi sənəd yoxdur romanımda!.. Tbilisi, Bakı, Moskva arxivləri və s. digər sənədlər... “Fantaziyalar” – yuxulardır, gələcəyə baxışdır..."

Müdrikliyin Çingiz Hüseynov zirvəsi – Novator.az


***

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

***

O, 2014-cü ildə AYB-dən istefa verib.

Mövlud Süleymanlının “Çingiz Hüseynovun getməsi ilə AYB heç nə itirmir” fikrinə isə yazıçı belə cavab verib:

“Mövlud tamamilə haqlıdır: “Ayı meşədən küsüb – meşənin xəbəri yox” misalı”.

***

Müsahibələrinin birində ədəbiyyatşünas Nizami Cəfərov haqqında "Dərs dediyim MQU-da oxusaydı, ona "iki" yazardım, çünki ədəbiyyat tarixindən və nəzəriyyəsindən xəbərsizdir" deyən yazıçı ona adını dəyişməyi məsləhət görüb:

"Farsdilli Nizaminin bizim ədəbiyyatımıza nə dəxli var?"

Nizami Cəfərov isə yazıçıya belə cavab verib:

“Çingiz Hüseynov, ümumiyyətlə, ciddi bir ədəbiyyatşünas kimi tanınmır. Ciddi bir ədəbiyyat nəzəriyyəçisi də deyil. Çingiz Hüseynov həqiqətən yaxşı müəllim olsaydı, indiyə qədər Azərbaycan üçün iki-üç nəfər yaxşı ədəbiyyatşünas yetişdirərdi. Ona görə də mən Çingiz Hüseynovun özünə məsləhət görürəm ki, mənim yazdıqlarımı oxusun. Mənim yazdıqlarımı oxusa, bilər ki, mən nə yazıram və mənim səviyyəm nədir. Mən Çingiz Hüseynovu hətta bu yaşında belə özümə tələbə götürmərəm, nəinki gəncliyində. Biz onu daha çox yazıçı kimi tanıyırıq. Yazdığı əsərlər də məlumdur. "Məhəmməd, Məmməd, Məmiş"dən başlamış ta "Fətəli fəthi"nə qədər. Elə bu əsərlərin adına Azərbaycan oxucusu fikir versə, görər ki, bu hansı ədəbiyyatdır, hansı cərəyandır, hansı yaradıcılıq texnologiyasıdır. Odur ki, Çingiz Hüseynov fikir söyləyəndə əvvəla, bir balaca qarşısındakını tanısa, ona bələd olsa, səviyyəsini bilsə yaxşıdır..."

Çingiz Hüseynov vəfat etdi

***
Yazıçı dəfələrlə qadağalara məruz qalıb:

“Qadağan olundum. 14 il, 1970-1984-cü illər arasında Rusiyadan çıxmağıma icazə verilmədi. Ədəbiyyat kürsüsündəydim, amma, sən demə, əvvəlki səyahətlərim, Türkiyədəki görüşlərim bəzilərini narahat edibmiş. İlk romanım “Məhəmməd, Məmməd, Məmiş” dərc edildi. Ondan əvvəl xatirələrimi də yazmışdım. Romanım Azərbaycandakı sovet inqilabından bəhs edirdi. Xaricdə çox maraqla qarşılandı. ABŞ-da dərhal dərc olundu. Məni kitabın təqdimatına dəvət etdilər, amma təqdimata getməyim qadağan olundu. İcazə verilmədi deyə, ABŞ-a gedə bilmədim. Daha sonra Fransada dərc edildi. Fransa Yazıçılar Birliyi çox aktiv davrandı. Məni dəvət etdiklərini hər bir rəsmi quruma bildirdi. Nəticədə Fransaya getməyimə icazə verdilər. Bir həftəliyə Parisə getdim, amma proqram 10 günlükmüş. Fransızlar qalmağımı istədilər, amma mən cəsarət edə bilmədim. 1984-cü ildə Sovet İttifaqının tez bir zamanda dağılacağını kim deyə bilərdi? Düşünürdük ki, əbədi davam edəcək. O səbəbdən qadağan olunmaqdan qorxurduq. Amma sonra SSRİ içəridən dağıldı”.

Müdrikliyin Çingiz Hüseynov zirvəsi – Novator.az

***
Uzun illər Rusiyada yaşayan yazıçı Rusiya-Ukrayna müharibəsi haqqında bunları deyib:

“Rusiya uçurumun astanasındadır. Bir addım da atsa, uçurumdan yuvarlanacaq. Rusiyanın başladığı müharibə heç bir məntiqə sığmır. Dövlətdən xəbəri olmayan bir adam, KQB işçisi hakim olub. Böyük mədəniyyəti, tarixi olan bir ölkədə istədiyini edir. Camaat da susur. Amma Putinin nüfuzu elə Rusiyanın özündə sürətlə düşür. Çünki yalan siyasətə çevrilib. Həqiqəti demək cinayət hesab olunur. Yalnız söyləmək ha, hələ hərəkət etməkdən danışmırıq. Düzü demək cinayət hesab olunur, buna görə insanları qazamata salırlar. Tarix boyu bəşəriyyət bənzər vəziyyətləri çox görüb, amma beləsini görməyib. Şahmatda qaydalar var, bu qaydaları pozmaq olmaz. Həyatda da qaydalar var, ona uyğun davranmalısan. Amma Putin təzə qaydalar icad edib. Deyir ki, gəlin, bu qaydalarla oynayaq. Əlbəttə, dünyada ideal ölkə yoxdur. İsrail də ideal ölkə deyil. Burda da çoxlu problemlər var. Amma İsraildə vicdan var, qanun, ədalət var”.

20 APREL — YAZIÇI ÇİNGİZ HÜSEYNOVUN DOĞUM GÜNÜ | газета ОЧАГ (OCAQ) Самара

***
Azərbaycanlılarla ermənilərin birgəyaşayış imkanlarını ərəblərlə yəhudilərin birgəyaşayış imkanları ilə müqayisə edən yazıçı birgəyaşayışın mümkün olmadığını düşünürdü:

“Birgəyaşayış mümkün olmasa da, bu problemlə bağlı çox ciddi müzakirələrə ehtiyac var. Bu müzakirələr uzun müddətli olmalıdır. Burada Rusiyadan da çox şey asılıdır, ancaq bilmirik, bu dövlətin axırı necə olacaq. O cümlədən də Qarabağda yerləşdirilən sülhməramlıların. Üç-dörd saata həll edilməli olan məsələni yoluna qoymur bu dövlət. Amma hər halda az-çox biz qalib gəldik. Mən azərbaycanlılarla ermənilərin birgəyaşayış imkanlarını ərəblərlə yəhudilərin birgəyaşayış imkanları ilə müqayisə edərdim. Yəhudilərlə ərəblərin birgə yaşaması qəti mümkün deyil. Bu məsələlər 5-10 illə həll olunası deyil. Ermənistanın havadarı Rusiyadır, amma bu gün Rusiya öz başını itirib. Ona görə də ermənilər ağıllı tərpənməlidirlər, əslində, onlar elə də ağılsız millət deyil. Ermənilər bizimkilərlə dil tapmalıdırlar. Bunsuz mümkün deyil. Onlar Türkiyə ilə əlaqələrinin qurulmasında maraqlı olmalıdır. Türkiyədə nə qədər erməni yaşayır. Öz iqtisadiyyatlarını dirçəltməli, ekstremist şüarlardan əl çəkməlidirlər. Biz isə dünyaya göstərməliyik ki, Azərbaycanda insanlar necə gözəl, firavan, azad yaşayırlar. İnanın, bunun münaqişənin gedişinə çox böyük təsiri olacaq”.

Yazıçı Çingiz Hüseynov(müsahibə) » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr,  son xəbərlər, kitablar, poeziya

***
Uzun müddət İsraildə yaşayan yazıçı İsrail-Fələstin münaqişəsində İsrailin yanında olduğunu demişdi:

“Əl-Qüds, Yerusəlim əsrlər boyu yəhudilərin paytaxtı olub. Ən azı beş min illik müddətində. Və bu, Tövrat və Bibliyada, hətta Quranda da vardır. İki dəfə uçurulub, eramızdan əvvəl və I əsrdə. Uzun müddət xristianların, daha sonra Osmanlı imperiyasının ərazisi olub, I Dünya müharibəsindən sonra “mandat” ərazisi kimi Britaniyayanın tabeliyində olub. Əslində, Qüds üç dinin şəhəridir və İsrail bunu təsdiqləyir, abidələri qoruyr, nə xristianları, nə də müsəlmanları təqib etmək fikrində olmayıb, indi də bu fikirdən uzaqdır. Mən burada gördüklərimi deyirəm.
Son zamanlara qədər üç dinə aid şəhərin şərq hissəsində yerləşən bu müqəddəs və həm də qazanc mənbəyi olan abidələr – uçurulmuş Sinaqoqadan qalma faciəli keçmişin yadigarı - “Közyaş divarı“, İsanın edam yeri və məqbərəsi, Məhəmməd Peyğəmbərin “isra-mirac” və Ömərin qələbələri şərəfinə ucaldılmış iki məscid müsəlmanların tabeliyində olub... BMT-nin qərarı ilə 1947-48-ci illərdə Fələstin ərazisində iki dövlətin, yəhudi və ərəblərin, yaranması qərarını yəhudilər qəbul etdilər, ərəblər isə bu qərarla nəinki razılaşmadılar, hətta o gündən ərəb ölkələri ilə birlikdə bu günə qədər davam edən (üç nəsil!) İsrail ilə qanlı müharibəyə başladılar. Qərar-niyyətləri isə o zamandan dəyişilməzdir, bunu açıq aydın yüksək tribunalardan elan edirlər: İsrail bir dövlət kimi ləğv olunmalıdır! Yəhudilər qovulmalıdır! Bütöv ərazi ərəb-fələstinlilərin olmalıdır! Və bu ölüm-dirim müharibələrdə İsrail daima qələbə çalmış, Fələstin ərəbləri isə torpaqlarını qarış-qarış itirməkdə olublar... Mən yəhudi deyiləm, amma haqq-ədalət onların tərəfindədir. Odur ki, Tramp, din söz-söhbətləri, islam abidələrin zəbti, “işğal” və s. bütün bunlar bəhanədir, siyasi oyunlardır, üstəlik “antisemitizmin” qalıqlarıdır. Düşündüyümü, şahid olduğumu deyirəm...”

Çingiz Hüseynovun \"Fətəli fəthi\" kitabı nəşr olunub

***
Qeyd edək ki, Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov dünən 94 yaşında İsraildə vəfat edib.


# 8093 dəfə oxunub

Oxşar xəbərlər

# # #