45 yaşı tamam olmayan Akif Səməd 65 yaşında

45 yaşı tamam olmayan Akif Səməd 65 yaşında
22 iyul 2024
# 13:12

Bu gün mərhum şair Akif Səmədin 65 yaşı tamam olur.
Kulis.az bu münasibətlə şairin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Mərhum şair, jurnalist Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif qəzetlərdə, Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitabları nəşr olunub.

Rəsmi olaraq doğum tarixi 1959-cu il iyulun 22-si olsa da, Akif Səməd deyir ki, sənəddə göstərilən tarix düz deyil. Anası Akifə deyirmiş ki, sən peçlər götürüləndə doğulmusan. Yəni, təxminən, martın 22-23-ü.

***

Kimsə Mövlud Süleymanlıdan xahiş edir ki, Akifi işə götürsün. Mövlud Süleymanlı da Akif üçün ölkə üzrə folklor nümunələri toplayan müxbir ştatı yaradır. Bununla da Mövlud Süleymanlı həm də ilkə imza atır.

***

Dostlarının dediyinə görə, Akif Səməd həmişə and içəndə "O üç kitab haqqı" deyirmiş. Hamı da elə bilirmiş, müqəddəs kitabları nəzərdə tutur. Bir gün söhbət həmin kitablardan düşəndə şair deyir ki, öz yazdığım kitablara and içirəm, mənim də haqqım onlara çatır.

***

Akif Səmədin Vətən sevgisi də şeirləri kimi novatorcasına idi.

O deyirmiş ki, bilirsiniz, biz vətəni niyə yarımçıq sevirik? Çünki vətən özü də yarımçıqdır: 20 faizi işğaldadır.”

Türkiyədə ciddi tədbirlərin birində türk qardaşlarımız Akif Səməddən soruşurlar:

- Şair, erməni nədir ki, onun qabağından qaçdınız?

Akif Səməd qeyri-adi cavab verir:

- Erməni nədir? Biz rus imperiyasından 80 faiz torpağımızı azad eləmişik, 20 faiz qalıb. Bizə kömək eləməkdən iynəli suallar verirsiz.

***

İki dəfə infarkt keçirən Akif Səmədin əməliyyatına üç min dollar lazım olur. Pulu tapa bilmir. Həkim bu rəqəmi ilk dəfə deyəndə gülür və deyir: "Üç minim olsa, ürəyim niyə ağrıyırdı ki?!"

***

Akif Səməddən danışanda ən çox müzakirəyə səbəb olan hadisə, 2004-cü ilin mayında Musiqili Komediya Teatrında keçirilən Yazıçılar Birliyinin qurultayıdır. Qurultayda sədr seçilməsi məqamında heç kimin gözləmədiyi bir hadisə baş verir. Arxa cərgələrdən birində əyləşmiş Akif Səməd ayağa qalxıb öz namizədliyini irəli sürür. Hamı arxaya çevrilib qırmızı köynək, qara, miləmil kostyum geymiş adama baxır. Rəyasət Heyətində əyləşənlər də bir anlıq çaşqın vəziyyətə düşürlər. Həmin gün Akif Səmədə bir nəfər səs verir.

Akif Səməd dostu Akif Əliyə bu hadisə ilə bağlı belə deyib: “Çayxanada uşaqlar demişdilər, sən namizədliyini irəli sür, biz sənə səs verəcəyik. Mən də kişi kimi sözümün üstündə durdum, amma onlar…səs vermədilər. Köhnələrin, kinlilərin, kifirlərin mənə lağ eləməsinə şərait yaratdılar. Üzümə bəh-bəh deyənlər altda əbləhlik elədilər...”

***

Bir gün Akif Səmədə yaxın bir həkim araq içməyi qəti qadağan edir. Akif müəllim israrla yüz qram içməyə icazə ala bilir. Bir gün yüz qramdan artıq içdiyini görən dostlarından biri soruşur:

- Bəs həkim yüz qaramdan artığını qadağan eləmişdi?

Akif Səməd cavab verir:

- Üç həkim dostum var. Hərəsindən yüz qramın icazəsini almışam...

***

Rəhmətə gedəndə oğlu Ulucay Akifin 9 yaşı olub. Onun sözlərinə görə, şair ömrünün son illərində şahmat oynamağı öyrənib, hətta oğlu ilə oynayan zaman tez-tez ona uduzurmuş.

Oğlunun sözlərinə görə, atasının ölümündən sonra ata qohumları və ən yaxın dostlarının çoxu onlarla əlaqələrini kəsirlər.

***

O yaşından olduqca qoca görünürdü. İri, qalın bığları... buxara papağı... 40 yaşı olanda dostları zarafatla mindikləri taksi sürücüsündən qarşıda əyləşən Akif Səmədə neçə yaş verdiyini soruşurlar. Taksi sürücüsünün cavabı qəribə olur:

- 73.

Sonralar bu əhvalatı xatırlayan Akif Səməd hirslənir:

- Kopəyoğlu elə də 73 deyir, elə bil, çox dəqiq bilir. Heç olmasa, 70 deyə, 75 deyə, yuvarlaqlaşdıra, adam yanmaz.

***

Şairin ölümü gözlənilməz olub. O, 2004-cü il iyulun 6-da Azərbaycan Yazıçılar Birliyinin qarşısında 44 yaşında qəfil növbəti infarktı keçirir və elə ordaca dünyasını dəyişir. Qazaxda doğma kəndində torpağa tapşırılır.

***

Yazıçı Kənan Hacı həmin günü belə xatırlayır:

“Akif Səmədin ölümü mənim gözümün qabağında olmuşdu. Bir neçə dəqiqə əvvəl Yazıçılar Birliyinin Natəvan klubunda şair Rəfail İncəyurdun kitabının təqdimatında çıxış edirdi. Səhv etmirəmsə, tədbirin aparıcısıydı. Ondan əvvəl pilləkənlərdə rastlaşdıq, hal-əhval tutduq. Dedi, qalxım redaksiyaya, uşaqlara təzə kitabımı gətirmişəm. Birlikdə “Ulduz” jurnalının redaksiyasına qalxdıq, Qulu Ağsəsə və mənə kitablarını bağışladı, avtoqraf da yazdı. Sonra başımız söhbətə qarışdı, Akif Səməd səssizcə çəkilib getdi. Uşaqlarla sağollaşıb aşağı düşəndə Natəvan klubunun qapısından içəri boylandım. Akif Səməd səhnədə ayaq üstə dayanmışdı, danışırdı. Samir Sədaqətoğlu ilə aşağı düşdük. Bir az parkda gəzişdik. Və... Bilmirəm, nə qədər müddət keçdi. Yazıçılar Birliyinin qarşısına xeyli adamın yığıldığını gördük və tez yaxınlaşdıq ki, görək nə baş verir.

Ölüm Akif Səmədə yolu keçməyə imkan verməmişdi. Yerdə uzanmışdı və xırıldayırdı. Bir az əvvəl Qulu Ağsəsin ona verdiyi “Ulduz” jurnalının son sayını kimsə başının altına qoymuşdu. O jurnalı oxuya bilmədi... Akif Səməd, beləcə, bir göz qırpımında canını tapşırdı. Az sonra Nizami Cəfərov da gəlib çıxdı. Əlisəmid Kür və bir neçə nəfərlə birlikdə Akif Səmədi maşına qoyduq. Yadımdadır, İlham Qəhrəman bir küncə çəkilib hönkürürdü..."

***

2019-cu ildə Masazır qəsəbəsində küçələrin birinə Akif Səmədin adı verilir.

Dərd yaşamağa həmişə böyük ürəklər axtarır. Balaca ürəklərin dərd yükünü daşımağa, gücü olmur. Böyük ürəkdə dərd böyüyür, artır, ürək yiyəsini torpağa gömənə qədər şiddətlənir. Ancaq özü torpağa gömülmür. Yaşadığı ürəyin gözəlliyi ilə birgə yeni ürəklərdə yuva qurur. Akif Səmədin şeirlərindən ürəyinin böyüklüyü, onu sevənlərin haqqında ağızdolusu danışması isə onun ürəyinin ölmədiyinə, onu sevənlərin ürəyində yuva qurduğuna işarədir.


# 3764 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #