Kulis.az Ayxan Ayvazın Bal yarmarkasından yazdığı reportajı təqdim edir.
Səhər evdən Bal yarmarkasına getmək üçün yuxudan duranda yoldaşım “bal ye, sonra gedərsən” deyib qabağıma şimal zonasının cökə balını qoydu. İlin-günün bu vaxtı bal tapıb mənə yedizdirən qadına və arılara təşəkkür edib evdən çıxdım.
“Yaponiyalı kişi yeyib bu baldan”.
“Adı nəydi, ə onun?”
“Atsuko idi, deyəsən. Elə qəliz adlar qoyurlar ki...”
Gənclikdə, Atatürk parkında mağarın içinə girəndə çeşid-çeşid düzülən ballardan əvvəl bu sözlərlə qarşılaşdım.
“Qardaş, gəl bəri görüm. Sən gör ömründə belə bal yemisən?”
Dadıram, içimə şirin, ləzzətli, çiçəklərin ruhunu və ovqatını daşıyan bal yayılır.
“Necədi?”
“Əla!”
“Onda gəl sənə bir kilo çəkim. Siftə eləməmişəm. Görürəm, mərifətli oğlansan”.
Gülmək tutur məni. Yanında arıçı hazır müştərini əldən verməmək üçün tez qolumdan tutub öz piştaxtasının yanına çəkir.
“İndi bir də buna bax”.
O balın dadına baxandan sonra sağ tərəfdəki arıçılar arı çiçəyə qonan kimi üstümə cumur, məni dartıb yanlarına aparır, qaşığın ucuna bal çəkir və mən də mədəmə ötürürdüm.
Yalan olmasın, bəlkə, yüz qaşıq bal uddum və baldan əməllicə keflənib yerimdə yavaşca səndirlədim.
Neçə vaxtdır bala həsrət qalan bədənim də buna alışmadığından qəribə hala düşmüşdü, qıraqdan baxanda sual işarəsinə oxşayırdım. İçimdə arıçılıq təsərrüfatı bərqərar olmuşdu.
Arıçılardan yaxamı qurtaranda gözüm Kəlbəcər balına sataşdı. Başı bağlı və rusca danışan yaşlı bir qadın balın gah sağına, gah soluna keçir, uzaqdan tamaşasına durur, elə bil “Mono Liza” tablosunu ilk dəfə görürmüş kimi təəccübünü gizlədə bilmirdi.
Qadın arıçı və sahibkar Sabir Mustafayevin piştaxtasında satılan bu Kəlbəcər balından əldə olunan gəlirin 20 faizi, sən demə, şəhid ailələrinə pulsuz verilibmiş və indi də yarmarka davam edən günə qədər bu kampaniya da davam edəcək.
“Xanım, balı neçəyə verirsiz?”
“Kilosu 45 manat...”
“Bu prezidentin yediyi baldandı?” – gülümsünüb piştaxtaya qoyduqları şəklə işarə edirəm.
“Hə...”
Yarmarkanın ən bahalı balı da, deyəsən, elə bu baldır. Dediklərinə görə, Kəlbəcərdən avqustda iki tona yaxın bal toplayıblar. İki yüz kilo da bura gətiriblər və yaxşı da satılır. Baldan bir qaşıq uduram, içimə neçə illərdir insansız qalan meşələrin, dağların havası dolur.
Quba, Qusar, Xaçmaz, İsmayıllı, Zaqatala, Şamaxı, Ağsu, Astara, Biləsuvardan gələn balları sərgidə rəsm tablosu izləyən sənətsevər kimi izləyə-izləyə gözüm “Vəhşi bal” sözünə sataşır.
“Vəhşi bal necə olur ki?”
“Vəhşi olur...” – Astaralı talış arıçı gülə-gülə deyir.
“Vəhşi balın o biri baldan fərqi nədir?”
“Yeyəndə vəhşiləşirsən!” – yumorundan qalmayan talış balası yenə məni güldürür.
Dediyinə görə, vəhşi arılar dağlarda məskən salırlar və onlar mayalanandan sonra vəhşiləşirlər. O, bu haqda daha müfəssəl məlumat almağım üçün məni Arıçı Vidadinin yanına aparır. Arıçı Vidadi müştəriyə bal süzə-süzə vəhşi arılardan danışır. Yanında duran və özünü təqdim eləmək istəməyən arıçı da ona qoşulur. Hətta bir ara Vidadi danışmaqdan, mən isə eşitməkdən yoruluram, o arıçı isə məni getməyə qoymur, yenə maraqlı bir şey tapan kimi yanıma qaçır.
“Vəhşi arılar adamı yeddi dəfə sancır. Onların yeddi tikanı olur. Ona talışlar “haftakunə” deyirlər. Deməli, bu “haftakunə” arılarının hər sancdığı ayrı-ayrı ağrı verir. O balı yığmaq da çətin olur. Gərək xüsusi bronjiletlə gedəsən”.
“Sizi heç sancıb?”
“Yox – gülür və o biri arıçını göstərir. – Bunu sancıb”.
“Doğrudan?”
“Biz öyrəşmişik, əşşi”.
Bu vəhşi bal və vəhşi arı söhbətini eşidən başqa arıçılar, müştərilər də başımıza toplaşır. Bir azdan öyrənirik ki, sən demə, vəhşi arılar o biri arılardan fərqli olaraq hətta qışda da bal istehsal edirlər.
Hamı təəccüblə bir-birinə baxır, inanmaq istəmir. Arıçı isə deyir ki, mənim dörd vəhşi arım var, onları ayrıca yerdə, bağlı saxlayıram. Hətta deyir, o arılar keçi kimi olur. Bal gətirmək mövsümü başlayanda uçub gedir.
Arıçı Hikmət isə deyir ki, vəhşi arılardan qorxub eləmirəm, mən bal gətirməyə gedəndə heç papaq da taxmıram:
“Gündə 400 dəfə arı sancır bizi. Artıq bədən immunitet qazanıb. Amma başqasını öldürə də bilər”.
Arıçı Hikmətin iki yüzdən çox arısı var. Hər dəfə arılarını ayrı-ayrı yerlərə aparır, öz sözüylə desək, gəzdirir. İstəyir, hər səfər başqa-başqa dadda bal əldə eləsin.
İfadə xala söhbətimizə qoşulur:
“Boş söhbətdi. – xalis talış ləhcəsi ilə deyir. – Vəhşi arı-zad yoxdu. Elə bütün arılar vəhşidir də”.
İfadə xala illərdir ailəsini balla saxladıqlarını deyir. Arılar da onların ailə üzvlərinə çevrilib. Bal sata-sata oğullarını evləndirib, qızlarını köçürdüb.
Fətağa adlı arıçını təqdim edirlər mənə. Deyirlər, bu kişi illərin arıçısıdır, nə sualın varsa ver, cavab verəcək. Fətağa mənə sınayıcı nəzərlə baxır, gülümsünür.
“Balın yalançı olduğunu hardan bilmək olur?”
“Salfetkanın üstünə tökürsən, orda qalırsa, deməli, xalis baldır. Başqa üsullar da var. Peşəkar adam o dəqiqə bilir. – o, bankaların birini götürüb ağzı üstə tutur, içindəki balaca dalğa yavaş-yavaş yuxarı qalxır. – Bax, görürsən, bu xalis baldır. Yalançı balda belə şey olmur”.
“İldə nə qədər bal əldə edirsiniz, bəs?”
“Cəmi-cümlətanı bir ton. Elə vaxt olur iki ton. Azdır”.
“Azdır?” – heyrətlənirəm. İlk dəfə bir tona az deyən adamla qarşılaşıram.
“Elə vaxt olub 20 ton bal yığmışam”.
Yanındakı arıçı söhbətə qoşulur:
“Bu kişi işləməyən arıları qovalayır. İşdən çıxarır yəni”.
O birisi yerindən replika atır:
“Sokraşeniya”ya düşür arılar”.
Fətağa Astaradan gətirdiyi dağ balını daddırır mənə, deyir, bu balı əldə eləmək üçün nə zülmlər çəkib. Arıları meşəyə, yaylağa aparır, hər yeri gəzdirir. Balın üstündə o yorğunluğun qırışları qalıb.
Bizim dostumuz, arıçı Elvin də Ağstafadan, balını götürüb yarmarkada iştirak edir. Dediyinə görə, gözlədiyindən bir az zəif gedir satış. O biri piştaxtalardan fərqli olaraq Elvinin piştaxtasındakı “Balçı” balları qablaşdırmasına, səliqəsinə görə seçilir. Özü də bu barədə narahatlığını dilə gətirir:
“Qablaşdırmanı, yeni formada, dizaynda balın təqdim edilməsini daha çox gənclər edir. Yaşlı nəsil niyəsə buna o qədər də əhəmiyyət vermir, laqeyd yanaşır. Düzü, onları tənqid etmək niyyətim yoxdur. Bura gətirilən bütün balların keyfiyyətinə söz ola bilməz. Çünki yoxlanıb gətirilir”.
Elvinin dediyinə görə, orta və yaşlı nəsil müştərilər yarmarkada gəzərkən qablaşdırmaya o qədər də fikir vermirlər. İnsanlar köhnə qablarda bal görəndə o balın xalis bal olduğunu düşünürlər. Onlara elə gəlir ki, səliqəli, fərqli qablaşdırmada olan ballar yalançıdır, yaxşı deyil. Elvin bu qəlibləşmiş düşüncənin aradan qaldırmağın hər iki tərəf üçün faydalı olacağını hesab edir.
Yarmarkada Respublika Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətovla da söhbətləşirik. Onların özlərinin də piştaxtası var, balları Qaxdan gətiriblər. Mənə Qaxdakı bal evini göstərir, geniş həyətdəki arı yeşikləri, yaşıllıq videodan belə ordakı təbiətin təravətini bizə ötürür. Qəfildən kimsə əlini çiynimə qoyur:
“O sədrdir, mən də ölkənin ilk diplomlu arıçısı”.
“Siz kimsiniz, qardaş?” – oğlanın bu səmimiyyəti məni çaşdırır.
“Sədrin oğluyam, Vüsal”. – deyib gülümsünür və salamlaşmaq üçün əlini uzadır.
Sədr Bədrəddin Həsrətov oğlunun Türkiyədə arıçılıq fakültəsini oxuduğunu və ölkədə ilk təhsilli arıçı olduğunu söyləyir. Onların gətirdiyi ballara baxıram. Balaca qablarda Qaxdan gələn balların tamaşasına təkcə mən yox, bir neçə adam durub. Onlardan biri əlindəki propolisi (arı yapışqanı, qatranı belə adlanır – A.A.) göstərib soruşur:
“Neçəyədi?”
“45 manat”.
“Çox bahadır”. – kişi bunu deyib qabı yerinə qoyur və heç nə demədən uzaqlaşır. Bədrəddin müəllim ona daha ucuzunu tapa bilərsiniz desə də, deyəsən, kişi onu eşitmir. Mən Bədrəddin müəllimin məşğul olduğunu görüb yarmarkanı dolaşmağa davam edirəm.
Bir neçə yerdə arı südü qarşıma çıxır. İki xanıma yaxınlaşıram.
“Arı südünü heç dadmamışam. Necə bir şeydi?”
“Hər şeyə xeyirdi. Əsas da mədə-bağırsağa. Verim?”
“Südü qaynadırsız?”
İkisi də gülür:
“Yox bir qatıq da çalırıq! Bu, inək südü deyil e. Qarışdırıb verirlər, yeyirsən”.
Yarmarkada hansı tərəfdən keçirsən, səni baldan dadmağa çağırırlar. Piştaxtaların sonuna çatanda böyük bir aparatla və arıçıların diliylə desək, bronjiletlə qarşılaşıram. Aparat balı süzmək üçündür. Bronjiletlə də arılardan qorunub bal yığırsanmış.
Çölə çıxdım, iki-üç arıçı siqaret çəkə-çəkə danışırdılar:
“Xarlanmış balı xarab bal hesab eləyirlər”.
“Çoxu xarlanmışla, şəkərlənmişi ayırd eləyə bilmir”.
“Vapşe, bal haqqında adamların çox az məlumatı var”.
“Elə ancaq yuxarıdan süzmək, salfetə tökməklə yoxlayırlar”.
Siqaret çəkilən yerdən yarmarka çadırına girməyə çalışan, ancaq tərəddüddə qalan yekə bir arı görürəm. Arı gah sağa, gah sola uçur və axırda gedib Bal yarmarkası plakatının üstünə qonur – elə bil demək istəyir ki, bu yarmarkanın əsl sahibi mənəm.
Kürəyim soyuqlayıb, ağrıyırdım. Mağardakı balın qoxusu çölə qədər gəlir və mən o qoxunu içimə çəkdikcə sağaldığımı hiss edirəm.