Kulis.az Ayxan Ayvazın Novxanıdakı retro maşınlar kolleksiyasından yazdığı reportajı təqdim edir.
– Bu maşını o vaxtı mənə müharibədən sonra veriblər.
– Necə işləyir?
– Belə də... Cırıldayır. Qulaq as... Əsas da günortalar cırıldayır...
Biz yaşlı daydayın köhnə Zapısında Novxanıya, retro maşınlar kolleksionerinin yanına gedirdik.
– Əntiqə maşınları var onun.
– Görmüsünüz?
– Getməyə vaxt yoxdu. Elə deyirlər. İmkan olsa bu maşını da verəcəm ona.
Qəfildən Zapı tırıldayıb dayandı. İçəriyə mühərrikin bezdirici səsi doldu.
– Dayı, günorta deyil axı. Niyə cırıldayır?
Dayday gülümsündü:
– Qocalıb. Mənim kimi. Düşün çəkək də.
Biz aşağı düşüb Zapını itələməyə başladıq. Bir-iki maşın addımı yol qət etmişdik ki, təzədən tırıltı eşidildi, ancaq bu tırıltı xoş tırıltı idi – maşının ayaqlanmasından xəbər verirdi.
Novxanıdakı bu evin – ev də yox, imarətin qarajı yavaş-yavaş üzümüzə açıldı, içəri keçəndə ilk diqqətimi çəkən köhnə saat dirəyi və sarmaşıqlar içindəki maşın oldu. Sarmaşıqlarla bəzənmiş bu köhnə, getməyən maşın evin sağ küncündə sakit-səssiz durub günəşlənirdi. O biri tərəfdə köhnə bir avtobus və yan-yörəsində maşın avadanlıqları gözə dəyirdi.
Retro maşınların kolleksioneri Azad Kərimov bizi maşınlar olan yerə qaldırdı. Sən demə, üç mərtəbənin hamısında onun kolleksiyası varmış. Pillələri qalxdıqca qədim maşınların ətrini hiss edirdik.
– Bu maşınları hardan əldə edirsiniz?
– Bax sən məni necə tapdın?
– Videolarınıza baxdım.
– Ay sağ ol! Bir işə başlayanda, ona maraq duyanda o özü gəlib səni tapır. Mən də maşınları bu cür tapıram.
Kolleksioner Azad müəllim lap uşaqlıqdan maşınları sevirmiş. Uşaq vaxtı Malakan bağı tərəfdə evləri varmış, tez-tez evlərinin yaxınlığındakı maşın dükanına gedir və ayağının altına çəllək qoyub pəncərənin o üzündəki cürbəcür maşınlara tamaşa edərmiş.
– Uşaqlıqdan bu istək var idi məndə. Sonra daha da böyüdü.
Azad müəllim köhnə, sıradan çıxmış, artıq işlək vəziyyətdə olmayan maşınları alıb yığır və onları təzədən dirçəldir.
– Mən onlara ikinci həyat bəxş edirəm.
Qarajda müxtəlif, cürbəcür, bir-birindən illər ayıran maşınlar yan-yana düzülüb. Sarı, qırmızı, yaşıl, boz, qəhvəyi, narıncı, ağ maşınlar. Üstəlik, maşınların yan-yörəsində qədimi əşyalar – telefonlar, telefon budkası, sualtı dəniz gəmisinin telefonu, 100 illik lüstrlər, oyunlar, musiqi qutusu, motosikletlər, 1800-cü illərə aid pianino.
– Qədim olan hər şey mənim marağımı çəkir. Ona görə də onları görən kimi alıb yığıram.
Keçən əsrlərin əşyaları və maşınları burda təzədən bir-birinə qovuşublar. Onların görkəmlərində yeni dövrün işığı var – 40 ilə yaxındır bu işlə məşğul olan Azad müəllim o maşınlara, o əşyalara əl gəzdirir, can verir və ölməkdə olan o maşınların, o əşyaların taleyini təzədən yazır.
– Bu işə başlayanda bərbad maşınları bərpa etmək istədim.
İlk dəfə qardaşı üçün başlayıb bu işə. Onun ad gününə hədiyyə edib yeni həyat bəxş etdiyi maşını.
– Hansı maşın idi?
– Zapı.
Kolleksiyanın ilk maşını Volsvagen olub. 80-ci ildə bu maşını alıb, yığdırıb və qızının 16 yaşına hədiyyə edib. O hədiyyə olunan maşını bizə göstərdi. Qıpqırmızı maşın par-par parıldayırdı.
– Ən qədim maşın hansıdır burda?
– Bax o – göstərir. Düzü, maşınlardan başım çıxmır deyə markasının nə olduğunu bilmirəm.
– Nə deyirlər buna?
– Kadillak. 1937-ci ilin Kodillakıdır. Bunu hələ düzəltmək, ələ gətirmək lazımdır. 1930-cu illərdə... Deməli, böhran, aclıq illərində istehsal olunmuş maşındır. Qeyri-adi maşındı ona görə də. Bu maşında mafiozlar oturardı. Arxasında da cangüdən olurdu. Hər adam cangüdənlə gəzə bilmirdi o vaxt.
– Neçəyə olur bu Kadillak?
– Hamısının fərqli-fərqli qiymətləri var. Elələri olub ki, bağışlayıblar mənə. Bax buna bax. – bir maşının yanında dayanır. – Pakarddı bu, tanınmış maşındı. Heç vaxt satışa buraxılmazdı. Ancaq sifarişlə almaq olurdu. Mafiozların gəzdiyi maşın idi.
– Bəs deyirlər, burda Stalinin, Hitlerin maşını da var. Düz söhbətdi?
Gülür:
– O günləri bir jurnalist gəlib burda çəkiliş elədi. Sonra gedib yazıb ki, Novxanıda Hitlerin, Stalinin sürdüyü maşınlar var. Elə deyil axı. Bax bu Pakard var e. Stalin də Pakard sürürdü. Amma indi mən deyim ki, bu elə Stalinin sürdüyü Pakarddı?
– Bəs Hitlerin sürdüyü maşın hansıdır?
– De odur. – uzaqdakı açıq mavi maşını göstərir. – 6 dənə qalıb dünyada. İkinci Dünya müharibəsində zabitlər, yüksək təbəqədən olanlar bu maşında gəzirdilər.
Biz maşına baxanda Azad müəllim onun bura gətirilmə tarixçəsini danışırdı:
– Fuad adlı dostum vardı. Nabranda bu maşının içində gül dikmişdi. Dedim, ver mənə. Dedi ki, bundan maşın eləyə bilməyəcəksən, boşuna özünü yorma. Dedim, sən ver də. Mən istəyirəm, camaat görsün bu maşını. Bağışladı bu maşını mənə.
İkinci Dünya müharibəsindən sağ-salamat çıxan İvan Vilisin yanında dayandıq. Qapısını açıb baxdım. Azad müəllim içinə girməyə qoymadı. Heç bir maşının içində oturmağa qoymurdu.
– İşləyir hamısı?
– Hə, bəs nə? İşləməsə niyə yığım ki?
– Sürürsünüz özünüz?
– Elə də yox. Sərgilərə filan çıxardıram amma.
Uzun bir Mersedesi göstərir bizə:
– Bax bu Hüsnü Mübarəkin qarajından çıxıb. Bir az yığdırmaq lazımdır. Dövrünə görə əntiqə maşın olub. Misirdən gəlib.
Adını təzə-təzə öyrəndiyim Ford Model A 1931, Volkswagen Beetle, Lincoln Towncar – 1992, Зим (ГАЗ-12), STEYR 220, Chevrolet – 1947, Cadillac Fleetwood, “Willys MB 1941, Chevy 1947 maşınlarının yanından keçib Volkswagen T2-nin yanında dayanırıq.
– Bu Karavandır. İçərisinə bax. Tualeti, qazı, “kuxna”sı, yatmağa yeri – hər şeyi var.
– Ev yerinə bunu alıb, qalasan içində.
– Hə, səyahət üçün idealdır. “Hippi mobil” deyirdilər buna. Ən birinci bu maşında Bitlz qrupu gəzib. 4 nəfər minib bütün dünyanı gəzirdilər. 1980-ci ilin maşınıdır.
– Bu maşın nədir bəs? – yanındakı maşını göstərirəm.
– 1931-ci ilin Fordu. Burdakı ən qədim maşınlardan biridir. Hələ bir qədim maşın da var. Onu sifariş eləmişəm. Amerikadadı. Gələcək.
– Onun markası nədir?
– Deyə bilmərəm. Qoy sürpiz qalsın.
Biz gəzə-gəzə Opel maşının yanına çatdıq. Azad müəllimin dediyinə görə, 1937-ci ilin maşını olan bu Opel İkinci Dünya müharibəsinin xatirəsidir.
– Deməli, bu maşınları və onun işçilərini əsir götürüb gətirirlər Moskvaya. Bu maşını orda düzəldib adını Moskviç qoyurlar.
O biri tərəfdə qəribə bir maşın görüb soruşuram.
– Bu nə maşınıdı?
– Primus. Onu əlillərə verirlərmiş o vaxt.
Lap qıraqda, divara sıxılmış balaca bir KAMAZ görürəm.
– Bu nə maraqlı KAMAZ-dır.
– Hə, onu mənə Novxanı uşaqları hədiyyə edib.
Azad müəllim maşınların sayını artıracağını deyib bizi çölə çıxardır və deyir:
– Sizi bir yerə aparacam. Onuynan da “vsyo”.
– Nəsə sirli bir yerdi?
– Gəlin.
Taxta bir evə giririk. Qapı açılan kimi özümü XX əsrin əvvəllərində hiss edirəm. O əsrin əşyaları, lüstrlər, şamdanlar və bir də musiqi qutusu.
Azad müəllim musiqi qutusuna qəpik atır. İçəriyə keçən əsrin hərəkətli bir mahnısı dolur. Qədim əşyalara baxa-baxa sakitcə musiqini dinləyirik. Bu taxta evin pəncərəsindən sarmaşıqlarla bəzədilmiş maşını görürəm. Və niyəsə mənə elə gəlir ki, o maşınla dünyanın hər yerinə, hətta uşaqlığımıza da getmək olar.
Azad müəllim musiqi qutusunun başına sığal çəkir və bizə qapını göstərir. Bayaq içəriyə girəndə qarmon dilimi kimi açılan qaraj təzədən açılır və o vaxt bizi buraya gətirən Zapını görürük. Yaşlı kişi maşının ön qapağını açıb deyinir, onun deyintisi Zapının tanış tırıltısına qarışır.