Kulis.az Ayxan Ayvazın “Bit bazarı”ndan yazdığı reportajı təqdim edir.
Geçip gitmiş günler gelin
Rakı için sarhoş olun
Islıkla bir şeyler çalın
Geberiyorum kederden
Nazim Hikmət
Bir gün bazarda oturan dərvişə bir cavan, varlı gənc yaxınlaşıb, bir qızıl verib soruşdu:
– Mənə məsləhətin lazımdır. Bir qızdan xoşum gəlir. Çox xoşum gəlir. Gecə-gündüz fikirləşirəm. Bilmirəm, evlənim, ya yox?
Dərviş cavab verdi:
– Evlənmə.
– Niyə?
– Əgər doğrudan evlənmək istəsəydin gəlib soruşmazdın...
Bit bazarında hər şey bir-birinin içinə girmişdi: köhnə paltarlar, ayaqqabılar, ev əşyaları, musiqi diskləri, mis, alüminium qablar, yataq dəstləri, yorğan-döşək, pərdə, pal-paltar, ayaqqabı, samovarlar, köhnə pullar, ütü, ətçəkən maşın...
– Şalvarlar 1 manat, şalvarlar 1 manat... Gəl, gəl!
– Batereya... Batereya... 50 qəpik...
Bazarın piştaxtaları gözə dəymirdi, hamı nəyi vardısa, plyajdakı sayaq ədyal sərib üstünə qoymuşdu. Köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, “Kurtlar Vadisi Pusu” serialının diskləri, video kasetlər, köhnə təqvimlər. Gəzdikcə qabağıma xırda-xuruş əşyalar çıxırdı. Minalı ərazidə gəzən kimi hiss edirdim özümü, hara ayaq basırdımsa, sınacaq bir əşya ilə qarşılaşırdım: qırıq eynək, xarab telefon batareyası, qədim-qayim mobil telefon korpusu, ət maşınının hissələri, xarab, naqilsiz ütü, qırıq kuklalar, daşları olmayan nərdtaxta.
– A bala, gəl sənə qol saatı verim. Görürəm, qolunda heç nə yoxdur. – Başıbağlı bir qadın deyir.
– Neçəyədi?
– İkicə manat.
– Niyə belə ucuz?
– Ucuz pisdi bəyəm?
– Yox, yox, yaxşıdı.
Bazarda hər keçdiyim yerdən üstümə təkliflər axmağa başlayır:
– Bal kimi alma! Gəl apar!
– Göyərçin! Ucuz verirəm. Apar uçurt!
– Pişik istəmirsən?
Axırıncı təklifi edən qocanın yanında dayanıb gülümsünürəm:
– Neçəyədi?
– 8 manat.
– Hardan gətirmisən bu pişiyi, dayı?
– Qonşu gətirib. Dedi, bizə lazım deyil, götür apar sat.
Hamı burda itiyini axtarır: kimisi soyuducusunun qapısı üçün rezin, kimisi çaydan üçün qulp, kimi də uşağı üçün küçük. Bazardakılar deyir ki, qabaqlar, Sovetin vaxtında buralarda ruslar at oynadırdı, ona görə də bazarın adına “rus bazarı” deyirdilər. Harda rus var idi, gəlib burda köhnə, özünə lazım olmayan əşyaları ucuz qiymətə satırdı – özü də öz həmyerlərlilərinə. Sonradan ruslar azalmağa, azərbaycanlılar artmağa başladı. İndi kim ki öz əşyasını lazımsız hesab edir, gətirib burdakı alverçilərə verir, onlar da 1-2 manat üstünə qoyub satırlar.
Bazara uzaqdan baxanda ilk ağıla gələn bu olur: yəqin ki, indicə köçhaköç başlayacaq. Çünki hər yer hər yerdədir: yeşiklər, dəmir qablar, antenalar, tozsoranlar, tikiş maşınları, televizorlar, qəlyanlar... Hələ bir yerdən keçəndə gözlərimə inanmadım: köhnə alt paltarları.
– Bunları alan var, dayı?
– Nöş alan yoxdu, ala? Təmizdi e, narahat olma. Verim?
– Neçəyədi?
– 50 qəpik.
Qocaların, yaşlıların daha çox olduğu bu bazarda hər şey öz qocalıq dövrünü yaşayır. Uşaqlığımda gördüyüm daş stəkanlar, samovarlar, radio aparatı, neft lampası, maqnitafon, hələ-hələ o vaxtı komputerlərə taxılan disketlər məni uzaq keçmişin qayğısız günlərinə aparırdı. Qəfəsə salınmış xoruzlar, toyuqlar, dovşanlar, aradabir “Bit bazarı”na yaraşmayan al-al, qırmızı-qırmızı güllər, qolu qırılmış gəlinciklər, əqrəbləri donmuş saatlar, ütüsüz, orası-burası tiftiklənmiş köynəklər, paslanmış sapılcalar da Keçmiş Muzeyində sərgilənən eksponatlar idi.
Yəqin, burda gəzən yaşlı qadınlar, kişilər də bəzən buna görə gəlirlər bura: öz xoşbəxt keçmişlərinə bir anlıq qayıtmaq üçün. Özü də bu keçmişə getmək ucuzdan da ucuzdur. Bəlkə də, Bakıda heç nə bu qədər ucuz deyil.
Hamını buraya gətirən bir səbəb vardı: evdəki hansısa əşyanın xırda-xuruş hissəsi, itən xatirənin bərpası, yaxud da eləcə avaralıq. Mən həm Bit bazarından reportaj yazmağa, həm də krantın lüləyi üçün şurup axtarışına çıxmışdım. Heç on dəqiqə keçmədi ki, həmin şurupu əlimlə qoyduğum kimi tapdım. Elə bil bu şrup illərdir burda öz müştərisini gözləyirdi – əlimə alanda gördüm bürüşüb, solub, gözləməkdən gözünün kökü saralıb.
– Sizdə o şey var e, – bir kişi yaxınlaşıb kepkalı qocadan soruşur – nəydi onun adı? – başını qaşıyır – Çay süzəndə dəmi saxlayır e...
– Hə, hə. Bildim. Gözlə... – kepkalı ora-bura boylandı, xırda-xuruş əşyaları qarışdırdı, qarışdırdı, axırda həmin o “dəm saxlayan”ı tapıb kişinin qabağına tulladı.
Bit bazarında əmin oldum ki, hər şeyi tapmaq mümkündür. İtən, atılan, qırılan əşyalar bir gün Bit bazarında qarşına çıxa bilər – eynən Axirətdəki kimi. Bir də görərsən ki, ey dadi-bidad, keçən il küçədə sərxoş gedərkən özünü itirib hara gəldi fırlatdığın təsbehi yaşlı bir qadın tapıb. O təsbehi evə aparıb, dənələri təzədən ipdən keçirib, onu səliqəyə salıb və gedib Bit bazarına.
Bu dünyada Bit bazarı varsa, demək, heç nə itə bilməz. Heç nəyi itirə bilməzsən!
Hətta adamları da!
Bit bazarında təkcə əşyalar deyil, satıcılar, alıcılar da köhnə, qədimdən qalan əşyalar misalı çox qəribə görünürdülər. Şotka bığ kişiyə, bədəni balaca, başı böyük qadına, uzundraz uşağa gəlib-gedənlər heyrətlə baxırdılar: kişilər gülümsünür, qadınlar da açıq qalan ağızlarını tezcənək ovucları ilə qapayırdılar. Bazarın ortasında isə yekəpər kişi dayanmışdı, əlindəki mal kəlləsini gəlib-gedənə göstərir, kəlləyə işarə vura-vura dilini-dodağını yalayırdı.
Yerdə satılmağını gözləyən ağappaq bir it kədərlə uzanıb ətrafına baxırdı. Ətrafdan üfunət, tüstü iyi yayılırdı – hərdən burda gəzəndə mənə elə gəlirdi ki, iri bir qazanın içində var-gəl edirəm. Ayağının altına qəfildən saqqız yapışa, yaxud da qoluna hardansa yağ damcılaya bilərdi. Bit bazarında gəzmək cəngəllikdə gəzmək kimi idi: gərək ehtiyatı əldən verməyəsən, hər addımda üstünə-başına baxıb hər şeyin yerində olduğuna əmin olasan. Hərdən bu zibil qoxan, dağılmış şəhərləri xatırladan bazarda gözəl-göyçək, müasir geyimli qızlar görəndə təəccüblənirdim ki, gördüyüm həqiqətdi, yoxsa xəyal. Qlamurka, dodağında pirsinq olan qızın Bit bazarında nə işi var? Bir az keçəndən sonra isə həqiqəti tapırdım: bu qızlar “cool” göründüyü üçün Bit bazarına özlərinin “underground” şəkillərini çəkmək üçün gəlirlər.
– Nə qədər qazanırsınız, dayı? – bir satıcıdan soruşuram.
– Hay! Nə lazımdı?
– Yox e, deyirəm, nə qədər qazanırsınız?
– A bala, bu nə sözdü soruşursan? Nə qazanacam? Qəpik-quruş. Özü də 15 uşağım var.
– 15? O boyda uşağı neynirdiniz, dayı?
– Çox uşaq yaxşıdı. Sabah hərəsi birinə kömək eləyir, yaxşıca dolanırlar.
– Sizdə də elədir?
– Yox e, mənim uşaqlarımdan bircə böyük oğlan işləyir, o da ayda, ildə bir dəfə buralara gəlir, mənə baş çəkir.
Bit bazarındakı bu qəribə dialoqla ordan ayrılıram, mənə elə gəlir ki, bataqlıqdan çıxıb maşın səsləri gələn magistral yola qaçmaqda olan çarəsiz adama bənzəyirəm. Bit bazarı arxada nöqtə boyda görünüb, sonradan yoxa çıxır...