Türbülans pro – Şəhriyar Del Geranidən yeni hekayə

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

23 avqust 2022
# 08:55

Kulis.az “Hekayə günü” layihəsindən Şəhriyar Del Geraninin “Türbülans pro” adlı yeni hekayəsini təqdim edir.

– Bu kənd nəsri, şəhər nəsri söhbəti var e... – Bir neçə ildir ucqar dağ kəndindən gələn, hələ də Bakıya öyrəşməmiş sufiyanə yazar saçlarını qarışdırır. Amma saçları qarışmır, olduğu kimi qalır. Elə bil bərbərdən indicə çıxıb. Ona elə gəlir ki, kənardan saçları dağınıq görünür. Amma elə deyil. Saçları olduqca səliqəlidir, – de görüm, o söhbətin konkret bölgüsü necədi? Şəhər nəsrində hadisələr şəhərdə baş verir, kənd nəsrində kənddə?

– Təxminən, hə. – Müdrik ədəbiyyatşünas bir qədər fikrə gedir, ağzını əyib, çənəsini büzüşdürür (kimsə ona deyib ki, belə olanda xarizmatik görünürsən, bu da inanıb) və alt dodağını sürüyə-sürüyə cavab verir: – Əlbəttə, elə olmalıdı. Şəhər nəsrinin kənddə nə iti azıb?

– Yəni konkret olaraq hadisələr şəhərdə cərəyan etməlidir, ya necə? Bax, tutalım, mənim yazacağım hekayədə hadisələr Bakının özündə yox, kəndində baş verir, məsələn, Buzovnada, onda nə təhər olacaq? Onda da kənd nəsri sayılır?

– Deməzdim kənd nəsri olur, nooo... – şəhadət barmağıyla eynəyini burnunun üstündən azacıq qaldırır, ağzını toyuq götü kimi bir neçə dəfə büzüb açır, – heç şəhər nəsri də sayılmaz.

– Bəs, yaxşı, onda mənə dəqiq de görüm, şəhər nəsri yazmaq üçün hadisələr harda cərəyan etməlidir? Amma düzünü de, xahiş edirəm.

– Belə deyək də... Necə deyək ki, aydın olsun sənə... Bax, o tərəfdən – əlini Sumqayıt istiqamətinə uzadır – gələndə körpünü-zadı keçirsən...

– “İyirmisi yanvar” tərəf?

– Yox, “20 yanvar” qalır aşağıda. Ümumiyyətlə, “20 yanvar” söhbətə girmir, yadında qalsın. Metronun üstündəki körpünü deyirəm. Körpünü keçirsən, düşürsən aşağı.

– “Azərsel” tərəf?

– Yox, bir az da düş.

– “Qaçqınkom”un binası?

– Yox e, yox, oranı da keç, “taksimatornu”nu da keç.

– Məllim, incimə, sənə bir söz deyim, xahiş edirəm, metrolarla başa sal.

– Ay jılkabaş, orda metro yoxdu axı. Avropa otelini tanıyırsan?

– Hə, Tibilisidəkini deyirsən?

– Afərin, bayaqdan elə Tbilisidən danışıram da. Bax Avropa otelindən o tərəfə. Yuxarı yolnan da getsən, Şərifzadəni qalxırsan...

– Sən ölənlərinin goru metrolarnan de, elə də yaxşı tanımıram şəhəri.

– Yaxşı, İnşaatçılar metrosunu tanıyırsan?

– Tanıyıram.

– Bax, oranı da keçirsən, xeylağ qabaqda, sağda Asan Xidmətin binası var...

– Hə, var, görmüşəm oranı.

– Ay sağ ol, bax Asan Xidmətdən o biri tərəfə... İşdi-şayət, Mətbuatla gedəsi olsan, Azərnəşriyyatın binasını yadında saxla. Ordan üzü aşağı hamısı şəhər nəsridi.

Bu dəm ucqar dağ kəndindən gəlmiş sufiyanə yazarın beyni yüngülvari error verir. Tələm-tələsik çantasından qələm-dəftər çıxarıb deyir:

– Qoy yazım e, yadımdan çıxacaq yoxsa. Yazır, yazdıqca da astadan hecalayır: – A-zər-nəş-riy-ya-tın o bi-ri tə-rə...

– Azərnəşr yazıb ox işarəsi qoy, başa düşəcəksən.

– Düz deyirsən – yazdığının üstündən xətt çəkib təzədən Azərnəşr yazır, nöqtə qoyur, qabağından da ox işarəsi.

– O bayaq Asan Xidmət dedim haa, bax, ordan da üzü aşağı düşəndə, köhnə Yasamal bazarı, dümdüz düşürsən Kaspara, İncəsənət universiteti filan, oralar da girir söhbətə, hamısı şəhər nəsridi.

– Hansı metro?

– Metroda işləyənlər işəsin üstünə, Elmlər metrosu ətrafı.

– Ölənlərin behişt! Belə desənə bayaqdan. Əsəbləşmə, sən konkret metroları de, özüm biləcəm.

– Yaxşı, onda yaz. Elmlər metrosu, Nizami, İyirmi səkkiz, Sahil, İçərişəhər... İçərişəhəri yekə hərflərlə yaz, ora vapşey zor söhbətdi, bir dənə hekayə tutuzdursan, vəssalam, oldun xalis şəhər nasiri.

– Bəs Cəfər Cabbarlı?

– Cəfər Cabbarlı da “28” üstündə gedir, dəxli yoxdu, cılxa şəhər nəsridi ikisi də, sən yaz, çaşdırma məni.

– Yaxşı, yazdım. Sonra?

– Sonra canım sənə desin, bu tərəfdən də Nərimanov, Gənclik, o tərəfdən Xətai. Bir də Bulvar tərəflər var, oranı da qeyd elə. Bayıldan üzü bu tərəfə – Azneft meydanı, Hökumət evi-filan, keçib gedirsən taa Ağ şəhər, Xəzər tv-yə qədər. Xəzərdən o tərəfə keçmə. Bayılda da Çörəkçidən o yana keçmə, bax sənə deyirəm ha, olduqca həssas məqamdır. Jurnalistlərin binası-zad tərəflərə heç getmə. Ən uzağı 20-ci sahənin dairəsi, i vsyo.

– Oldu, baş üstə. Yazdım hamısını.

Ucqar dağ kəndindən gəlmiş sufiyanə yazarın gözlərində heç vaxt rast gəlinməyən qığılcım göründü. Qələm-dəftərini çantasına qoyub boğazını arıtladı:

– Məllim, səhih hədislərdə belə bəhs olunur ki, sizə bircə cümlə də olsa bilgi öyrədən adamlara hörmət göstərin, sayğı duyun. Odur ki, mən də sənə hörmət göstərdim, sayğı duydum. Bayaqdan üç-dörd metro adı çəkibsən, iki dəfə də təhqir edibsən məni. Dinmədim. Bir dəfə “jılkabaş” dedin, bir dəfə də “metroda işləyənlər işəsin üstünə” dedin. Qeyd etdiyim kimi, hədisdə buyurulur ki, sizə bir cümlə belə olsa bilgi öyrədən adamlara hörmət göstərin, sayğı duyun. Amma mənə elə gəlir, bütün bunlar bilgi öyrətmə prosesi ərzinə şamil edilir. Odur ki, indi heç tərəddüd etmədən deməliyəm, jılkabaş özünsən, metroda işləyənlər də sənin öz üstünə işəsin! Di salamat qal!

Bunları deyib saçlarını qarışdırdı, amma saçları yenə də qarışmadı. Cod və olduqca qıvrım tükləri qayıdıb səliqəylə öz yerlərində dayandı. Müdrik ədəbiyyatşünasın susaraq ağzını büzüşdürməsini görcək yavaş-yavaş yola düzəldi.

Zəruri qeyd olaraq bildirək ki, bütün bunlar Memar Əcəmi metro stansiyasının yaxınlığında baş verirdi – şəhər nəsriylə kənd nəsrinin sərhədində. Yəni hekayəmizin bura qədərini şəhər nəsri saymaq olmaz. Amma düzünə qalsa, heç kənd nəsri də deyildir.

Bu məşum hadisənin üstündən keçərdi hardasa bir həftə, uzağı on gün, saytların birində həmin o ucqar dağ kəndindən gəlmiş saçları qəti və birmənalı şəkildə qarışmayan sufiyanə yazarın hekayəsi yayımlandı. Hekayənin adı belə idi – “Şəhər nəsri”. Müdrik ədəbiyyatşünas bunu görcək həvəslə oxumaq istədi. Həm son görüşlərini xatırladı, həm də hekayənin adına gülümsədi, linki açdı:

Gənc sufidən yeni hekayə – Şəhər nəsri

Böyük dayım pnevmonoultramikroskopik silikovolkanokoniozdan əziyyət çəkirdi. Ümumiyyətlə, bizdə nəsillikcə ağ ciyər problemi var. Dayımın xəstəliyi isə yüngülvari bir şey idi, soyuq su içəndə, yaxud dondurma yeyəndə arabir öskürürdü. Onda da nənəm bir çay qaşığı doşabla ilıq suyu qarışdırırdı, yarımca stəkan, ikicə gün səhər-səhər acqarına içdimi, vəssalam, xırp kəsirdi öskürəyi. Amma biz yenə də dayıma xüsusi hörmət, son dərəcə həssas qayğı ilə yanaşırdıq. Nə də olmasa xəstəliyinin o boyda adı var – pnevmonoultramikroskopik silikovolkanokonioz. Yadıma düşür, bir dəfə nənəm hansısa pirdən anama zəng eləyib soruşdu ki, o gədənin xəstəliyinin adı nə idi? Nəzir deyirəm, yadıma düşmür. Anam da nənəmə qayıtdı ki, “Elə sən denən ağ ciyər problemi, özü başa düşəcək”.

Payızın axır günləri prospekt boyunca əsgərlərsayaq intizamla düzülmüş ağcaqovaq ağaclarının sağlam, sağlam olduğu qədər qüvvətli, qüvvətli olduğu qədər də əzəmətli budaqlarından saralmış, amma saralmağına baxmayaraq, şuxluğunu, gözəlliyini, özünəməxsus cizgilərini heç bir vəchlə itirməmiş, şıltaq və nəvazişsiz küləklərin əsişiylə qulaqlara xoş rayihəli bir avaz, bu vaxta qədər hələ heç bir kimsənin eşitmədiyi ən həzin, ən mübhəm duyğuları oyadaraq simfoniyalar pıçıldayan yarpaqları bir-bir, iki-bir tökülməkdəykən məhəlləmizin məscidindən ucalan azan sədaları bütün bu qənirsiz tabloya müqəddəs, hardasa, necəsə unutduğun, xatırlayanda isə könlünü incitmədən ən incə detallarıyla yadına düşən, üzünə təbəssüm, könlünə aramlıq gətirən ruhani bir fon verir, qəlbinin dərinliklərində basdırdığın arzuları oyadır, çoxdandır itirdiyin, yaxud itirmək istəmədiyin ümidlərə sığal çəkir, sabaha, günəşli, səadətli, körpə gülüşləri qədər dürüst, təmənnasız, xoşbəxt günlərə səsləyirdi. Bəli. Bu, belə idi. Pəncərədən baxanda bunları görür, bunları duyurdum. Bəlkə də, çıxıb küçədən baxsam eyni mənzərəyə, bunları görər, amma bunları duymazdım. Nədənsə, pəncərədən baxanda bir başqa cür görünür hər şey. Bir xeyli xəyala daldım, hətta mürgülədim də. Uşaqlığım bu evdə keçib deyə ən mübarək xatirələrim, ən qayğısız günlərim burayla bağlıdır. Bu səbəbdəndir, hər babamgilə gələndə ürəkdən yata bilirəm. Ən azı sidqi-qəlbdən 20-25 dəqiqə mürgüləyirəm. Gözlərimi açanda daha bir güvən gəldi ruhuma. Belə bir ovqatdaykən pəncərədən görünən mənzərəyə əziz və hörmətli dayım da əlavə olunmuşdu çünki. Bəli, əziz və hörmətli dayım məsciddən çıxıb evə sarı gəlirdi. Yadıma düşdü ki, bu gün cümədir, dayımın məscidin mədrəsəsində Əxlaq, İslam tarixi və Quran qiraəti, təcvid dərsləri var, tələbələrə əxlaq, İslam tarixi, Quran qiraəti və təcvid öyrədir. Ona görə də sübh namazından məsciddədir, indi gəlir evə – günorta namazından sonra. Külək əsdikcə əbasının ətəkləri yellənir, qəribə bir səmavilik qatırdı dayımın yerişinə. Sanki ayaqları yerdən üzülmüş, pərvazlanaraq gəlirdi evə sarı. Binaya yaxınlaşanda mən cəld qalxıb qapını açdım. Dayım gəldi, girdi içəri. Əbasını, əmmaməsini alıb apardım otağına, səliqəylə asdım asılqandan. Keçdi hamama. Mən tez gedib təmiz dəsmal gətirdim, yanında dayanıb gözlədim, əl-üzünü yudu, dəsmalı uzatdım, qurulandı. Babamla nənəm evdə yox idi deyə bütün bunları mən xüsusi diqqətlə edirdim. Doğrusu, babamla nənəm evdə olanda da xüsusi diqqətlə edirəm bunları. Amma onlar evdə yoxdur deyə bir az da məsuliyyət əlavə olunub hərəkətlərimə. Dayım keçib oturdu divanda, televizoru açdı. Yaxınlaşıb kifayət qədər asta səslə:

– Əgər yorğunsansa, isti su gətirim ayaqlarını vanna elə, kəklikotulu çay da dəmləyim, üstündən iç, keç uzan, bir az dincəl – dedim.
O, təmkinlə dediklərimə qulaq asıb belə cavab verdi:

– Dur vızqırt burdan!

Üzümü çevirib sakitcə mətbəxə keçdim. Düşündüm, yəqin, əsəbidi, bir az keçsin, düzələr. Heç beş dəqiqə keçməmişdi, gülüş səsləri eşidildi. Deyəsən, hansısa yerli komediyaya baxırdı. Sevindim. Gözlədim kefi bir az da durulsun, gedərəm yanına. Bir az da keçdi, artıq əməlli-başlı uğunub gedirdi gülməkdən. Getdim yanına, dedim, dayıcan, çay gətirimmi? O, televizorun səsini tamamən alıb – Sənə demədim vızqırt burdan?! – dedi. Məyus halda payızlıq kurtkamı götürüb evdən çıxdım. Gəlib dayandım bayaq baxdığım pəncərənin altında, baxdım ağcaqovaq ağaclarına. Gördüm ağacların budaqları büsbütün zir-zibil içində. Bakının kifayət qədər sırtıq və sital küləkləri küçələrdə nə qədər sellofan torba var, nə qədər cır-cındır əski-üskü var, gətirib ilişdirib budaqlara.

Ertəsi gün nənəm zəng elədi anama. Dedi, kişi – yəni babam, anamın atası – bir az nasazlayıb, dünən bağda olanda soyuq dəyib, yəqin, mən də halsızam, gəl bizə dəy. Bayaq deməyi unutdum, dünən əziz və hörmətli dayım məni evdən qovanda babamla nənəm Buzovnadakı bağ evlərində səliqə-sahman yaratmağa getmişdilər. Arabir gedirlər bağ mövsümündən sonra da. Yoxsa gələn bağ mövsümünə qədər bağda bir bağlıq qalmaz. Xülasə, anam məni də götürdü, getdik. Açığı, dünənki hadisəni anama danışmamışam. Ümumiyyətlə, özümü o yerə qoymamışam. Çatdıq babamgilə. Həqiqətən də, babam soyuqlamış, nənəm də halsız idi. Anam tez keçdi mətbəxə, qəşəng bir istiotlu borş bişirdi, yığışdıq süfrəyə. Elə borşlarımız süfrəyə düzülmüşdü, dayım gəldi. Xoş gəlib, səfa gətirdi. Öz evidir də, gəlib. Qalxıb həmişəki hörmət və ehtiramımla əl uzatdım, görüşdük. Fikirləşdim, dünən əsəbi idi, ya da hardasa səhv etmişəm, uşaq ağlımla bilmirəm, fərqinə varmıram, o cür kobud hərəkətiylə məni tənbeh etdi, yəqin. Uşaq da deyiləm, yalan olmasın, 15 yaşım var. Nə fərq edər ki? Dayımdır. Olsun. Böyüyümüzdü, haqqı var. Həm də bir tərəfdən arxayınam ki, dünən evdə heç kəs yox idi, bu gün isə hamı var – babam, nənəm, anam. Bu ortamda heç nə deməz. İndi bir işdir, oldu da. Öz-özümə bunları fikirləşirəm.

Keçib oturdu divanda, televizoru açdı. Stola gəlmədi, dedi, toxam. Televizorda bir qrup adam yığışıb tarixi mövzularda polemika edirdilər. Qarabağ hakimi Mehdiqulu xandan söhbət düşdü, aparıcı bu dəm akademikin sözünü kəsib verilişin musiqili qonağı olan müğənniyə repertuarından yeni bir mahnı oxuması üçün söz verdi. Mahnı təzəcə başlamışdı, dayım televizorun səsini artırdı. Mən də həvəslə qayıtdım ki, elə keçən dərsimiz Qarabağ xanlığından idi, bunu keçmişik. Gəncə xanı Cavad xan Mehdiqulu xanın dost-doğmaca dayısı olub, İbrahimxəlil xanın da qaynı. Dayım televizorun səsini aldı, üzünü mənə çevirib dedi:

– Qaşığı sakitcə qoy yerə, dur vızqırt burdan!

Bir babama baxdım, bir nənəmə, bir anama... hamısı susurdu, hərə öz işindəydi. Sanki heç nəyi eşitmir, heç nəyi görmürdülər. Bir anlıq mənə elə gəldi ki, elə indicə belə bir şey baş verməyib, təkcə mənim gözümə görünür. Özümü yiyəsiz bir boşluqda hiss etdim. Hamı var idi, amma eyni zamanda heç kimsə gözə dəymirdi. Anlaqsız vəziyyətdə ərinmədim, dayıma da baxdım. O, çox arxayın tövrlə az öncə dediklərini eyni tonda təkrar etdi:

– Eşitmirsən? Dedim, dur vızqırt burdan!

Səssizcə qaşığı qoyub getdim payızlıq kurtkamı götürdüm, ehmalca evdən çıxdım. Ağcaqovaq ağaclarının boy-boya verdiyi prospektlə üzü aşağı məyus addımlarla irəlilədim. Prospektin sağ tərəfindəki parka çatdım. Təzəcə təmirdən çıxmış parkda növbənöv, rəngarəng, həmişəyaşıl füsunkar gül kolları, tərtəmiz otlar vardı. Tərtəmiz otların üstündə, həmişəyaşıl gül kollarının arasında cins it öz sahibini yaltaqca əyləndirirdi. Sahibi əlindəki rezin topu atır, it də oynaya-oynaya gedib rezin topu gətirir, verirdi sahibinə. Bir az dayanıb baxdım, bir dəfəsində rezin top lap yaxınlığıma düşdü, it yaxınlaşanda isə gördüm zahirən nə qədər gözəl olsa da, dişləri tamamən çürükdür.

Prospektlə üzü aşağı enməyə davam etdim. Gəldim Mərkəzi bankın yanından keçib getdim Cəfər Cabbarlı heykəlinin qabağına. Bir neçə ərəb turist əllərində dollar tutub qadınlara ingiliscə nəsə başa salmağa çalışırdı. Qadınlar isə öz növbəsində nazlanmağı imitasiya edib hırıldaşırdılar. Hırıldaşan qadınların arasında ən diribaş olanı qırıq-qırıq ingiliscə danışmağa cəhd edirdi. Mən təsadüfən qulaq müsafiri olsam da, heç nə başa düşmürdüm. Sonra nə oldusa, həmin o ən diribaş olan qadın örpəyini açıb ərəb turistə uzatdı. Ərəb turist örpəyi alıb ona iki ədəd yüzlük dollar verdi. Digər qadın həyasızca dilləndi ki, yüzü bizim, yüzü sənin. O biri də əlavə etdi ki, xeyr, elə şey ola bilməz, dörd nəfərik, 50-50 bölüşək. Diribaş olan da qayıtdı ki, feminist-feminist danışmayın, hamısı özümündür! Dördüncü qadın isə gözlənilməz hikkəylə məhz belə çığırdı: “Feminist sənsən, sənin atandı!” Ərəb turistlər həyəcanla bir-birinə baxdılar, örpəyi atıb qaçdılar. Özümü görməzliyə vurub dabrıdım düz Cəfər Cabbarlı metrosuna. Ordan keçidlə getdim “28”-ə, gəldim Nizamidən çıxdım, Azad qadın heykəlinin qabağında dayandım və ağladım...

Müdrik ədəbiyyatşünas hekayəni oxuyub bitirdi. Şəhadət barmağıyla eynəyini burnunun üstündən azacıq yuxarı qaldırdı, çənəsini əyib ağzını toyuq götü kimi bir neçə dəfə büzüb açdı və alt dodağını sürüyə-sürüyə belə mızıldandı: “Jılkabaş pis yazmayıb. Amma elə bil hadisələr şəhərdə baş verməyib axı...”

# 7679 dəfə oxunub

Oxşar xəbərlər

# # #