Semaşko – Mehdi Dostəlizadədən yeni hekayə

Mehdi Dostəlizadə, yazar

Mehdi Dostəlizadə, yazar

14 iyun 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Mehdi Dostəlizadənin “Semaşko” adlı yeni hekayəsini təqdim edir.

Teatrın qabağından keçəndə ayaqqabımın ipi açıldı. Bağlamağa hövsələm yox idi deyə yoluma davam etdim. İyirmi-iyirmi beş metrdən sonra ayağım ilişdi, yıxıldım. Bayaqdan voleybol oynayan uşaqlar başıma yığıldılar, guya öz aləmlərində mənə kömək etmək istəyirdilər. Hirsimi uşaqların üstünə tökdüm, ağzımdan çıxanı dedim:

— Rədd olun, siz Allah. Gedin topunuzla oynayın.

Həmin gün qanım əməlli-başlı qaralmışdı. Sevgilimdən ayrılandan beş dəqiqə sonra dostumun bıçaqlanma xəbərini eşitmişdim. O qaçaqaçda balaca gicbəsərlərin başıma yığılması məni lap özümdən çıxardı.

Ayaqqabımın ipini bağlayıb avtobus dayanacağına tərpəndim. “Semaşko”ya gedirdim, dostumun yanına. Düz yarım saat gözləyəndən sonra axır ki, avtobus gəldi. Cibimdən gediş kartını çıxarıb aparata vurdum. Balaca monitorda çıxan qırmızı rəngi görüb dəli oldum. Kartımda pul yox idi. Əlimi cibimə atıb qəpik axtardım ki, sərnişinlərdən birinə verim, məni keçirsin. Bu vaxt sürücü mızıldanmağa başladı:

— Camaat səni gözləyir, tez ol da.

— Nə deyirsəne sən? Görürsən pul axtarıram da. — Cibimdə qəpik yox idi. Pulqabımdan 1 manat çıxarıb sərnişinlərin sifətinə baxdım. — Kimdəsə gediş var?

Yaşlı bir arvad yerindən durub kartını mənə uzatdı. Mən də güc-bəla ilə tapdığım bir manatı ona uzadıb təşəkkür etdim.

— Bu nədir? Kartımı ver bura. — Arvad kartı əlimdən aldı.

— Necə yəni nədir? Bir manatdır da. Qəpiyim yoxdur.

— Mənə sənin bir manatın lazım deyil. Otuz qəpik ver. Halallıq olsun.

— Halal eləyirəm də. Yoxdur otuz qəpiyim. Verin keçim də, nolar.

— Hələ çox gözləyəcəyik səni? Vurursan vur, vurmursan bas bayıra burdan. — Sürücü başını arxaya çevirib qışqırdı.

— A kişi, ağzının danışığını bil. Ay arvad, sən də ver kartı, vurum bu zibilə qalmış gedişi.

— Yox. Vermirəm. — arvad gedib oturmaq istədi. Gördü ki, başı qarışanda başqası keçib onun yerinə. Lap əsəbiləşdi.

Dava-dalaş olmasın deyə avtobusdan düşdüm. Sürücü arxamca söydü:

— Oğraşın biri oğraş!

Dayanacaqda karta pul vurmaq üçün aparat yox idi. Həmin ərazidə nə qədər dayanacaq varsa, hamısına getdim, aparat tapmadım. Küçədə boş-boş aparat axtarmaqdan yorulub metroya düşdüm. Cibimdəki axırıncı bir manatı karta vurmaq istəyəndə gördüm ki, pul yoxdur. Avtobusdakı ifritə bir manatımı qaytarmamışdı.

Əsəblərim əməlli-başlı pozuldu. Metronun qabağında dayanıb bir az ora-bura baxdım. Gəlib-gedəndən pul istəməyə utanırdım. Bu vaxt telefonuma zəng gəldi. Ayrıldığım sevgilim idi.

— Alo. Nə olub? — dedim.

— Bilirsən, mənə elə gəlir ki, düz eləmədim. Emm... Hardasan sən? Bu nə səsdir?

— Metronun qabağındayam. Camaatın səsidir. Sözünü de.

— Hansı metronun?

— Bunun məsələyə nə dəxli var? Tutaq ki, Nizaminin. Sözünü de.

— Hey, elə mən də burdayam. Gözlə... — səsi kəsildi.

On-on beş saniyə sonra qabağımda peyda oldu.

— Niyə burda dayanmısan? — dedi.

— “Semaşko”ya getməliyəm. Kartımda pul yoxdur. Elə-belə dayanmışam. Bilmirəm nə edəcəm.

— “Semaşko”ya niyə?

— Kamili bıçaqlayıblar. Ordadır.

— Kamil? Kamil... Hə, o oğlan. Niyə bıçaqlayıblar?

— Mən nə bilim? Sən nə istəyirsən? Niyə zəng eləmişdin?

— Onu sonra danışarıq. İndi daha vacib məsələ var. Bacım buralardadır, onun maşını ilə gedək “Semaşko”ya.

— Mən o sırtığın maşınına minən deyiləm. Ondansa bir manat ver, gedim karta vurum.

— Ağzının danışığını bil. Özü də ki dəlisən? Avtobusla gör nə vaxta çatarsan?

O sırtığın maşınına mindik. Qancığın ağzından leş iyi gəlirdi. Günün günorta çağı harda içmişdi, bilmirəm. Canımı sərxoş bir sırtığa əmanət etmişdim. Nə Kamilin bıçaqlanması vecimə idi, nə də başqa şey. Ancaq ölməmək üçün dua edirdim.

“Semaşko”ya çatana yaxın bizi polis saxladı. Maşından düşdüm. Qancıq şüvənlik saldı, onu və ayrıldığım sevgilimi polis bölməsinə apardılar. Maşını da cərimə meydançasına. Sözün açığı, sevindim. Piyada “Semaşko”ya getdim, məsafə az idi.

Dostlarım “Semaşko”nun həyətində yığılmışdı. Kamilin anası da orda idi, ağlayırdı. Uşaqlara yaxınlaşıb xəbər alırdım ki...

— Ala, Kamil öldü. Morqa aparırlar indi. Polis-zad gəlib. Zibilə düşmüşük. Bayaqdan yol ölçürük ora-bura — Kamilin qonşusu Rüstəm bunu deyəndə elə bil başıma qaynar su tökdülər.

Artıq heç nəyə lazım olmadığımı görüb ordan çıxdım. Parka getdim. Hər nə qədər ağlamaq istədimsə də, alınmadı. Telefonu çıxarıb Müjgana zəng vurdum, ayrıldığım sevgilimə. Zəngi açmadı. Yəqin ki, hələ də bölmədə idilər.

Axşama qədər parkda oturub göyərçinlərə baxdım. Parkdan gedəndə Müjgandan zəng gəldi.

— Sən nə cındır adamsan?

— Kamil öldü.

— Cəhənnəmə öldü. Heç elədiyin hərəkət öz xoşuna gəldi? Az qalmışdı ki, polisə çox sağ ol deyəsən. Bizi qoyub getdin, heç arxamızca da gəlmədin. Bir az kişi ol-e, adamda...

— Kamil öldü.

— Deyirəm ki, cəhənnəmə öldü, qara gora öldü. Sənin başın xarabdır? İki dənə qızı o pəzəvənglərin ya...

Telefonu söndürdüm, danışmağa həvəsim yox idi. Nizami metrosuna qədər piyada getdim. Yol boyu günorta acıladığım uşaqları düşündüm.

# 6485 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #