Kulis.az "Hekayə günü" layihəsindən Müşfiq Şükürlünün "Qafqazlı xoruzlar" adlı yeni hekayəsini təqdim edir.
Badə, nə badə. Universitet yataqxanasında Aygün Kazımovanın mahnısını dinləyirəm. Gürcü bir dostla oturmuşam. O da içib. Amma bekara. Keflənib eləməyib. Başsa qaçıb.
Hey Azərbaycan mahnısı. İçimi dağıdırsan. Dəyməsin göz sənə. Bir gəlib çıxsana, sevgilim. Hardasan, az, harda?
Gürcü qardaş mülayim adamdı. Uzundraz bir şeydi. Amma mehribandı. Desəz necə anlaşırıq? Türkcə. Oğraşın balası üç dil bilir. Gürcü, rus, türk. Millət bacarır. Yenə də fəhlədi dədəm kimi. Körpü tikirlər bədbəxt uşaqları. Yaxşı da qazanır. Pulu hara getsə yaxşıdır? Evin kirasına, yeməyinə-içməyinə. Hara xərcləyəcək kasıb immiqrant balası?!
Avropanın şərqində tələbə yataqxanasındayıq. Kimisi işləməyə gəlib, kimisi oxumağa. Başını götürüb qaçan-qaçanadı bu xaraba dünyada.
Tələbəyəm. Bu dəfə Polşada. İkinci təhsilimdir. Dərd məni götürüb. İlahi, bunu tamamlayıb ölkəmə dönsəm… Elə darıxmışam Azərbaycandan ötrü. Aygünsə oxumağındadır. Badə nə badə. Pivə içirik, ağız. Kəs.
– Ağsaqqal, necə mahnıdı?
– Pis deyil. Gəl bir gürcü mahnısı da qoyaq.
– Diyan, diyan, yaxşısını bilirəm.
Qəşəng bir gürcü şərqisi! Sümüyümü tərpədir. Pivənin havasından çıxıb mahnının havasına girirəm. Gözlər yumulu gülümsəyirəm. Başımı divara yaslamışam. Havalar qarışırlar bir-birinə. Gürcü də eləcə.
Birdən nə çıxsa yaxşıdı? Gürcünün içindən eqoizmi tullanır. Tullanır özünü atır üstümə. Axı dilim durmur. Hardan açdım bu Qafqaz mövzusunu?
– Qafqaz mahnıları bir başqadı. Mən gürcü mahnılarını çox sevirəm.
Bədbəxt qayıdıb nağarsa yaxşıdı? Götünü buraxır.
– Gürcülər Qafqazın mübarizə simvoludur. Biz Qafqazın ən qədim xalqıyıq.
Get vızqırt! Bu da qardaş! Çor qoyma bu internasional ortama. Axı içmişik? Özünə gəl, İrakli! Adına çox güvənmə.
Gürcü qardaş İrakli nasionalist duyğulara qapılıb. Məndən az içib. Başsa qaçıb. Başını tarazlamağın zamanıdırmı?
– Hardan öyrənmisən onu? Azərbaycan Qafqazın ən güclü xalqıdır. İstər ərazicə, istər iqtisadi baxımdan. Neft bizdədir, sizdə yox. Gəl başqa məcraya aparmayaq mövzunu. Qardaş-qardaşa söhbət edirik.
Xasiyyətim kəsilsin. Dilimi qarnıma qoyammıram. İllah da ki içəm. Damarıma basma, İrakli!
İrakliylə evin mətbəxində oturmuşuq. Yan otaqda ukraynalı qızlar. Yoldaş İrakli görür ki, bu cür konsensusa gəlmək olmur, evi tərk etmək qərarına gəlir. Qərarın gözünə girsin. Biz qafqazlıların qərarı qız görənəcəndir.
– Mən gedirəm. Sənlə alınmadı.
Tələsmə!
Ukraynalılar çıxır. Qızları görən İrakli dabanına tüpürüb qaçmaq əvəzinə ovcuna tüpürüb qayıdıb oturur. Yerini rahatlayır. Ürəyimdən bir kəlmə keçir: Noldu, ay oğraş?
– Getməyə lüzum yoxdur, qadası, otur. Bax, qızlar sənin səsinə gəliblər.
Onu sakitləşdirib mövzunu dəyişirəm. Axı, bilirəm ürəyindən keçəni. Xəbəri yoxdur ki, bu uzundraz pol ağacına baxan tapılmaz. Ümidlərini bəsləyib əlimi çiyninə atıram.
– Gör gürcü mahnıları camaata nə qaz verir?
İçindən gülür.
Məndə də az yaltaqlıq yoxdur!
Gəl indi əsl səhnəyə keçək. Tərcümələrə bir quş! Gürcü azərbaycanca bilmir. Dediyim kimi üçcə dildən baş çıxardır. Rus, türk, gürcü. Bizimkini anlasa da danışa bilməz. Türkcə guppuldadır.
– Sikinti yok.
Qaqqıldayıb gülürəm.
– Abi, senin bu sıkıntın bir başka sesleniyor. Bilerek mi yapıyorsun?
Oğraş ikilimi oynayır, mənləmi məzələnir anlamıram.
– Bana abi deme, sen yaşça büyüksün. Sikinti etme.
Başlayır dişlərini göstərməyə. Sarı donuz dişlərinə yaxşı baxır.
Gürcü mahnısı bitir. Mariam Elieşvilinin üzünə vurğunluğundan danışır ağsaqqal. Təkcə mahnıları yox, özü də qəşəngdi gürcü balasının. Sarı donuzun qadınlardan başı çıxır. Zövqümüzmü oxşayır yoxsa?
Təzədən Azərbaycan mahnısı qoyuram. Xiyarın milliyətçiliyi tutmasa yaxşıdır.
Ukraynalı qızlardan təkcə birinin ingiliscəsi var. Çirkin, uzun olanı. İki pol ağacının ortaq dili isə ruscadı. İrakli və Veronika. Ona söz demək lazım olsa, çatdırıram. Amma gürcü rusca bilir deyə mənə ehtiyacı yoxdur. Yetər ki, tərbiyəsizlik etməsin.
– Bu qızı bu gecə… – İrakli libidosuna hakim ola bilmir.
Gözlə, ağsaqqal. Hələ tezdir.
Kişi milləti səbirsizdir. Qızlar mətbəxin içindən keçib ayaqyoluna girirlər. Onlar da qaqqıldayıb gülürlər mənim kimi. Amma niyyətlərini bilmək asan deyil. Bilmirsən yüngül xasiyyətdəndir, yoxsa elə İraklinin libidosu kimi bir şeydir.
Gürcü qardaş ayağa durub ayaqyoluna cummaq istəyir.
– Diyan, ağsaqqal. Nağarırsan?
– Sikinti yok. Bekle.
Qolundan yapışıb saxlayıram.
– Olmaz. Qonağımsan. Ev yoldaşlarımdır. Bu cür yox.
Gürcünün nasionalist duyğuları geri qayıdır.
– Sikinti yapma!
Bu aqressiyanın qarşsına təəssüf ki, kasıb tələbə balası çıxmalıdır. Arıq canımı qabağa verib nədən ötrü savaşım?
Onu bu dəfə sakitləşdirmək alınmır. Libidosu gürcünü tapdalayır.
İraklini yalnız ayaqyolundan qışqıra-qışqıra çıxan sərxoş ukraynalılar dayandırır. Şoka girən kişi libidosu şən-şaqraq, səs-küylü qadın libidosuna təslim olur.
Bu dəfə mən hücuma keçirəm.
– Budurmu qədim gürcü milləti? Şeyinə dur deyəmmirsən?
Çaşkamın içinə tökdüyüm pivəni sperma fantanı tək onun üzünə çırpıram. Qafqazda ikinci cəbhə!
Əclaf oğlu iridi məndən. Yumruğu ilişdirir. Bu dəfə ukraynalılar səsə çıxır. Mən dar mətbəxin kafelinə sərili tək uzanmışam. Onların üstümə boylanıb qollarımdan yapışdıqlarını görürəm.
Gözlərimi açıb özümü ukraynalıların otağında tapıram. İrakli aradan cırdırıb. Bu da sənə Şərqi Avropa.
– Kak dela?
Onların anlaya bilmədiyi, mənə yetərincə tanış iki kəlmə işlədirəm.
– Sikinti yok.
20 yanvar, 2023