Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi
16 iyul 2024
# 09:00

Kulis.az Hekayə müzakirəsi layihəsindən Qorxmaz Şıxalığolunun "Köz" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Xəyyam Rəfili:

Son günlər Kulisdəki canlanma, yaxşı istiqamətdə aktivlik məni sevindirir. Oxuculara az tanış olan müəlliflərin əsərləri təqdim olunur, maraqlı müsahibələr alınır, yeni rubrikalar açılır. Hətta yeni lətifə janrının (gülməli olmayan lətifələr) əsasının qoyulmağına cəhdlər edilir. Bütün bunlar yaradıcı mühit üçün çox faydalıdır.

Bu həftə müzakirəyə çıxarılan “Köz” hekayəsi də mənim üçün yenilik oldu. Etiraf edim ki, Qorxmaz Şıxalıoğlunun yaradıcılığı ilə tanış deyildim və “Köz” hekayəsi müəllifdən oxuduğum ilk yazıdır. Adətən, tanımadığın müəllifin yazısını oxumağa başlayanda tələblərin orta həddə olur, hekayənin sonunda isə ya ortanın da altına düşür, ya da yüksəlməyə başlayır. “Köz” hekayəsinin ilk abzasları mənə klassik üslubda yazılmış, bol təsvirlər və detalçılıqla zəngin mətn kimi gəlmişdi. Lakin irəlilədikcə məsələnin mən düşündüyümdən daha dərin qatlarda olduğunu hiss etməyə başladım və olduğum yerdə hekayəni saxlayıb, başa qayıtdım. Yeni gözlə - yeni tələblərlə (bu dəfə ortanın xeyli üstündə) oxumağa davam etdim.

Mənə elə gəldi ki, “Köz”, 90-cı illərdə qələmə alınıb birinci final yaranıb, sonra hekayənin əvvəli yazılıb. Çünki hekayənin sonuna doğru bilinənin nəqli yüyrəkliyi var. Adətən, ədəbiyyatdakı kənd adamları iki tip olur, ya yaxşı, ya da pis. Bu hekayədə isə qəhrəmanımız Hüseynin iç dünyasındakı çəkişmələri adamı bir anlıq düşünməyə, onun nə istədiyini anlamaq üçün təfəkkür etməyə vadar edir ki, hekayənin ən gözəl tərəfi, məncə, budur. Bu baxımdan deyə bilərəm ki, Hüseyn obrazı da, onun heç bir sözündən çıxmayan balaca bacısı Nərgiz də personaj olaraq alınıb. Hekayənin dili, altmışıncılar nəsrinə xas detalçılığı saymasaq, rahat və oxunaqlıdır, mövzu orijinaldır, sonluq əladır.

Qorxmaz bəyə hekayə üçün təşəkkür edirəm və uğurlar diləyirəm. Digər yazılarını da həvəslə oxumaq istəyərəm.

Furqan:

Gözəl hekayədi. Oxuyub həzz aldım. Hekayənin baş verdiyi kəndə məxsus olan yer adları xüsusilə diqqətimi çəkdi: Şıxdərə, Uyuğun yamacı, Nərgizli dərə. Hər halda, hər kənddə buna bənzər adlar var.

Axşamtərəfi qoyun sürüsünün nobatdan qayıtması, kənd axşamı çox gözəl təsvir olunub.

Hekayənin qəhrəmanı bir daşla iki quş vurmuş olur. "İstifadə müddəti"ni bitirmiş çəpəri yandırmaqla qonaqların qarpız yeməyinə maneə olur. Hekayədə problem də var, problemin bədii həlli də.

Bir neçə il əvvəl "Azərbaycan" jurnalından Qorxmaz müəllimin "Bürkü" povestini də oxumuşdum. O da kənd havasında yazılmış gözəl bir əsər idi.

:

Sevinc Elsevər:

Müəllif yeniyetmənin hisslərini ötürə bilir oxucuya. Mühit yarada bilib. Dili də yormadı, rahat oxudum. Ancaq hekayənin bir mesajı olmalıdır. Mesaj nə idi, müəllif nə demək istəyir oxucuya? Mentalitet yeniyetmə oğlanları belə pis yönləndirirmi? Ailə üzvündən ayrılmaq çətin gəlirmi? Ancaq qardaş şəhərdə yaşayır, onun ayrılığına dözmək çətin deyil Hüseynə. Qızları ərə verməyə tələsməyinmi demək istəyir müəllif? Bu sualları verdim özümə və cavabım belə oldu ki, bunların heç biri deyil. Onda nə çıxır hekayədən? O çıxır ki, bacısı olmayan oğlanlar daha xoşbəxtdir. Hətta, qızım olsa öldürərəm deyir obrazın diliylə. Bu doğrudur ki, Azərbaycan kişilərinin 50-60 faizinin hissləri, fikirləri elə belədir. Ancaq müəllifin o kişilərə sözü nədir? Onların düşüncələrini dəyişmək üçün bu hekayədə nə etdi? Məncə, heç nə. Əgər desə ki, mən heç kimin düşüncəsinə təsir etmək məqsədilə hekayə yazmamışam, olanı göstərməyə çalışmışam, orda da haqlıdır müəllif. Ancaq mənə görə yaxşı hekayə təsir gücünə də malik olmalıdır. Belə.

İlham Əziz:

“Köz” hekayəsi müəllifdən oxuduğum ilk mətndi. Oxuyan kimi yazıçı Babək Məmmədliyə və qədim dostum şair del Geraniyə səs atdım. Şəhriyar Qorxmaz Şıxalıoğlunun bir yazısını gecəynən göndərdi, dedi, oxu, sabah günorta bu haqda danışarıq. Yazı Musa Yaqubdandı. Oxudum, əmin oldum ki, yazıçı esse yazanda da, roman yazanda da, məclisdə danışanda da yazıçıdı, məkan-zaman onu dəyişə bilmir.

Hekayədə məni ən çox təsirləndirən yaşlı-başlı yazıçımızın uşaq qəlbinə girib, ordan haray çəkməsidir. O qədər duru hekayədi ki, adam hekayəyə baxıb içini səliqəyə sala bilər, olanına, keçmişinə gülümsəyər.

Mentalitet qınamaq bizdə dəbdi. Amma mentalitetin saf tərəfləri yadımızdan çıxıb. Ərə gedən bacısını qısqanan, göz yaşını tuta bilməyən nə qədər adam qalıb bu ellərdə.

O qədər gözəl hisslərlə yazılıb ki, çəpərin yanması adamı ağrıtmır, o alov “Novruz tonqalı” olub, evlərimizə müqəddəs işıq saçır. Hələ orda bir “Nərgiz” var, Nərgiz! Konfeti qardaşının sözüylə küçəyə atan Nərgiz! Azərbaycan qızı, bizim balamız!

Siz heç bilirsiniz o vaxtlar körpə uşaqçün konfet nə demək idi?

İndi struktur, forma söhbətinin yeri deyil.

Mən bu hekayəni çox sevdim. Dua kimi, arzu kimi!..

Şəhriyarsa hələ də zəng eləməyib…

Babək Məmmədli:

“Köz”ü oxuduqca beynimin paralel fəzasında sönməkdə olan kənd xatirələrim balaca qəhrəmanın xəkəndazındakı köz kimi qızarıb gülümsündü mənə. Günəş şüalarının gündüzlər pörşələdiyi kənd yayının axşamçağına – heyvan çöldən qayıdan vaxtına baxırdım hansısa paralel portaldan. Babam uzandığı taxtından qalxıb, asta-asta çəkmələrini geyinəndən sonra dördayaqlı radiosunu şəbəkədən ayırıb, eşikdə heyvanın çöldən gəlişinə hazırlıqlarını görməyə başlayır. Yararsız traktor təkərlərindən ikisini eninə kəsib damın ağzındakı balaca xalxalda düzəltdiyi su və yem kalotuna (axur) müvafiq olaraq bir-iki vedrə su töküb, yem kalotuna da daş duzu paylaşdırır. Arxasınca tozanaq qaldıran sürü qapıya burulan kimi xalxala təpilib doyunca su içdikdən sonra ikibir-üçbir bölünüb duz yalayırlar. Mən bu vaxtlar boz eşşəyin tərkində yırğalana-yırğalana bulaqdan su gətirirdim. Hamı öz işini görürdü. Qapılarda vedrə şaqqıltısıyla birgə, zəhmətkeş kəndlilərin də səs-küyü sozalanda kəndin növbəti iş günü yekunlaşdı demək. Bibimlə nənəm olanımızdan-qopanımızdan süfrəyə qoyub bizi doyurandan sonra əyləşirdilər yeməyə. Nənəm süfrəyə tökülən xamralı qırıntılarını ovcunda xeyli əzəndən sonra arasına iyili qoyun pendirindən qoyub özünə dürmək düzəldirdi. Bir azdan səs-səsə verəcək qurbağaların və cırcıramaların partituraları qanadlarını kəndin qübbəsinə gərmiş heybətli sükutu perik salacaq. Hər şey o qədər sinxron ardıcıllıqla baş verirdi ki, üç ay yay tətili boyunca bu mizanın bircə dəfə də olsun pozulduğunu görmədim.

Hekayədə bacısına elçi gəldiyini öyrənən balaca qəhrəmanın hikkəsi, əslində, bacısının köçməsiylə bu nizamın-düzgünün pozulacağı təlaşından doğurdu həm də. Hekayəni oxuyanda div kimi cüssəli müəllifin “şüşə”nin içində çırpınan göyərçin canını görürdüm. Bu xatirələri onun başından qoparmaqla göyərçinin başını üzmüş olarsan. Qorxmaz Şıxalıoğlunun ustalığına bu hekayəyə qədər də bələd idim. İstər publisistik mətnlərində, istərsə də buna qədərki hekayəsində səmimiyyətini oxucudan gizlətməyib. Müzakirəyə çıxarılan “Köz” hekayəsində onun məhrəm bacı-qardaş ülfətinə toxunmağı bu səmimiyyətin miqyasının göstəricisi olmaqla yanaşı, həm də dağılmaqda olan ailə institutları dediyimiz dəyərlərə, törəmizə güzgü tutur. Hekayənin mənim üçün bir qəribə özəlliyi də var: məşum pandemiyadan bəri fəaliyyətini əhəmiyyətli dərəcədə itirmiş dad və qoxu reseptorlarım yenidən canlandı. Damdakı qoyun püşündən (peyin) tutmuş, babamın çəkmələrinəcən, sürünün ardınca qalxan toz-torpağacan ən xırdalıqların da iyisini duydum yenidən. Ocaqda asılmış yağ-soğanlı beçə qızartmasının qoxusuna isə lap tifil uşaq kimi umsundum. Hekayəni oxuyub bitirdikdə o günlərlə aramdakı məsafənin miqyasını anlayıb, heç zaman dəyişməyəcək bu müstəsna həqiqətə balaca qəhrəmanın alışdırdığı çəpər kimi korun-korun tüstülənib alovlandım mən də. Bircə təsəllim oldu ki, bu sirli qovuşuğa az da olsa ədəbiyyat adlı möcüzənin, mistik gücün sayəsində varmaq mümkündür. Bütün bu xırda detallar bəlkə də müasir oxucuya, “izm” ovçularına, “ultra modernist nasirlər”ə əhəmiyyətsiz, sovetdənqalma romantika kimi görünə bilər. Ancaq, əminliklə deyirəm ki, onların qlobal, bəşəri hesab etdikləri dərdlərinin nüvəsində elə urbanizasiya bəlası dayanıb və bu gün sakinləri iş ucbatından paytaxta üz tutub sürətlə boşalan kəndlərimizin faciəsi, ağrısı, hətta, bu ağrının dərmanı da, əhəmiyyətsiz görünə biləcək bu “kiçik detallar”da şifrələnib. Şəxsən mən, möcüzə sayəsində pensiya yaşına çata bilsəm, bu yeddibaşlı əjdahatək ağzını ayırıb adamı udmağa fürsət gəzən şəhərdən böyük məmnuniyyətlə başımı götürüb kəndə köçəcəyimi hər ötən gün özümdə bir az da qətiləşdirirəm.

Qorxmaz bəyi təbrik edirəm! Ümid edirəm, kəhriz kimi duru mətnlərinə bizi hələ çox qonaq edəcək.

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

# # #