Kulis.az Ədəbiyyat üzrə 1966-cı ilin Nobel mükafatçısı Nelli Zaksın şeirlərini təqdim edir.
Nelli Zaks ədəbi keyfiyyətlərinə və poetik yeniliklərinə görə 1966-cı ildə israilli yazıçı Şmuel Aqnon ilə birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat şairə "Yəhudi xalqının taleyini lirik və dramatik boyalarla təsvir etdiyinə görə" verilib. Şair 1970-ci ilin 12 may tarixində Stokholmda vəfat edib.
1940-cı ildə İsveçrəyə mühacirət edib. İlk poeziya kitabı - "Ölümün can evində" 1947-ci ildə Şərqi Berlində işıq üzü görüb. Daha sonra "Ulduz kölgəsində" (1949), "Sonranı heç kəs bilmir" (1957), "Qaçmaq və bayram etmək" (1957) və başqa kitabları çap olunub.
***
Sən
gecələrin yanındasan
dünyanı unutmaq istəyənlərlə
verərsən baş-başa
uzaqdan
barmağın yol göstərər yolunu azanlara
naməlum dənizlərin uyuduğu coğrafi xəritədə
nəğmə oxuyur ləpələr
qulaqlarında səslənər balıqqulağı xışıltısı
körpülər-dirəklər
buradan oraya uzanan bir ölkədə
bəsit bir sualı var həyatın
cavabını ölülər bilər bəlkə də.
***
Elə ki, gün
axşamın toranında dərər nəfəsini
elə ki, şəklini dəyişər olanlar
elə ki, tənhalıq səsini alar başına
quduz heyvanlar da quzu kimi sakitləşər
ya da ov olmaqdan usanar -
bircə ciçəklər qoruyar ətrini -
elə ki, heç nəyin olmaz dünyada
və hər nə varsa qayıdar ilkiniliyinə -
sən də zaman sərdabəsində gedərsən
yolun sonunda səni gözləyənlərə doğru -
o yerdə ki, könüllərin toxumu cücərər -
sən də qaranlığın dibinə baş vurarsan -
o zaman ölüm səndən arxada qalar
ölüm dediyin getdiyin yolda bir andı, an -
sənsə o anın fərqinə varmadan
baş alıb gedirsən yolun sonuna
yerində donub qalarsan
açarsan gözlərini
və qarşında yeni bir ulduz görərsən
sənin nurunu tərk edən bir ulduz -
***
Burda
sonuncu ölən
dodaqlarında gətirəcək
günəşin hərarətini
gecə tufana sığınıb
can verəcək üfüqdəki günəşin istisinə.
Qanına bələnmiş
bütün yuxular
bir ildırım çaxması ilə
qopacaq asıldığı yerdən
dərisi çapıq-çapıq göy üzü
sirli başlanğıca doğru gedəcək.
Və göydən Yerə
küçələrə enəcək Nuhun gəmisi
onunçün də burda sonuncu ölən
su ilə dolu ayaqqabısını şappıldadaraq
gedəcək son səfərə orda
balıqlar üzən yerdə -
itirilmiş vətənində onun
üzgəc yelkənləri süzəcək ancaq
zamanın qaranlıq tərəfində
qəbir yerləri artacaq.
***
Sakitlik
Zaman şəffaf olanda
və günəş üfüqdə itəndə
elə ki, şəbbülər
məzar üstə çiçəkləyir yazda
bu dünya dediyin
özünü göstərir bir az da.
Səhraların tənhalığına qovuşan
Palma yarpaqlarının parıltısı…
Həyat - əvvəlki həyat -
mərmər ehramların üstündə uyuyaraq
müqəddəs ruhların yerinə
nur içində dualar söyləyir
və qulağına tutduğun balıqqulağı
pıçıltayla nəğmə oxuyur yenə.
Ey qulaqda çağlayan okean səsi!
Ey eşqin dəliliyindən yazan
zamanın əl boyda kitabı!
Və buna həyat deyirlər, həyat
qapqara sehrin içindəki mənasız yuxular
və bir də qızılgül tikanının
qanlı çöhrəsi
göz qamaşdıran şimşəkdən sonra
yallı gedən buludlar -
qapqara kömür
mürgü döyən ləpələr
qaranlığa qərq olan
fil dişi rəngli sahillər
və sakitçilikdə boğulan ömür.
Tərcümə etdi: Əyyub Qiyas