Bu uşaq atamı görməyib axı - Günün şeiri

Bu uşaq atamı görməyib axı - Günün şeiri
9 iyul 2024
# 13:21

Kulis.az "Günün şeiri" layihəsində Rəşad Nağı Mustafanın yeni şeirini təqdim edir.

İlahi, verdiyin nemətə şükür.
İlahi, yerdəki cənnətə şükür.
Məni cümə günü, sübh namazında
yuxudan oyadan qismətə şükür.

Şükür əllərinin xırdalığına,
Şükür ürəyinin döyüntüsünə,
Şükür gözlərinə görsənənlərə
Şükür evdən gələn körpə səsinə.

Bu uşaq atam tək yatır, yatanda
əlinin içində gizlədir üzün.
Bu uşaq atamı görməyib axı,
Bəs necə atama oxşadır özün?

Bu yumru, ölməli dünyada təzdən
Var etdin ayaqdan başacan məni.
Oğlumun xətrinə yaşat, İlahi,
atamın öldüyü yaşacan məni.

İlahi, mən onu başa düşürəm.
Bilirəm, ağlayıb nə deyir mənə.
Mən onun dilini öyrənirəm ki.
Uşaq dilində də yalvarım sənə.

# 2225 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #