Az iş gəlməmişdir qərib başıma - Günün şeiri

Az iş gəlməmişdir qərib başıma - Günün şeiri
5 iyun 2023
# 11:00

Kulis.az "Günün şeiri" layihəsindən şair Mikayıl Müşviqin "Telefon söhbəti" şeirini təqdim edir.

Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

# 1652 dəfə oxunub

Oxşar xəbərlər

# # #