Virtual dünyanın xəstələri

Virtual dünyanın xəstələri
18 avqust 2014
# 11:00

Seymur Baycan

Dünən bir həkimlə tanış oldum. Konsertə getmişdim. Konsertdən sonra bir az pivə içmək qərarına gəldik. Həkimi pivə məclisinə bir şair dostum dəvət etmişdi. Söhbətimiz həmən tutdu. Həkim həm də musiqiylə məşğul olur. Qrupları var. Ürəkləri istəyəndə yığışıb azarlarını öldürürlər. Ədəbiyyatı yaxşı bilirdi. Yaxşı mütaliəsinin olduğunu hiss etdim. Həm də obyektiv adam idi. Artistlik etmirdi. Bu da söhbətin səmimi və maraqlı alınmasında vacib şərtlərdən biridi. Məsələn, açıq şəkildə dedi ki, Pelevini o qədər də yaxşı başa düşmür. Həkim Tiflisdə özəl klinikaların birində çalışır. Bundan əlavə hansısa özəl məktəbdə də psixiatr, ya da psixoloq işləyir. Sözün açığı psixiatr və psixoloq peşələrinin fərqini hələ də öyrənə bilməmişəm. Bilmirəm hansı dərmanla müalicə edir, hansı söhbətlə. Qarışdırıram. Bir-iki dəfə dəqiqləşdirmişəm, sonra yenə də yadımdan çıxıb. Bu kimi məsələlərdə özümü hədsiz dərəcədə yararsız adam hesab edirəm. Hələ də bilmirəm ki, günəş yerin ətrafında fırlanır, yoxsa yer günəşin ətrafında.

Fizikadan və kimyadan ümumiyyətlə anlayışım yoxdu. Televizor necə göstərir, radio necə danışır - bunlar mənim üçün möcüzədi. Bir-iki dəfə fizik dostlarıma müraciət etmişəm. Sən Allah, məni başa salın görüm, bu televizor necə göstərir. Başa salmağa çalışıblar. Deyiblər ki, antena dalğanı tutur, harasa ötürür, orda nəsə onu qəbul edir, sonra o olur, sonra bu olur, o baş verir, bu baş verir, o proses gedir, bu proses gedir və nəticədə televizor göstərir. Uzun-uzadı izah ediblər. Heç nə anlamamışam. Yorulmuşam. Başımı tərpədərək guya özümü başa düşmüş kimi göstərmişəm. Hərdən mənə elə gəlib ki, onların özləri də nə danışdıqlarının bir o qədər də fərqində deyillər. Zatən nə danışdığının fərqində olan adam başqalarına da başa salmağı, düşüncəsini başqasına da ötürməyi bacarmalıdı. Nə yolla olursa olsun. Nağıl diliylə, şeirlə, rəsmlə, düsturla, mahnıyla, əl hərəkətləriylə... Vasitələr çoxdu. Bir dəfə bir ingilislə üç saat ədəbiyyatdan, xüsusən də “Qulliverin səyahəti” əsəri haqqında danışdıq. Belə götürsək ingilis dilində maksimum əlli söz bilərəm, ya bilmərəm. O, filoloq idi. “Big men”, “little men” deyərkən, Qulliverin cırtdanlar və nəhənglər ölkəsinə düşdüyünə işarə vururdum. Əl-qolla danışırdım. Uzun söhbətdən sonra məlum oldu ki, adam rus dilini bilirmiş. Deyirəm, Ay Allahın itirib peyğəmbərini axtaran, niyə rus dilini bildiyini əvvəldən demirdin. Üç saatdır burda itin zülmünü çəkirəm. Dedi ki, belə daha maraqlı idi.

İnsanlar bir-birlərini başa düşmək istəyirsə, hətta pis bildikləri dil də onlara bəs edər. Bir-birlərini başa düşmək istəmirlərsə , hətta mükəmməl bildikləri dil də bir işə yaramayacaq. Əgər insan insanı başa düşmək istəyirsə, başa düşəcək. İnsan deyilən bir məxluqla insan dilində danışırsansa, mütləq başa düşməlidir. Başa düşmürsə, deməli, o insan deyil, həşəratdır!

Bəli, insanlar bir çox hallarda nə danışdıqlarının fərqində olmurlar. Burda mütləq bir əhvalat yazmalıyam. Bu əhvalatı mənə yaxın dostum danışıb. Deyir, əmioğlu Rusiyadan qonaq gəlmişdi. Orda Aviasiya Akademiyasında müəllim işləyir. Həyətdə oturub yeyib-içirdik. Kabab çəkmişdik. Başımızın üstündən təyyarə uçdu. Təyyarəni görəndə əmioğluna belə bir sual verdim

- Ay əmioğlu, bu təyyarə necə uçur?

Əmioğlu qalxdı ayağa, manqaldan bir kömür parçası götürdü. Su çəninin üstünü yazıb doldurdu düsturlarla. Rəqəmlərlə. Nə bilim, bu küləyin müqaviməti. Bu, pərin saniyədə, ya da dəqiqədə neçə dəfə fırlanması.... Bu filan fizikin filan qanunu , bu da filan fizikin filan qanunu....Çənin üstündə yer qalmadı. Axırda da dedi ki, görürsən, hamısını bilirəm, hamısını ən xırda detalına qədər izah edə bilərəm. Amma inan, hər dəfə göydə təyyarə görəndə mən də öz-özümə düşünürəm

- Bu boyda şey göydə necə uçur?

Qayıdaq həkimlə söhbətimizə. Həkim dedi ki, son vaxtlar özünə qapanan uşaqların sayı hədsiz dərəcədə artıbdır. Səbəb? Səbəb valideynlərin uşaqlara vaxt ayırmamağı, uşaqlarla söhbət etməməyidir. Valideyn işdən gələndən sonra girir virtual dünyaya. Uşağa 80-90 seriyalı bir cizgi filminin diskini almaqla öz valideynlik borcunu bitmiş hesab edir. Uşaqları sirkə, zooparka, teatra, muzeyə aparmırlar. Həkim virtual dünyanın kölələri haqqında çox danışdı və danışdıqlarından belə başa düşdüm ki, vəziyyət doğrudan da çox ağırdı. İnternet xəstəliyi bizim əsrin ən böyük bəlalarından biridi.

İnternetin şər qüvvəyə xidmət etdiyini, internetin şər qüvvə olduğunu söyləməyin əleyhinəyəm. İnternet haqqında birmənalı olaraq bu cür fikir bildirmək ən azı əbləhlikdi. Burda nurçu qardaşlarımızdan sitat gətirməyə məcburam. Bıçaqla həm qarpız kəsmək olar, həm də insan başı. Bıçaqdan necə istifadə olunacağı adamın özündən asılıdı. Əşyanın heç bir günahı yoxdu. İnternet öyrənmək, baxmaq, araşdırmaq üçün geniş imkanlar açmaqdadı. Lakin bizim insanlarımızın böyük çoxluğu internetdən yalnız avaralanmaq, vaxt öldürmək, öz səviyyəsizliklərini daha da səviyyəsizləşdirmək məqsədiylə istifadə edirlər. İnsanlar yaşadığımız dünyanı, təbiəti yaddan çıxarıblar. Bir qəzetdə işləyirdim. Redaksiyada hər cür şərait yaradılmışdı . İstədiyin zaman gedib bufetdə çay, kofe, su içə bilərdin. Orda bir qız və bir oğlan var idi. Nişanlanmışdılar. Bu iki adam bufetdə oturub söhbət etmək əvəzinə çatlaşırdılar. Ciddi deyirəm. Onlar qabaq-qabağa oturub söhbət edə bilmirdilər. Özünüz düşünün, bu adamların uşaqları necə olacaq. Onlar necə böyüyəcək. Adamlar günəşi, buludu yaddan çıxarıblar. Başlarını qaldırıb bir dəfə göyə, səmaya baxmağa ərinirlər. Fransua Moriak yazır ki, hər bir valideyn öz övladını təbiətlə tanış etməyə borcludu. Daha sonra deyir ki, mən təbiəti hiss etməyən adamların nəsə yaradacaqlarına inanmıram və vaxtında təbiətlə tanış olduğuma görə özümü xoşbəxt hiss edirəm.

Dəqiq fikirlərdi. Bizim insanların təbiət qoynunda şəkil çəkdirməklərinə aldanmayın. Onlar sözün həqiqi mənasında təbiətə yalnız və yalnız şəkil çəkdirmək üçün gedirlər. Hardansa eşidiblər ki, meşə, dağ, çay deyilən şeylər var və adam deyilən bir məxluq hərdən oralara baş çəkməlidi. Amma niyə baş çəkməlidi, nə səbəbə ora getməlidi, orda nə etməlidi bax bu suallara cavab verə bilməzlər. Harda olduqlarının, hara getdiklərinin fərqində deyillər. Təbiət qoynunda çəkdirdikləri şəkilin özü də virtual dünyadakı dünyalarına xidmət etməkdədi. Ona görə bizimkilər təbiət qoynuna getdikdə darıxırlar, təbiətdə nə edəcəklərini, necə həzz alacaqlarını anlamırlar, bu hisslər onlara yaddır. Necə ki, bizim qızlar ərə getdikdən, gəlin paltarı geyindikdən sonra böyük bir boşluğa düşürlər, eləcə də bizim insanlar meşədə, şəlalənin yanında, şəlalənin altında, şəlalənin üstündə şəkil çəkdirdikdən sonra boşluğa düşürlər. Onlar öz mənəvi dünyalarını necə zənginləşdirməyin yollarını bilmirlər. Çox vaxtı mənəvi dünyalarını zənginləşdirmək haqqında heç düşünmürlər də. Məhz bu baxımdan darıxırlar. Ən yekə maşınları sürsələr də darıxırlar. Üç mərtəbəli villalarda yaşasalar da darıxırlar. Onların darıxmaqları yaradıcı, bəşəri darıxmaq deyil. Bu sırf ibtidai darıxmaqdı. Onlar hətta ən bahalı istirahət mərkəzinə istirahətə gedəndə də darıxırlar. Çünki mənəviyyat dünyasını necə zənginləşdirmək haqqında anlayışları yoxdu. Onlar öz həyatlarına rəng qata bilmirlər. Bu imkan, pul məsələsi deyil. Bu zövq, səviyyə məsələsidi. Nə qədər maşından, puldan, evdən danışmaq olar, nə qədər onun-bunun qeybətini qırıb, onun-bunun həyatını müzakirə etmək, onun-bunun həyatına müdaxilə etmək olar. Niyə bir insan məhəllədəki bütün maşınların nömrəsini əzbər bilməlidi. Bu adamın işi-gücü yoxdurmu? Həyat insana bir dəfə verilir. Bu bir dəfə verilən həyatı necə onun-bunun qeybətini qırmağa, onun-bunun pulunu saymağa, onun-bunun həyatına müdaxilə etməyə, onun-bunun maşınının qiymətini, nömrəsini əzbərləməyə sərf etmək olar?

Adamlar zövqsüzlükdən, səviyyəsizlikdən əziyyət çəkirlər. Zövqsüzlük ürək bulandırır. Ən bahalı şadlıq evində, restoranda toy, ad günü keçirsələr də yenə də ürəkləri narahatdı, onlara elə gəlir ki, yenə nəsə çatışmır, yenə də nəsə ürəkləri istədikləri kimi alınmadı. Çünki hər şeyi pulla əldə edirlər. Pulla əldə ediləni çək kənara görəcəksən ortada heç nə qalmadı. İnsan öz həyatına rəng qata bilmədisə, həyat həmişə ona natamam görünəcək. Daima darıxacaq. Bir daha təkrar etmək məcburiyyətindəyəm, bu bəşəri darıxmaq deyil, bu yaradıcı insanın yaradıcı darıxmağı deyil, bu ibtidai, sırf azərbaycansayağı darıxmaqdı. Hətta İphone da onları darıxmaqdan xilas edə bilmir. Onlar darıxa-darıxa öz vaxtlarını virtual dünyada amansızcasına məhv etməkdədirlər. Bir dəfə bir nəfərə zəng edib harda olduğunu soruşdum. Cavab vəziyyəti çox əla izah edə bilər. Bu cavabda heç bir zarafat-filan yox idi. O özü də bilmədən bir cümləylə reallığın nə vəziyyətdə olduğunun rəsmini çəkdi. Cavabı böyük hərflərlə yazıram. Dedi, FACEBOOKDAN ÇIXIB, EVƏ GEDİRƏM. Azərbaycanlıların vaxt anlayışına göstərdikləri münasibət adamı sadəcə dəhşətə gətirir. İnsan da vaxta bu qədər qeyri-ciddi yanaşarmı. Onları bir sual düşündürür-vaxtı necə öldürməli. Nə edim ki, saat altı, səkkiz olsun, işdən çıxım evə gedim. Nə edim ki, axşam düşsün. Adamın heç ağlına girmir ki, bir kitab götürüb vərəqləsin, bir maraqlı məqalə oxusun, bir muzeyin saytına girib rəsm əsərlərinə baxsın. Heç olmasa danışmağa mövzu olsun.

Bir çox insanlar isə arzuları ilə imkanlarının sərhədini müəyyən edə bilmirlər. Xüsusən qadınlar. Məsələn, tutaq ki, gicin biri bir foto yayıb. Altına da romantika yazıb. Fotoda qəşəng bir qız və yaraşıqlı bir oğlan dənizin ortasında zanbaq formasında düzəldilmiş bir masada oturublar. Ətraflarında isə balaca-balaca, balaca yox, çıqqılı-çıqqılı qayıqlar üzür və bu çıqqılı qayıqların da hər birində şamlar yanır. Bu fotonu görərkən qadınların fantaziyaları bir saniyədə qıcqırır və beyinlərində bir fikir yaranır. Mən də istəyirəm, niyə də olmasın. Vəssalam. Daha heç nə bu dünyada onu razı sala bilməz. Sən bu arzunu reallaşdıra bilərsənsə deməli əsl kişisən, əsl nişanlısan. Yox əgər bu arzunu reallaşdıra bilmirsənsə deməli sən onu başa düşmürsən, onun öz dünyası var, sən romantik deyilsən zad... İndi gəl bu adama başa sal ki, bu şəkil bir adamın işi deyil. Bu şəkilin çəkilməsi üçün bütöv bir komanda işləyib. Biri qız tapıb, biri oğlan tapıb. Bir dəstə adam qızın saçını darayıb. Bir dəstə adam qızın qaşlarını düzəldib. Bir dəstə adam oğlanı geyindirib, saqqalını, gözünü, qaşını qaydaya salıb. Biri çıqqılı qayıqları düzüb. Biri masanı düzəldib. Biri altdan çəkib, biri üstdən çəkib. Buninin “San Fransiskolu cənab” adlı möhtəşəm bir hekayəsi var. Orda gəmidə bir qəşəng qız və bir qəşəng oğlan xoşbəxt cütlük rolunu ifa edirlər. Lap tutaq ki, belə bir restoran var. Orda dənizin ortasında zanbaq formalı masada şamların əhatəsində şam etmək mümkündür. Bundan sənə nə? Bəyəm bu imkan hamı üçün tanınıb? Mənim də ürəyimdən çox şey keçir. Bir balaca ağlı olan adam arzuları ilə imkanlarının sərhədini müəyyən etməyi bacarmalıdı. Məhz arzuları ilə imkanlarının sərhədini müəyyən edə bilmədiklərinə görə azərbaycanlıların həyatı cəhənnəm iztirablarına çevrilib. Gic-gic, mənasız arzuları onlara yaşamağa imkan vermir. Uşaq kimi nə görürlərsə mən də istəyirəm deyib ağlayırlar, özlərini yerə çırpırlar, ağızlarının suyu burunlarının suyuna qarışır, üstəlik göz yaşları da yuxarıdan axıb ağız və burun suyuna əlavə olunur. Nəticədə sifət tamam eybəcər bir vəziyyətə düşür.

Bizim qlamurka, snobist qızlar harda şam, koma görürlərsə elə bilirlər ki, orda romantika var. Romantika əslində ekstrimal situasiya deməkdi. Koma şəklini görən kimi deyirlər: “Kaş belə bir koma olaydı gedib orda tək oturub düşünəydim”. Yalandı. Saxtakarlıqdı. Başdan başa sünilikdir. Bir qram da səmimiyyət yoxdu. İki gün qala bilməz komada. Çünki komada qalmaq, təbiətdən zövq almaq üçün insanda dux olmalıdı. Maddi dünyadan iki əlli yapışıb həm də başqalarının mənəviyyat dünyasına sahib çıxmaq istəyirlər. Bu saxtakarlar, bu dırnaqarası romantiklər, bu snobist qlamurkalar rayona gedəndə, bütün iradələrini səfərbər edib, bir-iki saatlıq, bir-iki günlük əzablı romantik anlar yaşadıqları vaxtlarda qarşılarına çıxan kənd uşaqları, qoca arvadlarla, bəzən qoca kişlərlə gülümsəyərək şəkil çəkdirirlər. Elə dayanır, elə gülümsəyirlər ki, guya bu qoca arvadlarla, bu kənd uşaqları, bu qoca kişilərlə şəkil çəkdirməklə böyük bir fədakarlıq etməkdədirlər və biz bu fədakarlığı qiymətləndirməli, bu şəklin çəkilməsini böyük bir lütf, mərhəmət nümunəsi kimi qəbul etməliyik. Otururlar maşına, gedirlər rayona, restoranda, istirahət mərkəzində yeyib-içirlər. Özləriylə top da aparırlar, ya şortikdə, ya da şalvarlarının balaqların çırmalayıb bir az yalandan voleyboldan-zaddan oynayıb, guya asudə vaxtlarını səmərəli keçirirlər. Qarşılarına kənd uşaqları, qoca arvad, qoca kişi çıxanda sevinirlər, tez şəkil çəkdirirlər. Guya bunlar Şahzadə Dianadırlar, Afrikada uşaqlarla, ac, xəstə adamlarla şəkil çəkdirirlər. Əlimi “Quran”a basıb and içərəm ki, onlar o qocaları, o uşaqları qucaqlayıb gülümsəyərək şəkil çəkdirərkən özlərini Şahzadə Diana kimi hiss edirlər. Nə deməkdi bu? Nədi bunun mənası? Xahiş edirəm bir adam məni başa salsın. Bu diskriminasiya nə üçündür?

Adamlar özlərini hədsiz dərəcədə bədbəxt hiss edirlər. İmkanları ilə arzularının sərhədini müəyyən edə bilmədiklərinə görə bədbəxtliyin dərəcəsi günü gündən artır. Hansı serialda, hansı reklamda nə görürsə bir anda fantaziyası işə düşür, öz imkanlarını bir qram da nəzərə almadan elə hey istəyirlər, istəyirlər, istəyirlər...

# 11300 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #