Seyid Nigari: döyüşçü, sufi, şair ömrü ARAŞDIRMA

Seyid Nigari: döyüşçü, sufi, şair ömrü ARAŞDIRMA
23 oktyabr 2013
# 13:26

Kulis.Az məşhur Azərbaycan sufi şeyxi Seyid Həmzə Nigari haqqında araşdırmanı təqdim edir.

İslam dinində cihad anlayışının iki növü var. Bunlardan birincisi “böyük cihad” (insanın öz nəfsi ilə mübarizə aparması), ikincisi isə “kiçik cihad”dır (vətəni yadellilərdən qorumaq üçün apardığı mübarizə). İslam dininin insanın öz nəfsi ilə apardığı mübarizəni dəyərləndirərək onu “böyük cihad” adlandırması diqqətçəkən məsələlərdəndi.

Dinimizin buyurduğuna görə, hər bir müsəlman üçün ən böyük cihad öz nəfsi ilə “müharibə etməsi”, onu pisliklərdən təmizləyərək öz nəfsini tanımasıdır. Bu fikir rəvayət edilən bir çox mötəbər hədislərdə də əksini tapmaqdadır. Əbəs yerə dini mətnlərdə buyurulmamışdır ki, “nəfsini tanıyan Rəbbini tanıyar”...

Sufilikdə də cihad anlayışı, əsasən, insanın öz nəfsi ilə mübarizə aparıb onu saflaşdırmaqla bağlıdır. Yəni təsəvvüf yoluna baş qoyan hər bir mürid ilk əvvəl “mərifət” mərhələsinə qədəm qoymalı, ətrafdakı insanlardan uzaqlaşıb qırx gün çillə saxlamalı, bir hücrəyə daxil olub mürşidin göstərişi ilə bu müddət ərzində ibadətlər və zikrlər etməli, bu yolla özünü tərbiyə edib nəfsini tanımalıdır.

Amma bu, o demək deyil ki, sufilər yalnız “böyük cihada” üstünlük vermiş, dövrlərində baş verən ictimai-siyası hadisələrdən kənarda qalaraq bir hücrəyə daxil olub orada ibadət etmiş, cəmiyyətdən xəbərsiz olmuşlar. Yeri gəldikdə onlar “Allahın ipindən yapışıb” bir olaraq əllərindəki təsbehi silahla əvəz edib kiçik cihada qalxmış, öz vətənlərinə göz dikən işğalçılara qarşı ciddi şəkildə mübarizə aparmışlar.

Tarixə nəzər saldıqda buna bariz nümunə kimi Dağıstanda nəqşibəndi təriqətinə məxsus sufilərdən olmuş Şeyx Şamilin adını çəkmək olar. O, müridləri ilə birlikdə vətənini rus işğalçılarından qorumağa səy göstərmiş, bu mübarizəsi ilə Qafqaz xalqlarının dilində dastan olmuşdur.

Bizim tariximizdə də belə şəxsiyyətlərdən biri nəqşibəndi təriqətinin şeyxi Seyid Həmzə Nigari Qarabaği olmuşdur. O, Qarabağ xanlığının ağır günlər yaşadığı bir vaxtda öz müridləri ilə birgə rus işğalçılarına qarşı kəskin mübarizə aparmışdır.

Öz dövrünün Həmzəsi

Seyid Həmzənin doğum tarixi ilə bağlı mənbələrdə dəqiq məlumat olmasa da, onun XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonu) Cicimli kəndində seyid ailəsində doğulduğu qeyd edilir. O, hələ 6 aylıq olarkən atası Mir Paşa bəy dünyasını dəyişir. Seyid Həmzə 15 yaşına çatanda anası Xeyrunnisa xanım onu təhsil almaq üçün Qarabağda o dövrdə tanınmış şəxs olan Qaraqaşlı Mahmud Əfəndinin yanına göndərir.

Bir müddət burada təhsil alan Seyid Həmzə daha sonra təhsilini davam etdirmək üçün Şəkinin Dəhnə kəndinə yola düşür. Burada o, Şikəst Abdulla Əfəndidən təhsil alır. Seyid Həmzə bu illər ərzində aldığı təhsilin nəticəsi olaraq ərəb, fars dillərini dərindən öyrənir, dini elmlərə yiyələnir və şeir sənətinə bələd olur.

Nigarinin Nigarı

Rəvayət edilən maraqlı hadisələrdən biri də Seyid Həmzənin “Nigari” təxəllüsü ilə bağlıdır. Belə ki, o, doqquz yaşındaykən bir gün yuxusunda ilahi eşqdən alışıb yanan Nigar adlı qadına aşiq olur. Bu hadisədən on il keçəndən sonra Seyid Həmzə təhsili üçün Şirvana gedəndə Nigar xanımla qarşılaşır. Nigar xanımın ona “gördüyün yuxunu xatırlayırsanmı?” deməsiylə Seyid Həmzənin maddi eşqi mənəvi eşqə yönəlir. Bundan sonra Nigar xanımın onun həyatındakı rolunu unutmayaraq və onun xatirəsini əziz tutaraq özünə Nigari təxəllüsünü götürür və şeirlərini bu təxəllüslə yazır.

Kamil mürşid axtarışı

Özünə kamil bir mürşid axtarmaq sevdasına düşən Seyid Həmzə dövrünün tanınmış şeyxlərindən olan Mövlanə Xalid Bağdadinin adını eşidib ona mürid olmaq üçün yola düşür. Amma az keçmir ki, Mövlanə Xalidin vəfat etdiyini öyrənir (1826). Bir gecə Seyid Həmzənin yuxusuna girən Həzrət Əli (ə) ona Mövlana Xalidin müridi olmuş nəqşibəndi şeyxi kürdəmirli İsmayıl Siracəddin Şirvaniyə mürid olmasını tövsiyə edir. Seyid Həmzə bu yuxunun təsiri ilə İsmayıl Şirvanini aramağa başlayır. Bu dönəmdə İsmayıl Şirvanini çar imperiyası Sibirə sürgün etmişdi. Müridlərinin köməyi ilə Sibirdən qaçmağı bacaran İsmayıl Şirvani Sivasa gəlir, sonra da Amasyaya köçüb orada yaşamağa başlayır.

Sivasda İsmayıl Şirvani ilə görüşən Seyid Həmzə ona mürid olub şeyxdən təriqət tərbiyəsi və dini təhsil aldıqdan sonra xəlvət mərhələsinə qədəm qoyur (1839). Xəlvətini tamamladıqdan sonra mürşidinin icazəsiylə əvvəlcə Konyaya yola düşür. Konyada Mövlanə Cəlalləddin Ruminin türbəsində 40 gün qalaraq çillə çıxarır. Bundan sonra Məkkə və Mədinə şəhərlərinə gedən Seyid Həmzə müqəddəs torpaqları ziyarət edib orada da çillə çıxarır. Daha sonra Qüds və Şamı ziyarət edib yenidən Amasyaya qayıdır. Burada bir ilə yaxın mürşidi İsmayıl Şirvaniyə xidmət etdikdən sonra şeyxindən insanları irşad etmək üçün icazət alır.

Bundan sonra Seyid Həmzə mürşidi İsmayıl Siracəddin Şirvaninin xəlifəsi və Nəqşibəndi təriqətinin şeyxi kimi doğma Cicimli kəndinə qayıdıb təkyə qurur, ətrafına xeyli mürid toplayaraq buradakı insanları təsəvvüf yoluna yönləndirməyə başlayır.

Vətəni sevmək...

Az keçmir ki, onun nüfuzu Bərgüşad mahalının hüdudlarını aşmağa başlayır. O dövrdə Qarabağda sunni-şiə parçalanmasının qarşısını alaraq insanlar arasında vəhdət yaratmağa nail olur və hətta bu mövzuda şeirlər yazır.

Seyid Həmzə Cicimli kəndində Əminə xanımla ailə qurur. Bu evlilikdən onların Siracəddin adlı bir oğlu dünyaya gəlir.

Daha sonra Qazax mahalında bir müddət yaşayan Seyid Nigari orada da nüfuz qazanaraq nəqşibəndi şeyxi kimi fəaliyyət göstərir, ətrafına xeyli mürid toplayaraq insanları irşad edir, onları mənəvi saflığa, ilahi həqiqətə səsləyir.

Seyid Həmzənin doğma vətəni Qarabağa dərin sevgisi olmuşdur. Bu sevgini onun Qarabağa həsr etdiyi müxtəlif şeirlərdən də açıq-aydın görmək olur. Elə bu sevginin nəticəsi olaraq, XIX əsrdə baş verən rus istilası ilə barışmayan Seyid Həmzə öz müridləri ilə birgə Qarabağ xanlığının ağır günlərində çar imperiyasına qarşı cihada, vətənini müdafiəyə qalxmışdır.

Bununla bərabər, o, yazdığı şeirlərdə vətənin keşiyini çəkən Qafqazın igid oğullarını vəsf edir. Bu yolda böyük təqiblərlə qarşılaşan Seyid Həmzə məcburiyyət qarşısında qalıb Anadoluya getməli olur. 1853-cü ildə baş vermiş Krım müharibəsi onun ruslarla vuruşması üçün fürsət olur. Bu səbəblə Qarsa gedən Seyid Həmzə Osmanlı ordusunun sıralarına qoşulub çar imperiyasına qarşı vuruşmağa nail olur. Müharibədən sonra o, əvvəlcə İstanbula gəlib burada mənəvi söhbətləri ilə ətrafına xeyli insan toplayır. Bir ildən sonra isə Ərzuruma gəlib bir neçə il burada yaşayır, hədis və təfsir dərsləri verir.

Sürgün imtahanları

1867-ci ildə müridlərinin yardımıyla Qarabağa gələn Seyid Həmzə orada hələ də təhlükə altında yaşayan ailəsini – yoldaşı Əminə xanımı və oğlu Siracəddini götürüb Amasyaya gətirərək burada yaşamağa başlayır. Amasyada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir. Bu ərəfədə oğlu Siracəddin vəfat edir (1875).

Bu dönəm Amasyada Seyid Nigarinin nüfuzu, şöhrəti, həmçinin onun dərgahına üz tutan yerli sakinlərin sayı artmağa başlayır. Bu da bir çoxlarını ciddi narahat etməyə başlayır, ona qarşı müxtəlif təxribatlara əl atılır. Bir çoxları şayiə yayaraq Seyid Həmzəni ətrafına insanları yığıb siyasi güc formalaşdırmaqda günahlandırır. Bu dedi-qodulara görə dövlət orqanları tərəfindən İstanbula çağırılan Seyid Həmzədən Amasyanı təcili tərk etmək tələb edilir.

Seyid Həmzə məcbur olub ailəsi ilə birlikdə Amasyanın Mərzifon şəhərinə köçüb orada yaşamağa və irşad fəaliyyətinə başlayır. Amma onun getdikcə daha da artan nüfuzu hələ də bir çoxlarını rahatsız edir. Bu dəfə isə onun guya Osmanlı dövlətinə qarşı üsyan qaldırmağa hazırlaşdığı barədə şayiələr yayılır. Hökumət bu şayiələrə inanaraq Seyid Həmzəni ailəsi ilə birgə əvvəlcə İstanbula, sonra da Harput şəhərinə sürgün edir.

Ömrünün sonuna kimi Harputda yaşayan Seyid Həmzə elə burada da vəfat edib Məhərrəm ayında haqqa qoşuşur. Onun doğumu kimi vəfat tarixi də mübahisəlidir. Bir çox mənbələr onun 1885-ci ilin iyul ayının 29-u vəfat etdiyini qeyd edir. Vəsiyyətinə uyğun olaraq Seyid Həmzəni Amasyada torpağa tapşırırlar. Maraqlısı budur ki, Harputdan Amasyaya qədər olan məsafənin uzunluğuna və havanın həddən çox isti olmasına baxmayaraq, onun nəşinə heç bir şey olmamış, bu da bir çoxlarını heyrətləndirmiş, Seyid Həmzənin övliya olmasına bir daha şübhə yeri qoymamışdır.

1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.

Seyid Həmzə Nigariylə bağlı məlumatlara böyük ədib Firidun bəy Köçərlinin qeydlərində də rast gəlmək olar. O, əlyazmalarında Seyid Nigarini şəxsən görmüş Hacı Mirzə Əbdülkərim adlı şəxsin dilindən qeyd edir ki, Seyid Nigari uca boylu, xoşsima və mülayim bir şəxs olmuşdur. Şeyx namaz qılarkən öz təbii halını dəyişib başqa bir qəribə hala düşərmiş. Kənardan onun bu halını görənlər heyrət keçirib əndişə edərmişlər.

“Nari-Nigari-Qarabağ”

Seyid Nigari həm də sufi şairi olmuşdur. Yaradıcılığında Allah, Peyğəmbər (s), Əhli-Beyt (ə), Qarabağ sevgisini tərənnüm edən nəzm nümunələrinə yer verməklə yanaşı, bir çox aşiqanə şeirlər də yazmışdır. Şeirlərini, əsasən, Azərbaycan və fars dillərində, əruz və heca vəznində qələmə almışdır. Onun “Divan”ı ilə yanaşı “Çaynamə” və “Nigarnamə” adlı məsnəviləri də vardır.

Onun yazdığı şeirlər tez bir zamanda xalq tərəfindən sevilərək dillər əzbəri olmuş, özündən sonra qurulmuş Nigari təriqətinin müridləri tərəfindən zikr məclislərində ilahilər şəklində oxunmuşdur.

Seyid Nigari gənc yaşlarından vətəndən ayrılıb uzaqlarda yaşasa da, vətən həsrəti onu bir an belə olsa tərk etməmiş, heç vaxt doğma yurdunu unutmamış və Qarabağa sonsuz sevgi bəsləmişdir. Bu həsrətin nə dərəcədə ağrılı olması onun Qarabağa həsr etdiyi aşağıdakı şeirdən də açıq aydın görünür:

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,

Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.

Gövsəri-tubi imiş çayi-çinari-Qarabağ,

Aləmi-cənnət imiş dar-diyari Qarabağ.

İmdi bildim nə imiş vəsfi-həzari-Qarabağ,

Yeridir ki, çəkərəm ah və zari-Qarabağ.

Dağlayıbdır məni bir laləuzari-Qarabağ,

Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

# 11190 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #