İstanbul rus şəhəri olacaq - ARAŞDIRMA

İstanbul rus şəhəri olacaq - ARAŞDIRMA
23 oktyabr 2013
# 07:45

Bizans kilsəsi ilə Vatikanının 1500 illik dünya savaşı

Birinci yazını burdan oxuya bilərsiz.

«Üçüncü Roma İmperiyası» xəyalı, Bizans kilsəsinin geopolitik hesabları və anqlo-saks ittifaqı

İkinci yazı

Rus - Türk müharibələri başlayır

Vatikan başda olmaqla İngiltərə və Fransa rusların Qara dəniz hövzəsinə və Şərqi Avropaya doğru irəliləmək cəhdlərinə seyrçi mövqe nümayiş etdirdilər. Əvvəllər Bizans imperiyasının nəzarəti altında olan həmin ərazilərə artıq 300 ildi ki, Osmanlı xanədanı nəzarət edirdi və bu üzdən katolik Avropa yeni güc mərkəzinə çevrilən pravoslavlarla türklər arasında savaşın körüklənməsində daha maraqlı idilər. Qalibin kim olmasından asılı olmayaraq tərəflərin zəifləməsi şəraitində artıq Amerika qitəsini, Avstraliyanı, Afrikanı və Hindistanı nəzarətə götürməklə üç okean üzərində hakimiyyətini təmin edən anqlosaks ittifaqı daha uduşlu bir mövqedə olacaqdı.

Plana əsasən Yekaterina öncə Polşa torpaqlarını nəzarətə keçirmək üçün hərəkətə keçdi. Bunun üçün Polşanı öncə katoliklərə və provaslavlara böldülər. Süni şəkildə yaradılmış «Polşa məsələsi»nin həlli güya bütün Avropada sakitliyin və sülhün yaranmasını təmin edəcəkdi.

Provaslavlarla katoliklər və müsəlman türklər arasında qısqaca sıxışdırılan Polşada sözün həqiqi mənasında xaos hökm sürürdü. Polşa kralına demək olar ki, heç kim tabe olmur, iri feodallar üç güc arasında öz oyunlarını qurur və ən əsası Vatikanın Yezuit ordeni ilə Bizans kilsəsi arasında girinc qalan polyaklar arasında süni şəkildə dini fanatizm körükləndirilirdi. Polşanı Prussiya və Avstriya imperiyası ilə bölüşən (Qərbi Ukraynanın və Litvanın da daxil olduğu katolik Polşa torpaqları almanlara, Şərqi Ukrayna və Belorusiyanı əhatə edən provaslav Polşa torpaqları isə ruslara qaldı) Rus imperiyası bununla Osmanlı imperiyasının narazılığını qazanmış oldu.

Osmanılını «Polşa məsələsi» narahat etməklə yanaşı rusların Krıma doğru irəliləmələri də ciddi narahat edirdi. Buna görə də Osmanlı Polşada rus ordu birliyinin onun sərhədləri içinə girdiyini əsas gətirərək Rusiyaya müharibə elan etdi.

Müharibə Osmanlı sultanının əmrinə əsasən Krım xanının rus ərazilərinə girməsi ilə başladı. Hotin ətrafında baş verən döyüşdə ruslar parlaq qələbə qazandılar. Daha sonra qraf Rumyantsevin rəhbərlik etdiyi rus ordusu Krım xanlığının ərazisinə girərək bir neçə qələbə qazandı. Krım xanını məğlubiyyəti Osmanlı xanədanını çətin vəziyyətdə buraxdı. Bu qələbə rusları Qara dənizin şimalında hakim mövqeyə çıxardı və türklər özlərinin ən qədim yurdlarından biri olan Krımı itirdilər. (Krım hər zaman skiflərin yaşadığı ərazi olaraq bilinib).

Aralıq dənizində rus donanmasının Osmanlı donanmasını yenməsindən sonra sultan III Mustafa sülh bağlamağa hazır olsa da, Fransadan gələn elçi ondan tələsməməyi istədi. Fransız elçisinə görə Polşada qalxan üsyan rusları zəiflətməli idi. Əslində isə Vatikanın marağı müharibənin uzanması və heç bir tərəfin tam qələbə qazanmaması idi. Anqlo-saks ittifaqının körüklədiyi rus-türk müharibəsi tam 250 il sürəcək və nəhayət Birinci Dünya müharibəsindən sonra sonuncu türk imperiyası xəritədən silinəcək, Rusiyanı isə ateist qırmızı kabus öz ağuşuna alacaqdı…

Ruslar Qara dənizə və Qafqaza hakim olurlar

Yekaterinanın Osmanlı xanədanı ilə savaşları Bizans kilsəsinin hazırladığı planı tam olaraq reallaşdıra bilmədi. Aralıq dənizi hövzəsində və Balkanlarda Yunan imperiyası yaratmaq utopiyası elə utopiya olaraq qaldı. Ruslar Qara dəniz hövzəsində möhkəmlənə bilsələr də, Aralıq dənizi hövzəsində demək olar ki, uğur qazana bilmədilər. Çarqradın azad olunmasından isə söhbət belə gedə bilməzdi.

«Üçüncü Roma» ideyası həmişəki kimi türklərin arxa cəbhəsində uğur qazandı. Anqlo-saks ittifaqı Bizans kilsəsinin Avropanın içinə doğru irəliləməsinin qarşısını almaq üçün məcburən türklərin cənub və şərqi Avropadakı varlıqlarına dəstək verirdilər. Məhz bu üzdən yüz illər boyu Osmanlı imperiyası katolik Roma kilsəsi ilə pravoslav Bizans kilsəsi arasında bufer zona olmaqda davam etdi.

Buna baxmayaraq Yekaterinadan sonra ruslar Qafqazda möhkəmlənə bildilər. Krımı və Orta Asiyanı da tam olaraq özlərinə tabe etdirən Bizans kilsəsi Çin sədlərindən Mərkəzi Avropaya qədər uzanan və dünyanın əsas strateji ərazisi olan Böyük Çölü tam olaraq nəzarəti altına aldılar.

Artıq bütün türk xaqanlarının və türk imperiyalarının sahib olmaq istədikləri Böyük İpək yolunun əsas hissəsi rusların nəzarətində idi və bu rusların, dolayısı ilə isə Bizans kilsəsinin türklərin yerinə gəlməsi anlamına gəlməsi idi. Türklər tərəfindən tarix səhnəsindən silinən Bizans imperiyası üç əsr sonra onların ata yurdlarında xortladı və türklərin tək müstəqil dövlətləri katoliklərlə pravoslavların arasında qısqaca alındı.

Avropa Böyük Fransa inqilabından sarsılır

Fransada baş verən inqilab katoliklərlə pravoslavların arasındakı dünya savaşını yeni mərhələyə çıxardı. İnqilabdan sonra Fransa və İngiltərənin əks səngərlərdə yer alması ilk öncə pravoslav kilsəsinin əl-qolunu açsa da, Napoleonun müzəffər yürüşlərinin başlaması onları da çıxılmaz vəziyyətə saldı. Hakimiyyətə gəldikdən sonra bütün qəlbi ilə nifrət etdiyi Britaniya İmperiyasını yox etməyi qarşısına məqsəd qoyan Bonapart rus imperatoru Pavellə müttəfiq olmağa cəhd edir və Pavel böyük məmuniyyətlə onun təklifini qəbul edir.

Əslində hər şey normaldır. Roma kilsəsini demək olar ki, darmadağın edən və İngiltərəni özünün əsas düşməni elan edən Napoleon sanki Tanrının əmri ilə Bizans kilsəsinin əlinə işləyir. Lakin az sonra imperator Pavellə saziş imzalayan Bonapart avtomatik olaraq pravoslav kilsəsinin və rus imperiyasının yönəticilərinin bir nömrəli düşməninə çevrilir.

Dəli və xəyalpərəst Pavel çoxdandır ki, Hindistanı işğal etməyi düşünür. Məğlubedilməz ingilis donanmasına qarşı aciz olan Bonapart La Manşı aşıb Britaniyaya çıxa bilmədiyi üçün İngiltərəni koloniyalarda boğaraq Britaniya imperiyasının əsas güc mənbələrini ələ keçirməyi düşünür. Napoleonun planı çox sadədir. Napoleon öz ordusu ilə Rusiyaya gəlməyi və burda Pavelin ordusu ilə birləşib Hindistanı işğal etməyi planlaşdırır. Bonapart özünün Makedoniyalı İsgəndərdən böyük olduğunu bütün dünyaya sübut etməyə çalışır…

Plan o qədər möhtəşəm və o qədər dəhşətlidir ki, bütün London bir-birinə dəyir. Hindistanının itirilməsi Britaniya imperiyasının sonunun başlanğıcı olacaqdı.

Paralel olaraq müzəffər fransız ordusunun Rusiya torpaqlarına girişi və demək olar ki, burda rus ordusunun gücünü də arxasına alaraq isti dənizləri və Böyük İpək Yolunun mənbələrini işğal altına almağı planlaşdırması Bizans kilsəsində də dəhşətli reaksiya yaradır. Əsilsiz korsikalı leytenantın Bizans kilsəsinin son üç əsrdə əldə etdiyi bütün uğurlarını bir əl yelləməsi ilə ələ keçirməsi doğurdan dəhşətli və yolverilməz bir şeydi.

1801-ci il martın 23-də imperator Pavel gecə yarısı öz yataq otağında qvardiya zabitləri tərəfindən qılıncla doğrandı. Sui-qəsddən oğlu Aleksandrın xəbəri vardı və bu sui-qəsd məhz Britaniya ilə Bizans kilsəsi arasında əldə olunan saziş nəticəsində reallaşa bilmişdi. Pavelin qatilləri vəliəhd Aleksandrdan razılıq aldıqları kimi, kilsədən də xeyir-dua almışdılar. Sonradan qatillər heç bir cəza almadılar və rəsmi olaraq imperatorun ürəktutmasından vəfat olunduğu elan olundu. Ancaq 1905-ci ildə Birinci rus inqilabı zamanı imperator Pavelin ölümünün təfərrüatları mətbuatda işıqlandırıldı.

Pavelin öldürülməsindən sonra bütün xəyalları məhv olan Napoleon demək olar ki, bütün Okeaniyanı əhatə edən sonsuz Britaniya imperiyasına qalib gələ bilmək üçün bütün Avropanı işğal edərək Rusiyaya doğru yönəldi. Rusiyanın sərt iqliminə məğlub olaraq geri dönən Bonapart son günlərini Müqəddəs Yelena adasında qəhr olaraq keçirdi.

Faktiki olaraq birinci dünya savaşı olan Napoleona qarşı savaşdan sonra Avrasiyada yeni geosiyasi maraqlar meydana gəlməsə də, güc nisbəti dəyişdi. Napoleon üzərində qələbə Britaniyaya Çin və Hindistan da daxil olmaqla bütün Cənub Şərqi Asiyanı, Avstraliya və Amerika qitələri də daxil olmaqla bütün Sakit və Atlantik okeanları hövzələrini, həmçinin Afrikanı və Yaxın Şərqi tam olaraq nəzarəti altına aldı. Daha doğrusu dünyanın 3/4 hissəsi olan bu ərazilərdə daha gücləndi.

«Avropanın jandarmı» ünvanını alan Rusiya savaşdan sonra Şərqi Avropada və Balkanlarda nüfuzunu artırdı. Ən əsası isə bütün Böyük Çöl (Sibirdən Hindistan dağlarına və Çin səddindən Macarıstan çöllərinə qədər olan ərazi) Rusiya taxtının ana torpaqları olaraq tanındı.

Bunun müqabilində savaşda daha çox itki verən Avstriya və Almaniya demək olar ki, heç nə qazanmadı. Fransa isə müstəmləkə torpaqlarında ciddi itkiyə yol verdi.

İmperator Paveli öldürərək Napoleona qalib gəlməkdə anlaşan Böyük Britaniya və Rus-Bizans ittifaqı faktiki olaraq dünyanı öz aralarında bölüşdürdülər. Bu durum təbii ki, Almaniya və Avstriya imperiyalarını incik saldı. Osmanlı xanədanı isə dünya siyasətində söz sahibliyini itirdi və hər gün qocalıqdan ölməkdə olan sıradan bir imperiyaya çevrildi.

Osmanlı türkləri üçün Sibirin buzlu torpaqları heç bir şey ifadə etmədiyi kimi dünyanın əsas xammal bazasına sahib olan Böyük Britaniya üçün də Böyük Çölün heç bir əhəmiyyəti yoxdu. Böyük Çölün strateji və geosiyasi əhəmiyyəti yüz il sonra, dünyada «neft qızdırması» epidemiyası başlandıqdan sonra ortaya çıxacaq və bu durum dünyanın yenidən bölüşdürülməsi ehtiyacını yaradacaqdı…

Birinci Dünya Savaşına gedən yol

Milyonlarla avropalı üçün Birinci Dünya Savaşı bir neçə həftənin içində böyük bir fəlakət kimi meydana çıxdı. Amma əslində Avropa böyük savaşa doğru yüz il yol gəlmişdi.

Napoleonun məğlubiyyətindən sonra qarşı duran güclər arasında yerdəyişmə olmuşdu. Almaniyanın ənənəvi müttəfiqi olan Rusiya 1815-ci ildən sonra isə İngiltərənin müttəfiqinə çevrilmişdi. İngiltərə və Fransanın ənənəvi müttəfiqi olan Osmanlı İmperiyası isə məcburən Almaniyanın yanında yer almışdı.

Bu yerdəyişmə faktiki olaraq Britaniya İmperiyasının maraqlarına uyğun nizamlanmışdı. Böyük Çöl üzərində Rusiyanın hakimiyyətini tanıyan Britaniya Osmanlı İmperiyasını özünün yeni rəqibi Almaniyanın qucağına itələmişdi. «Üçünsü Roma» ideyası faktiki olaraq yeni inkişaf modeli tapmışdı.

Artıq ingilislərə görə türklər Britaniyanın maraqlarını Avropada təmin etmirdi. Yeni geosiyasi strategiya ingilislər üçün öz həmqəbilələri olan almanları hədəf götürmüşdü. Çünki Avropanın qucağında almanlar yeni dünya imperiyası hədəflərini ortaya qoymuşdular.

Bismarkın strateji hədəfləri Britaniyanın hədəflərinə qarşı idi və bu durumda türklərin Rusiya ilə Avropa arasında bufer rolu oynaması və bütün ağırlığı daşıması Britaniya üçün heç bir geosiyasi mənfəət daşımırdı. Türklərin ortadan qalxması və Rusiyanın Almaniya ilə üz-üzə dayanması Britaniyanın yeni hədəfi halına gəlmişdi. Türkləri tükədərək zəiflədən Rusiya bu dəfə yeni güc mərkəzinə çevrilən Almaniyanı zəiflətməli və İngiltərənin dünya hökmranlığı bir neçə yüz il daha təminat altına alınmalıydı.

Britaniyanın yeni geosiyasi hədəfləri «Üçünsü Roma» ideyasının müəllifi olan Bizans - rus kilsəsi üçünsə İstanbulu ələ keçirmək kimi bir xəyalı reallaşdırmaq imkanı qazandırmışdı. Yekaterina və Volterin utopiyası yenidən gündəmə gəlmişdi.

Bizans kilsəsi sadəcə müttəfiqini dəyişməklə Konstantinopolu yenidən geri almaq və Şərqi Avropada yunan imperiyası yaratmaqla son məqsədinə çatmağı hədəfləyirdi. Əgər savaşın miqyası təsəvvür olunduğundan böyük olmasaydı, ən əsası Rusiyada inqilab baş verməsəydi, o zaman yəqin ki, Birinci Dünya Savaşının nəticələr tamilə fərqli ola bilərdi.

İnqilabdan sonra kilsədən imtina edən ateist Lenin məhz inqilabı xilas etmək üçün Almaniya ilə anlaşıb müharibəni yarımçıq tərk etməsəydi, o zaman yəqin ki, qalib «Antanta»nın sırasında yer alan Rusiya İstanbul üzərində özünün mandatını təmin edəcək və Yaxın Şərq istisna olmaqla Osmanlı torpaqlarında Rusiyanın vassalı sifətində yunan imperiyasının yaranması qaçılmaz olacaqdı…

Savaşdan sonra dünya balansı yenidən qurulur

Birinci Dünya Savaşı hansı səbəblə meydana çıxmasından asılı olmayaraq bu savaşda «Antanta» ittifaqının aparıcı ölkələri olan Britaniya və Rusiyanın əsas hədəfi Osmanlı İmperiyasını ortadan qaldırmaqdı. Rusiya «Üçünsü Roma» xəyallarını reallaşdırmağı hədəfləyirdisə, Britaniyanın hədəfi Yaxın Şərq və İran və Qafqazlar idi.

Artıq dünya «neft qızdırması» epidemiyası içinə girmişdi və Londonda yaxşı anlayırdılar ki, Hindistandan gətirilən «istiot»la dünyanı yönəldə bilməyəcəklər. Gələcəyin neftə bağlı

olduğunu yaxşı başa düşən ingilis hökuməti neft yataqları olan əraziləri Osmanlının əlindən almağı həyati məsələ olaraq qarşısına qoymuşdu.

Eyni düşüncə Almaniyada da hakimdi və elə bu üzdən Birinci Dünya Savaşı öncəsi Almaniya Osmanlı ordusunun yenidən qurulmasını öz üzərinə götürmüşdü. Osmanlı dövlət yönəticilərini tam olaraq nəzarət altına alan alman hökuməti hesab edirdi ki, savaşı qazandıqdan sonra neft başqasına deyil, məhz ona qalacaq.

Almaniya savaşı qazanmağın bir addımlığında idi. Əgər okeanın o tayından yeni güc meydana çıxıb Britaniya və Fransanı xilas etməsəydi…

Sem dayının köhnə dünyanın işlərinə qarışması Avropadakı balansı tamamilə yerlə bir etdi. Savaşın taleyi həll olundu. Tək çıxış yolu Rusiyanı savaşdan çıxarmaq idi və Almaniya Rusiyanı inqilab uçurumuna yuvarladıb bunu başarsa belə acı qədərdən qurtula bilmədi.

Birinci Dünya Savaşının sonucunun ən önəmli faktoru ABŞ-ın dünya siyasətində aparıcı aktyora çevrilməsi oldu. Birinci Dünya Savaşından sonra Avrasiya geosiyasətinin bir ucu Atlantik okeanını keçərək Vaşinqtona qədər uzandı…

Savaşdan sonrakı vəziyyət Almaniya və artıq xəritədən silinən Osmanlı İmperiyası üçün nə qədər acınacaqlı idisə, Britaniya, Fransa və yeni meydana çıxan supergüc ABŞ üçün hər şey bir o qədər yavər idi. Britaniya bütün hədəflərini reallaşdırmağı bacarmışdı.

Qırmızı imperiya və «Üçüncü Roma» ideyası

Bunun müqabilində isə Bizans kilsəsinin«Üçünsü Roma» xəyalı xəyal olaraq qalmışdı. Daha doğrusu Bizans kilsəsinin Rusiyada baş verən inqilab nəticəsində 350 illik xəyalı məhv olmuşdu. Rusiyanın yeni hakimiyyətini kilsənin hədəfləri maraqlandırmırdı. Qırmızı hakimiyyətin Allahı terror və proletariatdı. Bolşeviklər Allahı terror edirdilər ki, yeni «insan-bəndə» (zombi) yarada bilsinlər.

İnqilabdan sonra Rusiya Polşa torpaqları istisna olmaqla öz ərazilərini qoruya bilsə də, artıq dövlətin strateji hədəfi İstanbulu geri qaytarmaq və bu ərazilərdə yunan imperiyası yaratmaq deyildi. Lenin və Stalini düşündürən məsələ Avropada «dünya inqilabı» yaratmaq idi. Rusiyanı terror və qan içində boğan yeni hakimiyyətin strateji hədəfi xəyali «proletariat»ın vasitəsi ilə bütün dünyanı ələ keçirməkdi.

Əslində bu hədəf Bizans kilsəsinin maraqlarını təmin edirdi. Əgər yeni hakimiyyət onlarla əməkdaşlıq etsə və Tanrı-Məsihdən imtina etməsə…

Məlumdur ki, 20-ci illərin sonlarından başlayaraq Stalinin pravoslav kilsəsinə olan marağı artmağa başlayıb. Müharibə illərində allahsız «rəhbər» kabinetində ikona saxlayır, tez-tez ikonanın qarşısında diz çöküb dua edirdi. «Rəhbər»in bütün Rusiyanın patriarxı ilə mütəmadi görüşləri isə 20-ci illərin sonlarından başlayır. Özünü yeni rus imperatoru olaraq görən Stalin əslində «Üçüncü Roma» ideyasını qəbul edir. Hər halda rus dövlətinin hardasa 400 illik tarixi ənənələri bu hədəflərə sadiq olmağı tələb edir.

Digər tərəfdən Bizans kilsəsi Birinci Dünya Savaşından sonra ona heç bir şey verməyən Britaniyaya qəzəblidir. Britaniyanın yenidən İstanbul üzərində türklərin haqqını tanıması Bizans kilsəsinə görə ən böyük xəyanətdir. Britaniya alçaqcasına xəyanətinə görə cəzalanmalıydı…

Ona görə də Stalin 1939-cu ildə Hitlerlə müqavilə imzalayaraq İngiltərə və ABŞ-a açıq şəkildə xəyanət edərək İkinci Dünya Savaşının başlamasına rəvac verir. Pravoslav kilsənin hesabı çox sadədir. Hitlerlə «Bir-birinə hücum etməmək haqqında» saziş imzalayaraq Almaniyanın Britaniya ilə savaşını seyr etmək və sonucda əsas güc sahibi olaraq ortaya çıxmaq. Buna görə Stalin Ukraynanı və Sibiri acından öldürərək almanları «sovet çörəyi» ilə bəsləyir. Qatarlar gecə-gündüz Üçünsü Reyxə taxıl daşımaqla yanaşı, Stalin həmçinin Bakı neftini də Almaniyaya axıdır.

Amma bu dəfə də Bizans kilsəsinin istəkləri alınmadı… Fələyin hesabı tamam başqaydı…

Kiçik yanlışın böyük fəlakəti

Bizans kilsəsinin hesabında kiçik bir yanlış böyük fəlakətə səbəb olur. Hitlerin Üçünsü Reyxi əslində «Üçüncü Roma»nın bərqərar olmasıydı və almanlar Romanı işğal etdikləri 4-cü əsrdən bəri özlərini Roma imperatorluğunun varisi hesab edirdilər. Buna baxmayaraq almanlar hər zaman Bizans kilsəsini öz yanında saxlamağa çalışaraq Şərqi Avropanın pravoslav slavyan xalqlarını idarə etməyə can atırdılar və demək olar ki, buna nail olurdular. Rusiyanın Şərqi Avropanın içərilərinə doğru irəliləyə bilməməsinin əsas səbəbi də məhz almanlar idi.

Hitlerin Rusiyaya hücum etməsilə provaslav kilsəsinin bütün hesabları pozuldu. Stalin çox pis vəziyyətdə yaxalanmışdı. Hitleri bəsləyən «rəhbər» əqrəbin ilk olaraq onu sancacağını düşünməmişdi və elə bu üzdən də tam hazırlıqsız yaxalanmışdı.

Əgər Britaniya və ABŞ olmasaydı «Üçüncü Roma» ideyası ilə birlikdə Rus imperiyası da tarixə qarışacaqdı…

Yeni anqlo-saks ittifaqı olan Böyük Britaniya və ABŞ yaxşı anlayırdı ki, Almaniyanın Rusiya üzərində qələbə qazanması, onlar üçün fəlakətə açılan qapıdır. Elə ona görə də Stalinin inanılmaz xəyanətinə baxmayaraq Çörçil və Ruzvelt bu qapının bağlı qalması üçün imkanları daxilində hər şeyi etdilər. Sonucda Üçüncü Reyxin bərbadcasına darmadağın olması və alman ideyasının tamamilə iflas eləməsi dünyada yeni bir düzəninin yaranmasına səbəb oldu.

Dünya iki supergüc arasında bölünür

İkinci Dünya Savaşının nəticələri həqiqətən inanılmazdı. Artıq beynəlxalq siyasətin iki önəmli aktyoru olan türklər və almanlar səhnədən getmişdi. Səhnədə iki supergüc qalmışdı. Bunlardan biri anqlo-saks itifaqı olan Britaniya və ABŞ, digəri isə bizans-rus ittifaqı olan SSRİ adlanan Rus İmperiyası idi.

Potsdamda olan razılaşmaya əsasən Avropanın bütün pravoslav xalqları, daha doğrusu Şərqi Avropa slavyanları Rusiyanın hegemoniyası altına girdi. Türk dünyası da daxil olmaqla Avrasiyanın önəmli bir hissəsi Rusiyanın nəzarətinə keçmişdi. Ən əsası əsrlər boyu davam edən savaşdan sonra nəhayət ki, Şərqi Avropa tamamən Rusiyanın və pravoslav kilsəsinin nəzarətinə keçmişdi.

Hədəfə çatmaq üçün sadəcə Çarqradın (İstanbulun) yenidən bizans-yunan kimliyini geri döndərməkdi. Lakin bu dəfə dünya savaşına girmədiyi üçün İstanbul «pay-püşk»dən kənarda qalmışdı və elə bu üzdən də Bizans kilsəsi son hədəfin reallaşdıra bilmədi.

Anqlo-saks cəbhəsində isə vəziyyət tamamilə fərqliydi. Rusiyanın qazancları müqabilində geosiyasi və strateji olaraq heç bir şey qazanmayan, köhnədən olan hər şeyi mühafizə etməyi bacaran Londonda yaxşı başa düşürdülər ki, artıq dünya hegemonluğu ideyasının daşıyıcısı ola bilməyəcək. Ən azından bu, gec ya tez Britaniya İmperiyasını ABŞ-la üz-üzə qoyacaqdı və üç qütblü dünyanın başlayacağı savaşın Avropanı sadəcə yer üzündən siləcəyi ehtimalı böyük idi. Hər halda son 50 ildə baş verən iki dünya savaşı bunun açıq göstəricisi idi.

Dünyanın geosiyasi vəziyyətini analiz edən Londonda doğru qərar verdilər. Britaniya öz kaloniyalarından imtina edərək dünya siyasətində liderliyi ABŞ-ın öhdəsinə buraxdı. Bu İkinci Dünya Savaşından sonra beynəlxalq siyasətdə alınmış ən doğru qərar idi. Birinci Dünya Savaşından sonra yenidən formalaşan anqlo-saks ittifaqı bütün vasitələrlə qorunmalıydı. Üstəlik anqlo-saks ittifaqının ən böyük hədəflərindən biri keçmiş koloniyalarda tam olaraq anqlo-saks mədəniyyətinin və ingilis dilinin qorunub saxlanması idi. Koloniyalara öz iradəsi ilə müstəqillik bəxş edən Britaniya hədəfini çətinlik çəkmədən reallaşdı. Koloniya xalqlarının dünyaya açıla bilmək üçün ingilis dilini və anqlo-saks mədəniyyətini seçməkdən savayı çıxış yolları yoxdu. Əslində koloniyalara müstəqillik bəxş edən anqlo-saks ittifaqı onları yenidən işğal etdi və bu işğal sözün həqiqi mənasında mükəmməldi.

İkinci Dünya Savaşının ən böyük nəticələrindən biri də ABŞ-da dövlət siyasətinin aparıcı ünsürlərindən biri olan yəhudi ideyasının beynəlxalq siyasətin aparıcı aktyoruna çevirməsi oldu. Faktiki olaraq İkinci Dünya Savaşından sonra anqlo-saks ittifaqı Anqlo-saks - Yəhudi İttifaqına çevrildi.

İki supergücün soyuq savaşı ABŞ-ı beynəlxalq siyasətin baş aktyoruna çevrildikdən sonra yəhudilərin beynəlxalq siyasətdə oynadığı rolda birə yüz artdı. Bu təbii idi. Əsrlər boyu Avropadan qovulub ABŞ-da böyük dünya iqtisadiyyatını yaradan yəhudilərin saatı ABŞ-la birlikdə gəlmişdi və artıq beynəlxalq siyasət və iqtisadiyyat münasibətləri yəhudilərin istəklərinə görə formalaşacaq və inkişaf edəcəkdi. Buna baxmayaraq dünya anqlo-saks mədəniyyəti ilə nəfəs alacaq və dünya düzənini də anqlo-saks ittifaqı formalaşdıracaqdı…

İkinci Dünya Savaşından sonra Uzaq Şərqdə Çini və digər ölkələri itirən anqlo-saks ittifaqı yaxşı başa düşürdü ki, Mərkəzi Avropada qırmızı kabusun işğal planlarını önləyə bilməsə, ruslar savaşdan sonra xarabalığa çevrilən bütün Avropanın sahibinə çevriləcəklər. Elə bu üzdən də ABŞ, Britaniya və yəhudi lobbisi Qərbi Avropanı yenidən bərpa olunması və dirçəlməsi üçün əllərində olan bütün imkanlarını və sərmayələrini bu əraziyə yönəltdi.

Anqlo-saks ittifaqı Qərbi Avropanın iqtisadi gücünü bərpa etməklə yanaşı sosialist Avropa ilə kapitalist Avropa arasında dəmir pərdə çəkdilər. Artıq Avropanın göbəyində yeni savaş başlamışdı və dünya tarixinə bu savaş «Soyuq savaş» olaraq girəcəkdi.

Daha ortada türk-filan yoxdu və rus-yunan ittifaqı olan Bizans kilsəsi ilə anqlo-saks ittifaqı olan katolik Vatikan üz-üzə dayanmışdı. Hardasa 1500 ildir davam edən savaş özünün kuliminasiya nöqtəsinə çatmışdı və qazanan dünyaya hökm edəcəkdi…

İkinci Dünya Savaşından sonra kommunist Sovet «Politbüro»sunu rus-yunan pravoslav kilsəsi yönəldirdi. Bizans kilsəsi pravoslav ikonasını ateist örtüklə örtərək Avropanın və bütün dünyanın hökmranı olmaq üçün iradəsini ortaya qoymuşdu. Lakin demək olar ki, bütün Asiyanı və Avropanın yarısını ələ keçirən Bizans kilsəsinin əlində olan maddi və mənəvi-ideoloji resurslar, xüsusən də insan resursları bu savaşı qələbəyə qədər aparmaq üçün yetərli deyildi…

Soyuq savaşı anqlo-saks ittifaqının qazanmasının başlıca səbəblərindən biri ABŞ-ın iqtisadi cəhətdən qüdrətli olması ilə yanaşı, əsas səbəb anqlo-saks ittifaqının özünün ideoloji bazasını doğru məcrada formalaşdırması və bu bazanı sosialist düşərgədən fərqli olaraq kapitalist düşərgəsinin iqtisadi qüdrəti ilə balans yaratması idi.

Kapitalist düşərgədən fərqli olaraq sosialist düşərgəsinin vədləri ilə reallıq arasında yerdən-göyə fərq vardı. İnsanlara kommunizm cənnəti vəd edən kommunist ideologiya faktiki olaraq insanları aclıq sərhədində saxlayır, daim terror edir və hakimiyyət ideologiyasını total zorakılıq şəraitində qoruyub saxlayırdı. Elə bu üzdən də savaş pik nöqtəyə çatdığında ən müasir silahlara malik olan SSRİ-də və bütün sosialist düşərgəsində aclıq, səfalət və ideoloji boşluq hökm sürürdü…

Soyuq savaşdan sonra geosiyasi durum

SSRİ-nin və bütün sosialist düşərgəsinin iflasından sonra dünyada yeni geosiyasi durum yarandı. Ötən əsrin 90-cı illərinin başlanğıcında Bizans kilsəsi Böyük Pyotrdan sonra 300 il müddətində qazandığı hər şeyi itirdi. Bu böyük fəlakət idi. Faktiki olaraq Rus İmperiyasının hazırkı ərazisi və nüfuz etdiyi ərazilər təqribən İvan Qroznı dönəmindəki sərhədlər içindədir. Orta Asiyaya nüfuz etməsinə baxmayaraq Şərqi Avropaya nüfuz etmək imkanlarını tamamilə itirib. Qafqaz və Ukraynada isə nüfuz dairəsini Qərblə paylaşmağa məcburdur və yaxın gələcəkdə bu ərazilərdə nüfuz dairəsini tamamilə itirəcək. Mokva «ərəb baharı»ndan sonra Suriyanın təmsilində Yaxın Şərqdə son qalasını belə itirmək üzrədir.

Hazırda soyuq savaşın qalibi olan anqlo-saks ittifaqı Sibir və Orta Asiya neft və qaz ehtiyatları xaricində dünyanın bütün karbohidrogen ehtiyatlarını öz nəzarəti altına alıb. Buna baxmayaraq Avropa böyük miqyasda Rusiyadan ixrac olunan qazdan asılı vəziyyətdədir. Bu isə Avrasiyanın və dünyanın geosiyasi durumunu kifayət qədər həssas edən faktordur. Bu üzdən dünya yeni geosiyasi savaşın içində bulunur…

Savaş davam edir: Anqlo-saks-Yəhudi ittifaqının yeni hədəfi - Sibir

Anqlo-saks ittifaqının yeni hədəfi Orta Asiyanın qaz ehtiyatlarını, ən əsası isə Sibirin tükənməz təbii sərvətlərini (bura karbohidrogen ehtiyatları, kömür ehtiyatları, dünyanın ən böyük almaz və qiymətli daşlar mədənləri və s. təbii sərvətlər aiddir) ələ keçirməkdir. Orta Asiyanın karbohidrogen ehtiyatlarını nəzarətə götürmək mümkün görünsə də, Sibiri Rusiyadan qoparmaq bir qədər çətin görünür. Rusiya və Bizan kilsəsi var gücü ilə müdafiə olunur və əlində qalanları qoruyub saxlamaq üçün zaman-zaman əks hücuma keçməkdən belə çəkinmir.

Buna baxmayaraq anqlo-saks ittifaqı bütün gücünü bir zamanlar sadəcə qiymətsiz və lazımsız torpaqlar olaraq Rusiyaya əta olunan gələcək dünyanın əsas geosiyasi mərkəzinə çevrilən Sibir torpaqlarını ələ keçirmək üçün bütün gücünü səfərbər edir. Belə görünür ki, 21-ci əsrin ikinci yarısında dünyanın əsas gündəm məsələləri Sibirdə və Sibir ətrafında cərəyan edəcək…

Savaş davam edir...

# 16083 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #