Çoban ata rəssam qızı zorlayır... AZƏRBAYCAN FİLMİ

Çoban ata rəssam qızı zorlayır... AZƏRBAYCAN FİLMİ
6 avqust 2013
# 17:02

Aktrisa Vəfa Zeynalova "İlahi məxluq" filmindəki roluna görə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, erotik səhnəyə çəkilməkdə ittiham olunur. Filmə marağı nəzərə alaraq bir müddət əvvəl Kulis.Az-da dərc olunmuş resenziyanı yenidən təqdim edirik..

«Rejissor Yavər Rzayev» sətirlərini oxuyandan sonra ağlımdan bu qədər fikir keçdi və sonra bildim ki, bu fikirlər boşuna deyilmiş. Doğrudan da diqqətçəkəndi bu fakt: həyatında iki dəfə tammetraj çəkməyə imkanın olsun və bu filmlər bir rejissor üçün nə qədər geciksə belə, aktual olsun.

«İlahi məxluq»sa kulturoloji baxış olaraq maraqlıdır. «İlahi məxluq» əhvalat olaraq real və problematikdir.

Filmi görməmiş oxuculara qısa bir xülasə: qəhrəman yeniyetmə bir oğlandı. Atası çoban Əşrəf. Film çovğun xəbəri ilə başlayır. Əşrəf(Nurəddin Mehdixanlı) təcili olaraq ailəsini və mal-qarasını qışlaqdan obaya düşürməlidir. Alaçığı və quzuları oğlu İsmayıla (Corc) tapşırır. Yaylaqda Əşrəfin evinə şəhərdən bir müddət, bəlkə də uzun müddət yaşamaq fikrilə bir rəssam qız (Vəfa Zeynalova) gəlir. İsmayıl məşhur rəssamların gözəl çılpaq bədən təsvirləri olan reproduksiyalarına, daha çox isə onunla dostlaşan rəssam qıza aludə olur, ona vurulur. Qız ona fırça bağışlayır. Atanı bu, hiddətləndirir. Bəlkə də qızın oğluyla dostlaşmasına paxıllıq edir. Hər halda… qızın İsmayıl üçün təşkil etdiyi yarıestetik intim səhnəni (Rəssam yatmış Venera rəsmini İsmayıl üçün canlandırır) ata tamamlayır-pozur. rəssam qızı İsmayılın gözü qarşısında zorlayır. Rəssam qız şəhərə qayıdır. Ata və oğul konflikti isə hələ də davam edir.

İndisə, budur ata köçünü bir qədər ötürəndən sonra oğlunun yanına qayıdır. Qar uçqunundan ürkən at onu yıxır və ayağını sındırır. Çovğunda, həm də yaralı halda hərəkət etmək mümkünsüzdür. Əşrəf yapıncının içində ölümə məhkumdur... Finalda isə gənc İsmayılı görürük. O, öz ailəsilə yaylağa köçür. Arabada gənc arvadı. Artıq İsmayıl özü atadır. Atalıq qalib gəlib…

Kulturoloji aspekt: Mədəniyyət və təbiət qütbləri maqnitin eyni qütbləri kimi bir-birini itələyir. Rəssam qız mədəniyyəti, incəsənəti, sivil yaşamı təmsil edir. Çoban Əşrəf təbiətin tərəfinə keçib. Mədəniyyət təhqir olunub, zorlanıb qovulur.

Bu bir əcaib sevgi əhvalatıdır. Mədəniyyət və təbiət sanki kor sevgililərdir –bir-birinin bədənini tanıdıqca, öyrəndikcə bir-birini zədələyən, yaralayıb şikəst edən, ağrıdan, öldürən tərəflərdir.

Sonda qalib təbiətdir. Sivilizasiya, mədəniyyət qadın kimi zərif, zəif və gücsüzdür.

Sarı simin biri burada: planeti bürüyən təbii qlobal fəlakətlər sivilizasiyanı, bu mədəni insanları narahat etmədədir. Qlobal istiləşmə, sellər, daşqınlar iqlim dəyişikliyi insanlara bir mesajdır sanki.

«İlahi məxluq» elə bil mesaj verir- baxın, sonda təbiət qalib gəlir!

Realist aspekt: Ata və oğul mövzusu fəlsəfi bir məqam olsa da onun həyati realist tərəfini qeyd etməsən olmur. Xüsusən kəndlərdə nə qədər belə çomaqlar var, heç də heyvanlardan az dəymir uşaqlara. Avtoritar, despot azəri ailələrində uşaqların dəyərini ata müəyyən edir. Patriarxat cəmiyyətin eybəcərliyi bütün ölkəni bürüyüb – atalar, analar uşaqlarına fərd, şəxsiyət kimi yanaşma hissindən məhrumdurlar. İsmayıllar qurban kəsə bilmədikləri heyvan misalıdır onlar üçün. Filmin maraqlı keçidlərindən biri də İsmayılın adının Rembrantın «İbrahimin qurbanverməsi» rəsmilə xatırlanmasıdır. Ümumiyyətlə, filmdə keçid yerinə məşhur rəsmlər istifadə olunur. Həm də filmin bölmələrinə verilən epiqraf olur (zira, kinonun epiqrafı söz yox, rəsm olmalıdır).

Fəlsəfi aspekt: ata və oğul- Filmin əvvəlindən ata və oğul arasında bir konflikt göstərilir. Bunun səbəbi yalnızca atanın oğluna mülkiyyəti kimi yanaşması, eyni zamanda onu sevməsi və gələcəyi üçün narahatlıq duyması deyil. Ata olmaq, atalıq sanki bir kompleksdir və gələcək qarşısında yaranmış bir kompleksdir. Ata oğlunda şəxsiyyət, fərd görmür, gördükdə isə əsəbiləşir, çünki onu özünün parçası hesab edir və özündən fərqli bir şey onu qeyzləndirir. Məgər bu məzəmmətləri az eşitmişik? «mən sənin yaşında olanda filanı filan edirdim, amma sən…». O, övladını, xüsusən oğlunu özünün davamı kimi görür. Amma həm də oğul bir özgəsidir.

Əşrəf övladının özgəliyini onun yeniyetməliyində duyur. Oğulların atalarla konflikti də məhz bu cinsi yetişkənlik yaşlarında yaranır. Ata –oğul konfliktinin əsas düyünü seksual rəqabətdir. Əşrəf gənc rəssam qıza münasibətində oğlunu rəqib kimi görür. Bu rəqabətdə ata qalib gəlir- atalıq qalib gəlir. İsmayılın ilk intim aktı- həm də estetik aktı atası tərəfindən pozulur. Ata qadınla münasibətdə oğlunu uşaq hesab edir, amma ocağı qorumaq, heyvanları tapşırmaq gələndə uşaq dönüb «yekə kişi» olur. Bu konfliktdə ən böyük düyündür.

Poetik aspekt: Rəssamın gətirdiyi rəsmlərdən başlayır. Rəssam qız hətta rəsmlərdən birini İsmayıl üçün canlandırır da. Nə üçün o, İsmayıla bu qədər maraq göstərir? Bəlkə qadını onun yeniyetmə cazibəsi çəkir? Ya bəlkə bununla atanı qıcıqlandırır?

Ümumiyyətlə, bu qədər maraqlı mövzunun dayaq tapdığı adi həyati əhvalatda ən boşda qalan bu rəssam qızın məsələsidir. O, nə üçün bu ucqara gəlib çıxıb? Ümumiyyətlə o nə istəyir? Məqsədi, məramı nədir? Aktrisa obrazın həllini tapmayıb. Vəfanın qəhrəmanı Venera olmaq istəyən, rəssam olduğunu göstərən şıltaq bir qızdır. Nə istədiyini allah bilir.

Alaçıqda rəsm reproduksiyaları arasında çiy ət yemiş ağzı qanlı yeniyetmə isinmək üçün onları yanan ocağa atır.

Ümumiyyətlə, filmin dialoqları da yaxşı işlənməyib. İdeya-konfliktin, yaxşı operator işinin (operator: Rəsul Tənhayi) içində bu qüsurlar tamaşaçı fikrini dağıdır. Qeyri-təbii danışıq buna aiddir. Misal üçün “duyğuqabağı” sözü.

Final

Əslində final İsmayılın donmamaq üçün yandırdığı reproduksiyalarla başlayır. Bu epizod artıq nəsə deyir. Bu təbiət qarşısında, ata qarşısında təslim aktıdır. Gənc, ata olacaq İsmayılın köç epizodu sanki tamaşaçıya əhvalatın adiliyini, sıradanlığını xatırladır. Kimsə süjeti belə danışardı: «Ata çovğunda köç ötürərkən öldü, oğul atanın yolunu davam etdirir».

İsmayılı saçlarından rəssam qıza oxşayan hamilə qadını gözləyir. O ata olacaq. Atalıq qalib gəldi! Oğul yalnız gələcək deyil, həm də keçmişdi! Sanki film deyir: belədir və belə də olacaq! Bunda, elə Əşrəfin hirsi qədər hikkə var...

# 6717 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #