Atatürkün qızının məzarı niyə yoxa çıxdı?

Atatürkün qızının məzarı niyə yoxa çıxdı?
1 iyul 2013
# 11:13

Atatürkün mənəvi qızı Zəhra Aylinin “intiharı”

Atatürk onu Dar-ül Eytam (yetimlər evi) evinə ziyarəti zamanı tanımışdı. Uşaqlarla söhbət edərkən 12 yaşındakı bir qız verdiyi ağıllı cavablara görə Atatürkün diqqətini çəkir və Qazi əyilib bu qaragözlü qızdan soruşur: “Mənimlə Ankaraya gələrsən?“. Qız onu yaxşı tanımırdı, amma başını aşağı əyərək yavaş səslə: “Olar”,-dedi.

Zəhra Aylin 1912-ci ildə Amasiyada yoxsul bir ailədə anadan olmuşdu. Dörd yaşında atasını (Atası Çanaqqala döyüşündə həlak olmuş kapitan idi, Aylin onu xatırlamırdı), beş yaşında isə anasını itirmişdi. Bundan sonra o bir yaş balaca bacısı Nuriyyə ilə birgə Amasiyadakı yetimxanaya yerləşdirilir. Həyatının dəyişdiyi o böyük tarix isə 25 sentyabr 1924-cü ilə təsadüf edir.

Aylin Atatürkün ilk mənəvi qızı olaraq Çankaya Köşkünə gətirilir. Ancaq yalnızlığı uzun çəkmir. Tezliklə ona Qazinin digər mənəvi övladları Ruqiyyə, Sabiha, Afər, Fikriyyə və başqaları qoşulur.

Aylinlə Sabihanın daha yaxın əlaqələrinin olduğu məlumdur. Bu iki rəfiqə Çankaya Köşkünün həyətindəki ikiotaqlı məktəbdə ilk təhsillərini almağa başlayırlar. Sabihanın sonralar anlatdıqlarına görə Atatürk onların təlim-tərbiyəsiylə yaxından maraqlanır, hətta paltarlarının modellərini də özü təyin edərmiş. Aylin orta məktəbə İstanbul Arnavutköydəki Amerika Qız Kollecində davam edir. Daha sonra isə Atatürkün istəyi ilə ədəbiyyat üzrə təhsilini davam etdirmək üçün Londondakı Oksford Universitetinə məxsus Saint Hilda Kollecinə göndərilir.

“Mən burda qalmaq istəmirəm, nə olar atamızı razı edin, vətənimə geri dönüm”. Aylin bu sözləri Londondan Sabiha və Ruqiyyəyə göndərdiyi məktubda demək olar ki, yalvararaq yazırdı.

Aylin İngiltərədə adaptasiya problemi yaşayır, ölkəsinə qayıtmağı çox arzulayırdı. Dərslərdən sonrakı vaxtını isə ancaq Türkiyənin Britaniya səfirliyində keçirərdi. Dərsin başlanmasından yarım semestr keçməmiş Aylinin psixoloji vəziyyəti həkimləri və müəllimlərini narahat etməyə başlayır. Və təbii olaraq belə vəziyyətdə o, dərslərlə də lazımınca məşğul ola bilməzdi. Nəticə də gözlənilən oldu. Atatürk xəstəliyi səbəbiylə onun Türkiyəyə dönməsinə icazə verdi.

Hadisələrin gedişatına da bundan sonra düyün vurulur. 19 noyabr 1935-ci ildə Zəhra Aylin Türkiyənin İngiltərədəki səfiri Fəthi Okyar ilə birgə Londondan gəmi ilə Fransaya gəlir. Burada o Fəthi Okyar tərəfindən səfirin çox etibar etdiyi başqa birinə tapşırılır (həmin şəxsin kimliyi bəlli deyil) və birlikdə qatarla səyahətə davam edilir.

Gecə saat 04:20 radələrində Qatar Amiens yaxınlığında olanda Aylin özünü yaxşı hiss etmədiyini deyir və hava almaq üçün kupedən çıxır. Zəhranın tapşırıldığı adam onun pis olduğunu görüb qatarın təcili vəziyyət əyləcinin çəkərək dayandırır. Amma artıq gec idi.

Fransa mətbuatında bu, “Atatürkün qızı və Osmanlı taxtının varisi intihar etdi” başlığı ilə verilir. Ancaq Atatürkün xidmətçisi Camal Qrandanın xatirələrində hökm daha qəti və sərtdir: "Zəhra mədəsinin bulandığı və başının döndüyünü deyərək bir az hava almaq üçün kupedən çıxmış və dəhliz pəncərəsindən gölün sahilindən yüz iyirmi kilometr sürətlə keçən qatardan özünü boşluğa buraxmışdır”.

Atatürkün qərarı isə qəti idi. O, katibi Həsən Rza Soyak vasitəsilə bu təlimatı verir: ”Adı açıqlanmasın, mərasim təşkil edilməsin, təhnid edilib (dərmanlanıb) dərhal Ankaraya gətirilsin”. Buna rəğmən, cənazə öncə Amiensdə, sonra cənazəni daşıyan qatarın uğradığı hər stansiyada böyük mərasimlə qarşılanıb, elə də yola salınmışdı. Əhali, xüsusilə gənc qızlar intihar edən Osmanlı taxtının varisi üçün göz yaşlarını saxlaya bilmirdilər.

İlk mərasim isə Amiensdə və həm də bir kilsədə təşkil olunmuşdu. Cənazə daha sonra qatarla Parisə gətirilmiş, oradan da İstanbula göndərilmişdir. Ancaq gözlənilən olmadı. Türkiyədə heç bir mərasim təşkil olunmadı. Cənazəni daşıyan gəmi səhərə yaxın İstanbul limanında bir neçə dövlət adamı və dörd hamball tərəfindən qarşılandı (21 noyabr, cümə axşamı, saat 10-da).

Elə həmin gün cənazə Teşvikiye Məscidinə, oradan da Maçka məzarlığına aparılır. İstanbul valisi, bir neçə dövlət adamı, CHP təşkilatı və tələbələrin qatıldığı dəfn mərasimində Atatürkü Həsən Rza Soyak təmsil edir. Maçkadakı məzarın üzərinə isə Atatürkü təmsil edən bir çələng qoyulur.

Dünya mətbuatının əksinə olaraq olay Türkiyə mətbuatında yalnız Cümhuriyyət qəzetinin “Ölkə xəbərləri” bölməsində 23 sətirlik kiçik bir xəbərlə əks olunur: "Xanım Zəhra Aylin dünən kiçik bir mərasimlə dəfn edildi”. Atatürk bu haqda geniş yazılmasını, bu hadisənin araşdırılmasını qadağan etmişdi. Ancaq Qazinin bütün tədbirlərinə rəğmən, intihar dedi-qoduları səngimir. Nəhayət, Zəhranın ən yaxın rəfiqəsi Sabiha Gökçən danışır və “intihar etmədi” açıqlamasını verir. Bununla da Atatürkün mənəvi qızının ölüm-intihar xəbəri qəzetlərin ilk səhifələrində görünməyə başlayır.

Ancaq ölkədən kənarda qəzetlər bunları yazırdı:

“Daily Mail” qəzetinin 21noyabr 1935-ci il tarixli nüsxəsi: “Atatürkün Londondan Parisə gələn mənəvi övladı Zəhra Kalais-Paris qatarından düşərək vəfat etmişdir. Polis bu faciəli qəza ətrafında tədqiqat aparmaqla məşğuldur.

Faciə Amiens yaxınlığında qatar bir kənd stansiyasından keçərkən vaqe olmuşdur. Gənc qız aldığı yaraların təsiri ilə vəfat etmişdir. Xanım Zəhra Oksforda girmək üçün göndərildiyi Londondan qayıdırdı. Avqustdan bu yana Hampsteddəki məktəbdə oxuyurdu. Londondan ayrılmamışdan əvvəl Türkiyə Səfirliyinə getmiş və səfir ilə görüşmüşdür. Səfir səfər üçün lazım olan hər şeylə şəxsən məşğul olmuşdur.

Qəza 4:20-də olmuşdur. Xanım Zəhra xidmətçisi ilə birgə birinci sinif bir kupedə səyahət edirdi. Xanımın uzun müddət kupeyə qayıtmamağından narahat olan xidmətçisi qatarı dayandırmış və cəsəd Ailly-Sur-Noye stansiyasına yaxın bir yerdə dəmiryolu yanında tapılmışdır.

Gənc qızın vaqonlardan birinin arxa qapıdan yıxıldığı söylənilir. Hətta iki kəndli qadın Zəhranın qatardan yıxılmağını şəxsən görüb”.

“Daily Ekspress” qəzeti: “Türk səfiri yerində tədqiqat aparmaq və cəsədi Ankaraya göndərmək üçün Parisdən Amiensə getmişdir. Zəhra qəhvəyi gözlü, cılız, sakit təbiətli bir qız idi. Müqəddəs Hilda Kollecində oxuyurdu.

Dostlarına belə deyərmiş: “Mən İngiltərəni sevirəm. İngilis dilini tez öyrənmək istəyirəm. Sonra imtahan verib Oksforda girəcəm. Atatürkün arzusu belədir. Vətənimə tezliklə dönüb çalışmaq istəyirəm.

Oxuduğu məktəbin müdiri bizə bu bəyanatı verdi:

“Zəhra bizimlə yarım semestr oxumuşdur. Çox sakit və sevimli bir qız idi. Türkiyəyə getmək üçün keçən bazar buradan ayrıldı. Boş vaxtlarını həmişə Türkiyə səfirliyində keçirərdi”.

“Morning Post” qəzeti: “Xanım Zəhranın cəsədi Amiens xəstəxanasındadır. Cəsədin yanına Fransa hökuməti adından bir çələng qoyulmuşdur. Bələdiyyə rəisi xəstəxanaya getmiş və cəsədin önündə əyilərək son rəsmi hörməti yerinə yetirmişdir”.

1999-cu ildə “Hürriyyət” qəzetində “Maçka qəbiristanlığı yox olur” başlığı altında bir yazı çıxır: "Maçka qəbiristanlığının ən qəribə hekayəsi isə bütün axtarışlarımıza rəğmən, Atatürkün mənəvi qızı Zəhra Aylinin məzarını tapa bilməməyimiz oldu. Hər həftə gəlib Maçka qəbiristanlığında böyüklərinin qəbrini axtaran bir neçə uşaq kimi biz də Zəhranın məzarını tapa bilmədik".

Əgər bu bir təsadüf idisə, o zaman Zəhra Aylinə niyə cənazə mərasiminin təşkil edilməməsi, hansı səbəbdən qəbrinin dəqiq yerinin bilinməməsi, Atatürkün niyə dəfnetmədə iştirak etməməsi hələ də cavabsız qalan suallardandır.

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #