Köşə yazarları

Online: 234

“Bakıda olarkən Başbuğ qara “Volqa”da gəzirdi” - PROJE

Nurəddin Xoca:Türkeşi Elçibəy, İsgəndər Həmidov və mən qarşıladıq”

1960-ci ildə dövlət çevrilişini gerçəkləşdirən zabitlərin elanını radiodan bütün Türkiyəyə elan edən, edam cəzasına məhkum olunaraq bəraət alan, özünü türk sayan, milliyətçi kəsimin mənəvi atası, ölməz lideri hesab edilən polkovnik Alparslan Türkeşlə bir masada əyləşib, onun fəxri qonağı olan Nurəddin Xoca ilə Türkeşin portretini azacıq da olsa cızmağa çalışdıq. Türkeşlə bağlı xatirələrini danışmağa hazırlaşarkən həm sevicli, həm də həyəcanlı olan N.Xoca onu “Başbuğum” deyə anırdı.

Meydan hərəkatının qızğın vaxtında Türkiyəyə ayaq basdığı zamanlar Nurəddin Xoca AXC Müdafiə Komitəsinin sədr müavini postunu tutub və eyni zamanda Bakı şəhərinin deputatı olub. Bir zamanlar mayor rütbəsi ilə Qarabağda savaşan, “Bozqurd” batalyonunun komandiri döyüşlərdə 3 dəfə kontuziya alıb və amneziya yaşadığından yaddaşına arxayın deyil. Ancaq yaddaşı yetdiyi qədər bildiklərini söyləməyi bacardı. Barmağındakı gümüş üzüyün sol hissəsində boz qurd, sağ hissəsində isə 3 aypara əks olunmuşdu.

- İlk səfərimdə Başbuğum mənə bu üzüyü bağışladı. Boz qurd və üç aypara onun əsasını qoyduğu MHP-nin simvoludur. 21 il əvvəl baş tutan ilk görüşdən əvvəl Bakıya MHP-dən dəvət gəlmişdi. Dəvəti qəbul edib Türkiyəyə getdim. İstanbul hava limanında məni qarşılayanlar arasında 60-ci illər Türkiyədə tələbə hərəkatının başqanı olmuş Üfiq Şəhri, professor Turan Yazqan və Əhməd Polad da vardı. İstanbulda bir müddət qaldıqdan sonra Ankaraya uçduq. Başbuğla köhnə qərargahlarında görüşdüm.

- Türk sevdası ilə yaşayan Alparslan Türkeş Azərbaycandan gələn qonağı necə qarşıladı, nələr danışdı, nə məsləhətlər verdi?

- Başbuğ hələ 50-ci illərdən SSRİ-nin dağılacağını bildiyini qeyd etdi. Türk millətinin ən böyük hissəsinin də SSRİ-nin əsarəti altında olduğunu qeyd edən Türkeşdən Azərbaycanda SSRİ-nin əsarətindən çıxan millətin milliyyətçilik hissini alovlandırmağı məsləhət kimi aldım. Başbuğ “Özünüzü tanıyın, özünüzü tanıyandan sonra hər şey kolay olacaq, türklüyünüzü dərk edin, böyük mücadilələrə hazırlaşın, para toplayın, parasız səyləriniz heçdir” dedi.

Ankaradan Konyaya gedib Mövlanəni də ziyarət etməyi unutmayan N.Xoca gecə ilə Konyada A.Türkeşin dəvəti ilə bir masa ətrafında onların “arabacı şorbası” adlı təamından daddığını da vurğuladı. Pomidor suyundan hazırlanan, bol istiotlu yeməyin insanın içini yandırdığını, amma yandırdığı qədər də dadlı olduğunu bildirən N.Xoca o dəvəti belə xatırladı:

- Gecə idi, haradasa saat 12-i radələri olardı. Konyalı milliyyətçilərlə söhbətləşirdik. Birdən xəbər gəldi ki, Türkeş Konyadadır və səni görmək istəyir. Təbii ki, belə bir şəxsiyyətin dəvətini qəbul etməmək böyük qəbahət olardı. Milliyətçilərin müşayiəti ilə gedib, başbuğla birlikdə “arabacı şorba”sının dadına baxdıq.

- Türkiyə dərin siyasətinə təsir gücündə olan Türkeş kimi fenomen şəxsiyyətin timsalında özünə müttəfiq tapan AXC bu müttəfiqliyin bəhrəsini necə görürdü?

- Türkeşin böyük gücü vardı, basqı edirdi. Amma o zaman hakimiyyətdə təmsil olunmadığı üçün rəsmən nəsə etmək iqtidarında deyildi. Türkiyə hələ o ərəfədə AXC-nin timsalında Azərbaycana nə bacarırdı, edirdi. Mücahidləri göndərmişdi, könüllülər gəlmişdi, silah gəlirdi. Əlbəttə, bu haqq-hesablar pərdə arxasında gedirdi. Rəsmi, diplomatik yolla nə kömək lazımdısa, onu da edirdilər.

Nurəddin Xocanın Türkeşlə son görüşü müstəqilliyinə yenicə qovuşan məmləkətimizdə baş tutub. Şikayətləndiyi yaddaşı bu ərəfədə onu düşünməyə var edir. Çox var-gəl edən N.Xocaya Başbuğun Bakıya Turqut Özalla birgə gəldiyini xatırladıram: “Başbuğu o zaman prezident səviyyəsində, bəlkə ondan da yuxarı səviyyədə qarşıladıq. Hava limanında mən, İsgəndər Həmidov və Əbülfəz Elçibəy vardı. Başbuğun mindiyi maşın isə qardaşımın qara “Volqa”sı idi, hətta qardaşımın bozqurd vəsiqəsini alıb, ora öz imzasını da atdı.

- Çox adama qismət olmayan bir həyat hekayəsinə sahib olan Alparslan Türkeş nədən Türkiyə siyasətində prezident və ya baş nazir kürsüsünə qalxa bilmədi?

- Konyalı dostum Əhməd Polad ülkücü ocaqlarının başqanı idi. Onunla bu barədə söhbətləşirdik, dedi ki, əfəndim, mən bir şeyi anlamışam, əslinə qalsa, Türkeşin hakimiyyətə gəlmək iddiası çox da olmayıb. Türkeşin hər bir hakimiyyətə gələn partiyanın içində yerləşdirmək istədiyi insanlar olub və o bu niyyətinə yetib. İkincisi, 60-ci illər çevrilişini kimlər etdi? Türkeş və başqaları. Amma o, hakimiyyəti götürmək üçün heç bir addım atmadı. O sadəcə komunizmin qarşısına sədd çəkdi. 80-ci illərin məhkəməsində heç bir adam Türkeş haqqında artıq-əskik heç nə dilinə gətirmədi. Məhkəməyə gələndə bütün zal qeyri-ixtiyari olaraq ayağa qalxmışdı.

Nurəddin Xoca 1990-ci ildə Türkeşin yanında olarkən görüşdüyü Dövlət Baxçelinin rəhbərlik etdiyi MHP-dən Bakıya gələn qonaqların da diqqətindən kənarda qalmadığı söylədi: ”Bura gələndə mənimlə görüşürlər, deyirlər, abi, tanıdınmı? Konyada oturmuşduq filan... Amma yaddaşım zəifləyib. Çoxunu heç xatırlamıram da...”

Fərid Mirzəyev

Yazar

Oxunub

788 dəfə

Şərh yaz Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Adınız
Email
Kod

Şərhlər yoxdur