Adolf Hitler – Şeytanın peyğəmbəri

Adolf Hitler – Şeytanın peyğəmbəri
26 aprel 2013
# 12:20

«Şambala»nın seçdiyi fürer

I yazı

Üçüncü reyxin doğuluşu

«Adolf Hitler mediumdur… Okkultizm elminə vaqif olanlar heç vaxt təəccüblənməzlər. Sadəlövhə qəribə gələn şey, müdrik üçün çox aydındır…»

Eduard Sabi. Fransız yazıçısı, nasizmin təhlilçilərindən biri.

«Mən qəti əminəm ki, məni alman xalqı üçün tale seçib».

Adolf Hitler. Nasistlərin füreri.

1945-ci il aprelin 25-də sovet döyüşçüləri Berlin mərkəzində qəribə bir məbəd aşkarladılar. Rus əsgərləri içəri girərkən trans halında intihar etmiş 6 tibetli kahinlə rastlaşdılar. 5 tibetli kahin baş kahinin ətrafında dövrə vurub oturmuşdular. Əlində yaşıl əlcək olan baş kahin isə mərkəzdə o qədər sakit və möhtəşəm görünürdü ki, onu ölü zənn etmək belə çox çətindi.

Bir həftə sonra, mayın ikisində sovet qoşunları Reyx dəftərxanasına və fürerin qərargahına girdikləri zaman dəftərxananın qapıları ağzında və fürerin qəbul otağında minə qədər asiyalı cəsəd ilə rastlaşdılar. Cəsədləri araşdırırkən məlum oldu ki, onların hamısı intihar edib. Çünki bir hissəsi gicgahlarından vurulmuşdular və demək olar ki, hamısının əlində, ya da yanında tapança vardı. Ən qəribəsi isə asiyalı əsgərlərin çoxunun özlərini yandırması idi. Asiyalılar tibetlilərə daha çox bənzəyirdilər. Onların hamısı SS formasındaydı. Heç birinin rütbəsi yoxdu və heç birinin üstündən şəxsiyyətini təsdiq edəcək sənəd çıxmadı.

Bu qəribəliyi Moskvaya çatdırdılar. Stalin öncə belə bir teoriya irəli sürdü ki, yəqin həmin asiyalılar Hitlerə sığınmış kalmıklardır. Amma niyə Hitler kalmıklara bu qədər güvənsin ki, hətta öz bunkerini, (canını) və dəftərxanasını (bütün sirlərini) qorumağı onlara həvalə etsin? Bir neçə gündən sonra trans vəziyyətdə intihar edən tibetli kahinlər barədə məlumat gələndən sonra hər şey Stalinə aydın oldu. Hitleri son nəfəsində qoruyan və sonra intihar edən asiyalılar Tibetdən gəlmiş «Şambalanın əsgərləri» idi…

Reyx dəftərxanasının həyətində aparılan axtarış zamanı isə bağçadan Hitlerin yandırılmış cəsədi tapıldı. Həmin yerdə də 30-dan artıq tibetlinin cəsədi vardı. «Şambalanın əsgərləri» fürerin cəsədini yandırdıqdan sonra özlərini də yandırmışdılar.

Mistik yefreytor

1917-ci il. Birinci Dünya savaşı. Bir bölük alman əsgəri səngərdə nahar edirlər. Birdən əsgərlərdən biri ayağa qalxıb sürətlə bölükdən uzaqlaşmağa başlayır. Əsgər nahar edən bölükdən 200 metrə qədər aralanmışdı ki, birdən bölüyün düz ortasına mərmi düşdü və hər şeyi bir-birənə qatdı. Nahar edən əsgərlərin hamısı öldü.

Sağ qalmış yefreytor Adolf Hitler idi. Sonradan o, bu barədə belə yazacaqdı: «Bu təmiz möcüzə idi. Birdən mən səs eşitdim. Səs mənə əmr elədi ki, süfrədən qalxım və sürətlə oradan uzaqlaşım. Səs hərbiçi kimi əmr verdi və mən avtomatik olaraq əmri yerinə yetirdim. 200 metrə qədər gedib geri dönmək üçün çevriləndə mərminin bütün yoldaşlarımı yox etdiyini gördüm. Ancaq taleyin möcüzəsi sayəsində mən hələ də sağ-salamatam».

Ömrünün sonlarında Hitler frau Maqda Göbbelsə etiraf etmişdi ki, xəyalət onu həmişə təqib edir və qoruyur. Ölümündən bir neçə gün əvvəl isə o, ətrafındakılara onu qoruyan «demon»un yoxa çıxdığını, artıq hər şeyin məhv olduğunu söyləmişdi. Aprelin 30-da özünü öldürərkən bütün dünyanı qan gölünə çevrən fürer miskin və iyrənc bir qocaya çevrilmişdi.

Məlumdur ki, həyatı boyu Hitlerə 40-dan artıq sui-qəsd olsa da, o hamısından demək olar ki, tükünü belə itirmədən qurtulmuşdu. Ancaq 1944-cü ildə Hitlerin qərargahında partlayan bomba fürerin kitelini yandırmışdı. Bomba Hitlerin iki metrliyində partlasa da, hansısa möcüzə sayəsində fürer demək olar ki, sıyrıqlarla qurtulmuşdu.

1975-ci ildə amerikalı parapsixoloq və psixiatr Yan Erenvald Hitlerin mistik gücünü araşdırmağa cəhd etdi. Onun dərc etdirdiyi «Hitler: şaman, şizofrenik, medium?» geniş məqalə bir çox dairələrdə maraqla qarşılandı.

Erenvald Hitleri şamanla, alman xalqını isə ibtidai tayfayla müqayisə edir. Amerikalı parapsixoloqun gəldiyi son nəticəyə görə Hitler həlledici anlarda həmişə öz «cin»inin - instiktinin təsiri altında olub. Bu ona ağlasığmaz özünəinam hissi verir və özünün haqlı olduğuna inanan Fürer bütün reallıqları bu üzdən rədd edir. Erenvald hesab edirdi ki, məhz bu üzdən ətrafında olanlar və bütünlükdə alman xalqı onu mistik şəxsiyyət hesab edirdi.

Hitleri böyük missiya üçün seçənlər də məhz bu səbəblə onu fürer elan etmişdilər.

Üçüncü Reyxin memarları

Nasist Almaniyasının qara qüvvələrlə əlaqəli çalışması haqqında iddialar hələ də dünyanın ən çox maraq doğuran və izahı demək olar ki, tapılmayan mövzularından biri olaraq qalmaqdadır. Bu iddiaları isbatlayan dəlillər bu gün Rusiyanın, Böyük Britaniyanın və ABŞ-ın arxivlərində gizli saxlanılır. Çünki III Reyxin bütün gizli eksperimentlərini aparan «Anenerbe» təşkilatının bütün sənədləri məhz bu üç ölkədə saxlanmaqdadır və bir neçə il bundan əvvəl bu üç ölkə bir daha III Reyxin sirlərini 2044-cü ilə qədər aşkarlamamaq haqqında razılığa gəldilər.

III Reyxin sirlərini Rusiya, ABŞ və İngiltərənin anlaşılmaz şəkildə qorumağa çalışmaları həmişə ictimaiyyət tərəfindən böyük maraqla qarşılansa da və Hitlerin ətrafındakı sirr dumanını daha da qatılaşdırsa da bu barədə yazının sonlarında danışmaq yerinə düşər. Çünki III Reyxin memarları heç də heç kimin tanımadığı sərgərdan yefreytor Adolf Hitler və onun yaxın ətrafında yer alan Görinq, Himmler, Göbbels və başqaları deyildi.

III Reyxin memarları bir qrup mistik idi və məhz onlar almanların ən qədim köklərini araşdıraraq belə qənaətə gəlmişdilər ki, alman irqi ən yüksək irqdir və təmiz qanlı almanlar bütün millətlərə hökm etməlidir. Teoriyanı sübut etmək üçün onlar arilərin qədim yurdu hesab etdikləri Uzaq Şərqə və Mərkəzi Asiyaya yollandılar.

Versiyaya əsasən tarixin bilinmədiyi zamanlarda arilər iki qrupa ayrılaraq köç ediblər. Köçə səbəb isə Yer kürəsində böyük coğrafi dəyişikliklərin baş verməsi olub. Belə ki, bir zamanlar böyük bir superqitədə birləşən Yerin quru hissəsi hansısa fəlakət nəticəsində materiklərə parçalanır.

Ari qruplarından biri bir zamanlar mövcud olduğuna inanılan, bilinməyən səbəbdən yoxa çıxan Atlantida qitəsinə gələrək burdakı yerli əhali ilə qaynayıb qarışır və böyük sivilizasiya yaradırlar. Uçan dairəvi obyektlərə və nüvə silahına sahib olan atlantidalılar haqqına məlumatlar qırıq-qırıq bir çox xalqların mifologiyasında qalmaqdadır. Amerika ilə Avropa arasında Atlantik okeanında olduğu güman edilən qitənin vulkanik püskürmə nəticəsində yoxa çıxdığı güman olunur. Bəzi iddialara görə isə qitə nüvə silahının partlaması nəticəsində okeanda qərq olub.

Arilərin ikinci qrupu isə Şimali Amerikadan keçərək öncə Sakit Okeanda Tule adasında yerləşirlər. German mistiklərinə görə Atlantida sivilizasiyasının mistik sirri məhz Tule adasında saxlanılır. Lakin böyük fəlakətdən sonra «Şambala»nın enerjisi heç də yoxa çıxmır. Tule adası da bilinməyən səbəbdən yoxa çıxdıqdan sonra arilər Asiyaya gəlir və Qobi çölündə məskunlaşır. Bir müddət sonra isə yerli əhalinin təzyiqlərinə davam gətirə bilməyən arilər Hindistana və Tibetə doğru irəliləyirlər. Hindistanda tanrıların şəhəri hesab olunan gizlin Agarti şəhərini tikir və dağların arasında gizlənirlər.

Başqa bir ari qrupu isə Tibetə gələrək dağlarda yeraltında olan sirli Şambala şəhərini təsis edirlər. «Şambala»nın sirri məhz burda saxlanılır. Əfsanəyə görə qara ruhlu Şambalanın enerjisini əldə edən bütün dünyaya sahib olacaqdı. Yeni Almaniyanın ideoloqları «Şambala»nı tapmaq və dünyaya hakim olmaq üçün «Şambala»nı tapmağa qərar verirlər. III Reyxin memarları bu mistik ideya arxasınca Uzaq Şərqə yollanırlar.

Karl Haushofer almanların əcdadını axtarır

1904-cü ildə alman ordusunun kəşfiyyatçısı Karl Haushofer Qobu çölünə gəlir və burda araşdırmalara başlayır. 1908-ci ildə Haushofer Yaponiyaya yola düşür və burda yapon ordusunun komandanlığında hərbi məsləhətçi olaraq çalışmağa başlayır. Almaniya ilə Yaponiya arasındakı müttəfiqliyin müəllifi də məhz Haushofer olur. Uzaq Şərqdə keçirdiyi 10 il müddətində Haushofer sanskrit dilini öyrənir və ali kasta olan brəhmənlərin sirləri ilə tanış olur.

Hələ Yaponiyaya getməmişdən əvvəl Haushofer Tibetə gəlib Dalay Lama ilə görüşür. O dalaylama ilə görüşən ilk avropalı olur. Buddizmi qəbul edən Haushofer qədim buddist mətnlərini öyrənir. Burda Tibet lamalarının və yapon buddistlərinin gizli ordeni «Yaşıl Əjdaha»ya üzv olur. (Hitlerin bunkerində intihar edən tibetlilər məhz bu ordeninin əsgərləri idi.)

Dönəmin məşhur mistiki olan Qurcieva ilə görüşən Haushofer ondan gələcəyi görmə dərsləri alır. 1914-cü ildə geri dönən Haushoferə general rütbəsi verilir. Elə həmin il Haushofer III Reyxin əsasını yaradan «Vril» təşkilatını yaradır. (Şambalanın enerjisi məhz «Vril» adlanırdı.) Birinci Dünya savaşı dönəmində məhz Haushoferin komandanlığı altında olan birliklər daim qələbə qazanır. Bütün savaş boyunca o, amansızlığı və böyük dühası ilə seçilir.

III Reyxin ideoloji bazası - «Tule» təşkilatı

Savaş bitdikdən və Almaniya biabırçı sülh sazişini imzalamağa məcbur olunduqdan sonra Karl Haushofer baron Rudolf fon Zebbottendorfla birlikdə ruhən dağılan Almaniyanın yeni güc mərkəzi olan «Tule» təşkilatını yaradır. Təşkilatın emblemi svastika, qılınc və çələng idi.

Haushofer svastikanı məhz Tibet mətnlərində görmüşdü və bu simvol Şambalanının enerjisinin rəmzi idi. Bundan sonra svastika III Reyxin simvolu olacaqdı. Hitler daha sonra svastikanın uclarının istiqamətini dəyişdirəcək və ilkin halında saat əqrəblərinin hərəkət istiqamətinin əksinə olan svastikanın uclarını əks istiqamətə döndərəcəkdi.

«Tula» təşkilatı ətrafında bir müddət sonra nasist partiyasında və III Reyxdə önəmli rol oynayacaq şəxslər qruplaşdı. Bunların arasında sənayeçilər, siyasətçilər, bankirlər, vəkillər, yer alırdı. Bu adamları heç də mistik Tibet ritualları maraqlandırmırdı. Onları maraqlandıran şey rasizm və ari doktrinası idi. Məhz alman irqinin bütün dünyaya hökmran olma ideyası, ötən əsrin 20-ci illərində demək olar ki, alman xalqının bütün aparıcı simalarının əsas ideoloji baxışına çevrilmişdi. Onlara görə əsas şey alman xalqının gələcək inkişafını təmin etmək üçün yeni həyat məskənlərinin təmin olunması idi.

Haushoferin qəti qənaətinə görə yeni alman xalqını dünyaya hakim edəcək resurslar məhz Şərqdəydi. Haushoferin geosiyasi baxışlarına görə alman torpaqları Avropadan ta Qobu çölünə qədər bütün əraziləri əhatə etməliydi. Amma Haushoferin Rusiyaya olan baxışları tamamilə fəqliydi. Haushofer Asiyanı tam olaraq işğal edə bilmək üçün Rusiya ilə müttəfiq olmağı düşünürdü.

Ekkart Hitleri kəşf edir

Hitler ilk dəfə «Tule» təşkilatında 1919-ci ildə görünməyə başlayır. Artıq siyasətə qoşulan Hitler «Tule» təşkilatının alt qanadı olan Alman Fəhlə Partiyasının (DAP) fəalına çevrilir. Sonradan bu təşkilat nasist partiyasına (NSDAP) çevriləcək və Hitler bu partiyanın diktator səlahiyyətli füreri (rəhbəri) olacaqdı.

Hitleri ilk kəşf edən yazıçı, şair və qatı millətçi, ari doktrinasının müəlliflərindən biri olan Ditrix Ekkart olur. Ekkart Hitlerə natiqlik dərsi verməklə yanaşı, mistik bilgilər də verir. Həmçinin öz şagirdini ari doktrinasının əsas təmayülləri ilə məlumatlandırır.

Ölümündən bir qədər əvvəl Ekkart «Tule» təşkilatının 7 təsisçisinə vəsiyyət edir: «Hitlerin arxasınca gedin! O yaxşı rəqs edəcək. Musiqini isə mən sifariş etmişəm. Biz onu «onlarla» əlaqə yaratmaq üçün gərəkli olan hər şeylə təmin etmişik. Məndən ötrü qəm etməyin. Mən, bu günə qədər tarixə təsir edən almanların hamısından çox tarixə təsir etmişəm».

Ekkartın ölümündən sonra Hitler Haushoferin maraq dairəsinə daxil olur. Onu Haushoferlə Rudolf Hess 1922-ci ildə tanış edir. Hitler ilk tanışlıqdan sonra Haushoferin əsirinə çevrilir. Nasizmin və III Reyxin təməl prinsipləri Haushoferin dodaqlarından qopub Hitlerin beyninə hopur.

Fürer doğulur

1923-cü ildə Münhendə nasistlərin qiyamı baş verir. «Pivə» qiyamı olaraq tarixə keçən bu qiyam uğursuzluqla nəticələnir və qiyamın rəhbərlərindən biri olan Adolf Hitler 5 il müddətində azadlıqdan məhrum olunur. Ekkartdan sonra nasizmin lideri haqqında düşünən başda Haushofer olmaqla, «Tule» təşkilatının rəhbərləri «Pivə» qiyamından sonra Hitlerin fürer ola biləcəyinə qərar verirlər.

General gələcək füreri alman xalqına təqdim etmək üçün bir sıra tədbirlər düşünür. «Pivə» qiyamından sonra Londona qaçan Haushoferin asissenti Rudolf Hess geri qayıdır və hakimiyyət orqanlarına təslim olur. Haushofer onun Hitlerlə eyni kamerada saxlanılmasını təmin edir. Və Hess Hitlerə yeni hərəkatın ideoloji təməllərini irəli sürəcək bir kitab yazmağı təlqin edir. Bir il müddətində Hess və Hitler «Mayn Kamf» üzərində çalışırlar. Hess diqtə edir, Hitler isə kağıza köçürür.

Əslində «Mayn Kamf» Hessin beyninin məhsulu olmasına baxmayaraq, kitab nəşr olunduğu zaman ancaq Hitlerin adı göstərilir. Haushofer Hitlerin şəriksiz lider olmasını istəyirdi. Buna baxmayaraq «Mayn Kamf» zəif alınır. Elə bu üzdən də boşluğu doldurmaq üçün nasizmin və ari doktrinasının müəlliflərindən biri olan Alfred Rozenberq nasizmin ideoloji bazasını təmin edən və indi çoxlarına tanış olmayan «XX əsrin Mifi» kitabını yazır.

1925-ci ildə Hitler həbsxanadan çıxdıqdan sonra Haushofer Hitleri «Şambala»nın seçdiyi fürer adlandırır. Hər kəs fürerin iradəsinə sözsüz tabe olacaq və onun qərarları müzakirə olunmayacaqdı. Çünki Hitlerin verdiyi qərarlar məhz «Şambala»nın verdiyi qərarlar olacaqdı.

Haushofer davamlı olaraq Hitlerə onların güc mənbəyinin, mənşəyi Tibetdə olan qara qüvvədən gəldiyini təlqin edirdi. Bu qara qüvvə alman əsgərini qələbədən-qələbəyə aparacaqdı…

Niyə Hitler?

Haushoferin niyə məhz Hitleri seçdiyi isə hələ də ən çox maraq doğuran məsələlərdən biridir. Normalda Haushofer ya Alfred Rozenberqi, ya da öz asissenti Rudolf Hessi seçməliydi. Rozenberq ari doktrinasının əsas müəlliflərindən biri hesab olunurdu. Onun 1929-cu ildə yazdığı «XX əsrin mifi» əsəri doğurdan nasizmin qızıl kitabı hesab olunurdu. «Mayn Kamf»ı isə Hess və Hitler Rozenberqin fikirləri üzərində qurmuşdular.

Haushofer Hitleri savadsız yarıdəli hesab edirdi və bu fikirlərini heç də gizlətmirdi.

Buna baxmayaraq Haushofer III Reyxin lideri olaraq məhz Hitleri seçdi. Görünür ki, nasizmin mənəvi atası kütlələrə təsir etmək üçün peyğəmbərə ehtiyac duyurdu. Yeni ideologiya öz peyğəmbərini gətirməliydi ki, xalq bu böyük mistikaya inansın. Yəqin ki, elə bu üzdən Haushofer seçimini Hitlerdən yana etmişdi. Bu onun həyatda bəlkə də ən böyük səhvi idi. Bu səhv onun bütün geosiyasi planlarını məhv edəcək və nəhayətdə nasizmin mənəvi atasının bütün xəyallarını puç edəcəkdi.

Haushofer digər nasist liderlərindən fərqli olaraq Rusiya ilə müttəfiq olmağı təklif edirdi. Onun Avrasiya geosiyasi sistemi Berlin - Moskva - Tokio üçbucağından ibarətdi. Haushofer almanların ruslarla konfliktdə olmamasını Almaniyanın gələcəyi üçün çox əhəmiyyətli hesab edirdi. Onun bu fikirləri 30-cu illərdə Stalini Almaniya üçün həyat əhəmiyyətli olan taxıl və neftlə təmin etməyə sövq etmişdi.

Ukraynada və Sibirdə milyonlarla insanı acından öldürən Stalin Almaniyanın bütün taxıla olan ehtiyacını ödəyirdi. Stalinin göstərdiyi bu kömək olmasaydı, Almaniya Birinci Dünya Savaşından sonra qısa müddət içində həm iqtisadi, həm də hərbi gücünü artıraraq Avropanın ən qüdrətli dövlətinə çevrilmişdi.

Sonradan müharibənin gedişində 1943-cü il Stalinqrad məğlubiyyətindən sonra Haushofer iddia edəcəkdi ki, məhz Asiya xalqlarının, rusların və türklərin soyqırımına görə «Şambala» fürerdən və Almaniyadan üz döndərib.

Nasizmin mənəvi atası III Reyxin faciəvi sonunu gördü

1935-ci ildə nasistlərin qəbullarından birində Hitler növbəti isterik çıxışını edir. O özünün alman xalqını xilas edilməsi üçün Ali Güc tərəfindən göndərildiyini söyləyir. Birdən fürerin gözləri ilk sırada dayanmış Haushoferə sataşır. Öz müəlliminin gözlərindəki açıq rişxəndi görən Hitler titrəyir və zalı tərk edir. Səhəri gün nasizmin mənəvi atası SS-in tərkibində yaradılan və əsas işi «Şambala» enerjisini tapmaq və yeni gizli silahlar kəşf etmək olan «Anenerbe» təşkilatının institutlarından birinə rəhbər təyin olunur. Faktiki olaraq Haushofer Berlindən sürgün olunur və onun rütbəsi polkovnikə endirilir. Haushofer bir daha Hitlerlə görüşmür. Ona Berlin və Münhenə gəlmək yasaqlanır.

1944-cü il 20 iyul sui-qəsdində Haushoferin oğlu Albrext sui-qəsdçilərin arasında yer alır. Bir neçə gündən sonra Albrext edam olunur. Artıq yaşlaşmış Haushofer və arvadı isə həbs olunaraq «Daxau» düşərgəsinə aparılır. Burda səkkiz ay işgəncələrə məruz qaldıqdan sonra amerikalılar tərəfindən azad olunur. (Amerikalılar kimi azad etdiklərinin fərqində belə olmurlar). Azad olunduqdan sonra Münhenə gəlib burda yaşamağa başlayır. 1946-cı ildə müttəfiqlərin onun izinə düşdüklərini duyub «Yaşıl Əjdaha» ordeninin yasalarına uyğun olaraq qarnını cırıb intihar edir. Arvadı isə zəhər içərək özünü öldürür.

Haushofer özü ilə III Reyxin bir çox sirlərini də aparır.

(Ardı var)

# 9022 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #