Avropada kişi ilə qadının rəqsini qadağan edən sultan

Avropada kişi ilə qadının rəqsini qadağan edən sultan
27 mart 2013
# 13:38

Osmanlı sultanları-LAYİHƏ

I yazı

Yenicə Osmanlı taxtına oturmuş Sultan Süleyman hərəmxanada dincəlirdi. Ona yeni təqdim olunmuş cariyələr öz istedadlarını Sultana nümayiş etdirirdilər. Yeni sultan üçün dünyanın dörd bir tərəfindən, bütün irqlərdən cariyələr gətirmişdilər. Sultan onları zövqünə görə seçir və bəyəndiklərinin hərəmxanaya qatılmasına izn verirdi.

Birdən Sultanın hüzurunda heç kimin gözləmədiyi bir hadisə baş verir. Balaca boylu sarışın qız Sultanın qarşısında rəqs edən cariyəni kənara itələyib öz dilində oxumağa başlayır. Hər kəs yerindəcə donub qalır. Çünki cəzanın necə olacağını bilirdilər. Özbaşına hərəkət edən cariyləri içində zəhərli ilanların olduğu dəri kisəyə atır və dənizə tullayırdılar.

Xacələr irəli cummaq istədikdə gənc Sultan əlinin işarəsi ilə onları saxlayır. Elə həmin gün balaca boylu cariyə Süleymandan dəsmal alır. Bu, cariyənin sultanın xəlvətinə aparılması anlamına gəlirdi.

Sultanın Hürrəm adı verdiyi xoxol qızı Anastasiyanın Sultan Süleymanla ilk tanışlığı belə başlamışdı. Xacələrin onu gözəl olmadığına görə hökmdara göstərmək niyyətindən vaz keçdiklərini görən sadə kənd keşişinin qızı dünya hökmranının hərəmxanasına düşmək imkanın itirildiyini duyunca özünü irəli ataraq Sultanın diqqətini cəlb etmək üçün həyatını təhlükə qarşısında qoymaqdan çəkinməmiş və hərəmxana qanunlarını çeynəmişdi.

Sultanın xəlvətində keçirdiyi ilk gecə, o, mükafat olaraq Sultan Süleymandan heç bir şey istəmədi. Sadəcə Sultanın kitabxanasında çalışmaq izni istədi. Süleyman Belqrad səfərindən dönəndə balaca cariyə türkcə ilə yanaşı, ərəb və fars dillərini öyrənmişdi və öz sahibinə gözəl şerlər yazırdı…

Sultan Süleyman hakimiyyəti dövründə balaca boylu xoxol qızından başqa yatağına nadir hallarda başqa qadın salacaq və ömrü boyu ona sadiq olmağa çalışacaqdı. Hətta Hürrəm Sultan öldükdə sultan hər kəsin qarşısında göz yaşlarını belə gizlətməmişdi.

Avropanı sakitləşdirən ölüm

1520-ci ildə İtaliyanı işğal etmək istəyən Sultan Səlimin səfərə çıxmamış kürəyinə çıxan çibandan ölməsi Avropanı rahatlaşdırmışdı. Xüsusilə intibah dövrünü yaşayan Venetsiya və başqa italyan şəhərlərinin üzərindən böyük yük götürülmüşdü. Avropada krallarının «dəli» adlandırdığı, qarşısı alınması imkansız olan bir fırtınanı xatırladan «qorxunc» Səlim artıq yoxdu.

Onun yerinə isə gənc və sakit təbiətli oğlu Süleyman keçdi. Avropa krallarını sakitləşdirən elçilər deyirdilər ki, Süleymanın dövrü babası İkinci Bəyazidin dönəmindən daha sakit və daha sülhpərvər olacaqdı. Çünki 26 yaşlı Sultan Süleyman ağıllı və sakit davranışları ilə diqqət çəkirdi. O, atası kimi dəli deyildi və nadir hallarda qəzəbini nümayiş etdirirdi. Süleyman taxta oturanda Avropa saraylarında bayram edir və «Aslan öldü, yerinə quzu gəldi»-, deyə sevinirdilər.

Lakin Avropanın Osmanlı sarayında olan elçiləri yanılırdılar. Tanrının qamçısı Atilladan sonra Avropa türklər tərəfindən heç bir zaman bu qədər böyük təhdidlə üzləşməyəcəkdi.

Osmanlı səltənətinin ən böyük hökmdarı olan və dünyanın dörd bir yanına hökm edən Sultan Süleyman 27 aprel 1495-ci ildə Trabzonda doğulub.

Süleyman Qanuni anası türk olan çox az sultanlardan biriydi. Anası Hafisə Xatun Krım xanı Məngə Gəray xanın qızıydı və Sultan Səlimin taxta çıxmasında qayınatası böyük rol oynamışdı. Atası, Trabzon hakimi Şahzadə Səlim qardaşları ilə daim taxt qovğaları aparırdı. Oğlu Süleymanda böyüdükdən sonra bu taxt qovğalarında atasının yanında yer almışdı.

Atası taxtı ələ keçirdikdən sonra böyük oğlu Süleymanla digər oğulları arasında taxt qovğası çıxmasın deyə kiçik yaşlı 3 oğlunu boğdurmuşdu. Səkkiz ildən sonra Sultan Səlim Yavuz öləndə Osmanlı taxtına Süleymandan başqa namizəd yoxdu. İllər keçəcək, Sultan Süleyman da taxt qovğası aparan iki oğlunun qətlə yetirilməsi üçün fərman verəcəkdi. Lakin o, atasından fərqli olaraq oğlanlarını həddi-buluğa çatmış yaşda öldürəcəkdi. Özünü böyük oğlu Mustafanın ölümündən peşman kimi göstərsə də, digər oğlunun başının kəsilməsini əmr etməkdən çəkinməyəcəkdi. Digər oğulları da bu və ya digər şəkildə Sultanın taxt sevgisinin qurbanı olacaqdılar. Sultan Süleymanın yarım əsr sürən hakimiyyətinin sonunu on beş oğlundan ancaq biri, taxta oturacaq şahzadə Səlim görəcəkdi. Bunlar hələ sonralar olacaqdı.

1520-ci ildə 25 yaşlı Sultan Süleyman taxta oturanda onun böyük oğlu Mustafanın 5 yaşı vardı və o, tam 34 il Osmanlı xanədanın vəliəhd şahzadəsi olacaqdı.

Bəlkə də Sultan Süleymandan sonra Avropa tamamən türklərin nəzarətində olacaqdı, avropalıların Roksalana, Sultan Süleymanın isə Hürrəm adlandırdığı Anastasiya (bəzi mənbələrə görə Aleksandra) Liskovskaya olmasaydı.

İlk fəthləri

Sultan Süleyman taxta keçər-keçməz bir neçə üsyanı yatırmaqla məşğul oldu. Atasının İtaliya səfəri üçün ciddi hazırlıqları bu üzdən nəticəsiz qaldı. Bir ildən sonra Osmanlı ordusu yenidən üzünü Avropaya çevirəndə Süleymanın hədəf Roma deyil, Belqraddı. Süleyman Mərkəzi Avropada möhkəmlənmək və bununla yanaşı Aralıq dənizini tamamilə türk dənizinə çevirmək üçün böyük hazırlıqlara başlamışdı.

Belqrad 1521-ci ilin avqustunda təslim oldu. Bununla da Macarıstanın tam işğalı üçün qapı açılmış oldu. Lakin gənc sultan Macarıstan səfərini bir neçə il təxirə saldı. Avropanın göbəyinə girmək üçün böyük hazırlıqların sona çatması lazımdı.

Aralıq dənizini tam olaraq nəzarətdə saxlamaq üçün Rodos adası Süleymanın yeni hədəfi idi. Avropa cəngavərlərinin əsas ordenlərindən biri olan «Hospitalerlər» 5 ay adanı müdafiə edə bildilər. Amma sonda təslimçi müqavilə imzaladılar və Rodos adası tüklərin nəzarətinə keçdi.

Belqrad və Rodos onun ilk fəthləri idi və bu fəthlər bütün Avropanı lərzəyə gətirdi.

Parqalı İbrahim dönəmi başlayır

1523-cü ildə səfərdən geri dönən Sultan Süleyman İstanbula dönər-dönməz Sədrəzəm Piri Məhməd Paşanı vəzifədən uzaqlaşdırdı. Onun yerinə isə çox sevdiyi dostu, Sultan Süleymanın Avropa səfərlərində böyük xidmətlər göstərmiş, böyük dövlət adamı kimi tanınan yunan əsilli Parqalı İbrahim Paşanı gətirdi. Sədrəzəm olmamışdan əvvəl İbrahim Ağa Sultanın has oda (has oda-Osmanlı sarayının ən önəmli hissəsi-red.) başçısı idi.

Parqalı İbrahim bu gün Yunanıstan ərazisi olan Parqa şəhəri yaxınlığında bir kənddə doğulub. Atası balıqçı idi və 6 yaşında o, dəniz quldurları tərəfindən qaçırılıb Manisada dul qadına satılmışdı. Qadın İbrahimə savad verməklə yanaşı skripkada çalmağı da öyrətmişdi. Məhz gözəl skripka çalması onun ulduzunun parlamasına yol açmışdı.

Manisa bəylərbəyi şahzadə Süleyman bir gün uzaqdan gözəl musiqi səsi eşidir və həmin səsə doğru gedir. İbrahimlə bir neçə kəlmə kəsdikdən sonra Süleyman İbrahimi yanına gətirir və ölüm fərmanını verənə qədər yanından ayırmır.

Parqalının yüksəlişi çox sürətli olmuşdu. Hətta 3 il müddətində qoca Osmanlının sədrəzəmi ola bilməsi hər kəsi heyrətə salmışdı. O sədrəzəm olanda cəmi 30 yaşı vardı. Bu yaşda hələ Osmanlı xanədanını yönəldən bir sədrəzəm olmamışdı.

İbrahimin 13 illik sədrəzəmliyi dövrü Osmanlı dövlətinin ən parlaq dönəmi kimi tarixə düşdü. Amma nə yazıq ki, qüdrəti artdıqca gözləri ayaqları altını görməyən İbrahim Paşa Hürrəm Sultanın məkrinin qurbanı olacaq və tək özünün deyil, bütün nəslinin məhvinə yol açacaqdı.

Süleyman Fransanı xilas edir

1525-ci ildə Lombardiyada Paviya yaxınlığındakı döyüşdə Fransa kralı I Fransisk yaralı vəziyyətdə «Müqəddəs Roma-German» imperatoru Karl tərəfindən əsir götürülür. Əsir Madridə aparılır və orda həbsdə saxlanılır. Oğlunu həbsdən qurtarmaq üçün Fransa kraliçasının apardığı danışıqlar nəticə vermədikdə, kraliça çıxış yolunu Sultan Süleymana müraciət etməkdə görür. Macarıstan səfərinə hazırlaşan Sultan Süleymana kraliçanın məktubu İstanbulda çatdırılır. Kraliçanın Sultana yalvarması Süleymanı təsirləndirir: «Biz sənə yalvarırıq, böyük imperator, mərhəmət göstər, oğlumu mənə qaytar».

Məktubla birlikdə kraliça Sultana oğlunun hakimiyyət möhürü olan üzüyünü də göndərmişdi. (Sonradan həmin üzüyü İbrahim Paşa barmağında gəzdirir və Avropadan gələn elçiləri qəbul edəndə elçilərə öpdürürdü). Kraliçanın oğlunun hakimiyyət möhürünü Süleymana yollaması, əslində Fransanın Osmanlı vassallığı altına girməsi anlamına gəlirdi və dəfələrlə bu barədə kral Fransiskə xatırladılmışdı.

Macarıstan səfərinə hazırlaşan Sultan Süleyman Osmanlı donanmasına rəhbərlik edən Barbaros Xeyrəddin Paşanı Fransiskə yardım üçün göndərdi. Barbaros Xeyrəddin Paşa İspaniya suları yaxınlığında imperator Karlın donanmasını darmadağın edir. Osmanlı axınçıları isə Macarıstan torpaqlarından Fransa torpaqlarına doğru irəliləyirlər. Aparılan danışıqlardan sonra əldə olunan razılığa əsasən Fransa kralı I Fransisk azad olunur və Parisə qayıdır. Sultan Süleyman həm Fransanı, həm də Fransiski xilas edərək Avropanın ən böyük dövlətlərindən birində özünün hegemoniyasını təsdiq edir.

Türklərin həmin illərdə Fransada hegemon olmasının ən bariz nümunələrindən biri Sultan Süleymanın Fransada və Avropanın bir çox ölkələrində rəqsi qadağan etməsidir. İntibah dövrünü yaşayan Avropa saraylarında məhz Sultan Süleyman dönəmində kişilərlə qadınların birlikdə rəqs etməsi dəb olur. Torpaqları Fransa ilə həmsərhəd olan Sultan Süleyman bunu eşitdikdə Fransa kralına bir məktub yollayır: «Mən 48 krallığın xaqanı Sultan Süleymanam. Aldığım xəbərə görə sizdə oğlanlar qızları qucaqlayaraq rəqs edirlər. Bu davranış cəzalanmalıdır. Ona görə də mən sizə çox az vaxt verirəm ki, bu biabırçı əyləncələrə son verəsiniz. Əks halda ordumla ora gələr və özüm bu biabırçılığa son qoyaram».

Sultan Süleymanın bu məktubunu aldıqdan sonra Fransa kralı rəqsləri qadağan edir. 100 il müddətində Fransada və Avropanın bir çox ölkələrində heç kim cüt rəqs etməyə cəsarət etmir.

2011-ci ildə erməni soyqırımını qəbul etməkdə israr edən Fransa prezidenti Nikola Sarkoziyə Fransız dövlətinin Osmanlı hegemoniyasını qəbul etdiyini sübuta yetirmək üçün Türkiyənin baş naziri Ərdoğan Fransiskin anasının Sultan Süleymana yazdığı və Sultanın Fransada rəqsi qadağan edən məşhur məktublarını oxuyur və hər kəsin yerini bilməsinin vacibliyini Sarkoziyə xatırladır.

Macarıstanın fəthi və Vyananın mühasirəsi

«Müqəddəs Roma-German» imperatoru Karl Sultan Süleymanın qarşısında Avropada əsas güc olaraq qalması Süleymanı narahat edir.

1526-cı ildə Osmanlı ordusu Macar torpaqlarına girir.

Tarixə Mohaç savaşı kimi düşən döyüş cəmi 2 saat sürdü. Osmanlı ordusu macarları ilk həmlədə darmadağın etdi. Macar kralı Layoş qaçarkən bataqlıqda boğulub öldü, bütün Macarıstan və Çexiya torpaqları Osmanlı dövlətinin nəzarətinə keçdi. 1527-1528-ci illərdə Osmanlı ordusu Bosniyanı, Slovakiyanı, Hersoqovinanı, bir çox xırda Avropa hersoqluqlarını fəth edərək Bavariya torpaqlarına girdi. Artıq osmanlıların müharibə meydanı Avropanın ürəyi saylan Almaniya torpaqları idi.

1529-cu ildə Osmanlı ordusu Vyana divarları önündə düşərgə saldı. Türk süvariləri alman torpaqlarını qasırğa kimi yandırıb yaxdı, Vyananın təslim olacağı heç kimdə şübhə doğurmurdu.

Lakin Bolqarıstandan alman torpaqlarına doğru irəliləyəndə sanki tanrı türklərdən üz döndərirdi. Bütün yol boyu yağan aramsız yağış türk ordusunun hərəkətini həddindən artıq çətinləşdirirdi. Vyana divarlarını yıxmaq üçün xüsusi olaraq hazırlanmış topların böyük bir hissəsi bataqlıqlarda batdı. Topları daşıyan yüzlərlə dəvə toplarla birlikdə bataqlıqlara gömülürdü.

Üstəlik Avropada baş alıb gedən epidemiyalar türk ordusuna ciddi ziyan vururdu. Vyana qapılarına çatanda 120 minlik türk ordusundan ancaq 80 mini qalmışdı. Güclü leysan türk toplarını yararsız hala salmışdı. Tək ümid ancaq lağım qazaraq şəhər divarlarını partlatmaq idi. Lakin türklərin qazdıqları lağımlar avstriyalılar tərəfindən sezildi və 8 minlik avstriyalı gecə hücumu ilə lağımları dağıtmağa müvəffəq oldu. Amma onların geriyə dönüşü qapandığından demək olar ki, hamısı həlak oldu.

Vəziyyət ürək açan deyildi. İbrahim Paşanın düşərgəsində üzüntü və ümidsizlik hökm sürürdü. Hər şeydən əvvəl yeni vəba epidemiyası türk əsgərlərin kütləvi ölümünə səbəb olurdu. Üstəlik qış artıq qapıdaydı. İlk qar yağmış və heyvanların yemi tükənmişdi. Buna görə də qərara alındı ki, qışı qışlamaq üçün ordu Rum elinə çəkilsin və yazda yenidən Vyananı almaq üçün yola çıxılsın. Amma yayda «Müqəddəs Roma-German» imperatoru Karlla imzalanan müqavilə səbəbindən Vyana səfəri Sultan Süleymanın hədəflərindən çıxarıldı.

İmzalanan müqavilə «Müqəddəs Roma-German» imperatoru Karl üçün tam aşağılayıcı anlam daşıyırdı. Avropa imperatoru türklərə illik xərac verməyə razılaşır, Macarıstan və Çexiyaya olan iddiasından əl çəkirdi. Müqavilədə ən alçaldıcı bənd imperator Karlın Osmanlı sədrəzəmi İbrahim Paşa ilə bərabər səviyyədə göstərilməsi idi. Karl faktiki olaraq Süleymanın təbəəsi kimi təqdim edilmişdi.

Sultan Süleymanın Vyana səfəri zəfərlə nəticələnməsə də, ümumi nəticədə onun xeyrinə idi. Sultan istədiyini ala bilmişdi. Atillanın Avropa yürüşündən 1000 il sonra Avropa türk xaqanının qılıncı qarşısında boynunu əymiş və bütün Avropa Osmanlı taxtının maraqlarına təslim olmuşdu. Səfər nəticəsində Alman torpaqlarının yarıdan çoxu fəth olunsa da, müqaviləyə əsasən həmin torpaqlar Karlın nəzarətində qaldı. Buna baxmayaraq Sultan Süleyman Avropa torpaqlarına gedən bütün yolları - istər dəniz, istərsə də quru yollarını nəzarətə götürməklə Avropa üzərində nəzarəti ələ keçirdi.

Kənd keşişinin qızı sultan hərəmxanasında

Sultan Süleymana qədər saraydakı qadınların siyasətə qatışması və verilən qərarlarla bağlı mübahisə etməsi görünməmiş bir işdi. Bunu edəni acınacaqlı ölüm gözləyirdi.

Bu dəyişməz qanunlar avropalıların Roksalana dedikləri Hürrəm Sultanın İstanbuldakı Topqapı sarayına ayaq basmasına qədər davam elədi.

XV və XVI əsrlərdə Ukrayna çöllərinin tam sahibi Osmanlı yeniçəriləri və Krım tatarları hesab olunurdu. Rəsmən Krım xanlığına aid olan bu geniş ərazilər əvvəldən türk torpaqları sayıldığından Ukrayna Osmanlı imperiyasının bir hissəsi hesab olunurdu. Lvov yaxınlığında yaşayan kənd keşişi Qavril Liskovskinin mənsub olduğu tayfa slavyanlaşmış qədim türk tayfalarından biri idi və roksal adlanırdı. (Avropalıların Hürrəmə verdikləri Roksalana adı da bu tayfanın adından gəlirdi). Yeniçərilərin əksəriyyətinin slavyan əsilli olmaları (Osmanlı ordusunun birinci dili türk diliydisə, ikinci dili slavyan dili idi), onların Ukrayna çöllərində geniş yayılmasına yol açmışdı.

1520-ci ildə yeniçərilər kənd keşişi Qavril Liskovskinin qızını oğurlayıb İstanbuldakı qul bazarında satmaq üçün gətirdilər, bu zaman Anastasiyanın 15 yaşı vardı. Bir il sonra sadə keşişinin qızı Anastasiya Topqapı sarayına cariyə kimi girəcək və tarixin dəyişməsinə səbəb olacaqdı.

Anastasiyanı İstanbul limanındakı qul bazarından Sultan Süleymanın yaxınlarından hesab olunan Rüstəm bəy alır. O, gənc, zərif qızı yeni taxta oturmuş Sultana hədiyyə etmək, bununla da onun rəğbətini qazanmağı düşünür və hesabında yanılmır. İllər keçəcək, Hürrəm Sultan qızını Rüstəm Paşaya verəcək və onu İbrahim Paşanın yerinə sədrəzəm edəcəkdi.

Müasirlərinin yazdığına görə Hürrəm heç də gözəl qadın olmayıb. O, ən adi qadınlardan fərqlənmirmiş. Buna görə də 16 yaşlı xoxol qızının, hərəmxanada bütün irqlərdən və dünyanın hər yerindən gətirilən yüzlərlə gözəl arasında Süleyman üçün hansı özəlliyi daşıması hələ də sirr olaraq qalır.

Bir çoxları yeniyetmə xoxol qızının həmişə şad-xürrəm (Hürrəm adının ona buna görə verildiyi güman olunur) olması ilə Sultanın qəlbini fəth etdiyini deyirlər. Hər halda bu bir faktdır ki, deyinməyən və daima deyib gülən qadına sahib olmaq çox az kişilərə nəsib olur. Amma uzun illər boyu Osmanlı sarayında ağlasığmaz intriqalar yaratmağı bacaran, sultanın ən yaxın dostunun və sevimli oğlunun qətlinə bais olan Hürrəm Sultanın Süleymanın sevimlisi kimi qalması açılmayan sirlərdəndir.

Hürrəm Sultana qədər Süleymanın bir neçə rəsmi qadını vardı. Bunlardan ən tanınmışları Gülfəm Sultan və Mahidevran Sultandır. Hürrəm saraya girməmişdən öncə başqa adı Gülbahar olan Mahidevran Sultan hərəmdə birinci qadın titulunu daşıyırdı. Bu həm də Mahidevran Sultanın şahzadə Mustafanın anası olmasından irəli gəlirdi. Məhz Hürrəmin saraya gəlişindən bir neçə ay sonra Mahidevran Sultan gözdən düşəcək və demək olar ki, bir daha sultanın xəlvətinə girə bilməyəcəkdi.

Mahidevran, balaca boylu, zərif görünüşlü və həmişə gülərüzlü Hürrəmdən çox gözəldi, amma 16 yaşlı Hürrəm Mahidevrandan çox ağıllı idi. İkili arasında davam edən mübarizə uzun illər sürəcək və bu mübarizədə saray nazirləri, paşalar tərəf olaraq iştirak edəcəkdi. Bu Osmanlı üçün ağlasığmaz bir şeydi.

Venesiyalı elçi Nnavacero yazırdı: «Əlahəzrət Sultan Roksalananı o qədər çox sevir ki, Osmanlı sülaləsindən heç bir qadın bu qədər hörmətə layiq görülməyib. Deyirlər ki, bu adi görünüşlü sevimli qadın böyük hökmdarı özünü tanıdığı kimi tanıyır».

Və təbii ki, özünü idarə etdiyi kimi Sultanı da idarə edirdi.

ardı var…

# 7372 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #