"Ded Xasan"ın dini - ARAŞDIRMA

"Ded Xasan"ın dini - ARAŞDIRMA
18 yanvar 2013
# 08:00

İki gün öncə Moskvada kriminal aləmin məşhur simalarından sayılan "Ded Xasan" ləqəbli Aslan Usoyanın ölümündən sonra onun dini mənsubiyyəti - yezidiliklə bağlı maraqlı suallar ortaya çıxdı.

Kulis.az yezidilik dini haqqında məlumatları təqdim edir.

Yezidilik əsasən İraqın Mosul bölgəsində yaşayan sonralar bir sıra tarixi hadisələr nəticəsində Türkiyə, Ermənistan, Gürcüstan bölgəsinə yayılmış kürdlərin dinidir. Kürd dilinin kurmancı dialketində danışırlar. Bu dinin mənsublarına da yezidilər deyilir. Qapalı din olduğundan yezidilik haqqında məlumatlar dolğun deyil.

Türkiyədə yezidilərin sayı ildən-ilə azalmaqdadır. Yezidilərin əksər hissəsi Rusiyaya və Qərb dövlətlərinə, xüsusən də Almaniyaya köç edib, orda öz icmalarını yaradıblar. Dünyada 2 milyona yaxın yezidi yaşayır.

Təşəkkülü

Yezidiliyin formalaşması haqqında dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə yezidilik kürdlərin islamaqədərki dini inanclarının toplusudur. Digər mənbələrə əsasən yezidiliyi əməvi soyundan gələn sufi təriqətçisi Şeyx Abidinin davamçıları yaradıblar.

Yezidiləri adətən yeddinci xəlifə, İmam Hüseyn və onun ailəsini qətlə yetirmiş Yezidin adı ilə də bağlayırlar. Buna və Şeytana ibadət etdiklərinə görə yezidilər tarixən yaşadıqları coğrafiyada müsəlmanlar tərəfindən təqiblərə məruz qalıblar. Rusiya-Osmanlı müharibəsində isə yezidilər açıq-açığına Rusiyanın tərəfini tutublar, bu dövrdə onların çox hissəsi Rusiya Ermənistan və Gürcüstana köç ediblər.

Yezidilik islam, xristian, yəhudilik, zərdüştlük və Mesopotamiyada islama qədər mövcud olmuş dini inancların sintezindən yaranıb. Yezidilik yaradılış haqqında olan əfsanələrindən tutmuş dini rituallarına qədər əsasən üç səmavi dinin xüsusiyyətlərini özündə əks etdirir.

Yaradılış əfsanəsi

Yezidilikdə tanrı Azda dünyanın yaradıcısıdır. Bəzi ehtimallara görə dinin adı da bu kəlmədən törəyib. O, dünyanı idarə etmir. Azda xeyrin təmsilçisi olduğuna görə ona ibadət etməyə də gərək yoxdur. İbadəti Mələk Tovuza etmək lazımdır. Yezdilərə görə Mələk Tovuz yaxşılıq, xeyir tanrısıdır.

Mələk Tovuz islam və başqa dinlərdəki Şeytan obrazı ilə oxşardır. O da oddan yaranıb və insanı itaət etməyib. Amma yezidilikdə şeytan adını çəkmək günahdır, buna görə “adı gözəl mələk” deyə müraciət olunar. Mələk Tovuz tovuz quşu ilə simvolizə olunur.

Yezidiliyə görə Mələk Tovuz nurdan yaranıb. Buna görə günəş, ay və ulduzlar da nurdan yarandıqları üçün müqəddəs hesab olunurlar. Yezidilər cənnət və cəhənnəmin varlığına inanmırlar. Yezidiliyə görə ölən insanın ruhu başqa insana keçir. Yezidilər reenkarnasiyaya inanırlar. Buna görə ölən insanın vəfatından sonra bir din adamının gördüyü yuxunu yozaraq ölənin ruhunun yenidən doğuşu barədə mühakimə yürüdürlər.

Yezidilər özlərinin Adəmlə Həvvanın soyundan deyil, Şahid bin Carın soyundan gəldiklərinə inanırlar. Rəvayətə görə Adəmlə Həvvanın qırxı kişi, qırxı qadın olmaqla 80 uşağı doğulur. Daha sonra onlar ideal insan mövzusunda mübahisə edərək hansının düzgün olduğunu aydınlaşdırmaq üçün ruhlarından və düşüncələrindən iki küpəyə doldururlar. 40 gün sonra Adəmin küpündən Şahid bin Car dünyaya gəlir. O, Adəmin sevimlisi övladı olur.

Buna görə də Həvva və geridə qalan 80 uşaq Şahid bin Carı öldürmək qərarına gəlirlər. Öz aralarında parol müəyyənləşdirirlər. Lakin bundan xəbər tutan Mələk Tovuz cinləri yollayıb gecə ikən Həvvanın uşaqlarının dillərini dəyişir. Səhər duranda hərəsi bir dildə danışaraq bir-birlərini anlamırlar. Göydən gələn bir mələklə evlənən Şahid Bin Cardan yezidilər, digər uşaqlardan isə başqa xalqlar törəyirlər.

Ayinləri

Bu dini inanca sahib olmaq üçün gərək hər iki valideynin yezidi olsun. Yezidilikdə də islamda olduğu kimi oruc, namaz, həcc kimi dini ayinləri yerinə yetirirlər. Namaz səhər və axşam-gün çıxanda və gün batanda-qılınır. Əvvəl dəstəmaz alınır, daha sonra bayıra çıxıb üzü batan günəşə dayanaraq dua oxunur. Yezidilər başqa dindən olan adamın ibadətlərini görməyini sevməzlər. Buna görə də başqasının yanında rükuya getməz, sadəcə ovuclarını günəşə doğru tutaraq dua oxuyar, sonra ovuclarını öpərlər.

Həcc ziyarəti zamanı müqəddəs şəhərləri olan İraqın Laleş şəhərinə gedərlər. Burada Şeyx Abdinin məzarı yerləşir. Məzarı üç dəfə təvaf edərlər.

Yezidilərin iki müqəddəs kitabı var: “Məshafi-Reş” və “Kitab əl Celvə”. “Məshafi-Reş”in XV əsrdə qələmə alındığı bilinir. Kitabda əsasən dünyanın yaranışından və yezidilərə haram olan yeməklərdən bəhs olunur. Kitab kürdcə yazılıb.

Kastalar

Yezidilikdə üç sinif var. Birincilərə şeyxlər aiddir. Şeyxlər Şeyx Abdinin nəslindən törəyənlərdir. Onlar ağ paltar geyərlər, evləri məbəd sayılar. Əsasən yazma-oxuma və dini işlərlə məşğul olarlar.

Pirlər yol göstərən yaşlı ruhanilərdir. Onlar əsasən dəfn işlərində iştirak edər və Həcc ziyarətinin təşkili ilə məşğul olarlar.

Geridə qalan yezidilər isə müridlər adlanırlar. Onlar yezidi toplumun əsasını təşkil edirlər. Əsas vəzifələri üst siniflərə xidmət göstərmək və vaxtı-vaxtında vergilərini verməkdir.

Yezidi bayramları

Sar-sal bayramı. Bu bayram aprel ayının birinci çərşənbə günü qeyd edilir. Yeni il bayramı kimi də qəbul edilir. Çərşənbə günü yezidilikdə istirahət günü sayılır. Bu gün Mələk Tovuzun, ilk insanın və Şahid bin Carın yarandığı gün hesab olunur.

Roje-Yezid bayramı dekabr ayında keçirilir. Bu bayramda xəlifə Yezidin doğumu qeyd edilir. Bundan başqa Xıdır-Nəbinin doğum gününü və Novruz bayramını da qeyd edirlər.

# 9037 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #