“Reallığın rəqsi”: rejissorun arzusu ilə pulsuz göstərilən film - Əsl Kino

“Reallığın rəqsi”: rejissorun arzusu ilə pulsuz göstərilən film - Əsl Kino
17 avqust 2019
# 08:58

Kulis.az “Əsl kino” layihəsində Alehandro Xodorovskinin “Reallığın rəqsi” və Hon San Sunun “Klerin kamerası” filmlərini təqdim edir.

Çilili rejissor Alehandro Xodorovskinin “Reallığın rəqsi” bioqrafik filmi 2013-cü ildə Kann festivalında nümayiş olunub. Film rejissorun “Reallığın rəqsi: psixomagiya və psixoşamanlıq” kitabının əsasında çəkilib.

Süjet: Hadisələr Çilidə 1930-cu illərdə baş verir. Bu o illərdir ki, Çilidə Karlos İbanesin ( 1927—1931 və 1952—1958 illərdə Çilinin prezidenti olub) totalitar rejim hakimdir və bu rejim son günlərini yaşayır. Ukraynadan olan yəhudi əsili Xodorovskilər ailəsi burada yaşayır və ailənin başçısı (Brontis Xodorovski) qatı stalinpərəstdir. O, oğlu Alehandronu (Heremias Erskovits) zəif görmək istəmir, güclü, möhkəm iradəli olmasını aşılayır, anası Sara (Pamela Flores) isə həmişə oğlunu qorumağa çalışır. Ata qərara alır ki, İbanesi öldürməlidir, bunun üçün o, digər kommunist yoldaşı ilə sazişə girir. Amma yoldaşı diktatoru öldürmək istəyəndə güllə açılmır, vəziyyətdən çıxmaq üçün ata Xodorovski özünü İbanesin qarşısına ataraq onu xilas edir. O, diktatordan xahiş edir ki, onu atlarının mehtəri kimi işə götürsün. Sonradan ata Xodorovskinin İbanesi öldürmək fürsəti düşəndə əlləri keyiyir. Onun başına müxtəlif hadisələr gəlir, sonda o, ailəsinə qayıdır...

Xodorovskinin əhvalatında bir sıra filmlərə məzmun və vizual baxımdan göndərmə var. Balaca Xodorovskinin Stalinə pərəstiş edən atasının təzyiqinə məruz qalması, həm böyüklərin, həm də yaşıdlarının dünyasında autsayder olması Günter Qrassın “Tənəkə təbili” romanındakı (eyni adlı filmin müəllifi Folker Şlöndorfdur) böyüməyən Oskarı xatırladır.

Şaxtada işləməkdən şikəst olmuş və cəmiyyətdə lazımsız adama çevrilmiş insanların ata Xodorvski ilə qarşıdurması - Tod Brouninqin "Eybəcərlər” (1931) filmində gözəl gimnast qadın Kleopatranı eybəcər hala salınması səhnəsinin mizanı, kompozisiyası həllində işlənib. Naturalistik səhnələr daha çox (atanın təbii ehtiyacını ödəməsi, arvadının onu vəbadan sağaltması üçün üstünə sidik ifraz etməsi) italyan kinosundan qaynaqlanır. Çünki naturalizmi provakativ ifadə tərzinə çevirmək italyan kinosuna xasdır. Xatirələr üzərində qurulan filmin strukturu-kollajvarilik Fellininin “Amarkord”unun təkrarıdır. Müəllifin, əsərin böyümüş qəhrəmanı qismində balaca Xodorovskiyə çətin anlarında dəstək üçün əhvalata girərək öz uşaqlığı ilə dialoq qurması postmodern fənddir. Amma bununla belə rejissor diktatura, ata-oğul mövzusuna fəqli yanaşma etmir, bu kontesktdə yeni nəsə demir: nə vizual, nə stilistik, nə də fikir baxımdan.

Balaca Xodorvskiyə yetkinləşmiş Xodorvskinin təsəllisində, fakturaca submədəniyyət daşıyıcısına bənzəyən Teosofun (Teosofiya yunancadan ilahi müdriklik deməkdir) qəhrəmana müdrikcəsinə həyatı anlatmasında, ümumən adda-budda səslənən çeynənmiş fəlsəfi mühakimələrdə, Saranın finalda ərinə ideyasının zərərli, anlamsız olduğunu deməsində didaktika güclüdür. Vəbaya tutulmuş insanların yemək, su tələbi, rejimin onlara amansızlığını göstərən epizodunda sosrealizm estetikasının havası duyulur. Rejissorun sürrealizmi daha çox simvollarla xarakterizə olunur və bir qayda simvollardan yararlanması özlüyündə hadisəyə yeni kontekst gətirmir. Xodorvskinin filmləri nəsə bir fikir emal etməkdən çox, epatajla seyrçini diskomfortda saxlamağa hesablanıb. Bundan başqa dramatik hadisələr emosinal dərinliklə işlənmədiyindən, bədii həllində plakatçılıq olduğundan təsirsiz qalır: vəbadan ölmüş adamların zibil maşınına daşınması kimi.

“Reallığın rəqsi” Çilidə rejissorun arzusu ilə pulsuz yayılıb.

Cənubi Koreyalı rejissor Hon San Sunun “Klerin kamerası” 2017-ci ildə Kann festivalında nümayiş olunub.

Süjet: Orta yaşlı fransız müəllimə Kler (İzabel Yupper) Kann festivalına gəlir. Foto çəkmək onun hobbisidir. Kler ona maraqlı gələn adamları çəkir, bəzən də o şəkilləri qəhrəmanlarına hədiyyə edir. Gəzinti zamanı o gənc bir koreyalı qızın (Kim Min Hi) rəsmini çəkir və qız onu evinə Koreya yeməkləri dadmağa dəvət edir. Qız şirkətin rəhbəri tərəfindən əsas göstərilmədən işdən qovulub. Kler daha sonra təsadüfən onu qovan şirkət rəhbəri-qadını (Çanq Mi hi) və rejissor olan əri (Jung Jin) ilə tanış olur. Və onların da fotolarını çəkir. Hadisələrin gedişatından bəlli olur ki, gənc qızın rejissorla sevgi macərası olub və qadın onu qısqandığından qovub...

Hadisələr bir gündə baş verir. Film şirkət rəhbərinin qızı işdən qovması ilə başlayır. Rejissor hadisələri qeyri xətti nəql üzərində qurur və bu tamaşaçıya kinoreallığa daxil olmaq imkanını verir. Filmin məziyyəti ondadır ki, müəllif sadə və klassik bir əhvalata montajın dili ilə yeni nəfəs gətirir. Və Klerin kamerası hər şeyi yerinə qoyur, onun çəkdiyi fotolar personajların həyatını dəyişir.

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #