Gürcü, azərbaycanlı və alman yol gedirlər... – “Əlvida Şmidt” filmi haqda

Gürcü, azərbaycanlı və alman yol gedirlər... – <span style="color:red;">“Əlvida Şmidt” filmi haqda
20 aprel 2019
# 15:10

Kulis.az Aliyənin yenicə təqdim olunmuş "Əlvida, Şmidt" bədii filmi haqda resenziyasını təqdim edir.

Almanların Qafqaza köçürülməsi çar Rusiyasının məskunlaşdırma siyasəti ilə bağlıdır və tarixi 1817-ci ildən başlayır. Azərbaycan ərazilərinin İran və Rusiya arasında bölünməsinə imkan verən Gülüstan müqaviləsindən sonra Rusiya məskunlaşdırma siyasətinə başlayır və Qafqaza Avropa xalqlarının köçürülməsi təklif olunur. İlk alman koloniyası Gürcüstanda salınır. 1819-cu ilin yayında Tiflisdən Gəncəyə köçən 194 alman ailəsi Şəmkir yaxınlığında Helenendorf və Annenfeld adlı iki koloniya salır. Bundan sonra da müxtəlif səbəblərdən almanlar bu ərazilərə könüllü köç edir. Onlar üçün xüsusi layihələr əsasında evlər, kilsə tikilir. Almanlar burada öz həyatını qurur.

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd edirlər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilən, dünən premyerası keçirilən “Əlvida Şmidt” filmi isə etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. “Əlvida Şmidt” filmin rejissoru Əli-Səttar Quliyevin söylədiyi kimi “sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edən yol filmidir”.

Filmin ssenari (Rüstəm Babazadə) və ideya müəllifləri bu mövzu üçün sadə, amma sıradan olmayan bir ideya tapıblar. Bu ideya filmin içində iştirakçılardan birinin – Qurban İsmayılovun canlandırdığı Famil dayı obrazının dilindən səslənir: “Vətəni böyüyü kiçiyi olmur”. Vətən sənə əziz və doğma olan yer və insanlardır, sevdiklərindir.

Filmin qəhrəmanı Emil (Azər Aydəmir) Avropaya, daha düzü, Almaniyaya getmək kimi yayğın sevdaya yoluxmuş Emildir. Amma onun Almaniya arzusunun fərqli motivi var: Emilin anası alman, familiyası Şmidtdir. Lakin Emilə Almaniya vətəndaşlığı almağa bunlar yetərli deyil. Ümumiyyətlə, dövlət - millət məsələsində filmin yaradıcılarının ideya ilə üst-üstə düşən incə yumoru əhvalata əlavə bir xoş atmosfer gətirir. Məsələn, alman səfirliyində əslən alman olan Emil Şmidtin müraciətini geri çevirən adam türk ad soyadlı səfirlik işçisidir. Millətcə türk olan alman səfirliyi işçisi millətcə alman olan və almanca danışa bilməyən Şmidtlə alman dilində tərcüməçi vasitəsilə danışır. Bu absurd məqam tamaşaçını filmin ideya müstəvisinə hazırlayır.

Az sonra qəhrəman bütün yol filmlərində olduğu kimi əslində özünü axtarmaq üçün yola çıxır. Bu zaman həm də onu “öz kiçik vətənim” dediyi Göygölə aparan taksi sürücüsü Rasimlə tanış oluruq. Yol boyu qəhrəmanları müşayiət edən macəralar çevik montaj həlli ilə filmə komediya temporitmi gətirir.

Yolçulara daha bir qız - avtostopla səyahət edən fotorepartyor gürcü Nana (Mari Kitia) qoşulur.

Gürcü, alman və azərbaycanlı yol gedirlər...

Yol boyu onları macəra izləyir: onlar oğlunun birini şəhid vermiş azərbaycanlı atanın - Familin (Qurban İsmayılov) oğul toyu sevincində iştirak edirlər, kafedə davaya düşürlər, bir sözlə, başlarına müxtəlif hadisələr gəlir.

Emil tələsir, tezliklə Göygölə çatmaq istəyir. Sürücü “Mantirovka” Rasimə istədiyi məbləği də verir. Amma Rasimin maraqcıl sualları, dil boğaza qoymadan danışması onu karıxdırır. Yolda təkər partlayanda Emilin tərkibində “alman dəqiqliyi” olan qanı üzünə vurur. Təkər yamayan Famil dayının onları zorla qonaq saxlaması, Mingəçevirə soyuducu çatdırmaq xahişi, gürcü qızı üçün paxlavalı çay qonaqlığı - bunlar hamısı punktual, dəqiq almanın ziddinədir. Üstəlik, Emil tələsir, o, vaxtında əməliyyata çatmalıdır. Amma filmin yaradıcıları bütün bu şərqsayağı - azərbaycansayağı qeyri-punktuallığın bir müdrik təmkinə əsaslandığını duyururlar: “Həyat burada və indidir. Heç nə bizim əlimizdə deyil. Rahat ol. Yaşa. Zövq al. İstədiyini alacaqsan...”

İlk kadrlarda qəhrəmanın narahatlığını, gərginliyini ifadə etmək üçün seçilən musiqi (bəstəkar İfsar Sarabski) təkrarlanması ilə yeknəsəqlik gətirsə də, daha sonra artıq əhvalatın, janrın temporitmi ilə uzlaşdırılır və bu filmi yoruculuq olmaq təhlükəsindən xilas edir.

Səslənən kadrdaxili musiqi isə filmin kulminasiyasıdır. Bu, təkər yamayan Famil dayının sazda ifa etdiyi “Ruhani” havasıdır. Hansı ki, bu musiqi ilə rejissor başqa bir Azərbaycan filminə “Tütək səsi” nə göndəriş edir.

Ümumiyyətlə, diqqətli tamaşaçı filmdə bu sayaq çox göndərişlər tapa bilər. Məsələn, bu filmdən “Mimino”nun (avtomobildə dialoqlar səhnəsində) “Şərikli çörəyin”, hətta vestern filmlərinin (“Los Anceles” kafesində dava) qoxusunu ala bilərsiniz.

Daha müsbət bir cəhət yalnız hadisələrin deyil, xarakterlərin də əsaslandırılmasıdır: məsələn 15 yaşından işləməyə məcbur olduğunu dedikdən sonra taksi sürücüsü Rasimin pul qazanmaq çabaları, hər işdən xeyir güdmək dərdi aydınlaşır.

Yalnızca Emilin gərginliyinin, yola çıxmasının səbəbləri ilk epizodlarda qeyri-adekvat sxemlə açılır: qadınının deyinməsi, hər kəsin ona laqeyd münasibəti və anasının xatirəsi. Yan epizodlar, əlavə olunmuş geqlər, əlavə personajların çox parlaq təqdimi və təkrarlanması (məsələn, Əlixanın qəhrəmanının xarakteri hardasa Rasim Cəfərin qəhrəmanını təkrarlayır – bu təkrarçılıq lazımsız ümumiləşdirmələrə səbəb ola bilər və filmin ideyasının əleyhinə işləyə bilər) fokusu qaçırır. Bu ilk – yola çıxana qədərki kadrlarda tamaşaçıya qəhrəmanın yaşadıqlarına, narahatlıqlarına köklənmək imkanı verilmir.

Son epizodlardan biri bu komik absurda ideya yüklü final verir: əməliyyatxanada yatan Emil yuxu görür. O kilsədədir. Amma etirazçı, lüteran alman kilsəsində deyil, provaslav kilsədə. Keşiş onu oyadaraq həyata qovur. Filmin Happy end finalı bu epizodu davam etdirir; biz qəhrəmanları bir neçə il sonra görürük: Emil azərbaycanlı tərcüməçi qızla evlənib. Öz “kiçik vətənində” Göygöldə yaşayır. Sürücü Rasim isə gürcü fotoqraf Nanaya axır ki özünü sevdirib, onlar da evləniblər. Deməli, ən əsas din sevgidir. Emil axtardığını axır ki tapıb..

# 4816 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #