Qız və maneken – Səfər Alışarlıdan Yeni Povest – Son Hissə

Qız və maneken – <span style="color:red;">Səfər Alışarlıdan Yeni Povest – Son Hissə
5 aprel 2019
# 14:21

Kulis.az yazıçı Səfər Alışarlının “Qız və maneken” adlı yeni povestinin son hissəsini təqdim edir.

əvvəli burda

12

Tavanın künclərindən zala nəzarət edən kameraların aşağı, zirzəmidəki təhlükəsizlik xidmətinin monitorlarına ötürdüyü videotəsvirlər və danışıqlar orada gözlənilməz eyforik effekt vermiş çay dəsgahının özündən də böyük dəhşət yaratmışdı. Düşünmək lazımdır ki, xidmətin rəisi, istefada olan dəniz piyadası zabiti kapitan-leytenant Mehman Cəfərovun birbaşa yayım və telefon ötürmələri vasitəsilə verdiyi həyəcan siqnalı "Yasəmən" Mərasim Evinin bütün rəhbərliyini ayağa qaldırmışdı. Lakin şənbə günü olduğundan direktor Həsrət İbalı yerində deyildi, yalnız onun müavini Məsim bəy ərazidə kölgə kimi görünüb pilləkənlərdə qeyd olmuşdu.

Kapitan-leytenant Mehman Cəfərov böyrünə təsadüfən bıçaq soxulmuş günahsız dava qurbanı kimi otura bilmir, iç-içə iki böyük otaqda cövlan edir, daim yaş, ətli dodaqları arasından sağa-sola anlaşılmaz nidalar buraxırdı. Əgər sonradan başlanacaq mötəbər istintaq səviyyəsində dəqiq araşdırma lazım olsaydı, o nidalardan yalnız birini tutub qanunun tələbinə uyğun qaydada rəsmiləşdirmək mümkün olardı: “Bayyyyy-əə-əəə!” Arada zabit o qədər həyəcanlandı ki, monitorun qarşısında yazı prosesini diqqət və son dərəcə böyük maraqla izləyən cavan oğlana hücum edib yoğun barmaqlarını onun uzun, qıvrım saçına keçirərək qışqırdı:

– Bu nə saç-saqqaldı, əə-ə?! Qureyşisən sən?! İndi bütün aləm töküləcək bura!..

– Rəis, qaçım tez vurdurum başımı? – oğlan ağır əlin basqısında üzünü güclə çevirib altdan-yuxarı soruşdu.

– Ə, hara qaçırsan?! Başımızı onsuz da vuracaqlar, otur! Zapisə diqqət elə!

Ancaq bu dünyada çox üzlər görmüş kapitan-leytenantın təhlükəsizliyini təmin etdiyi mərasim evi ilə birlikdə qəflətən düşdüyü fövqəladə və tragik vəziyyətdə heç də hər şey qara, faciəvi və ümidsiz deyildi, sevinməyə də ciddi əsas vardı və aktiv əməliyyat fəaliyyətindən uzaqlaşmış rəis beyninin tam dumanlanıb boğulmaq, ürəyininsə dayanmaq həddinə çatdığını hiss edəndə o özünü bayaqdan bəri tapdığı bir işıqlı deşiyə təpib ciyər dolusu nəfəs ala bilirdi. Bu işıqlı yer onun içində, haradasa ürəyinin altında, hətta sinəsinin sağ tərəfində hələlik spirtsiz qalmış, yumşaq jele kimi ahəstə dəbərcələnən balaca bir deşik idi. Ehsan xörəklərinin xüsusi kombinativ seçmələri ilə hər gün kabinetində dost-tanışları ilə nahar edən Mehman Cəfərov həmin gün bu fantastik məclisin ilk epizodlarını monitorda görən kimi başını itirsə də, hələ içmədiyinə, heç nahar etmədiyinə görə nəinki sevindi, hətta özünü, bəzi yoldaşlar demişkən, dünyanın xoşbəxti saydı. Bu bədbəxtlikdən onu qoruduğuna görə rəis hər an möhkəmlənməkdə davam edən saleh imanı ilə itmiş başının bir küncündə Allaha dua edirdi.

Mətbəxdən qatar-qatar çıxan qızlar, zalda qadınların müayinədən keçirilməsi, yaranmış kütləvi hərəkətlənmələr özlüyündə o qədər ağlasığmaz, fantastik bir hadisə idi ki, onlardan sonra kompleks personalından kimsənin, birinci növbədə təhlükəsizlik xidməti işçilərinin yerində qalacağı yalnız möcüzə nəticəsində baş tuta bilərdi. Ona görə Mehman Cəfərov özünü artıq havada tənha uçan albatros kimi hiss edir, verdiyi mənasız əmrlərə, göstərişlərə görə heç bir məsuliyyət hiss etmir, beynindən pırıltı ilə keçən boş film kadrlarında hərdən yalnız bir obraz onun çaşmış xəyalını ani olaraq işıqlandırır və tez də ümidsizcəsinə sönüb gedirdi. Bu, Parisli xanımın stolunun üstündəki qutu idi. Sonra hər şey yenidən başlanır, nəticədə qutu daha az görünür, seyfdəki araq butulkaları qırılıb oradakı kompyüter platalarını, hard-diskləri və sənədləri isladırdı. Bu yerdə kapitan-leytenant özünü oksigen deşiyinə güclə yetirib başını ora soxur və heç nəyə xətir o xilas yerini tərk etmək istəmirdi.

Nəhayət, Məsimdən zəng gələndə qalxıb oranı darmadağın etmək əmrinin veriləcəyini gözləyən rəis öz döyüş hazırlığında əlbəyaxa səhnələrini xatırlayıb burada faktiki tək olduğunu düşündü və buna müvafiq də cavab hazırlamaq üçün itmiş başını otağın künclərinə, Qureyşinin stolunun altına baxmaqla axtarıb tapmaq istədi.

– Davam edir?.. – Məsim halsız səslə soruşdu və əlavə etdi: – O biabırçılıq?

– Ə, bə birbaşa yayım verirəm də sənə! – başsız rəis sinəsindən birbaşa karbon püskürməsi kimi çıxan hava ilə xırıldadı. – Videozapis vermirəm ki! Birbaşa yayım verirəm də sənə!

Həmin an orta yaşlı, arıq bir qadın həkimin lupası altında özünü tam fiziki səfərbərliyi ilə təqdim etmişdi, ona görə kapitan-leytenant telefonu qulağından ayırmadan operatora qışqırdı ki, kameranın görüntüsünü maksimum böyütsün:

–Nayezd elə! Nayezd elə, a Qureyşi!

Нет описания фото.

Mehman Cəfərov xidməti dənizdə başa vurmuş, hətta başqa sahələrdə də müəyyən fəaliyyət göstərmiş təcrübəli adam idi. Bilirdi ki, nəyə görə də olmasa, təkcə qutuya görə bir azdan şəhərin bütün ətyeyən quşları bir qığıltıya uçub bura töküləcək və onda məsələnin əsas fazasının araşdırılması tamam başqa idarələrin nəzarətinə keçəcək, ona isə istintaqda şahid ifadəsi vermək və ömrünün sonuna qədər iştirakçısı olduğu bu qəribə hadisə haqqında xatirə danışmaq qalacaq. Mehman Cəfərov həmin gün araq içmədiyinə şükür edə-edə hadisənin hər cür inkişaf və yekun variantına razı idi, həm də kənd uşağı olduğu üçün bilirdi ki, xırmanı nə qədər silib-süpürüb aparsalar da, yerində xırmandarın toyuq dəni mütləq qalacaq.

Mehman Cəfərov oksigen deşiyindən növbəti dəfə başını çıxaran kimi qadın əməkdaşlardan birini göndərmişdi ki, zala keçsin, kameraların əhatə edə bilmədiklərini öz gözləri ilə görüb yadda saxlasın, çünki bu xəmirin hələ çox su aparacağına şəkk-şübhə yox idi. Qız zala nə əsas, nə də mətbəx tərəfdəki ehtiyat girişdən keçə bilməyib tez də geri qayıtdı ki, bütün qapılar bağlıdır.

– Qulaq verdim, içəridən elə bil musiqi səsi kimi səs gəlir, – qız deyib özündən asılı olmadan pıqqıldadı. Operativ əməliyyat işlərini yaxşı bilən, akademiya təhsili olmadan kapitan-leytenant rütbəsinədək yüksəlmiş rəisi hər şeydən çox bu “elə bil” sözü dəli elədi.

– Ay qız, “elə bil” nədi?! – rəis qışqırdı. – Burada dünya qopur, aləm dağılır, dövlətin əsasları sarsılır, sən bir taxta qapının arxasından nə səs gəldiyini müəyyənləşdirə bilmirsən?! Özün də... Bayyyy-yeee-eee!..

Allah bilir, rəisin yarızirzəmisinin pəncərəsindən həyətə bir-birinin arxasınca daxil olan minik və yük maşınları görünməsəydi, qızın üzünə itin daha hansı sözləri deyiləcəkdi.

13

Dörd yük maşını silahlı çevik qüvvə batalyonu şəxsən əlahiddə bölümlər komandirinin rəhbərliyi ilə həyətə daxil olmuşdu və Mehman Cəfərov təzim elədi. Amma vəziyyətin ağırlığını və qəribəliyini düzgün ifadə edə biləcək söz tapmadı.

– Bu nə şəbehdi burada sən çıxardırsan, Cəfərov? – nəhayət, polkovnik paroxod fiti kimi yoğun səsilə soruşdu və maşınlardan birbaşa döyüşə atılan zabit və əsgər heyətinə zallardan təxliyə əmrini verəndən sonra bir də onun üzünə baxıb dedi. – Haı-ıy?

Polkovnik başındakı qızılı kakardalı qırmızı beret gəmi projektorunun qəfləti yanmış işığı kimi Mehman Cəfərovun gözlərini qamaşdırdı. Zabit yuxarı rütbələrin aşağı rütbələri heç nədən danlamaq şakərinə yaxşı bələd olduğu üçün suala cavab vermədi və başını aşağı salıb:

– Günahkaram, cənab polkovnik! – mızıldandı.

Burası, yəni qarşısında hal əhlini görmək komandanın xoşuna gəldi. O, Mehman Cəfərovun sərbəstliyini artırmaq üçün yüngülcə bığlı ağzının qırağı ilə gülümsündü və fikirləşdi ki, peşəkar ayrı şeydir. Yoxsa doluşub bu uşaq-muşaq hər yerə, söz soruşursan, Rokossovskidən sitat gətirir. Danlamaq da olmur ki, iki dəqiqədən sonra köpəyoğlu saxta adnan ötürəcək internetə.

– İçəridən xəbərin var, Mehman Cəfərov? – polkovnik dübarə soruşdu.

Rəis cavab verincə içəridən camaatın güclü axını bəndi yarmış qara su kimi mərasim evinin qabağındakı böyük meydana, orada dayanmış maşınların al-əlvan sıraları arasına dolub qaynamağa başladı. Polkovnik bir-birinə qarışmış qadın-kişi axınına baxıb sanki maraqlı bir şey görmədən yenə üzünü zabitə çevirib ondan cavab gözlədiyini bildirdi.

– İçəridə üç milyon dollar nağdı pul var, cənab polkovnik! – kapitan-leytenant Mehman Cəfərov bunu o qədər təmiz, dəqiq diksiya və tamahsız nəfəslə ifadə etdi ki, polkovnik üstünə çirkli su atılmış kimi diksinib geri sıçradı.

– Necə?! Üç milyon?!

Bu dünyada heyrət və təəccübün həqiqətən səddi-sərhədi yoxdur. Günün günorta çağı məşhur mərasim evinin həyətində yaranmış bu dəhşətli ajiotajda daha nə baş verə bilərdi ki, təcrübəli iki zabit üç milyon dolları müvəqqəti də olsa unudub ona təəccüblənsin?! Baş verən iş doğrudan da əcaib, misli görünməmiş bir şey idi.

Onlar meydanı bürümüş uğultuya başlarını qaldırıb yuxarı baxanda külafirəngidə dəmir məhəccər boyu sıraya düzülmüş dörd qadının ağappaq qol-qıçının günəşin şüaları altında bərq vurduğunu gördülər. Onlar qurudulub hisə verilmək üçün ştanqdan təzəcə asılmış dörd balığa oxşayırdılar, sanki səhvən külafirəngi kamerasından çölə çıxarılmışdılar, bir azdan yerlərinə qaytarılacaqdılar. Ucalıqdakı adamları bir-birindən seçmək meydanda sıxlaşmağa başlamış camaat üçün asan olmasa da, qadınlardan biri ağzını açıb dərin, qarından gələn və sonsuz fəzaya istiqamətlənmiş kədərli bir avazla oxumağa başlayan kimi hamı onu tanıdı.

– Aman-ama-a-aan! Amaaaaan!..

Yuxarıda quraşdırılmış supergüclü kolonkalar oxuyanın kişi və ya qadın olmasının qətiyyən fərqinə varmadan bu tanış, məlahətini bir qədər itirmiş səsi köhnə neft rezervuarlarının, gecəqondu massivlərinin və arxadakı beşmərtəbələrin yaşıl çətiri üzərinə yaydı. Bu, yaşlaşmış, müğənni xanımların ən tanınmışlarından biri və təəssüf ki, xalqın daha hüsn-rəğbət bəsləmədiklərindəndi.

– Aman-ama-a-aan! Amaaaaan!.. – ciddi pauzadan sonra xanımın sabit tonallıqda güclə saxlaya bildiyi səsi ikinci dalğa ilə yenə də nalə kimi həmin məkanlardan keçib harasa getdi.

"Yasəmən"in ətraf yollarında dolaşan maşınlar, avtobuslar dayandı, beşmərtəbələrin balkonlarında peyda olan adamların sayı bir göz qırpımında artmağa başladı. Axırıncı dəfə buralarda göyüzünə belə heyrət və intizarla iyirmi il əvvəl türk şahinlərinin ilk uçuşlarından sonra qalan rəngəbərəng zolaqlara baxmışdılar. İndi yayla payızın qoşa dayandığı buludsuz, xoş havada məlahətli qadın səsinin çağırış avazı ləmlənirdi. Yaşıl məhəllələrdən ara yollarla kompleksə tərəf qaça-qaça gələn adamları hələlik külafirənginin hündürlüyündən məhz bu dörd xanım görürdü.

– Bidad-amaaaaaaan! Aman, amaaaaan! Aman eeey! – başqa bir xanım daha güclü, daha isti və yanıqlı səsilə davam etdirdi. Bu xanımı da səsindən tanımamaq mümkün deyildi, çünki onun yumşaq, Əməkdar artist sopranosunun köppüş ləblərindən bal kimi süzüldüyünü aşağıda dayanmış yüzlərlə tamaşaçı hər axşam televiziya ekranlarında görürdülər.

– Bidad-amaaaaaaan! Aman, amaaaaan! – xanım əlini qulağının dibinə qoyub təkrar oxudu.

– Mehman Cəfərov! – qəribə mənzərədən çaşıb qalmış polkovnik dəsmalla boynunun tərini silən rəisə sanki çarəsizlikdən səsləndi. – Mehman Cəfərov, bu "Yasəmən"in daşı ağır olacaq! Barı bunların şəkilini çək!

Mehman Cəfərov telefonunu cibindən çıxarıb ümidsiz çaşqınlıqla eynəyini axtarmağa başlayanda bahalı bir qara maşın sanki hələ də havada səslənən o xoş avazın lığabı içindən səssiz-səmirsiz sürüşüb düşərək yumşaq və qətiyyətli yerişlə düz onların qarşısında islamın ən kəsərli qılıncı Zülfüqar xofu ilə dayandı. Bu, "Yasəmən" Mərasim Evinin direktoru, məşhur “İki cahan” televerilişinin aparıcısı Həsrət İbalının maşını idi.

Bilgəh Kardiologiya Sanatoriyasında qısamüddətli müalicə almaqda olan Həsrət İbalı arıq, ucaboy, şüvərək adam idi, maşından çıxmaqda ləngidi, çox güman ki, aşağı atacağı o bir addımın onu hansı odun içinə salacağını əvvəlcədən bilirdi. Fiziki çəkisindən bir neçə dəfə ağır adam kimi maşından güclə çıxıb üst-başına göz gəzdirdi. Əynindəki qəttəzə, boz kostyum üzünün əzablı, qaraşın qırışları ilə tam kontrastda dünyanın bütün madiyyatını rədd etsə də, özünün və böyründəcə mühərriki səssizcə işləyən maşının çox-çox uzaqlardan son dəbin tələblərinə uyğunluqla seçilib gətirildiyini unutdura bilmirdi. Həsrət İbalı müavini Məsim bəyin onun pişvazına çıxmadığına görə qəsdən başını qaldırıb ətrafa baxmırdı.

Yol boyu ona, sanki konkret efir "zastavkası" üçün deyəcəyi ilk sözləri kəsərli fraza halında formalaşdıraraq dəfələrlə təkrar eləmişdi: "Məsim! Bu nə rüsvayçılıqdır sən çıxarırsan burada?!" Bir dəfə də nəsə başqa şey olmuşdu, onda deyə bilməmişdi. Fraza hazır idi, amma Həsrət İbalı indi onu Məsimin yerinə az qalırdı hələ əyninə oturuşmamış təzə kostyumuna desin ki, ürəyi soyusun.

Nəhayət, direktor başını qaldırıb sinə dolusu nəfəs almağa çalışdı və elə ağrılı yazıqlıqla tövşüdü ki, deyərdin bəlkə Bilgəhdən bura qaça-qaça gəlib, ya da içindəki kompressor körüyü cırılıb havanı ciyərdən kənara axıtdığı üçün çatdıra bilmir. Köməkçisi maşından bozumtul, bulanıq maye ilə yarıya qədər dolu stəkanı qaçaraq ona çatdırdı, arxasınca kişiyə ağzını silməyə təmiz bir dəsmal da uzatdı. İbalı göz gəzdirib polkovnikin tanış sifətinə başı ilə yüngülcə salam verdi və nəhayət, baxışlarını lazımi yerə yönəldib ora baxa-baxa mayedən bir qurtum içdi.

– Bircə elə ora qalmışdı, – güclə udqunub stəkanı qaytardı.

Həsrət İbalının məşhur, arıq, sitat və sərrast ifadələrlə dolu vücudunu efirlərdən deyil, iki metrlik məsafədən ləzzətlə seyr edən polkovnikə elə gəldi ki, artıq yaşlaşmış direktoru fani dünyanın nasazlıqları, fəlakətləri və faciələri daxilində eyni yerdən, eyni cür, eyni dərəcədə ağrıdır. Və bədəninə tam adaptasiya elədiyi bu ağrını o, cibindəki kəhrəba təsbeh kimi daim özü ilə gəzdirir: lazım olanda unudur, lazım olanda çıxarıb sifətindəki qırışların arasında şıqqıldadır. Hər halda, indi müalicəni buraxıb özünü həyəcanla bura yetirməyinə və külafirəngidə baş verən biabırçılığa görə onun daxili narahatlığı və zahiri narazılığı bikef tarazlığın tam vəhdətini təmin edə bilirdi.

– Bəs bunların o qurumsax ərləri hara baxır?! – İbalı qarşısındakıların dinmədiyini görüb ritorikfason sual verməklə məsələnin ailə-məişət aspektini önə çəkdi.

Sanki İbalının qaraşın sifətinin cod tüklü hər qırışında indiyədək gördüyü, şahidi olduğu, hətta ağızdan-ağıza eşitdiyi, insan cahilliyindən doğan minlərlə belə fitnə-fəsad və faciə diricənə qımıldanırdı və o istənilən zaman onların hər hansı birini xatırlayıb ondan çıxarılması vacib olan ibrət dərsini örnək kimi mavi ekrandan hamıya təqdim edə bilərdi.

– Niyə götürmürsən onları oradan, İsabala? – İbalı bayaqdan ona nəsə deməyə çalışan Mehman Cəfərovu görmürmüş kimi, sualı birbaşa polkovnikə verdi.

– Hələlik zallardan təxliyə gedir, – polkovnik qayğılı səslə məruzə elədi. – Qapılar bağlıdı. Sındıracam. Bir də bəla burasındadır ki, onlardan biri Rusiya Dövlət Dumasının deputatıdı... – Polkovnik dirsəkdən yuxarı çirməkli uzun qolunu yuxarıda oxuyan qadınlara tərəf uzatdı.

– Noolsun deputatdı?! – səhhətinin efir gümrahlığını yavaş-yavaş bərpa edən İbalı nisbətən sərt səslə dedi. – Deputatdı, getsin Kremlin Qurultaylar Sarayında oxusun, burada nə işi var?

Bu an ucalıqda yenə də hamının tanıdığı başqa bir artist segahın son beytlərini özünün bapbalaca səsinin yüngül estrada ləpələnməsilə mikrofona yeridib meydanda toplaşmış və ətraf məhəllələrdəki müsəlman ürəkləri vəcdə gətirdi:

– Ay aman, aman, amaaaaaaan! Aman eeeeeyy!..

– Allah sənin o bildirçin səsini batırsın! – İbalı qarğış elədi.

Xanım otuz illik müğənni fəaliyyətində dillər əzbəri olmuş çoxlu sayda gözəl mahnılara imza atmışdı, onların heç biri muğam üslubunda deyildi, yalnız biri, vanna otağında çəkilmiş klip kadrları ilə müşayiət olunan o mahnı “Heyratı” muğamının avazı ilə vannadakı yumşaq hərəkətləri tədricən oynaq ritmə keçirirdi: “Günəş batar! İşıq sönər! Can ölər!”

Artistin son akkordları ilə külafirəngidə fraklı centlmnenin peyda olması üst-üstə düşdü.

– Bəs deyirdin qapılar bağlıdı! – İbalı baxışlarını endirib polkovnikin üzünə baxmaq istədi, ancaq polkovnik də, onun arxasınca yuxarı qaçan Mehman Cəfərov da artıq uca pilləkənləri qalxırdılar.

Fraklı centlmen cırıltılı səsilə öncə elan verdi:

– Camaat! Nazim müəllimin sizə də hədiyyəsi var! Buyurun!

Cibindən çıxardığı dollar dəstlərinin büküm lentlərini cıraraq bir-birinin ardınca külafirəngidən aşağı vızıldatmağa başladı. Aşağıda nələrin baş verdiyini təsvir etmək çox çətin olsa da, demək lazımdır ki, yamyaşıl, yüz dollarlıq əskinaslardan biri də dövlət quşu kimi uça-uça gəlib düz İbalının burnu qarşısında cəh-cəh vurdu. Köməkçi pulu quş kimi yox, lap milçək kimi tutub direktora təqdim edəndə İbalının gözü Sibir qarı kimi camaatın başına yağan əskinaslarda idi və o fikirləşirdi ki, hər kimdirsə, çox köpəyoğlu adamdır, bu saxta kağızları camaatın başına yağdırmaqla onların onsuz da əskisi tüstülü banklara olan inamına ciddi ziyan vurur. Çünki həqiqi pulu kiminsə belə havayı yerə dağıda bilməsi yetmişi haqlamış İbalının zəngin siyasi, iqtisadi və mənəvi məntiqlərinin heç birinə uyğun gəlmirdi.

– Rədd elə o yana! – İbalı pulu əlində tutmuş köməkçisinə bozardı.

Həsrət İbalı çox pullar görmüşdü, fikri külafirəngidə olsa da, gözünün qırağı ilə meydanda camaatın göydən pul qapmağını diqqətlə izləyə-izləyə fikirləşirdi ki, dünya çox ədalətsiz qurulub: birinin pulunu üst-üstə yığsan, bu külafirəngi boyda olar, o biri yeməyə çörək tapmır və bunların ikisi də eyni ölkənin vətəndaşı, guya eyni hüquqlara malik insanlardır. Zırt! Sonra o fikirləşdi ki, tutasan şeytanın ətəyindən, bir neçə gün fasiləsiz bu adamların başına o külafirəngidən beləcə pul yağdırasan. Baho-o-o!.. Demək, bunlar yuxusuzluqdan və yorğunluqdan yıxılanadək, “bəsdir” demədən yığarlar o pulları. Yığarlar, yığarlar! Ailələrini, qohum-əqrəbalarını çağırıb növbəli yığım təşkil edərlər, bir ucdan taksi ilə evə daşıyıb şkafları, dolabları, döşəklərin qatını, çarpayıların altını hamamı, tualeti doldurarlar pulnan. Sonra başlayarlar pul yağan meydanda özlərinə sədd-sərhəd düzəltməyə, zəifləri sıxışdırıb aradan çıxarmaqla öz monopoliyalarını yaratmağa, sonra fələyə, Amerikaya və hüquq mühafizə orqanlarına meydan oxumağa keçəndə birdən görələr ki, pulun hamısı saxtadır. Həsrət İbalını ehtimal nəzəriyyəsi üzrə bu hala düşən insanların məyusluğunun dərəcəsi maraqlandırmadı, onların günlər ərzində bu dəhşətli həngaməni yaşaya-yaşaya keçirdikləri həyəcana, çəkdikləri əziyyətə, qurduqları xəyalların puç olmasına elə də dərindən heyfsilənməyəcəkləri təəssüfləndirdi. Çox güman ki, özləri özlərinə belə deyəcəkdilər: “Onsuz da bekarçılığydı da, guya işə gedib nə qazanırıq ki?!”

İbalı külafirəngidə ictimai asayişin vuran əli və bəşəri məntiqin qaçılmaz həyat reallığı kimi hər an peyda olacaq qəhrəman polkovnikin və onun əsgərlərinin bu rüsvayçı səhnəyə son qoyacağını görəndən sonra artistlərin qandallı qollarına, hinduşka buxağı kimi sallaq məmələrinə və həyasız sifətlərinə baxmaq üçün uca pilləkənləri əziyyətlə də olsa, yuxarı qalxmaq fikrində idi. Ancaq qiyamlar yatırmış, mitinqlər dağıtmış, silahı belində havayı gəzdirməyən polkovnik Everestə qalxırmış kimi gecikirdi. İbalı üçüncü mərtəbənin fasadından qalxan külafirənginin hündürlüyünü hələ vaxtilə ona göstərilmiş tikinti çertyojlarından xatırlayırdı: 14 metr. Polkovnik və onun müzəffər dəstəsi üçün bu, yüksəklik deyildi. Direktor köməkçisini göndərmək istədi ki, gecikmənin səbəbini aydınlaşdırsın, ancaq yəqin bildi ki, köməkçi də, sürücü də indi meydanda camaatın arasındadır.

Məlum oldu ki, yuxarıda külafirənginin giriş qapısı da bağlıdır və onu sındırmaq üçün lazım olan dəmir tiri darısqallıq üzündən orada işlətmək mümkün deyil. Polkovnik yaranmış fövqəladə vəziyyətdən çıxış yolunu Həsrət İbalı ilə iki variantda məsləhətləşdi: birinci, artistləri pulemyotla gülləbaran etmək; ikinci, kiçik partlayışla qapını partlatmaq. Variantların heç biri ağsaqqalı qane etmədi.

– Bəs hanı sənin o dağa dırmaşan, ilan-qurbağa yeyənlərin, İsabala? – İbalı narahatlıqla soruşdu.

– Bunlar ilan-qurbağa deyil, pramoy ağ balıqdılar! – polkovnik qımışdı. – Onda gözləyək yanğınsöndürən maşınlar gəlsin!

– Sən o qaçqına bax hələ! Gözündən gəlsin sənin! – İbalı sözünün ardını udub, gözlərini azacıq yummaqla üzünün qırışlarında nadinclik etmək istəyən əzabların üstünü ətlə örtdü.

– Bu artist tayfasının hamısı beləcə nankordu, – polkovnik İbalının sözünə qüvvət verdi. – O yekə... oğlundan ötrü gedib haralara çıxmışam?!

Polkovnik İsabala sehrli külafirəngini buraxıb sehrli zalla məşğul olmağa getdi. Havadan pul tutmaq mənzərəsinin yorucu hay-küyünə, yuxarıda artistlərin podium pozaları nümayiş etdirməsinə dözə bilməyən İbalı da onun arxasınca yavaş-yavaş pilləkənləri qalxmağa başladı. Təzə şalvarın ipək astarının dizlərinə yapışıb dartılmasını diqqətlə izləyən İbalı şəhərdə geydirmə brend satanlarla "Yasəmən"də bu şəbihi çıxaranların aşağı-yuxarı eyni adamlar olduğunu fikirləşdi.

Pilləkənləri ağır-ağır qalxan İbalı o zaman birinci mərtəbənin yerdən nə az, nə çox düz on üç pillə hündürlüyündə götürülməsinə nahaq razılaşdığını düşündü və öz ləngliyindən uzanan vaxtı sözlə doldurmaq üçün böyrüncə onun tempinə uyğunluqla qalxan Mehman Cəfərovdan soruşdu:

– Hardadı bu Məsim? Meydanda pul tutur?

– Səhər Nazim müəllimin mərasimindəydi, Həsrət bəy! – Mehman Cəfərov cavab verdi. – Sonra ara qarışdı, görə bilmədim. Bayaq dedilər kabinetindədi, halı xarabdı.

– Nazim müəllim də... – İbalı dərindən nəfəs aldı və öz səhhəti ilə bağlı bu sövqi-təbii nasazlığına sevinən kimi oldu. Fikrin ikinci hissəsi İbalının təzə kostyumuna bürünmüş arıq, sümüklü canının harasındasa çıxış tapmadan ilişib qaldı.

Onların gözlədiyinin əksinə olaraq ikinci mərtəbədəki məlum qadın zalının qapıları taybatay açıq, içəridə isə kimsə yox idi. Hər şey adətən yas məclisində yeməkdən sonra qalan vəziyyətdə olsa da, başdakı stollardan birinin üstündə durmaqda davam edən karton qutu və onun yaşıl örtüyü məşhur müsibəti Şam sarayında yekunlaşdırmış karvan nişanələrinə bənzəyirdi.

Polkovnik İsabala, elə özünü birtəhər yetirmiş İbalı da bir ins-cins görmək ümidi ilə ətrafa boylandılar, amma rəis Mehman Cəfərovdan başqa söz deməyə, danlamağa, hətta üzünə belə tüpürməyə adam tapmadılar.

– Bəs deyrdin zalın qapılarını tirlə vurmaq lazımdı, admiral! – məntiqinə sığmayan anlaşılmazlıqlardan hirslənmiş polkovnik təhlükəsizlik xidmətinin rəhbərinə təpindi. – İçəridə seans gedir! Hanı? Bəlkə mən yaxşı görmürəm, Həsrət bəy! – polkovnik bu dəfə nəfəsi kəsilməkdə olan İbalıya müraciət etdi.

Həsrət İbalı polkovnikin mənasız sualına cavab verməyib stola yaxınlaşdı və dibində sarımtıl maye qalmış çay stəkanlarından birini götürüb iylədi, zala göz gəzdirdi. Zalın boşluğunu aşağıda pul tutanların sədaları doldursa da, sakitlikdə birdən mətbəxin qapısı asta cırıltı ilə açıldı, nəsə havadan seçilməyən bozumtul bir şey səssiz addımlarla onların yanından keçib çıxışa doğru getdi. Daha doğrusu, onlara elə gəldi ki, nəsə canlı bir şey keçib getdi.

– Bərəkallah! – onun dalınca baxanlardan yalnız Həsrət İbalı mızıldandı və ona cavab kimi qapının ağzında geri qanrılan o şey nəsə qəribə səs çıxararaq foyeyə qaçdı.

– Sən bu məclisdə mollalıq eləyən o arvadı tanıyırsan? – polkovnik ehtiyat pilləkənlərlə aşağıdakı qapıya doğru enəndə Mehman Cəfərovdan soruşdu və cavab gözləmədən əmr etdi: – Onu qoyarsan qəfəsə!

14

Onlar foyedə Parisli xanıma Nazimin ölümü haqda tibb-ekspert komissiyasının rəyini təqdim edəndən sonra üzbəüz kişilər zalına keçmək istəyəndə Musayevə qızından zəng gəldi. Hər dəfə bu zəng gələndə Musayev ata həyəcanından başqa, nəsə ona tam məlum olmayan daha geniş, daha böyük bir qorxu hissi keçirirdi. Bu dəfə məhz ondan idi: qız onu təcili evə gəlməyə çağırırdı, hətta bunun səbəbini də izah etməyə çalışırdı. Sərdarovu da götürüb evə getməkdən başqa çarəsi qalmadı, amma it tapılmadı.

Manekenin bütün əzalarını bərpa edib ayaq üstdə servantın qabağına qoymuşdu. Servantın şüşələrində oynaşan işığın sınma bucağı bu mulat xanımın nazik sifətində incə bir təbəssümün sirli, tükənməz axınını yaratmışdı. O bunu ilk dəfə gördüyünə təəccübləndi və manekeni satmaq istəməyən dükan sahibini daha açıq bir təbəssümlə xatırladı. Qız altdan-yuxarı gah onun, gah da manekenin sifətinə baxa-baxa onun dinmədiyini görüb özü danışmağa başladı.

– Biz onu klinikaya apamalııq, – dedi. – Bilisən nə olub?

O, qızın işarəsilə əyilib qulağını onun ağzına tutmalı oldu.

– Onun qaannında bəbişləri var, o, mama olacaq. Hə-əə... eşidisən, onna ooda ağlııyı, atıq çıxmaq istiyilə...

O, qulağını manekenin qarnına söykəyib bəbişlərin ağlaşmasını dinlədi və başa düşdü ki, "aparmalı" deyirsə, aparmaq lazım olacaq. Stulu ayağının altına qoyub manekenin kəsik çiynindən qarnına baxdı: orada müxtəlif ölçülü kuklalardan ibarət ən azı iyirmi nəfərlik feminist bir icma yaradılmışdı. Hər ehtimala qarşı məsələnin daha asan yolla həllinə cəhd elədi:

– Bəlkə evimizdə mama olsun? – dedi, hətta stuldan enib manekenin özündən də nəsə soruşmaq istədi, ancaq qız qəti şəkildə razılaşmadı.

Akademikin maşından gətirib əyninə geydiyi ağ xələt də onun həkim olduğuna uşağı inandıra bilmədi. Yol boyu ordan-burdan danışmaqla qızın saqqızını birtəhər oğurlayıb maşını Babur prospektinə sürdülər, ancaq daha həyətə girməyib kənarda, seyrəngahda oturub gözləməli oldular.

Dəniz səviyyəsilə ölçülsə, “Yasəmən” Mərasim Evinə üstündə neft rezervuarları olan dağ tərəfdən aşırım ədaları ilə endirilmiş əsas yolun üstündəki skamyalar məlum başıbəlalı külafirəngi ilə eyni hündürlükdə yerləşirdi. Təxminən yüz əlli, iki yüz metrlik dümdüz, bütöv bir taxtanı körpütək yolun, hasarların, ağacların, köməkçi damçaların və dördmərtəbəli baş mərasim korpusunun turuncu mislə sandıq kimi örtülü damı üstündən birbaşa külafirəngiyə uzatmaq mümkün olsaydı, elə də ciddi maillik nəzərə çarpmazdı. Mərasim evini tikmiş memar buranı yaxınlıqda yaşayanlar üçün güllü-çiçəkli seyrəngah kimi nəzərdə tutmuşdu. Aşağıda qədim şəhərin köhnə yaşayış məhəllələri, sanki onların əvəzinə gizlicə sökülən zeytunluqlar, o cümlədən yeni dəbdəbələr üslubunda inşa olunmuş mərasim evinin bütün guşələri əl içindəki kimi aydın görünürdü: sökülüb dağıdılmalı, yenidən qurulmalı çox şey, o cümlədən köhnə neft rezervuarları uzaqdan-uzağa həmin memarı və Həsrət İbalının pullarını haraylayırdı. Yuxarıdan baxa-baxa xəyalən mərasim evini buradan çıxarıb kənara atanda seyr etməyə heç nə qalmır və bu məhkum mənzərə ürəksıxan, dəyişməz eybəcərliyi ilə adama sanki “Dur buradan rədd ol!” deyirdi.

Skamyalardan yalnız birində adamlar oturmuşdu, qalanları isə o səbəbdən boş idi ki, hamı kompleksin həyətindəki meydanda pul tuturdu. Yanğınsöndürən maşınlar iki yerdən nərdivanlarını külafirəngiyə doğru yavaş-yavaş uzatmağa başlayanda əvvəlcə bir, sonra isə anlaşılmaz sayda çox yerdən avtomat atəşləri açıldı və bununla pul yağışı dayandı.

– Gün dönməkdədi artıq, – Sərdarov dedi, – yaman uzun çəkdi Nazimin ehsanı...

Akademikin böyründə Musayev qızı ilə oturmuşdu, Parisli xanım və it ayaq üstdə dayanıb aşağıda getdikcə güclənən atəş səslərinin mənasını anlamağa çalışırdılar. Məna tezliklə gəldi və məlum oldu ki, külafirəngidən yoxa çıxmış artistlər necə olubsa, İsabalanın tələsindən yayınıb camaata qarışıblar və indi guya onları yaxalamaq üçün atəşlə camaatı qorxudub sıraya düzmək, əslində isə onların yığdıqları pulu əllərindən almaq istəyirlər. Bunu Parisdən gəlmiş xanımın telefonuna dedilər.

– Bu ölkə niyə dəyişmir, doktor? – xanım sualının cavabını bilə-bilə akademikdən soruşdu ki, bəlkə başqa səbəbləri haqqında da yeni nəsə eşidə.

– Xanım, sənə qurban olum, – akademik dilavərlik elədi, – mən bunun səbəblərinə elə sənin qədər varidəm. Biz hamımız bilirik bu niyə belə olur. – Akademik başını aşağı salıb susdu, dərindən köks ötürərək əlavə etdi. – Ölüm möcüzədir. Gördünmü, bir Nazimin ölümü ilə nə qədər şeylər dəyişdi! Ölümdə həyat var.

– İndi bu silahlılar Nazimin pullarını camaatın əlindən almaq istəyir.

Parisli xanım zəng vurdu. Onun kiminlə – mərasim evində qalmış fraklı centlmenləmi, polkovnik İsabalanın rəisiləmi, ya daha yuxarılarla danışdığını oradakılardan heç kim başa düşmədi. Yalnız qız gülümsünərək skamyanın üstündə ayağa qalxdı və bir barmağını qarşısında dayanmış manekenin boyalı dodaqlarına toxundurub, əli ilə mərasim evinin həyətini göstərə-göstərə böyük kuklanın qapqara, gödək saçla örtülü qulağına pıçıldadı:

– Sussssss!

son

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #