Qızının sirli ölümünü çözə bilməyən ana – Əsl Kino

 

Kulis.az  Sevda Sultanovanın “Əsl kino” layihəsində Martin Makdonaxın “Missuri, Ebbinq sərhədində üç bilbord”  və Santyaqo Mitrenin “Sammit” filmlərini tədim edir.

 

Amerika və Böyük Britaniyanın istehsalı olan “Missuri, Ebbinq sərhədində üç bilbord” filmi festivallarda çox saylı mükafatlara layiq görülüb.

 

Filmin süjeti: Mildred Heyz (Frensis Makdormand) tək iki uşaq böyüdür. Onun yeniyetmə qızı bir müddət əvvəl zorlanıb və qətlə yetirilib. Yerli polis orqanları isə cinayətin üstünü açmayıb. Mildred isə hesab edir ki, cinayəti açmaq üçün onlar səy göstərmir və laqeyd münasibət bəsləyirlər. Bu səbəbdən Mildred şose kənarında yerləşən üç bilbordu arendaya götürür. O, reklam lövhələrində qısa cümlələrə qızının qətlini və polisin fəaliyyətsizliyini qeyd edir. Onun addımı şəhərdə birmənalı qarşılanmır.

 

 

Şerif Billin (Vudi Harrelson) bu cinayətlə bağlı heç bir ipucu yoxdur. Bir tərəfdən də şerifi dəstəkləyənlər Mildredə psixoloji basqı edərək onu fikrindən daşındırmağa çalışırlar. Onların arasında qəddar və Dikson (Sem Rokuell) infantil polis köməkçisi  də var. Mildred isə qətiyyətlidir, onun geri çəkilmək fikri yoxdur...

 

İrland rejissoru Martin Makdonax “Missuri, Ebbinq sərhədində üç billbord” dramı son illərdə çəkilmiş ən yaxşı ekran əsərlərindən biridir. Bu, təkcə qətlə yetirilmiş qızının cinayətinin açılması uğrunda mübarizə aparan Mildredin özəl hekayəsi deyil. Rejissor əhvalatın içində pafosa, publisist vurğulara yer vermədən çağdaş Amerikanın sosial-siyasi portretini yerləşdirir: yeni hakimiyyət dövründə qaradərililərə aqressiv münasibət, hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti, televiziyanın faciədən şou düzəldərək bəslənməsi, dinin mərhəmətlə pərdələnərək hakimiyyətlə qərəzli iş birliyi...

 

Eyni zamanda ailə institutunda, valideyn-övlad münasibətindəki qüsurlara da toxunulur. Fleşbəkdən aydın olur ki, qızı qətlə yetirilən gün onun anası ilə ciddi mübahisəsi olub.  

 

Filmin üstün cəhətlərindən biri odur ki, rejissor personajların işlənməsində, əhvalatın nəqlində klişelərdən, ştamplardan istifadə eləmir, əsas personajlar arasında pis və ya yaxşı insan yoxdur, onların hər birinin şəxsi dramı, travması var. Əhvalat boyu hər birinin iç dünyası açılır, vaxt gəlir onlar seçim qarşısında qalırlar. Cinayətin açılması üçün bütün mümkün olan vasitələrdən istifadə eləməyən şerif xərçəngdir, ömrünə sayılı günlər qalır. O, xərçəngə təslim olmaq istəmir və intihar edir. Ölümqabağı Mildredə etiraf məktubu yazaraq, ona cinayətkarı tapmaqda uğurlar diləyir.

 

 

Onun köməkçisi, zorakılıq edən, rasist  Dikson yanğın nəticəsində ağır zədələr alır. Və sonradan Mildredə  kömək eləməyi qərara alır. Bununla belə finalda cinayətkarın kimliyi açılmır. Əsas məqsəd  faciə fonunda ölkənin qlobal problemlərinə nəzər salmaq və klassik, aktual sualı yenidən xatırlatmaqdır: zorakılığa zorakılıqla cavab verilməlidirmi?

 

Rejissorun ən dramatik situasiyalarda qara yumoru yerləşdirməsi mövcud vəziyyəti yüngülləşdirmək üçün deyil, bu, personajların intim duyğularına nüfuz edərək, daha gözlənilməz vəziyyət və reaksiya yaratmaq üçündür.

 

Bu filmdəki roluna görə Oskar alan Makdromandın sərt, soyuqqanlı obrazı cəngavər qadın fakturasında işlənilib.

 

Film bir neçə Oskara layiq görülüb və 74-cü Venesiya festivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub.

 

***

 

Argentinalı rejissor Santyaqo Mitrenin “Sammit” filmi Argentina, Fransa və İspaniyanın birgə istehsalıdır. Film 2017-ci ildə Kann festivalının “Xüsusi baxış” bölməsində nümayiş olunub.

 

 

Süjet: Hadisələr Çilidə baş verir. Latın Amerika ölkələrinin prezidentləri geosiyasi strategiyanı və kontinental neft alyansda birləşməyi müzakirə edirlər. Əhvalatın baş qəhrəmanı Argentina prezidenti Ernan Blankodur (Rikardo Darin). Onun qarşısında çətin vəzifələr dayanır. O, həm bu sammitdə doğru siyasi qərarlar verməlidir. Eyni zamanda onun qızı Mariya  (Dolorez Fonzi) ilə asan olmayan münasibətləri var. O, bu münasibətləri də çözməlidir.

 

...Film bir dövlət başçısının pərdəarxası həyatı, gərgin siyasi situasiyalarda reaksiyası, davranışı ilə maraqlıdır. O, siyasi səhvlər buraxmaqda ittiham olunur, radioda, televiziyada haqqında sərt fikirlər səslənir. Prezident gərginliklə yüklənməsinə rəğmən, emosiyalarını cilovlayır, soyuqqanlılığını itirmir, köməkçilərini təmkinə dəvət edir, situasiyanı düzgün qiymətləndirməyə çalışır.

 

 

Siyasi və ailə dramı janrının elementləri üzərində qurulan  “Sammit”, bu detallar, pərdəarxası siyasi intriqalar və dövlət başçısının kişi, siyasi, ata kimliyi baxımından maraqlıdır.

 

 

LENT

21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019