Tanrıya inanıb odu necə müqəddəs sayırdılar? – Folklorşünas-alim yazır...

Kulis.az folklorşünas Məhərrəm Qasımlının “Od-ocaq və atəş qavramının tarix içindəki yeri və dəyəri” məqaləsini təqdim edir.  

 

Azərbaycan türklərinin od-ocaq-atəş obrazı ilə bağlı təsəvvür sistemi zəngin və mürəkkəb tarixi mənzərəyə malikdir. İnsanlığın yaranışından üzü bu yana oda-ocağa-atəşə həyat, yaşayış qaynağı kimi baxılması tarixi-tipoloji münasibət kimi Azərbaycan etnik-mədəni sistemində də özünü göstərir. Qədim azərbaycanlı bəşər cəmiyyətinin bütün digər üzvləri kimi ilkin-ibtidai mərhələdə soyuqdan qorunmaq və əldə etdiyi qidanı (xüsusən də ov ətini) bişirmək üçün od-ocaqdan əsas vasitə kimi istifadə etmiş və bu səbəbdən də o, oda həyatı qoruyan, yaşayışa kömək göstərən möcüzəvi bir qüvvə kimi yanaşmışdır.

 

Od-ocağın çoxsaylı keyfiyyətləri sırasında iki əlamət bəşər tarixinin ilkin mərhələlərində onun mifləşdirilməsini və günəşin simvolu olaraq qavranılmasını şərtləndirmişdir:

 

a) İnsan oğlunun təbiətdən (ildırım çaxıb meşədə yanğın yaratmasından, vulkan-lava püskürməsindən, qızmar yay günündə quru otların alışmasından və s.) əxz edib mənimsədiyi və qoruduğu od-ocaq soyuğu dəf edir, qədim insanın canını, yaşadığı yeri (sığınacaq-mağaranı, daxmanı və s.) isidir, bir növ, həmin mikro aləmdə günəşin funksiyasını yerinə yetirir.

 

b) Od-ocaq həm də qaranlığı qovur, işığı gətirir. Bu zaman da o, günəşi əvəz edir. Nəzərə alsaq ki, gecənin zülmət qaranlığında mağarada yaşayan qədim insanın düşmənlərdən, xüsusən də vəhşi heyvanlardan özünümüdafiəsi son dərəcədə çətin olmuşdur, o zaman odun-işığın xilaskar, qoruyucu anlamı kəsb etməsinin tarixi ehtiyac və zərurətdən doğması aydınca görünər. Dünyanın bir çox yerlərində arxeoloji qazıntılar zamanı ortaya çıxan relikt-qalıntı izlərində, o cümlədən də Azərbaycan ərazisindəki qədim insan məskəni olan mağaralarda nəhəng ocaq yerlərinin qalıntıları da bunu sübut edir.

 

Azərbaycan türklərinin inanış sistemi öz tarixi-genetik səciyyəsinə görə atəşpərəstlik dünyagörüşü - zərdüştiliklə birbaşa bağlı olmasa da, bu dini dünyagörüşün müəyyən ünsürləri zaman-zaman onların məskun olduqları bəzi bölgələrdə etnokültür sisteminə daxil olmuşdur. Aydınlıq üçün xatırladaq ki, Azərbaycan türklərini də ehtiva edən qədim türklər təktanrılı idilər və onlar "Göy tenqri"yə tapınırdılar, Tanrının-Allahın göydə qərar tapdığına və gözəgörünməz olduğuna inanırdılar. Təktanrılı türk dünyagörüşü təkallahlı islam dünyagörüşünə bir çox yöndən uyğun gəldiyinə görə sonralar - IX-X əsrlərdə türklər islamı müəyyən şərtiliklər daxilində olmuş olsa da, nisbətən asanlıqla qəbul etmişlər. Atəşpərəstlər isə odu ilahiləşdirərək ona sitayiş edir, odu-atəşi (əstəğfürullah!) Allah bilirdilər. Tanrıçı türklər oda-atəşə ehtiramla yanaşsalar da, ona sitayiş etmirdilər. Oda-ocağa-atəşə ehtiram mifoloji, sitayiş isə dini aspektdəki yanaşmadan irəli gəlirdi.

 

Etnocoğrafi arealın mövcud mənzərəsi göstərir ki, mürəkkəb və qarışıq tarixi-mədəni proseslər nəticəsində od-atəşə münasibətin sözügedən hər iki yönü Azərbaycan ərazisindəki mədəniyyətin də öz izlərini qoymuşdur. Belə ki, folklor və etnoqrafiya qaynaqlarında həm mifoloji (Tanrıçı), həm də dini (atəşpərəst) yanaşmanın əks olunmasına dair çoxsaylı faktlara rast gəlmək mümkündür... Məsələn, Novruz-yaz bayramında Azərbaycanda od-ocaq-tonqal qalanması və həmin odun-atəşin üstündən üç dəfə atılaraq "ağırlığım-uğurluğum tökülsün, bu odda yansın"- söylənməsi geniş yayılmış bir ənənədir. Ocağın üstündən atılan adam öz ağrı-acısını, dərd-bəlasını, qışla bağlı sıxıntılarını, müşküllərini, xalqın öz təbirincə desək,"çiləsini" oda töküb yandırır, odun gücü, qüvvəsi ilə ağrı-acıdan, xəstəlikdən, çətinlikdən, müşkül-çilədən, qurtulur, xilas olur. Bu, oda-atəşə yanaşmanın daha qədim əlamətidir, odun-atəşin şəfaverici, təmizləyici, qoruyucu-xilaskar kimi qavranılmasının ilkin çağlara məxsus mifoloji təzahürüdür. Müqayisə üçün belə bir cəhəti diqqət önünə çəkək ki, Zərdüşt dünyagörüşünü təmsil edən atəşpərəstlik dini inancı baxımından atəşə-oda-ocağa dərd-bəla, ağrı-acı tökmək yolverilməzdir. Odu-atəşi ilahiləşdirən, Allah sayan dini (atəşpərəst) dünyagörüşə görə, oda nəinki ağrı-acı, dərd-bəla, xəstəlik, müşkül, çətinlik və s. bu sıradan olan neqativliklər, hətta insan nəfəsi də toxunmamalıdır. Çünki Zərdüşt fəlsəfəsində insanın nəfəsi təmiz sayılmırdı. Odur ki, atəşgahlarda - ibadətxanalarda oda-atəşə qulluq edən kahinlər üzlərinə məxsusi niqab taxırdılar ki, onların nəfəsi oda-atəşə toxunmasın. İndi də Azərbaycanın bəzi regionlarında (Bakı-Abşeron, Dərbənd-Quba, Urmiya, Zəncan və b.) yanan şamı və neft lampasını nəfəslə üfürüb söndürmək yasaqdır ki, bu da atəşpərəstliyin insan nəfəsi ilə ilgili yasaqlayıcı təsəvvüründən qalma bir arxaik əlamətdir. Sözügedən bölgələrdə indinin özündə də yanan şamı və neft lampasını təmiz sayılmayan insan nəfəsi üfürmə üsulu ilə deyil, üzərinə nəm kağız və yaş parça toxundurmaq yolu ilə söndürmək ənənəsi daha məqbuldur. Maraqlıdır ki, tanrıçı-şamanist dünyagörüşün ifadəçisi olan "Kitabi-Dədə Qorqud" dastanlarında (V-VII əsrlər), eləcə də digər qədim türk yazılı abidələrində od-atəşlə bağlı bu cür yasaqlayıcı-sakral təsəvvürlərə, demək olar ki, rast gəlinmir.

 

Oda-atəşə yanaşmanın mifoloji aspekti türklərə məxsus tarixi mədəniyyətin özünün genetik səciyyəsindən doğan bir hadisə kimi görünməkdədir. Dini yön isə kənardan gələn, mədəniyyətin müəyyən qatlarına başqa axarlardan nüfuz edən yabançı təsirlə əlaqədardır. Bu səbəbdən də Azərbaycanın folklor və etnoqrafiya arealında oda-atəşə yanaşmanın birinci yönü (mifoloji aspekt) daha güclüdür. İkinci yön az fəaldır və seyrək şəkildə regional hüdudlarda gözə çarpır.

 

Atəşpərəst yönün türk etnocoğrafiyasında qüvvətlənə bilməməsində əski şamanist keyfiyyətlərlə yanaşı, IX-X əsrlərdən etibarən geniş nüfuz və mövqe sahibi olan islamlaşmanın da böyük rolu vardır. İslam dünyagörüşü atəşpərəstliyə qarşı sərt mövqe tutmuş və onun ideya-estetik əsaslarını və daşındığı axarları mümkün olduğu qədər sıradan çıxarıb dağıtmışdır. İslamın İran, Anadolu və Orta Asiyaya yerləşməsindən sonra zərdüşt-atəşpərəst ibadətxanaları Hindistana çəkilib getmişdir.

 

Yeri gəlmişkən, burada bir neçə kəlmə "Suraxanı" toponimi və həmin ərazidə yerləşən "Atəşgah" məbədi barədə də danışmağa ehtiyac vardır. "Suraxanı" ad-toponimi fars mənşəli "sura" və "xana" kəlmələrini ifadə edir. Toponimin əsas məğzi "Od-atəş evi - məbədi"dir. Əslində, bu mənada "Suraxanı" ilə "Atəşgah" sinonim səciyyəsi daşıyır və hər ikisi tarixi baxımdan bir-birinin eynidir. "Atəşgah" məbədi Zərdüşt-atəşpərəst tapınağı kimi XVII yüzillikdə Abşeron ərazisinə gələn hind tacirləri və onları müşayiət edən karvansara əhli tərəfindən qurulmuşdur. Dəvə karvanı ilə mazut-neft gölməçələrindən dəri tuluqlarda neft daşıyıb aparan tacirlər və onların işləmək üçün gətirdikləri adamlar neft-qaz qazıntılarından yaranan atəşi-alovu öz dini inanclarına görə müqəddəs bilərək ona səcdə etməyə başlamışlar. Beləliklə, Hindistandan buraya təkcə tacirlər deyil, həm də ziyarətçilər axın etmişlər. Həftələr, aylar, bəzən də illərlə davam edən bu səcdə prosesi "Atəş evi" - Suraxanı və "Atəşgah" məbədinin yaranması ilə nəticələnmişdir. Hindistandan ticarət və ziyarət məqsədi ilə gələnlərin böyük əksəriyyəti "Multan" tayfasından olduğu üçün yerli əhali onları "multani"-"moltani" adları ilə çağırmışlar. Bu gün də Suraxanının köhnə məhəllələrindən biri "moltanı" adlandırılmaqdadır...

 

Azərbaycanda, eləcə də bir çox başqa türk areallarında çeşidli nədənlər üzündən qorxu stresi yaşamış və bununla bağlı psixoloji sarsıntı içində olan adamın (daha çox uşaqların) qorxuluğunu götürmək üçün bir stəkan soyuq suya yanar göz atıb həmin suyu qorxan şəxsə içirmək adəti vardır ki, bu da od-atəşlə bağlı hami ruhun xilasediciliyinə, "şəfaverici gücünə" inamdan irəli gəlir. Qorxu nəticəsində xəstəliyə mübtəla olmuş adamı sınaqdan çıxarılmış pir-ocaqlara aparıb (Bakı yaxınlığındakı Nardaran və Maştağa qəsəbələrində, Lənkəran, Quba, Dərbənd, Ərdəbil, Mərənd, Marağa, Cəlmas çevrəsinin kəndlərində belə pir-ocaqlar mövcuddur) "çilədağ" etmək yolu ilə sağaltmağa inam da od-atəş mifoloji hami ruhunun sağaldıcı qüdrəti, xilasediciliyi barədəki mifik təsəvvürə söykənir. Qorxudan yaranmış xəstəliyi aradan qaldırmaq üçün pir-ocağa gətirilən adam nəzir-niyaz verib dualar oxuduqdan və ocaqdan şəfa dilədikdən sonra onun bədəninin müəyyən bir yerinə (adətən barmağına, kürəyinə və yaxud ayağına) pir-ocaq sahibini təmsil edən şəxs qəfildən yanar köz, yanar pambıq ucu və ya qızmış dəmir ucu toxundurur, bu minvalla da həmin zərərdidə adamın "çiləsini" - qorxusunu, xəstəliyini, dərd-bəlasını odun-atəşin yardımı ilə aradan qaldırmış - yandırmış, "dağ etmiş" olur: "çilədağ" ifadəsi də buradan yaranmışdır.

 

Odun-atəş hami ruhunun qeyri-adi güc, qüdrət kəsb etməsi, qara-bəd ruhlara, şər qüvvələrə, düşmənə üstün gəlməsi, yenilməzlik-məğlubedilməzlik keyfiyyətinə sahib olması barədəki mifik təsəvvür Azərbaycan folkloruna məxsus bir obraz və motivlərin tarixi-semantik məzmununda da öz əksini tapmışdır.

 

Azərbaycan toponimikasında od-atəşlə bağlı yer-yurd adları da müəyyən yer tutur. Bu adların əksər qismi Azərbaycan ərazisindəki təbii-coğrafi hadisə və proseslərlə bağlı yaranmışdır. Bəllidir ki, Azərbaycan ərazisində zəngin neft və qaz ehtiyatları vardır, həmin neft və qazın yer üstünə sızması nəticəsində qədimlərdə bu regionda çoxsaylı təbii yanar odlar meydana gəlmişdir. Qədim tarixçi və sayyahların Azərbaycanı "Odlar ölkəsi", "Odlar diyarı" adlandırması da bu səbəbdəndir. Bu adlandırmanın ("Odlar diyarı") atəşpərəstliyə bağlı şəkildə izahı yanlışdır. Qədim salnaməçilər bu adın dini dünyagörüşlə əlaqəsinə dair kiçicik də olsa işarə belə verməmişlər. Halbuki tarixçi üçün bu, çox diqqətçəkici bir məsələ idi və onun mövcudluğunu qeyd etməkdən heç kəs yan keçməzdi.

 

Yeraltı enerji mənbələrinin yer üstünə çıxması ilə yaranan digər adlar - Yanardağ (Bakı ətrafı), Yanarsu (Muğan), Çıraqlıdağ (Qobustan), Yanar-bulaq (Astara), Çıraqdaş (Şamaxı) isə ərazinin tarixi coğrafiyasını səciyyələndirir.

 

Beləliklə, Azərbaycan etnokültüründə odla bağlı tarixi təsəvvür və anlayışların başlıca olaraq iki tarixi yöndə - mifoloji və dini axarlar boyunca hərəkət etdiyi görünür. Hazırkı folklor düşüncəsi və etnoqrafik yaşam biçimində daha çox tarixi-genetik qat - odun-ocağın-atəşin həyat bəxş etməsi, xeyir-bərəkət gətirməsi, bəd ruha, şər qüvvəyə üstün gəlməsi, şəfaverici-təmizləyici, qoruyucu - yardımçı olması barədəki qədim və həmişəyaşar türk mifoloji təsəvvürü öz tarixi gücünü qoruyub saxlamaqdadır. /"Ədəbiyyat qəzeti"/

 

Image result for Məhərrəm qasımlı

 

LENT

18 Aprel 2019
17 Aprel 2019
16 Aprel 2019