Qadınları anlaya bilməyən filmlərimiz – Sevda Sultanova yazır

Qadınları anlaya bilməyən filmlərimiz – <span style="color:red;">Sevda Sultanova yazır
8 mart 2019
# 13:05

Kulis.az 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə Sevda Sultanovanın “Azərbaycan kinosunda qadın mövzusu” yazısını təqdim edir.

Alberto Moravianın eyniadlı əsəri əsasında, itallyan rejissoru Mauro Bolonyininin çəkdiyi “Ərlər və sevgililər” filmində qadın qəhrəmanı əriylə razılığa gəlir ki, həftənin beş günü onun, digər iki günü isə sevgilisinin yanında keçirəcək.

Qadın, məşuqunun onunla sərt davranmasından emosional sarsıntı yaşayır, baş verənləri yeni duyğu və sevgi kimi qəbul edir. Əri arvadına bunun sadomazoxizm olduğunu deyəndə, qadın onu duya bilməməkdə günahlandırır:

“Yenə sən öz terminlərindən yapışırsan, şeylərin mahiyyətini anlamırsan. Sən soyuq intellektualsan. Sən hər şeyi izah etməyə, dərk etməyə çalışırsan. Dünya isə bu qədər sadə deyil. Bəzən həyatı anlamaq, izah etmək yox, yaşamaq, hiss etmək lazımdır. Kitabını oxu!”

Azərbaycan kinosunun qadın mövzusu ilə qırılma nöqtələrindən biri də qadını hiss edə bilməməyindədir. Milli kinoda qadın dramlarını təsvir edən filmlər, qadın kinosu anlayışı yox səviyyəsindədir. Təkcə ona görə yox ki, kişi rejissorların qadını hiss edə, qadın təbiətini incələyə, qadın dünyasına daxil ola bilmək üçün istedadı, duyumu yetərsizdir. Həm də ona görə ki, kino patriarxal dünyadan qopa bilmir, daim öz kişi kimliyini, eqosunu narahat edən problemlərlə məşğuldur. Çünki Azərbaycan kinosu kişimərkəzçidir.

Hərçənd, XX əsrin əvvəllərində, 1920-30-cu illərdə kinoda əsas mövzulardan biri qadın (“Sevil”, “İsmət”, “Almaz”) idi. Səbəb isə o dövrdə qadının cəmiyyətdəki mövqeyinin aktuallaşdırılması, onun hüquqlarının təbliği ilə bağlıyıdı. Kinomuzda qadın rejissorların adını barmaqla saymaq olar: Qəmər Salamzadə, Zeynəb Kazımova, Gülbəniz Əzimzadə. İşin istehzalı tərəfi ondadır ki, onların heç biri, demək olar ki, qadın filmi çəkməyib. Qəmər Salamzadə və Zeynəb Kazımovanın filmoqrafiyasında yalnız bir neçə film var. Rejissor kimi xüsusi uğurları da olmayıb. Onların arasında ən çox film çəkən Gülbəniz Əzimzadə olub. O, daha çox romanlarımızı ekranlaşdırıb, uşaq filmləri lentə alıb. Və yalnız Anarın “Ötən ilin son gecəsi” əsərinin ekranlaşdıranda qadın motivini önə çəkib. Ramiz Həsənoğlu bu pyes əsasında, 1978-ci ildə quruluş verdiyi tamaşada Həmidənin ana kimliyinə fokuslanır. G.Əzimzadə isə əsəri daha çox psixoloji qadın dramı kimi işləyib, Həmidənin qadın kimliyinə, qadın tənhalığına vurğular edib. Rejissor qadın həssaslığı ilə işləyərək, təsvirlərdə Həmidənin iç ovqatını, əhvalını izah etməkdən çox, onu tamaşaçıya hiss etdirir.

Milli kinomuzda qadını qəhrəman kimi önə çəkən, onu anlatmağa çalışan azsaylı filmlərdən biri Şahmar Ələkbərovun qalmaqallı “Sahilsiz gecə” dramıdır. Film həm də ona görə əhəmiyyətlidir ki, rejissor 1989-cu ildə tabu olan mövzulardan birini - bədəni cinsi istismara məruz qalan qadını ekrana gətirmişdi, üstəlik, onu heç də mənfi planda verməmişdi. Əsas personaj Zibeydənin taleyi Stalin repressiyalarının fəsadları fonunda danışılır.

sahilsiz gece

Hüseyn Mehdiyevin “Özgə vaxt” (1996) psixoloji kamera dramını müəyyən mənada qadın dramı saymaq olar. Valideyn qarşısında borcunu yerinə yetirməyi vacib sayan qadın, atası şikəst olduqdan sonra bütün həyatını ona həsr edir. Müəllif qadının tədrici psixoloji-mənəvi mutasiyasını göstərir. Atasının taleyi ilə yaşamağı seçən qadın şəxsiyyət böhranı yaşayır, özgələşir, həqiqi kimliyindən uzaqlaşır, vaxtından əvvəl qocalır, aktiv fəaliyyətdən qoparaq özünə qapanır.

Image result for özgə vaxt filmi

Kamil Rüstəmbəyovun “Aygün” (1960) filmində isə qadın pafosla ideallaşdırılıb, onun sənəti və ailə arasında seçimi səthi təsvir olunub.

Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” adlı filmində obrazların əksəriyyəti qadınlardır. Filmdə Şəfiqə Məmmədova, Şükufə Yusifova, Xalidə Quliyeva kimi maraqlı aktrisalar oynayır. Qoyulan problem indi də aktualdır: ana qızlarını el adəti ilə toy etmək, hər birinə yaxşı cehiz vermək istəsə də, maddi imkanları yetərli deyil. Amma rejissor ailədə yeganə kişi - İbrahimi mərkəzə gətirir. Qadın taleləri isə yalnız epizodik olaraq keçir.

Image result for Xoşbəxtlik qayğıları filmi

Qadınlar milli kinomuzda daim ikinci plandadır, kişi personajların həndəvərindədir, amma heç bir halda mərkəzdə deyil. Hətta Elçin Musaoğlunun “Nabat” (2014) filmində yeganə qəhrəman qadın olsa da, bu, qadın filmi deyil. Çünki burda qadın-müharibə yox, sadəcə müharibə-fərd xətti əsasdır. Yəni qadın duyğuları, qadın kimliyi müharibə ilə toqquşmur, müharibə şəraitində qadının dünyası önə gətirilmir, qəhrəmanın cinsi təyinatı arxa plandadır.

Həmişə düşünmüşəm ki, qadınlar bir material kimi kişilərdən daha maraqlıdırlar. Çünki onların emosional dünyası zəngindir, gözlənilməzdir, hətta bəlkə qaranlıq tərəfləri kişilərdən çoxdur.

Bir müddət əvvəl, sosial şəbəkələrdə ərin arvadının başını keçəl edərək, onu təhqir etməsi videosu yayımlanmışdı. Əksəriyyət kişini qınağa çevirdi. Kişinin danışıq tərzi, leksikonunda istifadə etdiyi sözlər onun bioqrafiyasını, psixoloji portretini tamamən ortaya qoyurdu. O, zehni, düşüncəsi məlum, yayğın, tanıdığımız kişi tiplərindəndir. Diqqətimi isə ən çox, barmağını uzadaraq, qadının başını, sanki eksponat nümayiş etdirirmiş kimi, o yan-bu yana çevirən həmcinsimiz çəkdi.

Cəmiyyətdə kişinin qadına zorakılığı çox müzakirə olunur, amma qadına qarşı zorakılıqda qadın faktoru niyəsə gözardı edilir. Və ya arvadına şiddət göstərən kişilərin formalaşmasında qadının rolu, bu məsələnin müxtəlif aspektlərdən araşdırılması, təhlili yoxdur. Doğrudan da bir qadınla nə baş verib, onun daxili dünyasında hansı proseslər gedib ki, o, şövqlə öz həmcinsinin alçaltma prosesində kişiyə şərik olur? Onu motivasiya edən nədir? Bir halda ki, bizdə bu cür problemləri hərtərfəli araşdıran institutlar yoxdur, niyə məsələn, onu sənət öz üzərinə götürməsin? Üstəlik, dünyada, qadın təbiətini tədqiq edən filmlərin əksərini kişi rejissorları çəkiblər və dünya kinosunda qadın həmişə prioritet mövzulardan biridir.

Niyə bizdə qadın mövzusu gözardı edilir? Çünki kişi rejissorlamız özünü patriarxal dünyadan arındıra, özlərinin sənət “mən”i ilə məişətdəki “mən”ini ayıra bilməyiblər, ona görə də qadını ikinci statusda görürlər, bu mövzuda düşüncələri, emosiyaları, hissiyyatları dərin yox, düz, birxətlidir.

...Və ən əsası, Bolonyinin qəhrəmanı demişkən, qadını dərk etməkdən çox hiss etmək lazımdır.

# 3961 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #